İlham
Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə
müraciəti
-Əziz həmvətənlər.
2021-ci il arxada
qaldı. 2021-ci il ölkəmiz
üçün uğurlu il olmuşdur. İl ərzində
qarşımıza qoyduğumuz bütün məqsədlərə
çatdıq. Azərbaycan uğurla
inkişaf etdi və bu gün daha güclü Azərbaycan
dünyada tanınır.
Biz beynəlxalq arenada öz
mövqelərimizi möhkəmləndirdik. Bizim beynəlxalq
nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat
çərçivəsində uğurla fəaliyyət
aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının
sədri kimi bütün üzv ölkələrin
maraqlarını müdafiə etmişik, beynəlxalq
hüququn norma və prinsiplərini müdafiə
etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına
üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın
sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi.
BMT-dən sonra ikinci ən böyük təsisat,
120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha
öz dəstəyini ifadə etmişdir.
Bu il biz Türk
Şurasına sədrliyimizi uğurla başa vurduq. Bildiyiniz
kimi, noyabr ayında keçirilmiş Zirvə
görüşündə Türk Dövlətləri Təşkilatı
yaradılmışdır və bu təşkilat Qoşulmama
Hərəkatı kimi Azərbaycanın haqlı işində
daim bizə dəstək olmuşdur, Ermənistan-Azərbaycan
münaqişəsi dönəmində daim dəstək ifadə
etmişdir və son Zirvə görüşündə
bütün üzv ölkələrin adından Azərbaycana
torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklər
ifadə olunmuşdur.
İslam Əməkdaşlıq
Təşkilatı ənənəvi olaraq Azərbaycanın
haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır. Bu il də
bu dəstəyi biz hiss etmişik, müharibədən sonra
müharibənin nəticələrinin qəbul etdirilməsi
üçün İslam Əməkdaşlıq Təşkilatının
fəaliyyətini mən yüksək qiymətləndirirəm.
Eyni zamanda, dekabr ayında
NATO və Avropa İttifaqına mənim uğurlu səfərlərim
olub. NATO öz zirvə görüşlərində daim
Azərbaycanın suverenliyini, ərazi
bütövlüyünü dəstəkləyən qətnamələr
qəbul etmişdir. Doqquz zirvə
görüşündə bu qətnamələr qəbul
edilmişdir. Bu dəfə də bu dəstək
ifadə olundu. Avropa İttifaqının
Şərq Tərəfdaşlığı Zirvə
görüşünün yekununda qəbul edilmiş yekun sənəddə
ölkələrin ərazi bütövlüyü, suverenliyi
bir daha dəstəklənir.
Yəni, bütün
dünya İkinci Qarabağ müharibəsinin nəticələrini
qəbul etdi.
Hesab edirəm ki, müharibədən sonra cərəyan
edən proseslər bizim haqlı olduğumuzu bütün
dünyaya bir daha sübut etdi. Bunun
çox böyük əhəmiyyəti var. Çünki
İkinci Qarabağ müharibəsi dövründə bizə
qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi
olmadı və müharibədən sonrakı dövr bunu bir
daha göstərdi. Ona görə,
müharibə reallıqlarını, müharibədən
sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm
ki, siyasi baxımdan çox önəmli hadisə kimi
sayıla bilər.
Beynəlxalq arenadakı fəaliyyətimizə
gəldikdə, bildirməliyəm ki, bizim qonşu dövlətlərlə
əlaqələrimiz uğurla inkişaf etdi. Bu əlaqələr
ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində
qurulubdur. Türkiyə ilə bu il imzalanmış
Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini
rəsmən müttəfiqlik səviyyəsinə
qaldırır, halbuki faktiki olaraq bu, müttəfiqlik əlaqələri
idi, amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə
ki, bu bəyannamənin Şuşa şəhərində
imzalanmasının xüsusi mənası var idi.
Rusiya ilə əlaqələrimiz
uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə
Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək
səviyyəyə rəsmən qaldırılacaqdır.
Digər qonşularla,
İran və Gürcüstanla daim təmaslar əsnasında,
fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq
əlaqələri daha da inkişaf etmişdir. Artıq
regionda çoxtərəfli əməkdaşlıq platformu
formalaşır və əlbəttə ki, bu, bizim
maraqlarımıza cavab verir.
