Rəngkarlıq Muzeyində açılan “Mistik ruhun ömrü” sərgisi davam edir

 

 

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə açılmış Xalq rəssamı Mir Nadir ZeynalovunMistik ruhun ömrü” adlı retrospektiv sərgisi keçirilib.

Azərbaycan Rəngkarlığı Muzeyində təşkil edilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından ibarət 60-dan artıq əsər nümayiş olunub.

Layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunub. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.

Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirir, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığına diqqət çəkərək bütün incəlikləri göstərir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.

Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.

Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunub.

 

Azərbaycan.-2022.- 9 yanvar.- S.8.