32
səfər 21 obyektin açılışı, 37 təməlqoyma
Müzəffər
Komandan İlham Əliyev 2021-ci ildə Qarabağ və Şərqi
Zəngəzuru quruculuğun baş meydanına çevirdi
Böyük uğurlarla,
siyasi və iqtisadi nailiyyətlərlə zəngin olan daha bir
ili geridə qoyduq. Yeni ildə arxaya boylanıb, ötən il
olub-keçənlərə nəzər salıb, ən
yaxın keçmişin yaddaqalan səhifələrini vərəqləyəndə
xeyli maraqlı hadisələrə, uğurlara şahidlik
edirik.
Ötən
il Azərbaycanda bütün addımlar postmüharibə
dövrünün yeni reallıqlarına uyğun
atıldı. Vətən müharibəsindəki
böyük Zəfərdən sonra Qarabağ və Şərqi
Zəngəzurun minalardan təmizlənməzi, yenidənqurulma,
tikinti-quruculuq işlərinin başlanması, qarşıda duran
ən prioritet məsələlər idi...
Prezidentin
xeyir-duası ilə başlanan böyük layihələr
Qarabağı
44 günə “dəmir yumruq” əməliyyatı ilə
düşməndən təmizləyən Ali Baş Komandan
İlham Əliyev 2021-ci ildə “dəmir iradə” ilə
işğaldan azad olunmuş torpaqlarımızda şəhər
və kəndlərin baş planları əsasında
“ağıllı şəhər”, “ağıllı kənd”
layihələrinin icrasına start
verdi.
Bütün
proseslərə nəzarət edən Prezident mütəmadi
olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında həyata keçirilən layihələrə
şəxsən nəzarət etdi, müxtəlif yeni obyektlərin
təməlini qoydu, bəzilərinin hətta
açılışını etdi. Ümumilikdə, 2021-ci
ildə İlham Əliyev azad edilmiş torpaqlara dəfələrlə
səfər edərək həyata keçirilən
genişmiqyaslı bərpa işlərinə
xeyir-duasını verdi.
Prezident
il ərzində işğaldan azad edilmiş 10 şəhər
və rayona - Şuşa (7 dəfə), Füzuli (7 dəfə),
Xocavənd (5 dəfə), Zəngilan (4 dəfə), Cəbrayıl
(3 dəfə), Laçın (2 dəfə), Qubadlı (1 dəfə),
Kəlbəcər (1 dəfə), Ağdam (1 dəfə) və
Tərtərə (1 dəfə), ümumilikdə 32 dəfə
səfər edib. Bu səfərlər çərçivəsində
dövlət başçısı 21 sosial-iqtisadi obyekt və
mədəniyyət abidələrinin
açılışını edib, 37 obyektin təməlini
qoyub, yenidənqurma işlərinin gedişatı ilə
mütəmadi maraqlanaraq tapşırıq və tövsiyələrini
verib.
39 ildən
sonra Şuşaya Qalib Sərkərdə kimi qayıdan Baş
Komandan
Ötən il Prezidentin
Qarabağa səfəri yanvar aynın 14-nə təsadüf
etdi. Həmin gün İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin
Füzuli rayonunda Qarabağın hava qapısı
adlandırılan aeroportun təməllərini qoydu.
Bu həm də Azərbaycan Prezidentinin
2021-ci ildə regionlara ilk səfəri idi. Bu baxımdan Füzulinin
işğaldan azad olunması 44 günlük Vətən
müharibəsinin böyük hərbi-siyasi hadisəsi idisə,
ilk daxili səfərin Qarabağa edilməsi də
özlüyündə rəmzi məna
daşıyırdı.
Xatırladaq ki, Füzuli-Şuşa yolunun
yeni işlənmiş layihəsinə körpü və
tunellərin inşası daxildir. Yəni çətin relyefə
malik olan ərazilərdə dolama yolların yerinə
körpü və tunellərin tikintisi nəzərdə tutulur.
Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək
və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.
Yeni təməli qoyulan Qarabağın hava
qapısının əsas məqsədi isə, ilk növbədə,
xarici qonaqların Şuşaya gəlişini təmin etməkdən
ibarətdir. Çünki buradan Şuşaya olan məsafə o
qədər də böyük deyil. Təyyarə ilə
Füzuli Beynəlxalq Hava Limanına gələn xarici qonaqlar
çox rahat və qısa müddət ərzində
Prezidentin “Zəfər yolu” adlandırdığı 4
zolaqlı yolla Şuşa şəhərinə
gedə bilərlər.
Həmin gün Prezident Xocavənd rayonunun
bir neçə kəndində olub, erməni vandalizminin əyani
təzahürünü bir daha dünyaya nümayiş etdirdi
və Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan,
Qubadlıdan sonra Müzəffər Ali Baş Komandan kimi
Qarabağın tacı olan Şuşaya ayaq basdı.
Şuşaya Qalib Komandan kimi gələn
İlham Əliyev qədim qalamızda üçrəngli
bayrağımızı ucaltdı və hərbçilərlə
görüşərək səmimi söhbət etdi, Şuşa ilə bağlı xatirəsini
paylaşdı. Bəlli oldu ki, İlham Əliyev sonuncu dəfə
Şuşaya 39 il öncə məhz
yanvarın 14-də səfər edib. Bu gün isə
Şuşaya Müzəffər Komandan kimi gəlib.
Qürurlu və fəxarətli
addımı ilə düşmənə gözdağı
verən Qalib Sərkərdə bir daha bəyan etdi ki, Şuşa öz sahibinə məxsusdur və
Azərbaycan xalqı bundan sonra bu torpaqda əbədi
yaşayacaq. Ermənilərin 30 il ərzində
viran etdikləri şəhər və kəndlərimiz, tarixi
abidələrimiz bərpa ediləcək.
Sonra Prezident İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva
Şuşadakı Saatlı, Aşağı Gövhər
ağa və Yuxarı Gövhər ağa məscidlərini
ziyarət edib, hər 3 dini ocağa “Qurani-Şərif”
bağışladılar.