Qonşular haqqında
danışanda təbii olaraq Ermənistanı mən heç
vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün də
hələ ki, daxil etmirəm. Amma ümid
edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz
qurulacaq. Hər halda İkinci Qarabağ
müharibəsinin nəticələrini qəbul edərək
Ermənistan da regional çərçivədə öz
rolunu artıra bilər. Hər halda noyabr və
dekabr aylarında Soçi və Brüssel şəhərlərində
keçirilmiş görüşlər ümidvericidir və
ümid edirəm ki, bu görüşlərdə əldə
edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz
əksini tapacaqdır.
Biz İkinci Qarabağ
müharibəsini heç vaxt unutmamalıyıq. İşğal
dövründə törədilmiş vəhşilikləri
unutmamalıyıq və unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə
yaşadacağıq. Allah bütün şəhidlərimizə
rəhmət eləsin, onların qəhrəmanlığı
və minlərlə, on minlərlə Azərbaycan əsgər-zabitinin
qəhrəmanlığı, peşəkarlığı sayəsində
biz işğala son qoyduq, doğma torpaqlarımızı azad
etdik, tarixi Zəfər çaldıq və bu Zəfər
bizim tariximizdə əbədi qalacaq. Azərbaycan
xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan
dövləti isə müzəffər ölkə kimin
tanınır. Onu da bildirməliyəm ki, bu il Azərbaycana olan ənənəvi dəstək
və hörmət daha da artdı və bunun başlıca səbəbi
İkinci Qarabağ müharibəsindəki Zəfərimiz,
müharibə dövründə bütün müharibə
qaydalarına riayət etməyimiz və müharibədən
sonra özümüzü ləyaqətlə
aparmağımız idi.
Bununla paralel olaraq, biz hərbi
gücümüzü bundan sonra da artıracağıq. 2021-ci ildə
də bu istiqamətdə əməli addımlar
atılıb, yeni silahlar, texnikalar alınıb və
alınacaqdır. Eyni zamanda, hərbi birləşmələrimizin
hazırlıq işinə də böyük əhəmiyyət
verilir. İkinci Qarabağ müharibəsində
bütün dünya Azərbaycanın hərbi
gücünü gördü, Müdafiə Nazirliyinin
xüsusi təyinatlıları artıq bütün dünya
tərəfindən tanındı, onların qəhrəmanlığı,
fədakarlığı, peşəkarlığı dastana
çevrildi. Onu da bildirməliyəm ki, bu il artıq Azərbaycanda yeni hərbi birləşmə
yaradılmışdır - Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi
vəzifəni icra etməyə hazırdırlar, onların
sayı durmadan artır və artacaq. Beləliklə
yeni çevik, peşəkar və çox böyük
imkanlara malik olan silahlı birləşmənin
yaradılması onu deməyə əsas verir ki, biz hər an
öz torpaqlarımızı, öz sərhədlərimizi
qorumağa hazır olmalıyıq. 2021-ci
ildə Ermənistan-Azərbaycan sərhədində baş
vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan
üstünlüyü tam öz əllərində
saxlayır.
Azad edilmiş torpaqlarda bu il geniş quruculuq-bərpa işlərinə
start verildi. Deyə bilərəm ki, dünya
müharibələrinin tarixində müharibələrdən
sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa
işləri aparılmayıb. Bu işlər
haqqında Azərbaycan vətəndaşları müntəzəm
olaraq məlumatlandırılır. Əgər
mən bu haqda danışmağa başlasam, yəqin ki, bir
neçə saat vaxt lazım olacaq, hər şey göz
qabağındadır. Bizim əsas vəzifəmiz
keçmiş köçkünləri tezliklə dədə-baba
torpaqlarına qaytarmaqdır və biz buna nail
olacağıq.
Eyni zamanda, Azərbaycanın
bütün yerlərində inkişaf müşahidə
olunur. Regional inkişaf proqramı uğurla icra edilir.
Bu il mən bölgələrə
çoxsaylı səfərlər sayəsində əlavə
imkanların aşkar edilməsi üçün səylər
göstərmişəm və mənim səfərlərim
müntəzəm xarakter daşıyır. Azərbaycanın
bölgələrinə bu il 47 dəfə
səfər etmişəm, bu səfərlərin 32-si azad
edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə
getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə
start verdik və azad edilmiş torpaqlar arasında təbii
olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində
aparılır. Eyni zamanda, digər şəhər
və kəndlərdə çox genişmiqyaslı işlər
aparılır və aparılacaq.
