Cəmiyyətin aparıcı qüvvəsi
Prezident İlham Əliyevin gəncliklə
bağlı bütün fikirləri öz aktuallığı ilə hər zaman diqqəti cəlb edir
1993-cü ildə Ulu Öndər Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə dünya şöhrətli, nüfuzlu dövlət adamının layiqli varisi cənab İlham Əliyevi dəstəkləyərək böyük səs çoxluğu ilə Prezident seçdi. Ölkə rəhbərinin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.
Azərbaycan Prezidenti 50 illik yubileyini də məcburi köçkünlərlə birlikdə qeyd etmişdi. Bu, ilk növbədə, illərlə doğma torpaqlarımızı işğalda saxlayan, vandallıqla məşğul olan terrorçu Ermənistana və onun havadarlarına, eləcə də dünyaya bir mesaj idi: “Qarabağ Azərbaycandır!”
Ötən il dekabrın 24-də yenə də Müzəffər Ali Baş Komandanın səsi Hadrut qəsəbəsindən, Qarabağımızın zümrüd tacı, Qafqazın Konservatoriyası, nəhayət, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan gəldi. Həmin səfər daha əlamətdar idi - Azərbaycan Prezidenti, Qalib Sərkərdə özünün 60 illik yubileyini məhz işğaldan azad etdiyi tarixi, müqəddəs məkanda qeyd etdi. Bunun, əlbəttə, rəmzi mənası vardı.
Azərbaycanın ən böyük nailiyyətlərindən biri də xoşbəxt gələcəyi yaratmağa qadir olan gənclər ordusunun yetişməsidir. İşğal altındakı torpaqlarımız da məhz bu gəncliyin gücü, əzmkarlığı, vətənpərvərliyi, döyüş ruhu sayəsində azadlığa qovuşdu. Bu gənclik cənab İlham Əliyevin yetişdirdiyi gənclikdir: qəlbi Vətən sevgisi ilə dolu, qürurlu, yüksəkruhlu, milli-mənəvi dəyərlərə yiyələnmiş, dövlətinə, torpağına, xalqına bağlı. Bu dəfə də Hadrutda hərbi hissənin açılışı zamanı dövlət başçısı, Müzəffər Ali Baş Komandan burada xidmət keçməyə başlayan hərbçilərimiz qarşısında etdiyi tarixi çıxışında gəncliyin böyük potensial olduğunu, onlardakı vətənpərvərliyi xüsusi qeyd etdi: “Onu da bildirməliyəm ki, Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmamışdır. Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun azad edən xalqıq...”
Qürurverici haldır ki, son 18 ildə Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhunda formalaşdı. Yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən gənclərin şücaəti, mücadiləsi milyonlarla insanlarda qələbə sevincini yaşatdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqlarını göstərə bildilər.
Müzəffər Ali baş Komandan döyüşlərin getdiyi 44 gün ərzində əsgər və zabitlərimizin göstərdiyi cəsurluğu, Vətənə məhəbbəti xüsusi faktlarla diqqətə çəkdi: “...Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil...”
Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər, cəmiyyətin aparıcı qüvvəsinə çevrilmələri ilə də tanınırlar. Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılmaları, torpaqların işğaldan azad edilməsi üçün düşmənlə üz-üzə dayanmaları vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgisini bir daha göstərdi.
“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında onu da xüsusi vurğulayıb ki, 18 ildir Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər: “... Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
İndi hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var. Bu, Qarabağla, onun dirçəldilməsi ilə bağlı mənəvi məsuliyyətdir. Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübarizdirlər.
Ötən 18 ildə Azərbaycan gəncliyi öz liderinə güvənib, inanıb, ətrafında sıx birlik nümayiş etdirib. Azərbaycan Prezidenti də böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev gəncləri bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq. Bu, həm də dövlətimizin gənclər siyasətinin tərkib hissəsidir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2022.- 6 yanvar.- S.7.