Yenidən çağlayan
“Xan qızı” bulağı
Qarabağın məşhur Cavanşirlər nəslinin qızı, Qarabağ xanlığının sonuncu xanı - Mehdiqulu xanın yeganə övladı, xanlığın sonuncu varisi, sarayda “dürri-yekta”, yəni tək inci, el arasında isə “Xan qızı” çağırılan Xurşidbanuya sonsuz hörmət və ehtiram qazandıran yalnız dərin mənalı lirik şeirləri deyil, həm də xeyirxahlığı olub. Ondan kömək istəyən, ehtiyacı olan hər kəsin əlindən tutmağa çalışıb. Odur ki, Xan qızının səxavəti dillərə düşüb.
El anası...
Xalqın rifahı naminə çalışan, bu yolda canından, varından keçməyə hazır olan el anası kimi ona böyük sevgi göstəriblər. Xuşidbanu Natəvan Qarabağın abadlaşdırılması, Şuşanın mədəni inkişafı üçün əlindən gələni əsirgəməyib. Tədqiqatçıların yazdıqlarına görə, Xan qızı əsas diqqətini 18 kənddən, bir neçə yaylaq və zavoddan ibarət təsərrüfatı nizama salmağa, yeni qaydada idarə etməyə yönəldib, yollar çəkilməsi, körpülər salınması, məktəb binası tikilməsi üçün illik gəlirdən xüsusi fond ayırıb.
Şuşa əhalisi 1870-ci illərədək içməli sudan korluq çəkib. Hər gün içməli suyu dağlardan, Daşaltı və Xəlfəli çaylarının sahillərindəki çeşmələrdən tuluqlara doldurub, at və eşşəklərlə şəhərə daşıyıblar. Xan qızı həmyerlilərinin bu əzab-əziyyətinə son qoymaq üçün yollar axtarıb. O zaman Şuşada içməli su problemini həll etmək həm xeyli vəsait, həm də böyük zəhmət tələb edirdi. Sarıbaba dağından Şuşaya su kəməri çəkdirmək əsl fədakarlıq istəyirdi. Müasirlərinin qətiyyətinə, əzmkarlığına və səxavətinə yaxşı bələd olduqları Xurşidbanu Natəvan bütün çətinliklərə sinə gərib. Su çəkilişinə 1872-ci ilin aprelində başlanılıb, 1873-cü il avqustun 18-də başa çatdırılıb. Xurşidbanu Natəvan yüz min manat sərf edərək yeddi kilometrlik məsafədən sıldırım qayaların döşü ilə, saxsı borularla Şuşaya su kəməri çəkdirib. Saxsı borulardan istifadə edildiyi üçün su sərin olub. Sonralar bulağın saxsı boruları tunc borular ilə əvəz edilib.
Şuşalılar üçün bayrama çevrilən gün...
Bu qeyrətli, fədakar, vətənpərvər xanım şəhər sakinlərinin yüzillik arzusunu gerçəkləşdirib. Mənbəyini Sarıbaba dağından götürən içməli suyun borular vasitəsilə Şuşaya çatdırıldığı gün şuşalılar üçün əsl bayrama çevrilib. Şəhər əhalisi Xan qızının bu xeyirxah əməlini böyük sevinc, sonsuz minnətdarlıq hissi ilə qarşılayıb. Bundan sonra bulaq çəkdirib su anbarı, hamam, buzxana tikdirib və park saldırıb camaatın istifadəsinə verib. Onun şərəfinə dupduru, sərin sulu çeşmə “Xan qızı” bulağı adlandırılıb. Ağ mərmərli sal daşlarla inşa edilən bulaq 8 gözdən ibarət olub.
Xurşidbanu Natəvan yalnız Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. “Qafqaz” qəzetinin məlumatına əsasən, Şamaxıda təsis olunan “Svyataya Nina” qızlar məktəbinə Xurşidbanu min manat yardım edib.
Xan qızının Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqda isə həyat yoldaşı Xasay bəy Usmiyev vasitəsilə onunla Bakıda tanış olan məşhur fransız yazıçısı Aleksandr Düma “Qafqaza səyahət” adlı kitabında məlumat verib.
Onun Araz çayından Mil düzünə su çəkmək təşəbbüsünü irəli sürdüyü də söylənilir.
Xurşudbanu Natəvan 1897-ci il oktyabrın 1-də altmış beş yaşında dünyadan köçüb. Onu istedadlı şair və rəssam, xeyriyyəçi kimi hər zaman ehtiramla xatırlayıblar. “Xan qızı” bulağının suyundan içənlər ona rəhmət oxuyublar. O vaxtadək ki Şuşa əsl sakinlərinin idi. Bura yalnız doğma Azərbaycanın müxtəlif yerlərindən deyil, eyni zamanda dünyanın fərqli ölkələrindən qonaqlar gəlirdi. Onlar dünyanın ən əsrarəngiz şəhərlərindən biri olan Şuşa şəhərinə heyan olurdular.
1990-cı illərdə erməni qəsbkarları qədim Azərbaycan torpaqlarında ərazi iddiaları adı ilə terrorlar, soyqırımı həyata keçirdilər. 1992-ci il mayın 8-də Şuşa işğal olundu. Ermənistan silahlı qüvvələri ələ keçirdikləri digər Azərbaycan əraziləri kimi burada da bütün insani duyğuları heçə sayaraq vəhşilik törətdilər. Nəticədə bu qədim şəhərdəki mədəni, dini abidələr, yaşayış binaları dağıntılara məruz qaldı.
Azərbaycanın şair qızı, bütün həyatı boyu xeyirxah işlər görmüş Xurşidbanu Natəvanın şəhərin ən gözəl binalarından biri hesab olunan evini, məqbərəsini də dağıtdılar.
Təcavüzkar ermənilər işğal müddətində Qarabağın bütün gözəlliklərini soldurdular. “Xan qızı” bulağını da qurutdular.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Emənistan silahlı qüvvələrinin məğlubiyyəti ilə nəticələndi. Müzəffər Azərbaycan Ordusu düşmənlərimizi torpaqlarımızdan qovaraq işğala son qoydu. Artıq otuz ilə yaxın həsrətini çəkdiyimiz Qarabağda tikinti-quruculuq işləri davam etdirilir. “Xan qızı” bulağı da bərpa olunub.
Ötən il mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında oldular. Dövlət başçısı İlham Əliyev dedi: “Xan qızı Natəvan” bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm”.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada olarkən “Xan qızı” bulağına da baş çəkdilər. Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verildi. Diqqətə çatdırıldı ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlərin və şəhərin qonaqlarının istifadəsindədir.
Görülən işlər heç bir şübhə yeri qoymur ki, Şuşanın növrağı hələ qabaqdadır. Çox keçməyəcək ki, yenə bura dünyanın hər yerindən qonaqlar gələcək. Bu gözəl yerləri dolaşıb, “Xan qızı” bulağından su içəcəklər.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2022.- 9 yanvar.- S.5.