Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, əhalinin və ətraf mühitin bu obyektlərdə baş verə biləcək qəzalardan qorunması və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) işinin əlaqələndirilməsi məqsədilə qərara alıram:

1. Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə aşağıdakı tərkibdə Koordinasiya Komissiyası (bundan sonra - Komissiya) yaradılsın:

 

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.

 

2. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Komissiya:

4.1. təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, bu obyektlərdə baş verə biləcək qəzaların qarşısının alınması ilə bağlı mütəmadi təhlillər aparılması və qabaqlayıcı tədbirlər görülməsi üçün təkliflər hazırlanmasını, bu sahədə müvafiq dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təmin etsin;

4.2. Komissiyanın üzvü olan dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətlərinə aid sahələrdə həmin dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən və aşağıdakı funksiyaları yerinə yetirən işçi qrupların yaradılmasını və fəaliyyətini təmin etsin:

4.2.1. müvafiq dövlət orqanları (qurumları) tərəfindən təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi üzrə təkliflər hazırlanması;

4.2.2. dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətləri üzrə müvafiq texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətinin əlaqələndirilməsi;

4.2.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanması.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 25 sentyabr.- S.2.