Yanvarın 15-də Prezident Cıdır
düzünə çıxıb Qarabağı seyr etdi və
dedi ki, düşmən qədim şəhərimizi
dağıtsa da, Şuşa əyilməyib,
sınmayıb və bu gün şəhəri əzəmətli
görmək hər kəsi hədsiz dərəcədə
qürurlandırır.
Zəngəzur dəhlizinin
açılması istiqamətində ilk addım - modern
“ağıllı kənd” layihəsi
İşğaldan azad olunan torpaqlarda
yaradılan yeni infrastrukturlarla mütəmadi olaraq maraqlanan və
tapşırıqlarını verən İlham Əliyev
Qarabağa və Şərqi Zəngəzura hər səfərində
yeni-yeni mühüm sosial-iqtisadi obyektlərin təməlini
qoyur və bununla da Azərbaycanın iqtisadi qüdrətini
dünyaya nümayiş etdirir.
Bütün bunlar isə göstərir ki,
Azərbaycan qlobal pandemiya ilə mübarizə şəraitində
belə işğaldan azad edilən ərazilərində
heç kimdən yardım almadan öz gücünə
quruculuq işləri aparmağa qadir ölkədir.
İlham Əliyevin fevralın 14-də
Füzuli, Zəngilan, Laçın, Cəbrayıl
rayonlarına səfəri və mühüm sosial-iqtisadi
obyektlərin təməlini qoyması bunun bariz təcəssümü
idi.
Bu dəfə İlham Əliyev Zəngəzur
dəhlizinin açılması istiqamətində
reallaşması nəzərdə tutulan layihələrdən
birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin
təməlini qoyaraq Azərbaycanın 10 noyabr bəyanatının
müddəalarına sadiqliyini bir daha göstərdi. Həmin müddəalardan
birində regionda nəqliyyat-kommunikasiyaların bərpası
nəzərdə tutulur.
Ümumi uzunluğu 100 kilometr olan Horadiz-Zəngilan-Ağbənd
dəmir yolu xətti yeni dəhlizin bir parçasıdır. Bu dəmir yolunun strateji əhəmiyyəti
olduqca böyükdür. Çünki bu
nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının
azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında
əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan
Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat
əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Zəngilan rayonunda isə bir ilk
yaşandı. Bəlli oldu ki, rayonun 3 kəndində yeni pilot layihə
- “ağıllı kənd” layihəsi
reallaşdırılacaq. Layihənin
icrası əsasən 5 komponent üzrə aparılacaq -
yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı
kənd təsərrüfatı”, alternativ enerji sahələri.
Birinci Ağalı kəndi bərpa ediləcək
ilk kənd olacaq. İkinci və
Üçüncü Ağalı kəndləri də
“ağıllı kənd” konsepsiyası əsasında
qurulacaq.
Düşmənin hərbi
kapitulyasiyası ilə boşaldılan Laçın rayonunda
isə ilk olaraq “Güləbird” Su Elektrik Stansiyası
açıldı.
Ümumiyyətlə, azad edilmiş
bütün torpaqlarda su, günəş, külək
enerjisindən istifadə edilməsi üçün lazımi
şərait mövcuddur. İlham Əliyev də
bütün çıxışlarında xüsusi olaraq
vurğulayr ki, tezliklə Azərbaycan Qarabağ və Şərqi
Zəngəzurda su, günəş, külək enerjisindən
istifadə edəcək. Bununla da ermənilərin illərlə
susuz qoyduğu torpaqlarımız cana gələcək.
Aqrar sektorda inkişaf yaranacaq.
Şuşada
yandırılan ilk Novruz tonqalının şöləsi
bütün Qarabağı işıqlandırdı
Prezidentin Qarabağa növbəti səfəri
martın 15-də reallaşdı. Bu səfər çərçivəsində
İlham Əliyev Füzuli, Xocavənd rayonlarında
görülən işlərlə tanış oldu, yeni təməlqoyma
mərasimlərində iştirak etdi, Hadrutda Azərbaycan
bayrağını ucaldıb, inşa edilməkdə olan “Zəfər
yolu” ilə Şuşaya qalxdı.
Səfər çərçivəsində
Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yollarının təməli qoyuldu. Bu yol
başlanğıcını “Zəfər yolu”ndan
götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yoluna birləşir. Uzunluğu 13
kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.
Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yolu isə başlanğıcını Hadrut
yaşayış məntəqəsindən götürməklə
və Cəbrayıl rayonundan keçməklə
Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur
dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir.
Dörd hərəkət zolaqlı bu yol boyunca
avtomobil körpüləri tikiləcək.
Xocavənddən Şuşaya yollanan
Prezident Molla Pənah Vaqifin məqbərəsində bərpa
işlərinin başlanması ilə bağlı
tapşırıqlarını verdi və
məqbərənin əvvəlki görkəminin
saxlanılmasını tapşırdı.
4 gün sonra - martın 20-də ölkəmizdə
Novruz bayramı qeyd edildi. Bu dəfə tam fərqli
bayram sevinci yaşandı. İşğaldan
azad edilmiş bütün torpaqlarımızda tonqalllar
qalandı. Ən yüksək zirvədə,
Zəfərin simvolu olan Şuşada isə Ali Baş Komandan
bayram tonqalını alovlandırdı. Cıdır
düzündəki alovun şöləsi bütün
Qarabağı işıqlandırdı.
Azərbaycan bütün öhdəliklərinə
sadiqdir
İkinci Qarabağ müharibəsindən
sonra bütün diqqətlər gələcəyə yönəldi. Eyni zamanda tərəflər
10 noyabr bəyanatında əksini tapan müddəaların
reallaşması üçün əməli addımlar
atmalı idilər. Azərbaycanın bu
istiqamətdə gördüyü işlər göz
önündə idi.
