Azərbaycanı daha da gücləndirən
il
2021-ci il artıq tarixə qovuşdu. Xalqımıza qazandırdığı nailiyyətlərlə milli dövlətçilik salnaməmizin qürur dolu daha bir səhifəsini yaşadıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa və bütün dünyada yaşayan soydaşlarımıza müraciəti zamanı 2021-ci ilin dəqiq qiymətini verdi: “İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır”.
Dünya Azərbaycanın haqlı mövqeyini qəbul etdi
Dövlət rəhbərimiz beynəlxalq arenada ölkəmizin mövqelərinin möhkəmləndiyini xüsusi diqqətə çatdırdı. Azərbaycanın 2021-ci ildə bir neçə beynəlxalq təşkilat çərçivəsində aktiv fəaliyyəti, xüsusilə Qoşulmama Hərəkatının sədri statusunda qurumun bütün üzv ölkələrinin maraqlarını qətiyyətlə qoruması, beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsi mövqeyində mətinliklə dayanması bunun sübutudur.
Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın quruma sədrliyinin daha bir il uzadılmasına yekdilliklə səs verməsi də ölkəmizin bu təşkilata uğurlu rəhbərliyinə, prinsipiallığına, göstərilmiş etimadı doğrultmasına verilən ən yüksək qiymətin ifadəsidir. Onu da xatırladaq ki, Qoşulmama Hərəkatı hazırda BMT-dən sonra dünyanın ikinci böyük təsisatıdır. Bu qurumda 120 üzv dövlət təmsil olunur. Azərbaycanın bu quruma sədrlik müddətinin daha bir il müddətinə uzadılması 2021-ci ilin ölkəmizin ən böyük tarixi nailiyyətlərindən sayıla bilər. Daha bir nəticə isə Türk Şurasına sədrlik müddətini uğurla başa çatdırandan, bu müddətdə qarşıya qoyulmuş məqsədlərə nail olandan sonra Azərbaycanın Şuraya sədrlik səlahiyyətini qardaş Türkiyəyə ötürməsi oldu.
Azərbaycan ötən il ərzində İslam Əməkdaşlıq Təşkilatı, NATO və Avropa İttifaqı kimi nüfuzlu qurumlarla da əməkdaşlığını uğurla davam etdirdi. Ölkəmizin haqlı mövqeyini hər zaman dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatı Vətən müharibəsindəki qələbəmizdən sonra bu qələbənin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasında da daim Azərbaycanın yanında oldu.
2021-ci ilin dekabrında dövlət rəhbərimiz Brüsselə uğurlu səfərlər etdi. Öz zirvə görüşlərində mütəmadi olaraq Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmiş NATO bu dəfə də ölkəmizə dəstəyini bildirdi. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəkləndi. Bütün bunlar İkinci Qarabağ müharibəsinin nəticələrinin, Azərbaycanın tarixi zəfərinin bütün dünyada qəbul olunması deməkdir. Ali Baş Komandan
İlham Əliyev döyüş meydanındakı Zəfərimizi diplomatiya meydanındakı ardıcıl qələbələrlə daha da möhkəmləndirir. Artıq hər kəs Azərbaycanın haqlı mövqeyini etiraf etmək məcburiyyətində qalır. Uzun illər ərzində ölkəmizə qarşı ikili standartlar mövqeyindən çıxış edənlər, işğal faktını görməzdən gələnlər, bu mövqeyi 44 günlük Vətən müharibəsi gedişində də davamlı olaraq sərgiləyənlər artıq haqq savaşımızın nəticələri ilə barışırlar. “Hesab edirəm ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox böyük əhəmiyyəti var”, - dedi Azərbaycan Prezidenti: “Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə də müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”.
