Azərbaycanda
ordu quruculuğu yeni mərhələyə yüksəlib
Silahlı Qüvvələrimiz
2021-ci ildə müdafiə qabiliyyətini və
döyüş imkanlarını daha da gücləndirib
Müdafiə qabiliyyətini və milli təhlükəsizliyini daim gücləndirən Azərbaycan üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin ildən-ilə artırılması hər zaman prioritet olub. Bu, respublikamızın hərbi müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılmasına, maddi-texniki bazasının daha da müasirləşdirilməsinə, bütövlükdə ordu quruculuğunun daim inkişaf etdirilməsinə imkan verib.
Ötən
il əsas prioritetlərdən biri ordu
quruculuğu olub
Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən
müharibəsindən sonra da ordu quruculuğu prosesini
dayandırmayıb. Əksinə, postmüharibə ili
olan 2021-ci ildə ordunun döyüş imkanlarının
artırılması istiqamətində islahatlar davam etdirilib. Hərbi quruculuq, bütün qoşun növlərinin
texnika və silah-sursatla təchizatının modernləşdirilməsi,
hərbçilərin xidmət şəraitinin
yaxşılaşdırılması üçün hərbi
sahəyə ayrılan xərclər artırılıb.
Müharibədən sonra imzalanmış yeni
müqavilələr əsasında Azərbaycana ən
müasir hərbi texnikalar, silahlar gətirilib.
Respublikamız
ötən il yalnız yeni silah və
texnikaların alınması ilə kifayətlənməyib.
İşğaldan azad edilmiş ərazilərimizdə hərbi
infrastrukturun qurulması, sərhəd mühafizə
zolaqlarının yaradılması əsas vəzifələrdən
biri olduğundan ötən il bu istiqamət
üzrə də bir çox işlər görülüb. 2021-ci ilin dekabrında işğaldan azad edilmiş
Xocavənd rayonunda istifadəyə verilmiş yeni hərbi hissə
yola saldığımız ildə hərbi infrastukturun
yaradılması istiqamətində görülən ən
son işlərdən biri sayıla bilər. Azərbaycan Ordusunun öz peşəkarlığını
daha da artırması üçün ötən il ərzində ilk dəfə yeni hərbi birləşmə
- Komando Qüvvələri yaradılıb ki, bu da dövlətin
hərbi sahədə apardığı islahatlardan biridir. İstənilən hərbi vəzifəni icra etməyə
hazır, çevik, çox böyük imkanlara malik olan
Komando briqadalarının sayının artırılması nəzərdə
tutulur.
Ordunun
maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir hərbi texnika və silah-sursatla təchizatı,
müdafiə sənayesinin təkmilləşdirilməsi və
digər tədbirlərin icrası məqsədilə maliyyə
təminatının yaradılması 2022-ci il
üçün də dövlət büdcəsinin əsas xərc
istiqamətlərindən biridir. 2022-ci il üçün
icmal büdcəsində xərclərin əhəmiyyətli
hissəsinin - təxminən 4 milyard 490 milyon manat vəsaitin
müdafiə və təhlükəsizlik məsələlərinə
yönəldilməsi, bu istiqamət üzrə
ayrılmış vəsaitin Vətən müharibəsinin
aparıldığı 2020-ci ildən də çox
olması sadalanan işlərin daha mükəmməl şəkildə
aparılmasına imkan verəcək.
Ordu quruculuğu istiqamətində həyata keçirilən
tədbirlərlə yanaşı, Silahlı Qüvvələrdə
xidmət edən hərbi qulluqçuların əməkhaqlarının
davamlı olaraq artırılması, verilən imtiyaz və
güzəştlərin miqyasının genişləndirilməsi,
onların ailə üzvlərinin sosial müdafiəsinin
gücləndirilməsi, mənzil-məişət problemlərinin
həlli 2021-ci ildə diqqət yetirilən məsələlərdən
biri olub. Bu tədbirlərin
həyata keçirilməsi üçün 2021-ci il də daxil olmaqla, hər il dövlət
büdcəsinin imkanları daxilində müvafiq məbləğdə
vəsait ayrılıb. Hərbi sahədə ötən il ərzində görülən bütün
işlər Azərbaycan Ordusunun peşəkarlığını,
döyüş qabiliyyətini artırmaqla yanaşı, onun
dünyanın ən güclü orduları arasında
tutduğu mövqeyinin də möhkəmlənməsinə təsir
göstərib.
