Böyük Zəfərin möhtəşəm yolları

 

Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda qurulan yeni yol-nəqliyyat infrastrukturu Azərbaycanın qüdrətinin göstəricisidir

 

İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyulması ilə azadlığa çıxan tarixi ərazilərimizdə əsas prioritetlərdən biri quruculuq və bərpa işlərinə başlanılması oldu.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər bu torpaqların qısa müddətdə cənnətməkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir.

Şanlı Zəfərimizlə bitən Vətən müharibəsindən ötən bir il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında başlanan tikinti-quruculuq işləri bu gün sürətlə davam etdirilir. Qarabağı 44 günə azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeni  inkişaf konsepsiyası ilə bu ərazidə şəhər və qəsəbələrimiz, kəndlərimiz yenidən qurulur.

 

Cəmi bir ilə inşa edilən “Zəfər yolu”

 

Əlbəttə ki, ilk növbədə, bu ərazilərdə hərəkətin tənzimlənməsi üçün yolların yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilir.

Hazırda dövlət büdcəsindən ayrılmış vəsait hesabına 11 avtomobil yolunun  tikinti işləri davam edir. Bunlardan ən qürurvericisi Şuşa şəhərini işğaldan azad edərkən rəşadətli ordumuzun istifadə etdiyi “Zəfər yolu”nun tikintisi artıq başa çatıb və Prezident İlham Əliyev noyabrın 7-də Şuşaya səfəri çərçivəsində yolun açılışını edib.

Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli  şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır.

Əvvəllər bu yol olmayıb. Vətən müharibəsində Azərbaycan əsgərinin canı və qanı bahasına açdığı cığırdı bu yol. Böyük Qələbədən 8 gün sonra - noyabrın 16-da qalib Sərkərdə kimi Füzuli və Cəbrayıla səfəri zamanı İlham Əliyevin “Zəfər yolu” adlandıraraq təməlini qoyduğu bu yolla indi qürurla irəliləyərək mədəniyyətimizin paytaxtı Şuşaya, Cıdır düzünə qalxmaq olur. Qüdrətli Azərbaycan dövləti 101.9 kilometrlik dağlıq ərazilərdən keçən yolu cəmi bir ilə çəkib başa çatdırıb.

 

 Qarabağı, Şərqi Zəngəzuru dolaşan yollar

 

 Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan 11 yol infrastrukturu layihələrinin icra prosesi sürətlə davam edir. Bu rayonlara istənilən vaxtda səfər edən hər kəs yol infrastrukturunun icra prosesinin necə sürətlə həyata keçirildiyinə şahidlik edə bilər. Yeni salınan yollarla tanış olun: 

1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu;

Texniki göstəriciləri: 81,6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

Görülən işlər: 0-17, 26-44, 51-52, 58-63 və 70-71-ci km hissələrdə torpaq yatağının tikintisi, 1, 27, 34, 37 və 50-ci km-də körpülərin, 80 və 81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır.

2. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu;

Texniki göstəriciləri: 123,8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.

Görülən işlər: 0-23, 50-66-cı km hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 17 faiz, boru və keçidlərin tikintisi 12 faiz, körpülərin tikintisi 10 faiz icra olunub.

3. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu;

Texniki göstəriciləri: 70,4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

Görülmüş işlər:  Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissədə torpaq yatağı tikilib, 1 və 22-ci km-də körpü tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 36 faiz, yol geyimi 5 faiz, boru və keçidlərin tikintisi 37 faiz, körpülərin tikintisi 29 faiz icra olunub.

4. Qubadlı-Eyvazlı avtomobil yolu;

Texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

Görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla  torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

5. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu;

Texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

Görülmüş işlər: torpaq işləri 51 faiz, yol geyimi 9 faiz, boru və keçidlərin tikintisi 52 faiz,  körpülərin tikintisi 49 faiz icra olunub.

6. Füzuli-Hadrut avtomobil yolu;

Texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 5 km hissəsində torpaq işləri və yol yatağının tikintisi 50 faiz icra olunub.

7. Bərdə-Ağdam avtomobil yolu;

Texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

Görülmüş işlər: torpaq işləri 42,5 faiz, boru və keçidlərin tikintisi işləri 28,2 faiz, körpülərin tikintisi 81,2 faiz icra olunub.

8. Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu;

Texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

Görülmüş işlər: 0-6 km hissəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, həmin hissədə torpaq yatağı, suötürücü borular və yolun əsası, ilk 1,8 km hissədə asfalt-beton örtük tikilib,15-22 km hissədə deformasiyaya uğramış örtük qazılaraq çıxarılıb.

9. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu;

Texniki göstəriciləri:  80,7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 11,6 km.

Görülən işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.

10. Kəlbəcər-Laçın avtomobil yolu;

Texniki göstəriciləri: 72,3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9,8 km;

Görülən işlər: yolun torpaq yatağının tikintisi işləri 10 faiz icra olunub.

11. Kəlbəcər və Laçın ərazisində yol infrastrukturunun tikintisi;

Texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

Görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95 faiz icra olunub, yol nişanları 80 faiz quraşdırılıb. 

 

Regionun ən böyük avtomobil tuneli və Zəngəzur dəhlizi

 

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda uzunluğu 11,6 km olan regionun ən böyük avtomobil tuneli inşa edilir və onun 2025-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulub.

Artıq əksər yolların tikinti prosesinin böyük hissəsi yekunlaşıb. Əminliklə deyə bilərik ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub istifadəyə veriləcək.

Oktyabr ayının 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Yeni inşa edilən yol boyunca layihə çərçivəsində zəruri yerlərdə ortalama ümumi uzunluğu 6 km təşkil edən 3 avtomobil tunelinin inşası nəzərdə tutulub. Artıq bu istiqamətdə tikinti işlərinə start verilib. Tunellər şərti olaraq T1, T2 və T3 adlandırılıb.

Uzunluğu 1019 metr təşkil edən T1 tuneli üzrə 250 metr, uzunluğu 1810 metr təşkil edən T2 tuneli üzrə isə 50 metr qazma işləri aparılıb. Qazma işləri partlatma və qırıcı üsulları ilə davam etdirilir. Eyni zamanda qruntlardan ibarət qaya hissələrinin kənarlaşdırılması da həyata keçirilir. İnşasına yenicə başlanılan və uzunluğu 3171 metr təşkil edən T3 tunelinin giriş hissəsində tikinti işləri tamamlanaraq qazma işlərinə start verilib.

Uzunluğu 123,8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin icrası da sürətlə davam edir. Ehtiyat keçid tikintisinin 30 faizi yerinə yetirilib, 38 dairəvi, 2 düzbucaqlı süni qurğu tikilib, 10 körpünün təməl və svay işləri görülüb.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq infrastruktur layihələrindən biridir. Sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş - 3 gəliş olmaqla 6, qalan 43,8 kilometrlik hissəsi isə 2 gediş - 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Beləliklə, İkinci Qarabağ müharibəsindəki şanlı qələbədən sonra yaranan yeni reallıq göz önündədir. Qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaqdır. Görülən işlər onu deməyə əsas verir ki, tezliklə dünya bir daha Azərbaycanın qüdrətinə şahidlik edəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-6 yanvar.- S.6.