Sərkərdə, savaş və Zəfər: 44 günün
təntənəli salnaməsi
“Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru”
və “Zəfər memuarları - Döyüşçülər
Sərkərdə və müharibə haqqında”
kitabları savaş tarixinin
ilk ümumiləşdirilmiş nümunəsi
kimi əvəzsiz mənbədir
XXI əsrin müharibəsi kimi dünya hərb salnamələrinə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi həm də xalqımızın haqq mübarizəsinə qalxaraq Zəfər çaldığı Vətən müharibəsi kimi tarix səhifələrinə əbədi həkk olundu. 30 ildən çox idi ki, davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoyan bu savaş həm xalqımızın böyük tarixinin, həm də gələcək rifahının təməlinin qoyulduğu müqəddəs hadisə oldu. Milli kimliyimizin, varlığımızın, ən əsası isə həqiqətin aynası olan bu qürurlu günlərimiz parlaq gələcəyimizin də üzərində bərqərar olan zəngin tarixi səltənətdir.
Buna görə də Vətən müharibəsinin hər gününü dərindən araşdırmaq, həmin günlər ərəfəsində döyüş meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşananları ən incə detallarına qədər bilmək və onları olduğu kimi yaddaşımıza, tarixə yazmaq vacibdir. Bu məsuliyyət isə qismətinə qələbəmizə şahidlik etmək yazılmış bugünkü nəslin, Vətən müharibəsinin müasirlərinin üzərinə düşür.
Xalqımızın
həyatında taleyüklü rol oynayan bu şanlı prosesi təfsilatı
ilə izləmək, onun gedişi, nəticələri,
yaratdığı dəyişikliklər haqqında aydın
məlumata malik olmaq baxımından Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən hazırlanan iki qiymətli
nəşr, Vətən müharibəsində qazanılan
qürurlu Qələbəyə və onun tarixinə həsr
edilən “Vətən müharibəsi tarixi - Şəxsiyyət
faktoru” və “Zəfər memuarları -
Döyüşçülər Sərkərdə və
müharibə haqqında” kitabları müharibə tarixinin
ilk ümumiləşdirilmiş nümunəsi kimi əvəzsiz
mənbələr, həm də “Şuşa ili”nə qiymətli
töhfələrdir.
Qələbənin
kökündə şəxsiyyət amili, Prezident İlham
Əliyev fenomeni dayanır
“Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” kitabı 27 sentyabr 2020-ci ildə başlamış və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etməsi ilə başa çatan Vətən müharibəsinə həsr olunub. Tarixçi alimlərin, hərbçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin, məmurların Vətən müharibəsi ilə bağlı yazılarının toplandığı qiymətli nəşr İkinci Qarabağ müharibəsinin bütün mərhələlərini əhatə edir. Kitabda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki müstəsna fəaliyyəti və ordu quruculuğunda yeni mərhələni başlatması, Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl qələbə strategiyasının əsas istiqamətləri, Vətən müharibəsi dövründə Ali Baş Komandanın uğurlu diplomatiya siyasəti və informasiya cəbhəsindəki mübarizəsi geniş tədqiq edilərək işıqlandırılıb. Azərbaycanın tarixi zəfərinin geopolitik nəticələri və Prezident İlham Əliyevin postmüharibə dövründə Qarabağın sosial-iqtisadi inkişaf strategiyası nəşrdə öz əksini tapıb.
İkiəsrlik münaqişəni, xüsusilə də onun son 32 ilini ətraflı şərh edərək qalibiyyətə aparan yola işıq tutan “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” kitabını oxuduqda bir daha əmin oluruq ki, bu Qələbənin kökündə şəxsiyyət amili, Prezident İlham Əliyev fenomeni dayanır.