Milli
maraqlarımıza cavab verən regional əməkdaşlıq
2021-ci
ilin nəticələri həm də İkinci Qarabağ
müharibəsindən sonra regionda yaranmış yeni tarixi
reallığın bir ili kimi də
böyük maraq doğurur. Azərbaycan bu
reallığı əməkdaşlıq üçün
yeni imkanlar kimi dəyərləndirərək qonşu
dövlətlərlə əlaqələrini daha da inkişaf
etdirir. Ötən il bu istiqamətdə
bir sıra mühüm addımlar atıldı. Bunlardan ən
mühümü Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi oldu. Bu sənəd Türkiyə-Azərbaycan müttəfiqliyini
rəsmiləşdirdi. Xüsusilə onun Vətən
müharibəsindəki Zəfərimizin simvollarından
sayılan Şuşa şəhərində
imzalanması bu addıma daha bir rəmzi məna
qazandırdı.
Azərbaycan
ötən il Türkiyə ilə
yanaşı, region dövlətlərindən olan Rusiya ilə
də əlaqələrini uğurla inkişaf etdirdi. Eyni zamanda digər qonşularımız İran və
Gürcüstanla da daimi təmaslar, fikir mübadiləsi əsnasında
dostluq və tərəfdaşlıq əlaqələri
inkişaf etdirildi. “Artıq regionda çoxtərəfli
əməkdaşlıq platforması formalaşır və əlbəttə
ki, bu, bizim maraqlarımıza cavab verir”, - deyən Azərbaycan
Prezidenti dünya azərbaycanlılarına müraciətində
qonşularımızla bağlı çox maraqlı bir məqama
da toxundu: “Qonşular haqqında danışanda, təbii
olaraq, Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan
ölkələrə daxil etmirdim. Bu gün də
hələ ki daxil etmirəm. Amma ümid
edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz
qurulacaq. Hər halda İkinci Qarabağ
müharibəsinin nəticələrini qəbul edərək
Ermənistan da regional çərçivədə öz
rolunu artıra bilər. Hər halda noyabr və
dekabr aylarında Soçi və Brüssel şəhərlərində
keçirilmiş görüşlər ümidvericidir və
ümid edirəm ki, bu görüşlərdə əldə
edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz
əksini tapacaqdır”.
Cənubi
Qafqaz regionunun gələcək təhlükəsizliyi,
inkişafı, xoşbəxtliyi üçün yeni imkanlar, fürsətlər
ili sayıla biləcək 2022-ci ilin
başlanğıcında bu, Ermənistana verilən şans
kimi dəyərləndirilməlidir. Bu ölkənin
gələcək taleyi ona yaradılmış seçim
imkanına münasibətindən, əldə edilmiş
razılaşmalara hansı şəkildə sadiqlik göstərməsindən
asılı olacaqdır.
Müzəffər
xalq, qalib ölkə
Azərbaycan xalqı, təbii ki, işğal
dövründə törədilmiş vəhşilikləri
heç zaman unutmayacaq, xalqımıza tarixi Qələbəni
bəxş etmiş şəhidlərimizin xatirəsini daim
yaşadacaq.
Dövlət rəhbərimiz bildirdi: “Azərbaycan xalqı
artıq dünyada müzəffər xalq kimi, Azərbaycan
dövləti isə müzəffər ölkə kimi
tanınır. Onu da bildirməliyəm ki, bu il
Azərbaycana olan ənənəvi dəstək və hörmət
daha da artdı və bunun başlıca səbəbi İkinci
Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə
dövründə bütün müharibə qaydalarına
riayət etməyimiz və müharibədən sonra
özümüzü ləyaqətlə aparmağımız
idi”.