Prezident İlham Əliyev bütün
çıxışlarında qeyd edirdi ki, postmüharibə
dövrü əməkdaşlıq, kommunikasiyaların
açılması, nəqliyyat dəhlizlərinin
yaradılması üçün nadir imkanlar yaradıb. Regionun inkişafı naminə
icra ediləcək hər bir layihə özündən sonra
digər layihənin reallaşmasına real zəmin yarada bilər.
Həqiqətən də, regionun gələcək
inkişafı üçün böyük imkanlar
mövcuddur. Bu imkanların reallığa
çevrilməsi üçün, ilk növbədə,
uzunmüddətli sülhün təmin edilməsi vacib şərtlərdən
biridir.
Ona görə də əsas diqqət nəqliyyat-kommunikasiya
xətlərinin açılması istiqamətinə yönəlməli
idi. Azərbaycan həm
işğaldan azad edilən ərazilərində yenidənqurma
işlərini həyata keçirir, həm də Zəngəzur
dəhlizinin açılması istiqamətində üzərinə
düşən öhdəliyin icrasını
reallaşdırırdı.
Prezidentin aprelin 26-da Cəbrayıl və Zəngilana
növbəti səfəri zamanı təməlini qoyduğu
mühüm sosial-iqtisadi infrastrukturlar da bunu bir daha təsdiqlədi. Səfər zamanı Cəbrayıl
rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi
hissəsinin açılışı, Zəngilan Beynəlxalq
Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun,
rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə
edən birinci “ağıllı kənd” layihəsinin təməli
qoyuldu.
Layihəyə əsasən ilk olaraq tam
izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə
olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis
kommunikasiya, isitmə sistemləri də “ağıllı
texnologiyalar” əsasında qurulacaqdı. Bu
kəndlərdə müasir məktəb, bağça,
poliklinika və elektron idarəetmə mərkəzləri
inşa olunacaq, turizm infrastrukturu
formalaşdırılacaqdır. Bütün
yaşayış evləri, sosial obyektlər, inzibati və
ictimai iaşə binaları, kənd təsərrüfatı
məhsullarının emalı və istehsalı prosesi
alternativ enerji mənbələri ilə təmin ediləcək.
Layihənin icrasında Türkiyə, Çin, İtaliya
və İsrail şirkətlərinin mütəxəssisləri
də iştirak edirlər.
Zəngilan aeroportunun təməlinin
qoyulması ilə işğaldan azad edilmiş torpaqlarda ikinci
hava limanının tikintisinə start verildi. Zəngilan
rayonunun coğrafi mövqeyi və burada olan imkanlar təbii ki,
rayonun beynəlxalq nəqliyyat-logistika mərkəzinə
çevrilməsi üçün yaxşı imkanlar
yaradır. Coğrafi vəziyyətə
baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan
və ondan sonra Laçın rayonunda inşa ediləcək
üçüncü beynəlxalq hava limanı bütün
Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan
daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək,
Naxçıvana yol açılacaq. Zəngilanın
gələcək uğurlu sosial-iqtisadi inkişafı
üçün bu hava limanının böyük rolu olacaq.
29 ildən sonra
“Xarıbülbül”ün səsi bütün Qarabağa
yayılır
Tarix şahiddir ki, Şuşa
hər zaman Azərbaycanın mədəniyyət mərkəzi
olub. Burada keçirilən musiqi festivalları
dünyaya səs salıb. Amma 1992-ci ildən
2020-ci ilədək işğal altında olduğu müddətdə
şəhər sanki yasa batmışdı.
Vətən müharibəsindəki
Şanlı Zəfərdən sonra Xarıbülbülün
vətənində torpaq da, daş da oyandı, sular duruldu və
Şuşa özünə qayıtdı.
Mayın 12-də isə Cıdır
düzündə təşkil olunan “Xarıbülbül”
musiqi festivalı dünyaya yenidən səs saldı. Qədim mədəniyyət beşiyi olan
Şuşa 29 ildən sonra yenə
doğmalarını, qonaqlarını qarşıladı.
Prezidentin tapşırığı ilə
keçirilən festivalda ölkəmizdə yaşayan
azsaylı xalqların incəsənət ustaları və Azərbaycanın
tanınmış incəsənət xadimləri də
iştirak etdilər.
Bir gün əvvəl Xocavənd rayonunda
görülən işlərlə tanış
olan İlham Əliyev Şuşada bir sıra mühüm
sosial-iqtisadi obyektlərin açılış mərasiminə
qatılır. Prezidentin iştirakı ilə
şəhərdə 110/35/10 kilovoltluq yarımstansiya istifadəyə
verilir, “Xarıbülbül” hotelinin yenidənqurmadan sonra
açılışı olur, yeni məscid və 1 saylı
ümumtəhsil məktəbinin təməli qoyulur. Prezident və ailə üzvləri Şuşada
xüsusi nümayəndəliyin yerləşəcəyi
inzibati binada olur, xan qızı Natəvanın
sarayının qarşısındakı əraziyə
baxış keçirirlər. Həmçinin “Xan qızı”
bulağında, Şuşa
Yaradıcılıq Mərkəzinin yerləşəcəyi
binada, rəsm qalereyasında görülən işlərlə
tanış olan dövlət başçısı
tapşırıq və göstərişlərini verir.
29 ildən sonra ilk dəfə keçirilən
“Xarıbülbül” festivalında səslənən milli
müsiqimizin sədası, muğamın avazı bütün
Qarabağa yayılır. Prezident bu mərasimi dəyərləndirərək
deyir ki, bu, musiqi bayramı, birlik, qayıdış və ləyaqət
bayramıdır.
Həmin gün Şuşada keçirilən
atəşfəşanlıq isə Azərbaycanın
dünyaya sülh mesajı oldu. İlham Əliyev bir daha bəşəriyyətə
göstərdi ki, Qarabağı 44 günə azad edən
ölkə qısa zamanda bu torpaqlarda böyük xariqələr
yaratmaq gücündədir.
Cıdır düzündə keçirilən
“Xarıbülbül” musiqi festivalı mayın 13-də
qala-konsertlə başa çatır.