İşğaldan
azad edilən ərazilərdə yeni hərbi infrastruktur
yaradılıb
Milli Məclisin
deputatı, Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin üzvü
Aydın Mirzəzadə bildirir ki, ötən il
ərzində hərbi sahədə bütün işlər
düzgün istiqamət üzrə aparılıb. Deputatın sözlərinə görə,
torpaqlarımızın işğaldan azad edilməsindən
sonra 2021-ci ildə hərbi büdcənin qurulması
xüsusi diqqət tələb edirdi. Müharibə
dövründə sıradan çıxmış
texnikanın yenisi ilə əvəz edilməsi, müasir
silahların alınması, azad edilmiş ərazilərdə
hərbi infrastrukturun yeni dövrün tələblərinə
cavab verən səviyyədə qurulması - bütün
bunların hamısı 2021-ci ilin büdcəsinin əvvəlki
illərdən fərqli qurulmasını tələb edirdi.
Ona görə bu büdcə əvvəlki illərdən az ola bilməzdi: “İşğaldan azad
edilmiş ərazilərin hərbi infrastrukturunun
yaradılması dövlət qarşısında duran əsas
məsələlərdən idi. Yolların
çəkilməsi, hərbi hissələrin qurulması,
eyni zamanda texnikanın yerləşdirilməsi - bütün
bunların hamısı həll edildi. Artıq
işğaldan azad edilən ərazilərdə hərbi
infrastruktur əsasən qurulub. Ümumilikdə
2021-ci ilin büdcəsi Azərbaycanın həmin dövr
üçün qarşısında duran hərbi, siyasi məsələlərə
tam cavab verən formada idi. İlin yekunu
göstərdi ki, götürülən istiqamət
düzgün idi. Bunun nəticəsidir ki, bu gün Ermənistanla
sərhədlərimiz Dövlət Sərhəd Xidməti tərəfindən
qorunur, işğaldan azad edilən ərazilədə yeni hərbi
hissələr yaradılır, Silahlı Qüvvələrin
strukturuna yenidən baxılır, Azərbaycan
üçün yeni olan Komando qüvvələri
briqadaları yaradılır”.
Aydın
Mirzəzadə deyir ki, işğaldan azad edilən ərazilərdə
yaradılan hərbi infrastrukturu daha da təkmilləşdirmək,
onu yüksək səviyyəyə qaldırmaq üçün
qarşıya böyük vəzifələr qoyulur. Bu məsələlər
dövlətin,
Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir.
Dövlət başçısının regionlara, xüsusilə
də işğaldan azad edilən ərazilərə səfərləri
zamanı hərbi hissələrin
açılışında iştirak etməsi, yeni
texnikalarla tanış olması onu göstərir
ki, Azərbaycan özünün hərbi təhlükəsizliyini
həmişə diqqətdə saxlayacaq. Bunun
üçün Azərbaycanın kifayət qədər
imkanları, dövlətin, dövlət
başçısının siyasi iradəsi var. Digər tərəfdən,
cəmiyyət də dövlətin bu istiqamət üzrə
siyasətini dəstəkləyir və birmənalı şəkildə
dövlətin yanında olduğunu nümayiş etdirir.
Deputat hesab edir ki, növbəti illər
üçün olacaq hərbi büdcəmiz də ərazilərimizin
qorunması, yeni texnikaların alınması, hərbi
qulluqçuların sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
atılan addımların dəstəklənməsinə
yönələcək. O, 2022-ci ilin büdcəsinin də tam olaraq bu istiqamətdə
qurulduğunu nəzərə çatdırır.
Düşməni
məğlub etməyimiz arxayınlaşmağa əsas vermir
Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin üzvü
Elman Məmmədov bildirir ki, 2020-ci ildə düşməni
məğlub etməyimiz bizə arxayınlaşmağa əsas
vermir. Ona
görə 2021-ci ilin dövlət büdcəsi təsdiq
olunan zaman hərbi xərclərin miqdarı 2020-ci ildəkindən
daha artıq nəzərdə tutuldu: “Dövlətin
özünün təhlükəsizliyinin təmini məqsədilə
tədbirlər görülməsi üçün 2021-ci ilin
dövlət büdcəsində hərbi xərclərə
kifayət qədər üstünlük verdik. Ordumuzun
müharibədə istifadə etdiyi, sıradan
çıxmış hərbi texnika və sursatların yenisi
ilə əvəzlənməsi ilə kifayətlənmək
olmaz. Müasir dövrlə ayaqlaşmaq,
modern silahlanma tempinə uyğun hərəkət etmək
lazımdır. Ali Baş Komandan bu sahəyə
həmişə diqqət yetirir. Prezident İlham
Əliyev 2021-ci ilin sonlarındakı
çıxışında bunu xüsusi qeyd etdi ki, biz bu il ərzində hərbi məqsədlər
üçün bir çox silah istehsalçıları ilə
yeni müqavilələr bağlamışıq, ordumuzu
gücləndirmək üçün xeyli sayda daha müasir
silahlar almışıq. Eyni zamanda Müdafiə Nazirliyi
sistemində struktur dəyişikliyi, islahatlar baş verdi. Bir neçə yerdə,
xüsusilə Ermənistanla sərhəd bölgələrimizdə
yeni sərhəd zastavaları, hərbi hissələr
yaratdıq. Onların təminatı
çox vacib idi. 2021-ci ilin büdcəsində
hərbi məqsədlər üçün nəzərdə
tutulan vəsait bizim köməyimizə gəldi və bu
işləri edə bildik. Təxminən
bir ay əvvəl Hadrut qəsəbəsində komando tipli hərbi
hissənin açılışı oldu ki, bu da xeyli vəsait
sərf edən məsələ idi. Bunların
hamısının icrası üçün bizim kifayət qədər
ehtiyat vəsaitimiz var idi. Bu da Prezident
İlham Əliyevin uzaqgörən tədbirlərinin nəticəsi
idi”.
