"Shusha Chess-2022" beynəlxalq
turniri başa çatdı
Şəhriyar Məmmədyarova
və Meri Arabidze Şuşada qalib oldular
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və
Şuşa Şəhəri
Dövlət Qoruğunun
birgə təşkilatçılığı
ilə ölkəmizin
mədəniyyət paytaxtı
Şuşada Qarabağ
xanlığının sonuncu
varisi, görkəmli şair və xeyriyyəçi Xurşidbanu
Natəvanın 190 illiyinə
həsr olunmuş
"Shusha Chess-2022" beynəlxalq turniri başa catıb.
Kişilər və qadınlar arasında 4 gün davam edən yarışlarda 9 ölkədən
20 tanınmış qrosmeyster
təmsil olunurdu.
Beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçirilib. Hər kateqoriya üzrə
10 şahmatçı rapid və blits üzrə
mübarizə aparıblar.
Sentyabrın 21-23-də
"Qarabağ" hotelində
rapid üzrə yarışlar
keçirilib. Yekunda 9 oyunda 15 xal
toplayan azərbaycanlı
beynəlxalq qrosmeyster
Şəhriyar Məmmədyarov
birinci olub.
2-3-cü yerləri hərəyə
13 xalla hindistanlı Santoş Vidit və
İran təmsilçisi
Parhan Maqsudlu bölüşüblər.
Qadınların yarışında isə
Nana Dzaqnidze liderliyini sonadək qoruyub və 15 xal qazanaraq qalib olub. İkinci yeri
12 xalla türkiyəli
Kübra Öztürk
Güvənli tutub.
3-5-ci yerlərdə isə hərəyə 9 xalla ölkəmizin təmsilçiləri Xanım
Balacayeva, Gövhər
Beydullayeva, habelə gürcüstanlı Meri Arabidze qərarlaşıblar.
Dünən isə blits üzrə yarışlar
keçirilib. Nəticədə həm rapid, həm
də blitsdə qazanılan xalların cəminə əsasən
turnirin qalibləri və mükafatçıları
müəyyənləşiblər.
Kişi şahmatçıların
yarışında Şəhriyar
Məmmədyarov 26 xalla
"Shusha Chess-2022"nin
qalibi olub. İkinci yeri 24,5 xal qazanan
Parhan Maqsudlu tutub. Üçüncü
yerə isə Santoş Vidit sahiblənib - 23,5 xal.
Qadınların yarışında isə
Meri Arabidze hamıdan üstün olub- 24 xal. İkinci
yerdə 23,5 xalla Nana Dzaqnidze qərarlaşıb. Üçüncü pillədə isə 20 xal toplayan Kübra
Öztürk Güvənli
yer alıb.
Xatırladaq ki, kişi şahmatçıların
yarışında Azərbaycan
milli komandasının
üzvləri - üçqat
Avropa çempionları
Şəhriyar Məmmədyarov,
Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar
arasında Avropa çempionu Vasif Durarbəyli, həmçinin Asiya çempionu Van Xao (Çin), 20 yaşa qədər şahmatçılar
arasında dünya çempionu Santoş Qucrati Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi
Parham Maqsudlu (İran),
FIDE dünya çempionu
Rüstəm Qasımcanov
(Özbəkistan) və
Türkiyə çempionu,
2021-ci ildə ölkəsinin
ən yaxşı şahmatçısı seçilən
Mustafa Yılmaz iştirak
ediblər.
Qadınların yarışında
milli komandanın üzvləri - Avropa çempionatının mükafatçıları
Günay Məmmədzadə,
Ülviyyə Fətəliyeva,
Gülnar Məmmədova,
Xanım Balacayeva, Gövhər Beydullayeva, habelə Ümumdünya Şahmat Olimpiadasının
qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr
arasında dünya və Avropa çempionu, ölkəsinin
ən reytinqli qadın şahmatçısı
Marsel Efroimski (İsrail), 18 yaşlılar
arasında dünya çempionu Yolanta Zavadska (Polşa), yeniyetmələr arasında
dünya çempionu Meri Arabidze (Gürcüstan) və Türkiyə çempionu
Kübra Öztürk
Güvənli mübarizə
aparıblar.
Təşkilatçılar "Shusha
Chess-2022" turnirinin iştirakçıları
üçün Şuşa şəhərinə
ekskursiya təşkil
edib. Şahmatçılar
Şuşa qalası, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi,
Cıdır düzü
kimi tarixi məkanları ziyarət ediblər.
Turnirin iştirakçısı, üçqat
Avropa çempionu Rauf Məmmədov yarışla bağlı
təəssüratlarını bölüşüb. İlk növbədə turnirin Şuşada keçirilməsinin
önəmindən danışan
şahmatçımız şəhərə
ekskursiyanın onu valeh etdiyini bildirib: "Şuşada bütün tarixi məkanları görmək
istəyirdim. Cıdır düzündə
olmaq arzularımdan biri idi. Cıdır düzündə
insan özünü fərqli hiss edir. 40-a yaxın ölkədə
olmuşam, belə təbiət görməmişəm.
Şuşa çox gözəldir,
şəhər insanı
valeh edir".
Şahmatçı Şuşa turnirinin ənənəvi olmasını
arzuladığını deyib:
"Şuşada şahmat
turnirinin hər il keçirilməsi yaxşı olardı. Əlbəttə bu, təşkilatçılardan
asılıdır. Amma şahmatçı
kimi Şuşada yarışmaq çox gözəl hisslərdi.
Növbəti illərdə tanınmış
şahmatçıları Şuşada görmək
istərdim. Dünya çempionu
Maqnus Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı".
Azərbaycan milli komandasının üzvü Gövhər Beydullayeva da yarışla bağlı
fikirlərini açıqlayıb. Xanım
şahmatçı ilk turnirin
gərgin mübarizə
şəraitində keçdiyini
deyib: "Şuşa
turnirində maraqlı
mübarizə izlədik.
Kifayət qədər məzmunlu
oyunlar var idi. Əminəm
ki, Şuşada ilk beynəlxalq şahmat yarışı heç vaxt unudulmayacaq".
Təşkilatçılığı yüksək
qiymətləndirən G.Beydullayeva
Azərbaycan üçün
yarışın böyük
əhəmiyyət kəsb
etdiyini bildirib: "Bu
yarış Azərbaycana
görə çox vacibdir. İlk dəfə olmasına
baxmayaraq, təşkilatçılıqda
problem görmədim. Şahmatçılara lazımi şərait
yaradılıb. Əcnəbi şahmatçılar Şuşada
təşkilatçılıqdan razıdırlar. Ümumiyyətlə, Şuşada insan təkcə şahmat barədə düşünmür.
Şəhər hər birimizə
çox maraqlıdır.
Yarışın reallaşmasında
əməyi olan bütün təşkilatçılara
çox sağ
ol deyirik. Şuşada
şahmat turnirlərinin
tez-tez olmasını arzulayırıq".
Qeyd edək ki, bu
turnir nəinki Şuşada, ümumilikdə
Qarabağda FİDE bayrağı
altında keçiriləcək
ilk rəsmi beynəlxalq
şahmat yarışı
olub.
Rizvan CƏFƏROV
Azərbaycan.- 2022.- 25 sentyabr.- S.1; 8.