İlham Əliyevin təsdiq
etdiyi ilk baş plan Ağdamdan başlayır
44 günlük Vətən müharibəsindəki
Şanlı Zəfər Ali Baş Komandan İlham Əliyevin əsl
Sərkərdə məharətinin göstəricisi, bir
güllə atılmadan Ağdam, Laçın və Kəlbəcərin
azadlığa qovuşması isə siyasi diplomatiyasının
təntənəsidir.
Savaş meydanında məğlub olan Ermənistanın
hərbi kapitulyasiyası ilə düşmən illərlə
möhkəmləndiyi 3 rayondan çıxmaq məcburiyyətində
qaldı. İşğaldan azad edilən Ağdamın ilk
görüntüləri isə ürək dağladı.
Düşmən bu şəhərdə
daşı daş üstündə qoymamışdı.
İlham Əliyev noyabrın 20-də
Ağdamın təhvil verilməsindən 3 gün sonra “ruhlar
şəhəri”nə gəlmişdi. Həmin
səfəri izləyən hər bir insan bir daha erməni
vandalizminə, erməni barbarlığına şahidlik
etmişdi.
Ötən il İlham
Əliyev Ağdama 2-ci səfərini çox əlamətdar
gündə gerçəkləşdirdi. 28 May - Respublika
Günündə (Müstəqillik Günü) dövlət
başçısı Ağdamın Baş planı ilə tanış oldu və bir sıra mühüm
obyektlərin təməlini qoyaraq xeyir-duasını verdi.
Səfər çərçivəsində
Bərdə-Ağdam yolunun, Ağdam şəhərində
inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye
Parkının, Ağdam şəhər 1 saylı məktəbin
yeni binasının təməllərini qoydu.
Prezident Qarabağ xanlığının
banisi Pənahəli xanın sarayının yerləşdiyi
İmarət kompleksində, Şahbulaq qalası və
Qiyaslı məscidində oldu. Ağdam rayonunda erməni
vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən
biri də Qarabağ xanlığının banisi Pənahəli
xanın imarətidir. XVIII əsrə aid
bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən
olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan
ərazisində yayılmış digər xan saraylarından
fərqlənərək dəbdəbəli yaşayış
evi xüsusiyyəti daşıyıb. Buna
görə də Pənahəli xanın imarəti
adlandırılıb. İşğal edilən
ərazilərdəki digər tarixi-mədəni, dini abidələr
kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən
təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub. Xan sarayının yaxınlığında yerləşən
və Qarabağın xan nəslinin bir çox nümayəndələrinin
dəfn edildiyi İmarət qəbiristanlığı da erməni
vəhşiliyinin canlı şahididir. Pənahəli
xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın
türbələri və Xurşidbanu Natəvanın qəbirüstü
abidəsi də burada yerləşir.
Səfər zamanı bəlli oldu ki,
Ağdamda Zəfər muzeyi və açıq hava altında
İşğal muzeyi yaradılacaq. İşğal muzeyi
kompleksində həm muzey, həm də memorial bağ
salınacaq.
Baş plan ilə tanışlıqdan
sonra Ağdam ictimaiyyətinin nümayəndələri ilə
görüşən İlham Əliyev səfərin
xüsusi gündə təşkil olunmasının rəmzi məna
daşıdığını vurğuladı.
Ümumiyyətlə, məhz bayram
günündə Ağdama səfər, ilk baş planın təsdiqi
bir daha İlham Əliyevin Ağdamın timsalında
işğaldan azad edilmiş şəhər və
rayonların yenidənqurulması prosesinə necə diqqət
göstərdiyinin əyani təzahürü idi.
İlham Əliyev Vətən müharibəsində
şanlı qələbədən sonra Ağdama ikinci səfərində
şəhərsalma prinsiplərinin müasir konsepsiyasına
uyğun yeni, ən müasir Ağdamın
qurulacağını bəyan etdi və modern şəhərin
təməlini qoydu. Bu, təkcə ağdamlılara yox, bütün
dünya azərbaycanlılarına böyük qürur, fəxarət
hissi yaşatdı. Bu hadisə işğaldan azad
edilmiş torpaqlarımızda tezliklə ən müasir şəhər
və kəndlərin salınacağını, dünyaya
tamamilə yeni tipli yaşayış məntəqələri
modellərinin təqdim olunacağını deməyə bir
daha əsas verdi.
Türkiyə Prezidentinin
Qarabağa ilk səfəri, tarixi Şuşa
Bəyannaməsinin imzalanması
Prezidentin təməlini qoyduğu
bütün sosial-iqtisadi obyektlərdə işlər elə
sürətlə aparılırdı ki, bəzən bir ilə
yekunlaşmalı olan layihə bir neçə aya hazır
olurdu. Bu da həmin
layihələri gerçəkləşdirən şirkətlərin
iş fəaliyyətinin yüksək keyfiyyətini,
götürdiyü öhdəliyi vaxtından əvvəl həyata
keçirməsini əyani təsdiq edirdi.
Buna misal kimi Füzuli hava limanını
göstərmək olar. Prezidentin xüsusi diqqətində olan hava
limanının tikintisi cəmi 8 aya reallaşdı. Yanvar ayında təməli qoyulan hava limanına
sentyabr ayının 5-də ilk sınaq uçuşları həyata
keçirildi. Yəni hava limanı tam
hazır vəziyyətə gətirilmişdi.
İyunun 14-də Prezident növbəti dəfə
Qarabağda həyata keçirilən layihələrin
gedişatı ilə maraqlandı və ilk olaraq Füzuli
rayonuna səfər edərək hava limanında tikinti işlərinin
gedişi ilə tanış oldu.
Prezident həmçinin Aşağı
Köndələnçay su anbarına və Əhmədbəyli-Füzuli-Şuşa
yolunda, eləcə də “Zəfər yolu”nda görülən
işlərlə tanış oldu.