Elman Məmmədov əlavə edir ki, müharibədən
sonra ordumuzu yeniləmək, möhkəmləndirmək,
döyüş qabiliyyətinin daha da yüksəldilməsi
üçün ciddi tədbirlər görülməli idi və
Azərbaycan bunu edə bildi. Deputat Azərbaycan dövlətinin təhıükəsizliyinin
təmininin hər zaman ön planda olduğunu, bunun 2022-ci ilin
hərbi büdcəsində nəzərə
alındığını da vurğulayır: “Təbii ki,
2021-ci ilin sonunda növbəti ilin dövlət büdcəsi
müzakirə və təsdiq olunan zaman yenə də hərbi
sahəyə ayrılan vəsait artırıldı. 2022-ci il üçün nəzərdə tutulan hərbi
xərclər üçün əvvəlki ildən daha
artıq vəsait ayırdıq. Yəni ordu
quruculuğu, müdafiəmiz həmişə ön planda
olmalıdır. Dövlət onda
güclü olur və dövlətçiliyini qoruyub saxlaya
bilir ki, onun müdafiə qüdrəti yüksək səviyyədədir.
Ali Baş Komandan da bunu etmək
üçün bütün tədbirləri görür, o
cümlədən dövlət büdcəmizdə bu prinsip həmişə
qorunub saxlanılır və hərbi sahəyə ildən-ilə
daha çox vəsait ayrılır”.
2021-ci il uğurlu olduğu qədər də məsuliyyətli
dövr oldu
Hərbi ekspert Şair Ramaldanov deyir ki, Azərbaycanın
2021-ci ildə görməli olduğu işlər həddindən
artıq çox idi. Azad edilmiş ərazilərdə
infrastrukturun dağıldığı, yolların
sayının məhdud, təhlükəli olduğu bir zamanda
Azərbaycan Ordusunun dövlət sərhədlərini qoruya,
müdafiəni təmin edə bilməsi üçün
müəyyən təşkilati, infrastruktur işləri
görülməli idi. Bütün bunlar
isə çox böyük miqyaslı işlər olmaqla
yanaşı, xeyli maliyyə vəsaiti də tələb
edirdi. Azərbaycan ötən il hərbi
sahədə həm texniki təchizat, həm hərbi
qulluqçuların sosial təminatı, həm də insan
resurslarının təkmilləşdirilməsi
baxımından səmərəli işlər apardı. Digər tərəfdən, Azərbaycan Ordusu
artıq təmas xəttində deyil, məhz Ermənistanla
dövlət sərhədində, Dövlət Sərhəd
Xidməti ilə bərabər öz xidmətini uğurla həyata
keçirdi. Dövlət sərhədlərinin
qorunması, azad edilmiş ərazilərimizdəki hərbi
bölmələrimizə şərait yaradılması
baxımından böyük işlər aparıldı,
Ordunun döyüş hazırlığı daha da gücləndirildi,
nəzərdə tutulan digər tapşırıqlar yerinə
yetirildi.
2021-ci ili uğurlu olduğu qədər də məsuliyyətli
və çətin il kimi dəyərləndirən ekspert bunun
məhz qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsi ilə bağlı olduğunu deyir. Amma o, belə
hesab edir ki, bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu ərazilərin
infrastrukturunun bərpası üçün torpaqların
minalardan təmizlənməsində fəal iştirak edib, qarşıya
qoyulan vəzifələrin yerinə yetirilməsi
üçün azad edilmiş ərazilərdə öz xidmətini
müvəffəqiyyətlə aparıb: “Ötən il ərzində
həm də maddi-texniki təminat Azərbaycan Ordusunun əsas
vəzifələrindən biri olub. Maddi-texniki təminat
olmadan Azərbaycan Ordusu sərhədin qorunması
üçün öz vəzifələrini icra edə bilməzdi.