Ulu Öndər böhran içində olan Azərbaycanda qısa müddətdə sabitlik yaratdı
“Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” kitabında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması və onun fəsadları barədə geniş məlumat verilir. Bildirilir ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları sovet dövründə daha da genişlənib. 1923-cü ildə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması ilə bu bölgə separatizm ocağına çevrilib. Nəşrdə belə bir fakt da qeyd edilib ki, problemin tarixi kökləri və mahiyyəti barədə danışan Ulu Öndər Heydər Əliyev söyləmişdir ki, ötən əsrin
30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərində də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün ciddi cəhdlər göstərmişdilər: “Dəfələrlə qızğın fəaliyyətə başlamışdılar, ancaq onların qarşısı alınmışdı. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Elə buna görə idi ki, erməni millətçilərinin birbaşa səyləri sayəsində 1987-ci ilin sonunda Heydər Əliyev SOV.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edildi.
Sözügedən kitabda tarixi faktlara istinadən əsaslandırılır ki, bundan sonra işğalçı Ermənistan Azərbaycanın ərazilərinə açıq-aşkar iddia edərək bir-birinin ardınca torpaqlarımızı qəsb etməyə başladı. Torpaqlarımızın işğalının ən başlıca səbəbi isə müstəqilliyimizin ilk illərində Azərbaycanı idarə edən iqtidarların başında qətiyyətli, səriştəli liderin olmaması idi.
Azərbaycan xalqı ölkənin çətin və məhvolma təhlükəsi ilə üz-üzə olduğu 1993-cü ilin yayında Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Ulu Öndər hakimiyyətə gəldiyi ilk gündən çox mühüm hərbi-siyasi xarakterli tədbirlər həyata keçirdi. Nəticədə istər iqtisadi, istərsə də siyasi baxımdan böhran içərisində olan Azərbaycanda qısa müddətdə sabitlik yarandı. Heydər Əliyev Ermənistanın təcavüzünə qarşı, eləcə də Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün mütərəqqi xarici siyasət strategiyasına, bütün sferalarda, o cümlədən hərbi sahədə quruculuq işlərinə start verdi. Zamanında Azərbaycanda uğurlu təməli qoyulan çox əhəmiyyətli işlər isə sonradan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək böyük Qələbənin rəhninə çevrildi.
İlham Əliyev strategiyası: güclü dövlət, zəngin iqtisadiyyat, siyasi iradə və ordu quruculuğu
Vətən müharibəsinə həsr olunan adıçəkilən kitabda Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 18 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirməsi də əksini tapıb. Bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən hadisələrə də təsir göstərmək imkanı qazanıb.
Prezident İlham Əliyev hər zaman mühüm beynəlxalq tədbirlərin tribunalarından Ermənistanın işğalçı siyasətini ifşa edib təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəklədiyini dünyaya bəyan edib. Xüsusilə son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların sənədləri müvafiq hüquqi baza yaradıb.
Ümumiyyətlə, 2003-cü ildən keçən müddət ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib.
Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amillər güclü dövlət, dinamik iqtisadi inkişaf, siyasi iradə, diplomatiyada uğurlar və ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlar olub. Bu sahələrin vəhdətini və eyni vaxtda uğurlu olmasını təmin edən də məhz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yorulmaz fəaliyyəti olub.
“Şuşanın azad edilməsi ilə nəticələnmiş uğurlu hərbi kampaniyanın əsl müəllifi də məhz İlham Əliyevdir”
44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar Prezident İlham Əliyevin vahid komandanlığı altında həyata keçirilib. Bununla bağlı “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” kitabında yer alan məlumatda göstərilir ki, hər gün təqdim edilən hərbi məruzələr Ali Baş Komandan tərəfindən dinlənilərək təhlil edilib və növbəti gün üçün yeni döyüş tapşırıqları verilib. Vətən müharibəsinin zəfər zirvəsi olan Şuşa qələbəsi də Ali Baş Komandanın rəhbərliyi ilə hazırlanan və onun təsdiq etdiyi əməliyyat planına əsasən əldə olunub. Ali Baş Komandan əməliyyatın ilkin icrası və gedişi prosesində komandanlığı şəxsən özü həyata keçirib. Döyüş günlərində İlham Əliyev tərəfindən göstərilən qətiyyətli və prinsipial sərkərdəlik qabiliyyəti nəticədə Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib.
