Ermənistanda əhalinin
maaşları mənimsənilir
İqtisadi tənəzzülün
davam etməsi ilə birlikdə hakimiyyətin
reytinqi də minimuma enir
Ermənistanda iqtisadiyyatdan tutmuş siyasət və digər sahələrə qədər vəziyyətin daha sürətlə pisləşməsi özünü qabarıq göstərir.
Hakimiyyət əleyhinə yönələn etirazların sayının artması və artıq Nikol Paşinyanın istefasının əsas tələb kimi qoyulması mövcud iqtidarın durumunu xeyli ağırlaşdırır. Əsasən qeyd olunur ki, müharibədəki məğlubiyyət fonunda Ermənistanda ötən il iqtisadi göstəricilər yaxşıya doğru dəyişməyib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb və iqtisadi tənəzzülün davam etməsi ilə birlikdə hakimiyyətin reytinqi də sıfıra yaxınlaşır. Qeyd olunur ki, hazırda ölkədə adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 16 dəfə, məhsuldarlıq isə 9 dəfə aşağıdır. Ermənistanın ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür, bu sahədə islahatlara başlamaq barədə təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 25-30 faiz təşkil edir.
Bu arada Ermənistanda cari ilin ilk ayından etibarən inflyasiyaya görə əhalinin maaşlarından pul saxlanılır. Həmin vəsaitlər müxtəlif fondlara və dövlətin xeyriyə layihələri üçün nəzərdə tutulmuş büdcəsinə veriləcək. Dövlətin bir sıra qanunvericilik dəyişiklikləri səbəbindən ölkədə kəskin bahalaşma gözlənilir. Məcburi pensiyalar üçün maaşdan ödənilən aylıq məbləğ bu il əhəmiyyətli dərəcədə artacaq. Əgər yanvarın 1-dək 500 min drama qədər əməkhaqqı alanlar bunun 3,5 faizini icbari pensiyaya verirdilərsə, cari ilin yanvarın 1-dən bu, 4,5 faizə qədər artacaq. Bu, gəlir vergisinin 1 faiz azalması ilə qismən kompensasiya ediləcək.
Erməni iqtisadçılar problemin sabit gəlir vergisi ilə bağlı olduğunu qeyd edərək bildirirlər ki, bütün hallarda gəlirin məbləğindən asılı olmayaraq, vətəndaşlar eyni gəlir vergisini ödəyəcəkləri üçün ölkədə narazı təbəqə artacaq. Vurğulanır ki, hazırda Ermənistanda bu problem daha da kəskinləşib. Çünki yeni qaydalar ən həssas təbəqəyə, o cümlədən minimum istehlak səbətinə uyğun pensiya və müavinət ala bilməyən aztəminatlı işçilərə və ya təqaüdçülərə zərbə vuracaq. Bundan əlavə, Ermənistanda yanvarın 1-dən suyun, işığın və qazın qiymətləri daha da yüksələcək. İşığın tarifi orta hesabla təxminən 5,5 dram artacaq, qaz tarifinin də artacağı gözlənilir. Artımlar təkcə insanların gəlirlərinə deyil, həm də əlavə inflyasiyaya səbəb olan amillərə də təsir edəcək.
“4rd.am” saytı yazır ki, Ermənistanda cari ildə istehlakçılar üçün 200 kilovat-saata yaxın elektrik enerjisinin sutkalıq qiyməti 44,98 dramdan 46,48 dram, gecə tarifi isə 34,98 dramdan 36,48 drama yüksələcək. Sutkada 201-400 kilovat-saat elektrik enerjisinin qiyməti isə hazırkı 44,98 dram əvəzinə 48,48 dram, gecə tarifi isə 34,98 dram əvəzinə 38,48 dram olacaq. 400 kilovat-saatdan artıq istehlak üçün gündüz qiyməti 47,98 dram əvəzinə 53,48 dram, gecə isə 37,98 dram əvəzinə 43,48 dram təşkil edəcək.
Ermənistanda yanvarın 1-dən malların gömrük rüsumları da artırılıb. Belə ki, Ermənistanda idxal edilən quş əti üçün gömrük rüsumu 30 faiz, düyü və marqarin üçün 2 faiz, kartof və lobya toxumları üçün 1 faiz artıb. Qiymətli və yarımqiymətli daşlar və metallar üzrə tariflərdə qızıl üçün 3-6 faiz, gümüş üçün 5 faiz artım olub. Bu ildən etil spirti, alkoqollu içkilər, tütün və bir sıra digər məhsulların aksiz dərəcələri artırılacaq ki, bu da onların son qiymətlərinin artmasına səbəb olacaq.
Bütün bunlar onu göstərir ki, müharibədəki məğlubiyyətdən sonra Ermənistan hələ də özünə gələ bilmir. Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan bu ölkə sonu görünməyən tənəzzül dövrünü yaşayır. Əhalinin əvvəlki maaşla yaşaması isə mümkün deyil. Siyasi ziddiyyətlər paralel şəkildə digər sferalardakı mövcud problemləri dərinləşdirib. Ermənistanda iqtisadiyyat faktiki olaraq iflic olub, əhalinin səfaləti isə artıb.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2022.- 7 yanvar.- S.1;7.