“Delta”,
“Alfa”, “Beta”, “Qamma”, “Omikron”...
Ötən il 3,7 milyon
insanın həyatına
son qoyan COVID-in yeni mutasiyaları artmaqda davam edir
Dünyada COVID-19-la bağlı epidemioloji vəziyyətin normallaşdırılması
üçün koronavirusa
qarşı vaksinləşdirmənin
genişləndirilməsinə, insanların kütləvi
toplaşmasının qarşısını
almaqdan ötəri qapanmaların, məhdudiyyətlərin
qoyulmasına və digər çoxsaylı tədbirlərin görülməsinə
baxmayaraq, SARS-CoV-2 virusu
2021-ci ildə də yeni mutasiyaları ilə yayılmağa davam etdi və
insanlarda pandemiyanın
bitməsi ilə bağlı ümid yaratmadı.
Ötən il ortaya çıxan variantlardan bir neçəsi daha təhlükəli hesab edildi ki, onların
arasında ilk dəfə
Hindistanda müəyyən
edilmiş “Delta” (B.1.617.2) hazırda
bütün ölkələrdə
ən çox yayılmış ştamıdır.
Digər
mutasiyalar - “Alfa” (B.1.1.7) ilk dəfə Böyük Britaniyada, “Beta” (B.1.351) ilk dəfə
Cənubi Afrikada, “Qamma” (S.1) ilk dəfə Braziliyada aşkarlandı.
“Omikron” kütləvi immunitetin yüksək olduğu ölkələrdə
də sürətlə
yayıldı
Ümumilikdə 2021-ci ilin ən dominant mutasiyası yaz aylarından Hindistandan yayılmağa başlayan
“Delta” olsa da, noyabr ayının sonlarından ortaya çıxan “Omikron” çox qısa zaman ərzində yayılma arealını sürətlə genişləndirə
bildi. Artıq 105-dən çox ölkədə rast gəlinən, yüksək
yoluxuculuğuna görə
özündən əvvəlki
bütün mutasiyaları
qabaqlayan “Omikron” hətta kütləvi immunitetin yüksək səviyyədə olduğu
ölkələrdə belə
“Delta” ştamından daha
sürətlə yayılır.
Yalnız Cənubi Afrikada deyil, Böyük Britaniyada xəstəxanaya yerləşdirilən
“Omikron”lu xəstələrin sayının
getdikcə artması bunu təsdiqləyən hallardan biridir.
Azərbaycanın rəsmi məlumatlarına
görə, ölkəmizdə
indiyədək “SARS-CoV-2” virusunun
“Delta” və “Alfa” variantları
aşkar olunub. “Omikron”a yoluxma
isə heç bir rəsmi məlumatlarda öz əksini tapmayıb. Amma arxayınlaşmaq olmaz. Çünki Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus
ötən ilin sonunda keçirdiyi mətbuat konfransında “Omikron”un dünyada
sunami təsiri yarada biləcəyindən
böyük narahatlıq
hissi keçirdiyini bildirib. O, yeni ştamın ciddi qəbul edilməməsinin
ağır nəticələrə
gətirib çıxara
biləcəyi ilə
bağlı dünya ictimaiyyətinə xəbərdarlıq
edib.
Yoluxanların sayı 300 milyona
yaxınlaşır
İndiyədək koronavirusa dünyada
298 milyon nəfərdən
çox insan yoluxub, 5,5 milyona yaxın insan isə bu virusdan
dünyasını dəyişib.
Onlardan 3,7 milyonu yalnız 2021-ci ilə aiddir. Alimlərin bundan sonra da
COVID-in yeni mutasiyalarının
ortaya çıxacağını
istisna etməməsi
o deməkdir ki, bu say hələ artacaq, pandemiya isə davam edəcək.
Pandemiyaya
səbəb olan virusun mənşəyinin
öyrənilməsindən ötrü 2021-ci ildə də ÜST tərəfindən
elmi tədqiqat işləri davam etdirilib. Ötən ilin yanvarında
ÜST-ün komandası
bu məqsədlə pandemiyanın yaranma mərkəzi olan Çinin Uhan şəhərinə səfər
etsə də, araşdırma nəticəsində
hər hansı yeni məlumat toplanılmadı. Nümayəndə heyəti bildirib ki, virusun mənbəyi
ilə bağlı müxtəlif ssenarilər
var. Ən yüksək
ehtimal virusun heyvandan - yarasalardan insanlara keçə biləcəyi ilə bağlıdır.
2020-ci ildə ölkələr
pandemiya ilə bağlı davamlı olaraq daha sərt
qapanmalara getsələr
də, bu, 2021-ci ildə ardıcıl davam etmədi. COVID-ə yoluxma
hallarının artması,
o cümlədən “Omikron”un getdikcə yayılması ilə əlaqədar Yeni il bayramı ərəfəsində görülən
sərt tədbirlər
nəzərə alınmazsa,
keçən il bu sahədə yumşalmalar daha çox hiss edildi. Bir çox dövlətlər
müəyyən şərtlər
daxilində öz sərhədlərini turistlərin
və xarici qonaqların üzünə
açdılar. Düzgün
planlaşdırılmış tədbirlərin həyata
keçirilməsi nəticəsində
Azərbaycanda keçən
il pandemiya
ilə bağlı vəziyyət nəzarət
altında saxlanıldı
və ölkəmizdə
tətbiq olunmuş karantin rejimi tədricən yumşaldıldı.