Qalibiyyət ruhu ilə Azərbaycan hərbi qüdrətini
yüksəltməkdədir. 2021-ci ildə bu istiqamətdə
də uğurlu nəticələr əldə olunub. Yeni silahlar, texnikalar alınıb. Bu prosesin yenə davam etdirilməsi nəzərdə
tutulur. Eyni zamanda hərbi birləşmələrimizin
hazırlıq işinə də böyük əhəmiyyət
verilir. Ali Baş Komandan xalqa müraciətində
onu da qeyd etdi ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları
artıq bütün dünyada tanınır, onların qəhrəmanlığı,
fədakarlığı, peşəkarlığı dastana
çevrilib. Ali Baş Komandan İlham Əliyev bu il artıq Azərbaycanda yeni hərbi birləşmənin
- Komando Qüvvələrinin yaradıldığını da
diqqətə çatdırdı: “Bu Komando Qüvvələri
istənilən hərbi vəzifəni icra etməyə
hazırdırlar, onların sayı durmadan artır və
artacaq. Beləliklə, yeni çevik, peşəkar
və çox böyük imkanlara malik olan silahlı birləşmənin
yaradılması onu deməyə əsas verir ki, biz hər an
öz torpaqlarımızı, öz sərhədlərimizi
qorumağa hazır olmalıyıq. 2021-ci
ildə Ermənistan-Azərbaycan sərhədində baş
vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan
üstünlüyü tam öz əllərində
saxlayır”.
“Şuşa
ili”
2021-ci il, təbii ki, həm də azad
yurdlarımızda quruculuq prosesinin başlanğıcı ili
kimi də yadda qaldı. Ötən il
Qarabağda, Şərqi Zəngəzurda geniş quruculuq-bərpa
işlərinə start verildi. Azərbaycan Prezidenti müraciətində
də vurğuladı ki, dünya tarixində müharibələrdən
sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa
işləri aparılmayıb: “Bu işlər haqqında Azərbaycan
vətəndaşları müntəzəm olaraq məlumatlandırılır.
Əgər mən bu haqda danışmağa
başlasam, yəqin ki, bir neçə saat vaxt lazım olacaq,
hər şey göz qabağındadır. Bizim əsas
vəzifəmiz keçmiş köçkünləri tezliklə
dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq”. Bu il dövlət rəhbərimizin
Azərbaycanın bölgələrinə 47 səfərinin
32-sinin məhz işğaldan azad edilmiş ərazilərə
olması və hazırda ən geniş bərpa işlərinin
aparıldığı Şuşa şəhərinə
Prezident İlham Əliyevin il ərzində 7 dəfə getməsi
quruculuq-abadlıq işlərinə dövlət
başçımızın birbaşa nəzarətindən
irəli gəlir.
Azərbaycan
Prezidentinin dünya azərbaycanlılarına müraciəti
zamanı 2022-ci ili “Şuşa ili” elan etməsi
də bu əzmin, azad yurdlarımızın dirçəlişinə
verdiyi yüksək önəmin ifadəsidir. Bu ilin
“Şuşa ili” elan edilməsinin daha bir rəmzi məqamı
isə 2022-ci ildə Şuşa şəhərinin
təməlinin qoyulmasından 270 il keçməsi ilə
bağlıdır. Şuşa şəhərinin
qurucusu Pənahəli xan bu gözəl məkanın təməl
daşını 1752-ci ildə qoyub. Bu il
Azərbaycanın mədəniyyət paytaxtının 270 illik
yubileyi böyük təntənə ilə qeyd olunacaq. 2022-ci ilin “Şuşa ili” elan olunması bir tərəfdən,
ulu yurdun bərpası tədbirlərinin sürətləndirilməsinə
xidmət edir, digər tərəfdən də, tarixən azərbaycanlıların
tarixi şəhəri olan Şuşanın dünyada
tanıdılması üçün daha bir imkandır.
Azərbaycan
postböhran dövrünə qədəm qoyub
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi
ilə yanaşı, Azərbaycanın digər bölgələrində
də regional inkişaf proqramlarının icrası uğurla
davam etdirilir.