Şərhçilərin kitabda yer alan təhlillərində də bildirilir ki, bu razılaşmanın tarixi əhəmiyyəti ilə yanaşı, mühüm strateji önəmi də oldu. Ağdam, Kəlbəcər və Laçın rayonları İlham Əliyevin müdrik siyasəti nəticəsində bir güllə belə atılmadan, itki verilmədən Azərbaycana qaytarıldı.
“Dəmir yumruq” əməliyyatı nəticəsində arxasında dünyanın böyük gücləri dayanan, müxtəlif lobbi təşkilatları tərəfindən maliyyələşdirilən, sıralarına peşəkar və yüksək hazırlıqlı xarici muzdlu döyüşçüləri cəlb edən işğalçı bir ordu əzildi, darmadağın edildi.
“Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” kitabında “Böyük qələbədə şəxsiyyət faktoru” adlı ön söz əvəzi məqaləsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov haqlı olaraq bildirir: “17 il idi ki, İlham Əliyev bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi bu şanlı qələbəyə doğru yorulmadan irəliləyib. Qazanılan böyük Qələbə İlham Əliyev fenomenini yeni bir rakursdan işıqlandırdı. Bu, təcrübəli beynəlxalq siyasət qrosmeysteri və istedadlı hərbi strateq keyfiyyətlərini özündə birləşdirmiş iradəli və qətiyyətli lider fenomenidir. 2020-ci ilin payızında həyata keçirilmiş və arzularımızın tacı olan qədim mədəniyyət mərkəzimiz Şuşanın azad edilməsi ilə nəticələnmiş uğurlu hərbi kampaniyanın əsl müəllifi də məhz İlham Əliyevdir.
Azərbaycan xalqının çoxəsrlik mübarizə və müharibələr tarixindəki bu böyük Qələbənin arxasında şəxsiyyət faktoru, görkəmli dövlət başçısı və qüdrətli Sərkərdə - İlham Heydər oğlu Əliyev fenomeni dayanır”.
Bu Zəfər Azərbaycan tarixində yeni mərhələyə yol açdı
Kitabda göstərilir ki, müharibənin gedişində Azərbaycan ictimaiyyəti, o cümlədən beynəlxalq aləm Prezident İlham Əliyevi müzəffər hərbi sərkərdə olmaqla yanaşı, informasiya savaşının bacarıqlı Komandanı kimi də gördü. Həmin dövrdə dünyanın aparıcı KİV-nə verdiyi müsahibələrdə İlham Əliyev Azərbaycanın haqq işini, bu müharibədə ədalətli tərəf olduğunu beynəlxalq ictimaiyyətə böyük peşəkarlıqla çatdırdı. Eyni zamanda erməni faşizminin acı fəsadlarını bir daha dünyaya nümayiş etdirdi.
Böyük Zəfərin iştirakçılarının və şahidi olmuş insanların oxucularla bölüşdükləri fikirlərin, rəy və təhlillərin yer aldığı “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” kitabında vurğulanır ki, İlham Əliyevin bu Zəfəri Azərbaycan tarixində yeni və uğurlu bir mərhələyə yol açdı. Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı təkcə regionda deyil, Avrasiya məkanında böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə yüksəltdi.
Ən başlıcası isə erməni vandalları tərəfindən dağıdılıb yerləyeksan edilən Qarabağ və Şərqi Zəngəzur artıq quruculuq mərkəzinə çevrilib, o yerlərə yeni həyat qayıdır.
“Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” adlı kitabdan gətirdiyimiz qısa nümunələrdən də göründüyü kimi, nəşrdə tariximizin ən faciəli dövrlərindən başlayaraq ən qürurlu mərhələsinə qədər baş verənlər bütün detalları ilə ətraflı işıqlandırılıb.
Zəfər memuarları
“Zəfər memuarları - Döyüşçülər Sərkərdə və müharibə haqqında” kitabı isə Vətən müharibəsində iştirak edən 27 döyüşçünün Sərkərdə, savaş və Zəfər barədə memuarlarının toplusudur. Məqsədi hərbi əməliyyatların hazırlanması, həyata keçirilməsi, hərbçilərin yaşadıqları hisslər, onların həyəcan və sevincləri, düşüncələri haqqında məlumatı geniş ictimaiyyətə çatdırmaq olan kitabda, yüksəkrütbəli zabitlərin, əsgərlərin, qazilərin, Vətən Müharibəsi Qəhrəmanlarının, ali orden və medallarla təltif olunan döyüşçülərin bir-birindən maraqlı və qəhrəmanlıqlarla dolu döyüş xatirələri əksini tapıb.