Səfər çərçivəsində
Prezident həm də “Füzuli” yarımstansiyasının
açılışını edir. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən
bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri
və ətraf kəndlərdə inşa ediləcək
bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Bu səfər çərçivəsində
həmçinin Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun Daşaltı kəndinin ərazisindən
keçən hissəsində inşa olunacaq tunelin də təməli
qoyulmuşdur. Həmin ərazidə ümumilikdə iki tunel tikiləcək
və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə
12 metrdir.
Bir gün sonra daha bir tarixi hadisə
yaşanır. İyunun 15-də Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk dəfə
səfər edir.
İlham Əliyev dost və qardaş
ölkənin rəhbərini Füzulidə
qarşılayır və hər iki dövlət başçısı
birlikdə Şuşa şəhərinə
yola düşürlər.
Mədəniyyətimizin paytaxtında Rəcəb
Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi
keçirilir. Liderlərin
təkbətək görüşlərindən sonra hər
iki ölkənin siyasi tarixində xüsusi əhəmiyyətə
malik olan Şuşa Bəyannaməsi imzalanır.
Azərbaycan və Türkiyə prezidentləri
mətbuata birgə bəyanatlarla çıxış edirlər.
Liderlər bəyan etdilər ki,
imzalanmış bəyannamə iki qardaş ölkə
arasındakı bütün əlaqələri ən yüksək
zirvəyə qaldıracaq. Bəyannamənin adı
Müttəfiqlik haqqında Bəyannamədir və bu ad
özü-özlüyündə hər şeyi deyir.
Bir sözlə, Şuşa
Bəyannaməsi ilə qardaş ölkələrin əlaqələrinin
yeni dövrdəki yol xəritəsi müəyyənləşdirildi.
Sənədin imzalanmasının məhz
Azərbaycan xalqının Qurtuluş Gününə - 15
İyun tarixinə və Qarabağ, Zəngəzur
üçün çox vacib sayılan Qars müqaviləsinin
100-cü ildönümünə təsadüf etməsinin
xüsusi rəmzi mənası var idi. Bütün
dünya tarixin təkrarlanmasına və oxşar hadisələrin
yenidən baş verməsinə şahidlik etdi. Təsadüfi deyildi ki, Şuşada Türkiyə
lideri ilə bəyannamə imzalayarkən Azərbaycanın
Prezidenti Qars müqaviləsini yada saldı. İlham
Əliyev dedi ki, tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da
böyük rəmzi məna daşıyır. Yüz
ildən sonra azad edilmiş Şuşa
şəhərində müttəfiqlik haqqında
imzalanmış birgə bəyannamə gələcək
işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə
bir çox önəmli məsələ öz əksini
tapır. Beynəlxalq müstəvidə
birgə əməkdaşlıq, fəaliyyət, siyasi əlaqələr,
iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil,
idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr
əhatə olunur. “Cənub qaz dəhlizi”nin
Türkiyə, Azərbaycan, dünya üçün önəmi
göstərilir. Sənəddə hər bir məsələ
çox böyük önəm daşıyır.
Bu bəyannamə ilə həm də yeni
hərbi güc yarandı. Belə ki, bundan sonra
bütün qonşu dövlətlər və dünya
ictimaiyyəti bilməlidirlər ki, Azərbaycanın dövlət
suverenliyini təhdid etmək fikrinə düşənlər
yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
Həmin gün Şuşada bayram bayrama
qarışdı. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə “Musiqi irsi və Qarabağ atları Cıdır
düzündə” adlı musiqili kompozisiya təqdim edildi.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan, birinci xanım Əminə Ərdoğan “Xan
qızı” bulağında oldular.
Kəlbəcərin tunelləri,
körpülər, “İstisu” sanatoriyası...
Prezident işğaldan azad edilən Kəlbəcər
rayonuna ilk səfərini avqustun 16-da reallaşdırdı. Dövlət
başçısı və birinci xanım Mehriban Əliyeva
Ömər aşırımından keçməklə Kəlbəcərə
gəlirlər.
Bu yol son bir neçə ay ərzində
genişləndirilib. Çünki yol demək olar ki, keçilməz idi.
İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş
çox rahat olacaq.
Kəlbəcər şəhərində
dövlət bayrağını ucaldan Prezident N saylı hərbi
hissədə hərbçilər üçün
yaradılan şəraitlə tanış
oldu. İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva səfər çərçivəsində
“İstisu” sanatoriyasına da baş çəkdilər.
Burada yeni yol çəkilir - İstisu-Minkənd
yolu. O yol ki
heç vaxt olmayıb. Uzunluğu 51 kilometr olan
yol Kəlbəcərin İstisu qəsəbəsini
Laçının Minkənd kəndi ilə birləşdirəcək.
Bu, Kəlbəcər və Laçın
rayonları arasında ikinci bağlantı olacaq.
Səfər çərçivəsində
Prezident Kəlbəcər-Laçın avtomobil yolu üzərində
inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava
Limanının təməlini qoyur.
Hər bir azərbaycanlının
ürəyini dağa döndərən yenidənqurma işləri
“Biz Qarabağı dirçəldəcəyik,
onu dünyanın ən inkişaf etmiş regionlarından
birinə, Şərqi Zəngəzuru isə cənnətə
çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki
bu günə qədər verilən bütün vədlər
həyatda öz əksini tapdı, bir dənə də olsun vəd
yerinə yetirilməmiş qalmadı və İkinci
Qarabağ müharibəsindəki parlaq Qələbəmiz
buna əyani sübutdur”.
Vətən müharibəsindəki
şanlı Zəfərdən sonra işğaldan azad edilən
torpaqlarımıza səfəri zamanı, eləcə də
iştirak etdiyi beynəlxalq toplantılarda bu fikirləri qətiyyətlə
söyləyən İlham Əliyev cəmi bir il
ərzində gördüyü işlərlə sözünə,
əməlinə sadiq lider olduğunu bir daha isbatlayır. Bu
gün Qarabağın inkişafı, Zəngəzur dəhlizinin
açılması istiqamətində atılan addımlar,
ümumilikdə Böyük qayıdış planının
icrasına başlanması istiqamətində görülən
işlər bir daha təsdiq edir ki, Qarabağı 44 günə
düşməndən təmizləyən qüdrətli Sərkərdə
indi onun yüksəlişinin baş memarı kimi xariqələr
yaradır.
