Səmimi görüşlər

 

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonların ictimaiyyət nümayəndələri ilə doğma yerlərdəki söhbətləri də yaddaşlara həkk olunub

 

 

 

...Arzular, diləklər müqəddəs olur. Ona çatmaq üçün isə mübarizə aparmalısan. Bu həqiqəti yaxşı bilən xalqımız neçə illər idi ki, sabahlarını belə diləklərlə açırdı. Düşmən tapdağı altında inləyən Qarabağımıza, o cümlədən könlünün çilik-çilik ovulmuş şüşəsinə - Şuşamıza qovuşmaq üçün arzularımız, diləklərimiz az olmamışdı.

2020-ci ilin payızından indiyə kimi daha işğaldan, həsrətdən, yurd nisgilindən söz açılmır, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağımızda, onun ayrı-ayrı rayonlarında vaxtilə həmin yerlərin sakinləri olmuş, keçmiş məcburi köçkünlərlə görüşlər keçirir. Bu görüşlər və söhbətlər yaddaşlara əbədi həkk olunmuşdur.

Yeri gəlmişkən, dövlət başçısı 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilmiş ərazilərə döyüşən ordu, igid əsgər və zabitlərimizlə bərabər ilk qədəm basan azərbaycanlıdır.

Bu isə, əlbəttə, heç də təsadüfi deyil. Axı, Müzəffər Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevə, həm də onu yekdilliklə dövlət başçısı seçərkən verdiyi vədlərdən biriilki də məhz Qarabağın işğalına son qoyulması, o yerlərin öz doğma sahiblərinə qaytarılması idi. Bütün verilən vədlər kimi, bu da yerinə yetirildi. Ona görə də elə həmin yerlərin ilk ziyarətçiləri də məhz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev oldu.

Dövlət başçısının o yerlərin sakinləri ilə keçirdiyi hər görüşün tarixi əhəmiyyəti və rəmzi mənası var. Ötən il oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı cəbrayıllılara

 

“Əziz cəbrayıllılar, əziz dostlar, sizi səmimiyyətlə salamlayıram və “Cəbrayıla xoş gəlmisiniz” deyirəm”, - söylədi. Daha sonra isə bildirdi ki, müzəffər Ordumuzun qazandığı qələbədən sonra dövlət başçısının cəbrayıllılarla ilk görüşüdürbu, xüsusi məna daşıyır:

 

“... Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdibu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər...”

 

Azərbaycan Prezidenti cəbrayıllılarla görüşündə, əslində, müharibədə qazanılan qələbəni şərtləndirən amilləri dilə gətirməklə, bir daha dövlətimizin, xalqımızın və yenilməz ordumuzun birliyini düşmənə, onun havadarlarına, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Bu görüş həm də illərlə məcburi köçkün kimi müvəqqəti sığınacaqlarda doğma yurda qovuşmaq arzusunda olanları istəklərinə qovuşduran Müzəffər Ali Baş Komandana təşəkkür üçün bir fürsət idi.

 

Belə görüşlərdən biri də 25 oktyabr 2021-ci ildə keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Həmin gün də rəmzi xarakter daşıyırdı. Bir il öncə məhz oktyabrın 25-də Qubadlı işğaldan azad edilmişdi.

 

Dövlət başçısı rayonun bir qrup sakini ilə görüşünün tarixi əhəmiyyət daşıdığını bildirdi: “25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq...”

 

21 oktyabr 2021-ci ildə Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə də, bir qayda olaraq, dövlət başçısı rayon sakinlərinə “xoş gəlmisiniz”,- dedi. Bu isə o demək idi ki, növbəti dəfə zəngilanlılar Müzəffər Ali Baş Komandanı öz dədə-baba yurdlarında salınacaq yeni “Ağıllı şəhər” və “Ağıllı kənd”lərdə duz-çörəklə qarşılayacaqlar.

 

Azərbaycan Prezidenti artıq Zəngilanın yeni dövrünün başlandığını və şəhərin baş planının hazırlandığını müjdə etdi: “...Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Sizbilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi...”

 

Dövlət başçısının da qeyd etdiyi kimi, artıq işğaldan azad edilmiş ərazilərdə dinc quruculuq və yenidənqurma işləri geniş vüsət almaqdadır. Aprel ayında Zəngilan rayonunun Ağalı kəndinin təməli qoyuldu. Demək olar ki, işğaldan azad edilmiş rayonlar arasında ilk köçürülənlər də məhz zəngilanlılar olacaq, çünki artıq “Ağıllı kənd” öz doğma sakinlərini qəbul etməyə hazırdır...…

 

Dördüncü dəfə, Zəngilana gəldiyini dilə gətirən Azərbaycan Prezidenti fəxrlə onu da bildirdi ki, dekabr ayında vəziyyətlə tanış olub. Ötən ilin fevral ayında isə bir vaxtlar ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda çinar ağacları əkildi. Aprel ayında gələndə hava limanının təməli qoyuldu.

 

Həmin səmimi görüşdə dövlət başçısına edilən təşəkkürlər arasında şəhid atası Əbdül Noçuyevin fikirləri diqqət çəkməyə bilməzdi: “...44 günlük müharibə dövründə Sizin xalqa müraciətlərinizi mütəmadi olaraq izləmişik. Hər dəfə işğaldan azad olunan ərazilərin adları sadalandıqca bizim sevincimizin həddi-hüdudu olmayıb. Mənim oğlum, tabor komandiri, kapitan Surxay Noçuyev Şuşa uğrunda gedən döyüşlərdə müharibənin 44-cü günündə qəhrəmancasına şəhid oldu. Siz müvafiq sərəncamınızla ona Vətən Müharibəsi Qəhrəmanı adı verdiniz. Buna görə Sizə minnətdarlığımızı bildiririk. 2021-ci il sentyabrın 27-də SizinMehriban xanımın iştirakı ilə yürüş keçirildi. Orada Surxay Noçuyevin şəkli həkk olunmuş lövhə ön cərgədə idi. Həmin lövhəni Sizin göstərişinizlə bizim ailəyə təqdim etdilər. Bu, bizim ailəmiz üçün ən böyük hədiyyə oldu. Çox sağ olun, cənab Prezident...”

 

Bu müqəddəs arzular, ziyarətə çevrilmiş səmimi görüşlər, əlbəttə, xalqa sədaqətlə xidmətin əvəzsiz minnətdarlıq nümunəsidir...

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2022.- 9 yanvar.- S.1-2.