Ayrılıqda bu igidlərin hər birinin öz döyüş yolu, fərqli hərbi uğurları, rütbələri, medalları olsa da, kitabda yer alan memuarlarını oxuduqda həm də onları birləşdirən yeganə bir amalın olduğunu yəqin edirsən: bu qəhrəman döyüşçülərin hər biri Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruq” əməliyyatının cəsur fədailəri kimi böyük zəfərə imza atmaq üçün rəşadətlə döyüşüblər, çarpışıblar. Torpaqlarımızın bütövlüyü, yüz minlərlə məcburi köçkünümüzün öz əzəli dədə-baba yurdlarına qayıtması üçün çıxdıqları bu müqəddəs yolda qarşılaşdıqları çətinliklərə baxmayaraq, düşmənə aman verməyiblər.
AliBaş Komandanınintellektininvə möhtəşəmhərbistrategiyasınınnəticəsi
Memuarların müəllifləri qazanılan möhtəşəm qələbənin baş qəhrəmanının cənab İlham Əliyev olduğunu, məhz onun qüdrətli sərkərdəlik məharəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımızı işğalçı düşməndən azad etdiklərini real faktlarla əsaslandırırlar. Bu döyüşçülərin hər biri Azərbaycanın tarixi Zəfərinin Ali Baş Komandanın intellektinin və möhtəşəm hərbi strategiyasının nəticəsi olduğunu vurğulayırlar.
“Zəfər memuarları - Döyüşçülər Sərkərdə və müharibə haqqında” adlı kitab Vətən müharibəsində Azərbaycan oğullarının düşmənə qarşı göstərdikləri qəhrəmanlıq mübarizəsini, 44 gün davam edən hərbi əməliyyatların ilk saatından son dəqiqəsinədək qələbə əzmi ilə irəliləyən igid əsgər və zabitlərimizin hünərlərini bir daha göz önünə gətirir. Suqovuşandan Şuşayadək qanlarıyla, canlarıyla Zəfər yolu açan bu igidlər düşməndən qarış-qarış təmizlədikləri Vətən torpaqlarından fəxrlə söz açır, mühüm strateji yüksəkliklər və yaşayış məntəqələri uğrunda gedən qanlı döyüşləri, savaşda qarşılaşdıqları qürurlu, həmçinin kədərli hadisələri diqqətə çəkirlər.
Zəfərin qürur zirvəsi sayılan Şuşanın azadlığa qovuşması üçün çətinliklərə necə sinə gərmələri, sıldırım qayaları bir həmlədə aşaraq düşməni yalın əllə məhv etmələri, onları doğma şəhərimizdən qovmaları barədə real faktlarla danışdıqları döyüş səhnələri qürurverici tariximizin əsl qəhrəmanlıq səhifəsi kimi kitabda parlaq əksini tapıb.
Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman döyüşçülərinin təmsilçiləri, Vətən müharibəsinin igidlərindən olan 27 döyüşçünün ordu quruculuğu, savaşdan öncəki dövr, müharibə və onun nəticələri barədə qələmə aldıqları xatirələri həm də Zəfər yolumuza işıq salan qiymətli mənbədir.
Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi hələ uzun illər araşdırma mövzusu olacaq, gələcəkdə də bu barədə cildlərlə kitablar yazılacaq. Lakin uzun illər sonra belə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan, türk, rus və ingilis dillərinə tərcüməsi nəzərdə tutulan “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” və “Zəfər memuarları - Döyüşçülər Sərkərdə və müharibə haqqında” kitablarına istinad olunacaq və ən dəqiq mənbələrdən biri kimi oxucuların dərin rəğbətini qazanacaq.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 7 yanvar.- S.5.