İnfrastrukturun olmaması, yolların çətinliyi, azad
edilmiş ərazilərin infrastrukturu olan ərazilərdən yüzlərlə kilometr
aralı olması müəyyən çətinliklər
yaradırdı. Amma 2021-ci ildə bu məsələ
ilə bağlı müəyyən infrastruktur
yaradıldı”.
Şair Ramaldanov qeyd edir ki, Azərbaycanın qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamasından sonra orduda müəyyən islahatların aparılması, birgə təlimlərin keçirilməsi istiqamətində mühüm işlər görüldü. Ötən il ərzində hərbçilərimizin daha müasir döyüş taktikalarına yiyələnməsi və bu bacarıqlarının daha da inkişaf etdirilməsi üçün Azərbaycan-Gürcüstan-Türkiyənin birgə hərbi təlimləri, Azərbaycan-Türkiyə-Pakistanın “Üç qardaş-2021” adlı beynəlxalq təlimi, çoxsaylı Azərbaycan-Türkiyə təlimləri keçirildi.
Ekspertin fikrincə, Azərbaycan Ordusu 2021-ci ili qızğın iş şəraitində yola saldı. O, Azərbaycanın hərbi sahədə qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirdiyini də əminliklə söyləyir: “Müharibədən sonra aparılan təhlilin nəticəsi əsasında hərbi sahənin bütün istiqamətləri üzrə müəyyən qərarlar qəbul edildi. Bu qərarlar islahatlar formasında həyata keçirildi. Ordunun elə bir sahəsi, istiqaməti yoxdur ki, orada müharibə təcrübəsindən irəli gələn təhlillərə uyğun müəyyən təkmilləşdirmələr, islahatlar aparılmasın. Bu, əlbəttə ki, böyük işdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyini Birinci vitse-prezident Mehriban Əliyeva və onların övladları ilə birlikdə hərbçilərin arasında keçirməsi, komando tipli hərbi hissənin açılışında iştirak etməsi də orduda böyük ruh yüksəkliyinə səbəb olan addımdır”.
Komando tipli hərbi hissələrin yaranması barədə danışan Şair Ramaldanov dedi ki, bunu orduda aparılan islahatların nəticəsi kimi qəbul etmək olar. Onun sözlərinə görə, bu tip hərbi hissələr Azərbaycanda bundan sonra da yaradılacaq: “Əlbəttə ki, hər bir hərbi hissənin yaradılması üçün müəyyən bir şərait olmalıdır. Ona görə də Azərbaycan Ordusu müharibədən sonra bu il ərzində bərpa proseslərini sürətlə apardı. Ordumuz Cənubi Qafqazın ən güclüsü və Ermənistanın təxribatlarının qarşısını almaqla öz “dəmir yumruğ”unun gücünü göstərə bilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu 2021-ci ili postmüharibə dövründə böyük işlər apararaq, Ali Baş Komandan tərəfindən qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirməklə başa vurdu. Təbii ki, keçənilki uğurlar gələcəkdə yeni uğurlara şərait yaradır. Deyərdim ki, 2021-ci il həm də hərbi baxımdan tədqiqatlar ili olub. Ötən ili müharibədə qazanılmış təcrübə əsasında tədqiqatların aparıldığı, elmi işlərin yazıldığı il kimi də qəbul etmək olar”.
Şair Ramaldanovun qənaətincə, bütün sadalananlar Azərbaycan Ordusunun 2022-ci ilə uğurla addım atmasını, ölkəmizin müdafiə qüdrətinin güclənməsini təmin etdi.
Azərbaycan hərbi gücünün artmasına Prezident, Ali Baş Komandan İlham Əliyevin əzmkar fəaliyyəti, bu sahədə yürütdüyü qətiyyətli siyasəti nəticəsində nail olub. Hərbi quruculuğu prioritet istiqamət sayan dövlət başçısının bu sahənin inkişafına böyük əhəmiyyət verməsi, dünya hərb sahəsindəki bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün göstərdiyi səylər ordumuzun güclənməsinə, ölkəmizin müdafiə qabiliyyətinin artmasına təkan verir. Vətən müharibəsi Zəfəri ordu quruculuğunu yeni mərhələyə yüksəldib. Bütün bunlar Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsinə, onun qüdrətli ölkəyə çevrilməsinə imkan yaradır.
İlhamə İSABALAYEVA,
Azərbaycan.-2022.- 9 yanvar.- S.1;4.