Lənkəranlılar Vətən müharibəsi
şəhidlərinin xatirəsini əziz tuturlar
44 günlük Vətən müharibəsində lənkəranlı gənclər də yüksək rəşadət və igidlik nümayiş etdirmişlər. Azğın düşmənə qarşı qanlı döyüşlərdə onların bir çoxu qəhrəmancasına şəhid olmuş, bəziləri yaralanmışlar. Lənkəranlılar şəhidlərin xatirəsini ehtiramla yad edir, adlarını əbədiləşdirirlər.
Belə şəhidlərdən biri də rayonun ucqar dağ kəndi olan Daşdatükdə böyüyüb boya-başa çatmış Babazadə Ülfət Qabil oğludur. 2019-cu ildən xüsusi təyinatlı qüvvələrdə müddətdən artıq xidmət edən Ülfət Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılaraq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasında iştirak etmişdir. O, müharibənin qurtarmasına 6 saat qalmış Şuşa şəhərinin yaxınlığında qəhrəmancasına həlak olmuşdur. Ülfət Babazadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Ü.Babazadənin xatirəsinə doğma kəndi Daşdatükün mərkəzində xatirə bulağı və abidə kompleksi olan park salınmışdır. Parkın açılışında şəhər rəhbərliyi, şəhid valideynləri, Qarabağ qaziləri, kənd ictimaiyyətinin nümayəndələri və Ülfətin döyüş yoldaşları iştirak etmişlər. Tədbirdə çıxış edənlər lənkəranlıların torpaqlarımızın azad olunmasında göstərdikləri qəhrəmanlıqlardan qürur duyduqlarını diqqətə çatdıraraq şəhidlərin heç vaxt unudulmayacağını, xatirələrinin əziz tutulacağını bildirmişlər. Şəhid atası Qabil kişi və digərləri şəhid adının əbədiləşdirilməsinə, şəhid ailələrinə və qazilərə göstərilən davamlı diqqət və qayğıkeşliyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Seyran CAVADOV
Azərbaycan.-
2022.- 6 yanvar.- S.6.