Belə ki, daha sərt
məhdudiyyətlərin qoyulmasına
ehtiyac yaranmadı.
Peyvəndlər və maskalar hələ də koronavirusa qarşı təsirli sayılır
Dünyada pandemiya ilə bağlı son iki ildəki vəziyyət
COVID-in hər bir yeni variantının əvvəlkindən daha yoluxucu olduğunu göstərdi. Nəticədə insanlar hər
dəfə daha sürətlə yayılan
yeni bir dalğa ilə rastlaşmalı oldular.
Bəs dəfələrlə mutasiyaya
uğrayan bir virus üçün pandemiya başlayarkən elan edilən profilaktik qorunma vasitələri - peyvəndlər və tibbi maskalar hələ də təsirli sayılırmı?
Bunun cavabı birmənalı olmasa da, mütəxəssislər,
o cümlədən ÜST-ün nümayəndələri
düşünürlər ki, neçə dəfə mutasiya etməsindən asılı
olmayaraq, mövcud vaksinlər və tibbi maskalardan istifadə COVID-in bütün
növlərinə qarşı
hələ də təsirlidir. Buna görə
koronavirusdan ölümün,
xəstəliyin şiddətinin
azaldılması məqsədilə
peyvənd vurdurmaq, tibbi maskalardan istifadə etmək insanlara virusdan ən effektiv qorunma üsulu kimi tövsiyə
edilir.
2021-ci ildə vaksinasiya
sahəsində çox
ciddi irəliləyişlərin
əldə edilməsinə
baxmayaraq, peyvəndləmə
sahəsindəki qeyri-bərabərlik
mübarizə işinin
keyfiyyətinə əsaslı
şəkildə təsir
etməklə onun effektivliyini azaldır. Hazırda aşağı
gəlirli ölkələrdə
insanların yüzdə
yeddisindən bir qədər çoxu peyvəndlərin bir dozasını alırsa, yüksək gəlirli ölkələrdə bu nisbət 75 faizdən çoxdur. Buna görə də insanların həyatlarını
xilas etmək üçün effektiv və təhlükəsiz
COVID-19 peyvəndlərinə geniş çıxışın
olmasına ehtiyac var.
ÜST-ün rəhbərlik
etdiyi “COVAX” proqramı
2021-ci ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 20 faizinin peyvənd edilməsini nəzərdə tuturdu.
Ancaq dünyanın əksər
ölkələri bunu
edə bilməyib.
Vaksinləşdirmə sahəsindəki
qeyri-bərabərliyi aradan
qaldırmaqdan ötrü
“SARS-CoV-2” vaksinlərinin siyahısını
genişləndirən ÜST ötən ilin sonunda Amerikanın “Novavax” şirkətinin lisenziyası əsasında
Hindistanın Serum İnstitutu
tərəfindən istehsal
edilən “Covovax” koronavirus peyvəndini təcili istifadə üçün təsdiqləyib.
ÜST-ün qənaətincə, bu, aşağı gəlirli
ölkələrdə daha
çox insanı peyvənd etmək üçün göstərilən
səylərə təkan
verəcək.
Təşkilatın Baş direktoru Tedros Adanom Gebreyesus bu fikirdədir ki, peyvəndləmə səviyyəsinin yüksəldilməsi sayəsində dünya ictimaiyyəti COVID-19 pandemiyasına son qoya bilər. O, keçən ilin son günlərində keçirdiyi mətbuat konfransında bildirib ki, pandemiyanın bitməsi üçün 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizi COVID-19-a qarşı peyvənd olunmalıdır. Bu qlobal məqsədə çatmaq üçün bütün ölkələrin birlikdə çalışması vacibdir.
Azərbaycan nümunəsi beynəlxalq səviyyədə dəyərləndirilib
Pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olan Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı narazılığını ifadə edib. Peyvəndlərə çıxışla əlaqədar dövlətlər arasında dərinləşən qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardımdır. Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib, təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.
Azərbaycanın təkcə beynəlxalq arenada deyil, ölkə daxilində də son 3 il ərzində pandemiya ilə mübarizə sahəsində göstərdiyi müfəssəl səylər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib.
Azərbaycan dünyada COVID-ə qarşı vaksinləşdirməyə başlayan ilk ölkə olaraq bu sahədə əhəmiyyətli addımlar atıb. Ölkədə 2021-ci il yanvarın 18-dən başlayan koronavirusa qarşı vaksinasiya dövlət hesabına aparılır. İlkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanılan COVID peyvəndlərindən mərhələli şəkildə digər əhali qrupları da yararlanıblar. Hazırda bu proses davam edir. 2021-ci ildə Azərbaycanda hətta ÜST-ün tövsiyəsinə uyğun olaraq, 16-18 yaşlı yeniyetmələrə könüllülük əsasında
COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulmağa başlanılıb. “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycanda üçüncü peyvənd dozası da vurulur.
İlhamə İSABALAYEVA,
Azərbaycan.-2022.- 7 yanvar.- S.1;7.