Avqustun 29-30-da Füzuli və Şuşa şəhərlərinə səfərlər
də bir daha təsdiqləyir ki, İlham Əliyev qısa
zamanda işğaldan azad edilmiş ərazilərdə
möhtəşəm layihələr gerçəkləşdirməklə
bir daha Azərbaycanın qüdrətini dünyaya
nümayiş etdirir.
Bu il Şuşaya 5-ci səfəri
zamanı Prezidentin açılışını etdiyi
obyektlər hər bir azərbaycanlının ürəyini
dağa döndərdi. İlham Əliyevə təqdim edilən
şəhərin baş planına uyğun olaraq yeni
yaşayış kompleksinin, “Otel və Konfrans Mərkəzi”nin təməl daşı qoyuldu. Plana əsasən ilkin mərhələdə Şuşada
3, 4 və 5 mərtəbəli 25 yaşayış
binasının inşası nəzərdə tutulur.
Şuşada “Qarabağ” hotelinin, Molla Pənah
Vaqifin büstünün, muzey-məqbərə kompleksinin,
Xalq artisti Bülbülün ev-muzeyinin, Üzeyir bəy
Hacıbəylinin heykəlinin açılış mərasimləri
olur.
Avqustun 30-da Şuşada uzun illərdən
sonra yenidən bərpa edilən Vaqif Poeziya Günlərinin
açılış mərasimi keçirilir və 39 illik
tarixi olan Vaqif Poeziya Günləri yenidən canlanır. Prezident İlham Əliyevin Şuşa
şəhərini ölkənin mədəniyyət
paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi
festivalının və Vaqif Poeziya Günlərinin bərpa
edilməsi təkcə Şuşa şəhərində
deyil, bütövlükdə torpaqlarını işğaldan
azad etmiş və ərazi bütövlüyünə
qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın
təntənəsinə çevrildi.
30 il suya
həsrət qalan torpaqlarda canlanma yaranır
Böyük Qələbədən sonra
işğaldan azad edilmiş ərazilərimizdəki
mövcud su ehtiyatları su təminatı çətin olan
bölgələrə suyun davamlı verilməsinə, əkin
sahələrinin genişləndirilməsinə, su
qıtlığının aradan qaldırılmasına, kənd
təsərrüfatında yüksək məhsuldarlığın
əldə edilməsinə və ekoloji tarazlığın bərpa
edilməsinə təminat yaratdı. Çünki ermənilər
illərlə torpaqlarımıza gələn suların
qarşısını ya kəsir, ya da çirkləndirməklə
ekoloji terror törədirdilər.
Bu gün artıq mövcud olan su elektrik
stansiyaları hesabına susuz qalmış torpaqlarımıza
canlanma gəlib.
Oktyabrın 3-də Prezidentin Qarabağa növbəti səfərində
açılışı olan “Suqovuşan-1” və
“Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları bu məqsədlərə
xidmət edir. Məhz Suqovuşan azad edildikdən sonra 30 il ərzində ilk dəfə olaraq Tərtər
və digər rayonlara su verildi. Bu günə qədər
suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu
qəsəbənin azad edilməsi nəticəsində su
verilib və indi itkiyə yol verməmək üçün
kanallarda təmir işləri gedir.
Bu gün Prezidentin
tapşırığına əsasən Şərqi Zəngəzur
və Qarabağ iqtisadi zonalarında mövcud olan su
ehtiyatlarının səmərəli şəkildə istifadəsi
ilə bağlı konkret addımlar atılır və
çox ciddi proqram icra edilir. İlham Əliyev də bu
stansiyaların açılışı zamanı bildirdi ki,
artıq su mənbələrinin bütün xəritələri
tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə
duran məsələdir.
Bu səfər çərçivəsində
Prezident Tərtərin Talış kəndi və Suqovuşan
qəsəbəsində aparılan yenidənqurma işləri
ilə də tanış odlu. Suqovuşan qəsəbəsinə və
Talış kəndinə gedən avtomobil yollarının
açılışını etdi,
Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini
qoydu.
İkinci Qarabağ müharibəsindən
sonra Azərbaycanın regionda yaratdığı reallıq hər
kəs tərəfindən açıq-aydın
görünür. Bu gün regionda diktəni İlham Əliyev edir.
dövlət kimi işğaldan azad edilən torpaqlarda
müxtəlif istiqamətli layihələr reallaşdıran
Azərbaycan həm də xarici investorları Qarabağ və
Şərqi Zəngəzura investisiya yatırmağa səsləyir.
İlham Əliyev iştirak etdiyi bütün
toplantılarda strateji tərəfdaş olmayan ölkələrin
də sahibkarlarına çağırış edərək
onları Azərbaycana dəvət edir.
Artıq işğaldan azad olunan ərazilərdə
bir çox xarici şirkət fəaliyyət göstərir. Oktyabrın 4-də
Prezidentin Cəbrayıl rayonuna səfəri zamanı
açılışını etdiyi “KamAZ” ASC ilə “Gəncə
Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin
açılışı da bunu təsdiqləyən
reallıqdır. Şərqi Zəngəzur
iqtisadi rayonunda böyük ərazilər və dövlətin
investorlara güzəştləri xarici sahibkarların Azərbaycana
marağını daha da artırır.
Onu da əlavə edək ki, ötən il Cəbrayılda bir sıra müəssisə,
yeni obyektlərin təməli qoyulub. Prezidentin
iştirakı ilə 110/35/10 kV-luq “Cəbrayıl”
yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin
hərbi hissə kompleksinin açılışı olub.
Oktyabrın 4-də İlham Əliyev Cəbrayıl
Mərkəzi Xəstəxanasının, məktəb
binasının və Cəbrayıl şəhəri ilk
çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl
Memorial Kompleksinin, Cəbrayıl şəhərinin bərpasının
təməl daşını qoyub.