Əlbəttə ki,
bütün bu işlərə nail olmaq üçün
iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm
dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına,
heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri
görür. Azad edilmiş bütün torpaqlarda
görülmüş işlər Azərbaycanın dövlət
büdcəsi hesabına aparılır. Heç
bir yardım almamışıq, heç bir kredit
almamışıq, bu işləri öz gücümüz
hesabına görürük. Əlbəttə,
əgər iqtisadi inkişaf sürətlə getməsə,
bu işləri bu sürətlə aparmaq mümkün
olmayacaq. Görülmüş işlər
nəticəsində demək olar ki, biz artıq postböhran
dövrünə qədəm qoyduq. Azərbaycan
iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz,
qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb. Sənaye
istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye
20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2
milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət
saldosu 9,4 milyard dollardır. Xarici dövlət
borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil
edir və bu il ərzində həm
mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula
nisbətdə xarici dövlət borcu azalıb.
Yəni, bu göstəricilərlə
hər bir ölkə öyünə bilər. Amma bizim
üçün bu, təbiidir. Çünki
Azərbaycan xalqı görür ki, uzunmüddətli,
düzgün strategiyanın həyata keçirilməsi nəticəsində
iqtisadi inkişaf göz önündədir. Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar,
şəffaflıq, korrupsiya və rüşvətxorluqla
mübarizə öz nəticələrini verməkdədir.
Təkcə vergi orqanları sayəsində xəzinəyə
proqnozdan əlavə 1,4 milyard manat pul daxil
edilib və bu puldan istifadə edərək biz geniş sosial
paket tədbirlərini keçiririk. Yanvarın
1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli
dərəcədə artırılacaq. İki milyon
yüz min insanı əhatə edən bu sosial paketin ümumi
həcmi 1,5 milyard manatdır. Baxın,
vergi orqanları xəzinəyə ancaq proqnozdan əlavə 1,4 milyard manat pul cəlb ediblər, onun
hamısı və artıqlaması ilə sosial məsələlərin
həllinə yönəldilib. Mən əvvəllər
də demişəm ki, əlavə vəsait toplandıqca, ilk
növbədə, biz bu vəsaiti sosial layihələrə
yönəldəcəyik. Eyni zamanda, azad
edilmiş torpaqlarda görülən işlər də
sosialyönümlü işlərdir. Çünki
o işlərin mütləq əksəriyyəti sosial xarakter
daşıyır, keçmiş məcburi
köçkünlərin tezliklə o ərazilərə
qaytarılmasına hesablanıbdır.
Hesab edirəm ki, bu il
COVID-lə mübarizədə yaxşı nəticələr
əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə
vəziyyət qəbulediləndir. Eyni
zamanda, aparılan genişmiqyaslı peyvəndlənmə
siyasəti, peyvəndlənmə işləri bizə kömək
göstərir. Əhalinin təxminən
50 faizi artıq 2 doz peyvənd alıb. 18
yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu
rəqəm 62 faizə çatır. Ümumilikdə
11 milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz
yeni ildə də ciddi mübarizə aparacağıq.
Biz 2022-ci ildə Şuşa
şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini
qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə
ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə
alaraq və Şuşanın bərpasının sürətləndirmək
məqsədilə mən yeni ili
“Şuşa İli” elan edirəm.
Bildiyiniz kimi, bu gün
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günüdür. Əminəm ki, dünya azərbaycanlıları
bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd
edirlər. Çünki mən bilirəm
ki, bu işğal dövrü və işğalla
bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara
da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif
ölkələrdə ünsiyyətdə olarkən
onların təkəbbürlü baxışları əminəm
ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü
olmamışıq, amma hər zaman öz
gücümüzü hiss etmişik. Bu
gün əminəm ki, dünya azərbaycanlıları
yaşadıqları bütün ölkələrdə
başı dik, alnıaçıq, üzüağ gəzirlər
və öz tarixi vətəni olan Azərbaycanla haqlı
olaraq fəxr edirlər.
Əziz həmvətənlər, qeyd
etdiyim kimi, bu il ölkəmiz
üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki
ölkədə mövcud olan birlik, həmrəylik və
gözəl ab-hava bu reallığı bizə təmin edəcək.
Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın
maraqlarının keşiyində duracağam, ölkəmizin
hərtərəfli inkişafı, hərbi gücünün
artırılması, vətəndaşların daha
yaxşı yaşaması üçün əlimdən gələni
əsirgəməyəcəyəm.
Mən sizi ürəkdən
təbrik edirəm. Bayramınız mübarək olsun!
Azərbaycan.- 2022.- 6 yanvar.-
S.1-2.