Geniş infrastruktur layihələrinin icrası,
əhalinin rifah halının daha da yüksəlməsi
üçün əlavə imkanlar yaradılır. Azərbaycan iqtisadi inkişafı istiqamətində
atılmış məqsədyönlü addımlar sayəsində,
demək olar ki, artıq postböhran dövrünə qədəm
qoyub. Ölkə iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz
artıb. Sənaye istehsalı 5,5 faiz,
qeyri-neft sektorunda sənaye 20,7 faiz yüksəlib. Valyuta
ehtiyatlarımız 2,2 milyard dollar
artıb. Ticarət əlaqələrimizin müsbət saldosu
9,4 milyard dollardır. Xarici dövlət
borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil
edir və bu il ərzində həm
mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula
nisbətdə xarici dövlət borcu azalıb.
Azərbaycan işğaldan azad edilmiş
torpaqlarımızda quruculuq-bərpa işlərini də,
regional inkişaf layihələrini də kənardan heç
bir yardım, kredit almadan məhz öz iqtisadi gücü
hesabına yerinə yetirir. Bu iqtisadi güc,
inkişaf göstəriciləri uzunmüddətli,
düzgün strategiyanın həyata keçirilməsinin nəticəsidir.
Eyni zamanda iqtisadi sahədə aparılan
islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla
mübarizə də öz nəticələrini verməkdədir.
Prezident İlham Əliyev müraciətində maraqlı bir
fakta da diqqət yönəltdi: “Təkcə vergi orqanları
sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib və bu puldan istifadə
edərək biz geniş sosial paket tədbirlərini həyata
keçiririk. Yanvarın 1-dən maaşlar,
pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə
artırılacaq. İki milyon yüz min insanı əhatə
edən bu sosial paketin ümumi həcmi 1,5
milyard manatdır. Baxın, vergi orqanları xəzinəyə
ancaq proqnozdan əlavə 1,4 milyard manat pul
cəlb ediblər, onun hamısı və artıqlaması ilə
sosial məsələlərin həllinə yönəldilib. Mən əvvəllər də demişəm ki, əlavə
vəsait toplandıqca, ilk növbədə, biz bu vəsaiti
sosial layihələrə yönəldəcəyik. Eyni zamanda azad edilmiş torpaqlarda görülən
işlər də sosialyönümlü işlərdir.
Çünki o işlərin mütləq əksəriyyəti
sosial xarakter daşıyır, keçmiş məcburi
köçkünlərin tezliklə o ərazilərə
qaytarılmasına hesablanıbdır”. Bütün
bu işlərin uğurla davam etdirilməsi üçün
Azərbaycan Prezidenti iqtisadi nailiyyətlərimizin daha da
artırılmasını əsas vəzifələrdən
biri kimi qarşıya qoyub.
Pandemiyanın bütün dünya üçün hələ də öz aktuallığını itirmədiyi zamanda əhalinin sağlamlığı da, təbii ki, dövlətimiz üçün əsas prioritetlərdəndir. Azərbaycan 2021-ci ildə COVID-lə mübarizədə yaxşı nəticələr əldə edib. Pandemiyanı tam nəzarət altında saxlamağı bacarıb. Ölkəmiz hazırda bu sahədə durumun qəbuledilən səviyyədə olmasını təmin edən nadir ölkələrdəndir. Aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti nəticəsində əhalinin təxminən 50 faizi artıq 2 doza peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 milyondan çox doza vaksin vurulub. Prezident İlham Əliyev bu qlobal bəla ilə yeni ildə də ciddi mübarizə aparılacağını qeyd etdi.
2022-ci il də uğurlu olacaq
Dövlət rəhbərimiz Azərbaycanın son illərdəki tarixi nailiyyətlərinə, 2021-ci ildəki nəticələrinə əsaslanaraq əminliyini bildirdi ki, 2022-ci il də xalqımız üçün uğurlu il olacaq: “Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Bu, milli vəhdətimizdən, Azərbaycanın sülh, inkişaf, bəşəriyyətin xoşbəxtliyi məramından irəli gələn əminlikdir. Belə bir ümid işığında xalqımız Prezident İlham Əliyevin liderliyi ilə 2022-ci ili də uğur tarixinə çevirəcək.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2022.- 7 yanvar.- S.1;3.