Hadrutdan düşmənə
gözdağı
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə
yaşanan tikinti bumu Ermənistana gözdağı verir. Dünya isə bir daha
şahidi olur ki, torpağın əsl sahibi kimdir. Qeyri-qanuni məskunlaşma siyasətinin bir gün
sonu olmalı idi. Müharibəyə qədər
ermənilərin ən çox məskunlaşdığı
və strateji məkan hesab etdiyi yer Hadrut qəsəbəsi
idi.
44 günlük savaşda Hadrutun Azərbaycan
Ordusunun Zəfər yürüşündə düşməndən
azad edilməsi böyük taktiki və psixoloji
üstünlüyün əldə olunması ilə nəticələnib. Hətta qəsəbənin
işğaldan azad edilməsi xəbərindən sonra belə
Ermənistan rəhbərliyi xalqın qəzəbinə
tuş gəlməmək üçün yalan informasiya
yayaraq Hadrutun onların nəzarəti altında olduğunu bəyan
edirdi. Lakin bir qədər sonra yalan
ifşa olundu.
Ötən il İlham
Əliyev Qalib Sərkərdə kimi Hadrut dağlarına
qalxdı. Oktyabrın 9-na təsadüf edən bu səfərdə
Ali Baş Komandan düşmənə bir daha
gözdağı verdi. Qəsəbədə
yeni məscidin və yeni “Hadrut” Qovşaq
yarımstansiyasının təməli qoyuldu. Hadrutdan Tuğ kəndinə səfər edən
dövlət başçısı bir daha erməni vəhşiliyini
dünyaya nümayiş etdirdi. Azərbaycanın
ən qədim kəndlərindən biri olan Tuğda
bütün dini, mədəni abidələrimiz
darmadağın edilmişdi. Amma Prezident
onların hər birinin təmir olunacağını bildirdi.
Oktyabrın 17-də isə Füzuli
rayonunda bir ilk yaşandı. Şəhərin baş
planına əsasən Füzuli Memorial Kompleksi,
Füzuli-Ağdam yolu və şəhərin təməl
daşı qoyuldu. Həmçinin işğal zamanı
daşı daş üstündə qalmayan Dövlətyarlı
kəndində yeni “ağıllı kənd” layihəsinə
start verildi.
Qeyd edək ki, “Azərişıq” ASC-nin
Füzuli şəhərində Rəqəmsal Yarımstansiya
İdarəetmə Mərkəzinin yaradılması istiqamətində
də işlər davam edir. Eyni proseslər Zəngilan və
Qubadlı rayonlarında da reallaşdırılır.
Oktyabrın 20-də Zəngilan, 25-də
Qubadlı rayonlarına səfəri zamanı İlham
Əliyev mühüm obyektlərin inşası ilə tanış olur, rayonlar üçün vacib
sayılan layihələrə start verilir.
Digər rayonlarda olduğu kimi, Zəngilanda
da Rəqəmsal Yarımstansiyasının təməli
qoyulur. “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan”
yarımstansiyasının açılışı olur.
Mərasimlərdən sonra Prezident Zəngilan
rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşür.
Qubadlı rayonunda Xudafərin-Qubadlı-Laçın
avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər
mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma
mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli
110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət
Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin
açılışlarında dövlət
başçısı iştirak edərək
vurğulayır ki, tezliklə əhalinin doğma yurdlarına
qayıtması üçün bütün infrastrukturlar tam
hazır vəziyyətə gətiriləcək. Buna Azərbaycan dövlətinin gücü, qüdrəti
çatır. Kimdənsə yardım,
kömək istəmək bu ölkəyə yaraşmaz.
Türkiyə Prezidentinin
Qarabağa 2-ci səfəri, 8 aya inşa edilən hava
limanı
Oktyabrın 26-da Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci dəfə
Qarabağa səfər edir və bu dəfə Şərqi Zəngəzurda
görülən işlərlə tanış
olur.
Öncə dövlət
başçıları Füzuli Beynəlxalq Hava
Limanının açılış mərasiminə
qatılıb burada yaradılan şəraitlə tanış olurlar. Sonra prezidentlər
Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun təməlqoyma mərasimində iştirak edirlər.
Həmin gün liderlər Zəngilanda “Dost
Aqropark”ın təməlini qoyublar.
Rəcəb Tayyib Ərdoğan ön
sözünü yazdığı və “Anadolu” Agentliyi tərəfindən
hazırlanan “Qarabağ Zəfəri” kitabını Prezident
İlham Əliyevə təqdim edir.
Liderlər Ağalı kəndində həyata
keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində
görülən işlərlə tanış
olurlar. Sonra təkbətək görüş
keçirilir və prezidentlər mətbuata birgə bəyanatla
çıxış edirlər.
İlham Əliyev bəyan edir ki, Füzuli
Beynəlxalq Hava Limanının açılışında
birlikdə iştirakımız bir daha Azərbaycan və
Türkiyə birliyini, gücümüzü göstərir. Bu onu göstərir ki,
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər
zaman bir-birinin yanındadır.
Rəcəb Tayyib Ərdoğan isə qeyd
edir ki, qısa zaman ərzində böyük işlərin
görülməsi Azərbaycanın qüdrətinin nə qədər
yüksək olduğundan xəbər verir: “Bu qədər
qısa müddətdə bölgənin bərpası istiqamətində
görülən işlər həm Azərbaycan, həm də
regionumuz üçün qürurverici və ümidvericidir”.
Həmin gün Türkiyə Prezidentinin səfəri
başa çatır və bir daha dünyaya bəlli olur ki,
bu birlik sarsılmazdır. Bu səfər zamanı təməli
qoyulan Zəngəzur dəhlizi isə bütün türk
dünyasını birləşdirəcək layihədir.
