Azərbaycan
2022-ci ilə yüksəlişlə, həmrəyliklə,
quruculuqla qədəm qoydu
Geridə qoyduğumuz 2021-ci il
dünyada müxtəlif hadisələrlə, əsasən də
koronavirus pandemiyasının hələ də davam etməsi
ilə yadda qaldı. Bununla yanaşı, hər bir dövlət
ötən ili bir-birindən fərqli ab-havada başa vurdu. Bir
qisim ölkələr ədalətsiz münaqişələrin,
terrorun ağrı-acısını, bəziləri isə
siyasi və iqtisadi problemlərin çətinliklərini
yaşadı. Əlbəttə, 2021-ci ili nikbin notlarla,
uğurlarla başa vuranlar da oldu.
İlham
ƏLİYEV: “İl ərzində qarşımıza
qoyduğumuz bütün məqsədlərə
çatdıq”
Azərbaycanda 2021-ci il,
sözün əsl mənasında, nailiyyətlərlə zəngin,
uğurlarla əlamətdar olan növbəti dövr kimi tarixə
qovuşdu. Xüsusilə qeyd edilməlidir ki, 2020-ci ildə Vətən
müharibəsində qazanılan Zəfər,
torpaqlarımızın işğaldan azad edilməsi 2021-ci
ildə respublikamızda gedən bütün proseslərə əhəmiyyətli
dərəcədə təsir göstərdi, cəmiyyətimizə
xoş ovqat bəxş etdi. Ən əsası da odur ki, bu
savaşda qazanılan qələbə ötən il
Qarabağ və Şərqi Zəngəzurda
genişmiqyaslı quruculuq işlərinin həyata
keçirilməsi ilə davam etdi. Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
xalqa müraciətində Prezident İlham Əliyev
bildirmişdir ki, 2021-ci il ölkəmiz üçün
uğurlu il olmuşdur: “2021-ci il arxada qaldı. 2021-ci il
ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində
qarşımıza qoyduğumuz bütün məqsədlərə
çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu
gün daha güclü Azərbaycan dünyada tanınır”.
2021-ci ilin Azərbaycan
üçün ən mühüm uğur göstəricilərindən
biri ölkəmizin beynəlxalq münasibətlər sistemində
mövqelərinin möhkəmləndirməsi, milli
maraqlarını layiqincə təmin etməsidir. Eyni zamanda Azərbaycan
Qoşulmama Hərəkatının sədri kimi bu quruma
üzv olan bütün ölkələrin də
maraqlarını layiqincə müdafiə etdi. Bunun nəticəsidir
ki, bu təşkilata üzv dövlətlər tərəfindən
yekdilliklə Azərbaycanın təşkilata sədrliyi daha bir il uzadıldı.
Azərbaycanın ötən il ərzində
ən böyük uğurlarından biri isə Vətən
müharibəsindəki zəfərimizin bütün beynəlxalq
təşkilatlar və dövlətlər tərəfindən
qəbul olunmasıdır. Prezident İlham Əliyevin ötən
ilin dekabr ayında Brüsselə səfəri zamanı
keçirdiyi görüşlər də bunu təsdiq etdi.
Brüsseldə Prezident İlham Əliyevin iştirakı ilə
keçirilən NATO-nun Şimali Atlantika Şurasının
iclasında NATO-ya üzv
dövlətlər tərəfindən ölkəmizin ərazi
bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına bir daha dəstək ifadə olundu. Bu
mövqenin NATO-nun sammit sənədlərində də dəfələrlə
təsbit olunduğu qeyd edilib.
Qarabağ və
Şərqi Zəngəzurda genişmiqyaslı bərpa
işləri davam edir
2021-ci ilin respublikamız
üçün əsas göstəricilərindən biri
işğaldan azad olunmuş ərazilərimizin bərpası
istiqamətində genişmiqyaslı işlərin həyata
keçirilməsi oldu. Ötən ilin Vətən müharibəsi
günlərindən başlayan bu proses 2021-ci il ərzində
də Prezident İlham Əliyevin xüsusi nəzarəti
altında sürətlə davam etdi. Xatırladaq ki, Prezident
İlham Əliyev ötən il Azərbaycanın bölgələrinə
47 dəfə səfər edib və bunların 32-si
işğaldan azad edilmiş ərazilərə olan səfərlərdir.
Bu fakt bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun
yenidən qurulması il ərzində dövlət
başçısının xüsusi diqqət mərkəzində
olub.
2021-ci il infrastruktur layihələrinin
bir qisminin icrası qısa vaxtda ən yüksək səviyyədə
başa çatdı. Şuşaya çəkilən Zəfər
yolu, Füzuli Beynəlxalq Hava Limanı istismara verildi. Bu cür mürəkkəb və
böyük infrastruktur layihələrinin qısa müddətdə
yerinə yetirilməsi Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin siyasi iradəsinin təcəssümü
kimi tarixə düşdü.
İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi
kimi, dünya müharibələrinin tarixində savaşdan
sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa
işləri aparılmayıb.
2021-ci il həm
də iqtisadi artımla başa çatdı
Ötən il dünyada cərəyan
edən pandemiya şəraitində Azərbaycan
iqtisadiyyatı artım dinamikasına köklənməklə
mühüm göstəricilərə imza atıb. Azərbaycan
iqtisadiyyatı 2021-ci ilin 11 ayında 5,3 faiz, qeyri-neft
iqtisadiyyatı 6,4 faiz, sənaye istehsalı 5,5 faiz, qeyri-neft
sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımızda
artım 2,2 milyard dollar təşkil edib. Azərbaycanın
ticarət əlaqələrinin müsbət saldosu 9,4 milyard
dollar olub. “Bu göstəricilərlə hər bir ölkə
öyünə bilər. Amma bizim üçün bu, təbiidir.
Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli,
düzgün strategiyanın həyata keçirilməsi nəticəsində
iqtisadi inkişaf göz önündədir”, - deyə Prezident
İlham Əliyev bildirib.
2022-ci il yanvarın 1-dən isə
maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə
artırılıb. İki milyon yüz min insanı əhatə
edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır.
Bütün bunlar respublikamızda gedən düzgün
iqtisadi proseslərin və islahatların məntiqi nəticəsidir.
Makroiqtisadi uğurlar həm də ondan xəbər verir ki, Azərbaycan
pandemiyanın yaratdığı çətinlikləri
artıq geridə qoyub və 2021-ci il bu baxımdan mühüm
mərhələ olub.
Bütövlükdə 2021-ci il Azərbaycan
üçün növbəti uğurlu mərhələ kimi
tarixə düşdü. Dünyada davam edən və yeni
formaları meydana çıxan müxtəlif böhranlar
şəraitində Azərbaycanın ili uğurla başa
vurması həyata keçirilən siyasətin
düzgünlüyündən xəbər verir. Sözsüz
ki, hər bir sahə üzrə əldə olunan inkişaf
yüksək templə davam etdiriləcək və ölkəmiz
2022-ci ildə də
böyük uğulara nail olacaq. Prezident İlham
Əliyevin dediyi kimi, ölkədə mövcud olan birlik, həmrəylik
və gözəl ab-hava bu reallığı bizə təmin
edəcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.
- 2022.- 6 yanvar.- S.5.