İlham Əliyevin qətiyyəti
- “Zəfər yolu”nun açılışı, Topxana
meşəsinin bərpası
Ötən il noyabr
ayında daha bir yaddaqalan tarixi hadisə baş verir. Füzulidən Şuşaya çəkilən “Zəfər
yolu” İlham Əliyevin iştirakı ilə noyabrın 7-də
istifadəyə verilir.
“Zəfər yolu”nun tikintisinin qısa
vaxtda həyata keçirilməsi Azərbaycan xalqının
qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik
düşüncəsinin, yüksək texnoloji imkanların
istifadə olunduğu bu layihə ilin bütün fəsillərində
çətin relyef şəraitində, keçilməz
dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada
analoqu olmayan layihə Azərbaycan dövlətinin
gücünü, onun malik olduğu potensialı və ən əsası,
İlham Əliyevin qətiyyətini bütün dünyaya
göstərdi.
Dövlət başçısı bu səfəri
zamanı Heydər Əliyev Fondu tərəfindən
Aşağı Gövhər ağa məscidində və
Mehmandarovların malikanə kompleksində aparılan bərpa
işləri ilə tanış olur.
Şuşada Topxana meşəsinin bərpasına start verilir
və ağacəkmə aksiyası keçirilir. Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Cıdır düzündə ağac əkirlər.
Azərbaycan xalqına bəllidir ki,
İlham Əliyev doğum gününü qeyd etməyi sevməyib. Prezident adətən həmin
günü qaçqın və məcburi köçkün
ailələri ilə birgə keçirirdi. İlham Əliyev 50 illik yubileyini Ağcabədidə
məcburi köçkün ailəsi ilə birgə qeyd
etmişdi. 60 illik yibileyini isə
Qarabağda - Şuşada, Cıdır düzündə qeyd
etdi.
Dekabrın 24-də Prezident ailə üzvləri
ilə birlikdə Xocavənd və Şuşaya gəldi. Öncə Müzəffər
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə
səfər edib, burada hərbi hissənin
açılışında iştirak etdi. Yeni yaradılan “Komando Briqadası”nda
yaradılmış şəraitlə maraqlandı və hərbçilərin
sərgilədikləri müxtəlif döyüş
tapşırıqlarının icra prosesini izlədi. Ali
Baş Komandan hərbçilər qarşısında
çıxışı zamanı dedi ki, ölkəmizdə
“Komando” briqadalarının sayı getdikcə artacaq və Azərbaycan
Silahlı Qüvvələri dünyanın ən
güclü silahlı birləşmələri
sırasındakı mövqeyini daha da
yaxşılaşdıracaq.
Daha sonra Şuşaya gəlib Cıdır
düzündə çıxış edən Prezident dedi ki,
50 və 60 illik yubileylərinin Qarabağda qeyd edilməsinin rəmzi
mənası var, bu iki tarix arasında bir
canlı bağlantı var.
Ölkə ərazisində və bölgədə
gedən proseslərə Azərbaycan heç zaman seyrçi
olmayıb. Ancaq bütün proseslər böyük dərəcədə
Azərbaycan tərəfindən həyata keçirilirdi.
Azərbaycan bölgə gündəliyini
formalaşdırırdı. İkinci
Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən
sonra isə bu gün güc, nüfuz və təsir dairəsi
daha da genişlənib.
Bir sözlə, 44 günlük Vətən
müharibəsindəki Şanlı Zəfərdən sonra
İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirdiyi yenidənqurma, tikinti-quruculuq işləri
Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Çünki İlham
Əliyevin dediyi kimi, Azərbaycan yalnız öz gücünə,
heç bir dövlətdən yardım almadan bu layihələri
gerçəkləşdirir. Ötən il
Prezidentin 32 dəfə bu iki iqtisadi rayona səfərləri də
onu deməyə əsas verir ki, bütün işlər
dövlət başçısının ciddi nəzarəti
altındadır. Tezliklə Qarabağda, Şərqi Zəngəzurda
möhtəşəm layihələrin icrası
yekunlaşacaq və Böyük qayıdış
başlayacaq.
Qarabağ və Şərqi Zəngəzurda
açılışı olan sosial-iqtisadi infrastrukturlar, mədəniyyət
abidələri
Yol-nəqliyyat layihələri:
* Füzuli Beynəlxalq Hava Limanı;
* “Zəfər yolu”;
* Suqovuşan qəsəbəsinə və
Talış kəndinə gedən avtomobil yolları;
* Qubadlı şəhər mərkəzinə
gedən Xanlıq-Qubadlı yolu.
Enerji layihələri:
* 110/35/10 kilovoltluq “Şuşa”
yarımstansiyası;
* 110/35/10 kilovoltluq “Füzuli”
yarımstansiyası;
* 110/35/10 kilovoltluq”Cəbrayıl”
yarımstansiyası;
* 110/35/10 kilovoltluq “Zəngilan”
yarımstansiyası;
* 110/35/10 kilovoltluq “Qubadlı”
yarımstansiyası;
* “Güləbird” Su Elektrik Stansiyası;
* “Suqovuşan-1” və “Suqovuşan-2”
Kiçik Su Elektrik stansiyaları.
Hərbi infrastruktur:
* Zəngilanda DSX-nin hərbi hissə
kompleksi;
* Qubadlıda DSX-nin yeni hərbi hissə
kompleksi;
* Cəbrayılda Sərhəd
Qoşunlarına məxsus yeni hərbi hissə;
* Hadrutda “Komando Briqadası”.
Sosial infrastruktur və mədəniyyət
abidələri:
* Şuşada “Xarıbülbül” hoteli;
* Şuşada “Qarabağ” hoteli;
* Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksi;
* Şuşada Bülbülün ev-muzeyi;
* Şuşada Molla Pənah Vaqifin
büstü;
* Şuşada Üzeyir bəy Hacıbəylinin
heykəli.
Qarabağ və Şərqi
Zəngəzurda təməli qoyulan sosial-iqtisadi infrastrukturlar:
Yol-nəqliyyat layihələri:
* Füzuli Beynəlxalq Hava Limanı;
* Zəngilan Beynəlxalq Hava Limanı;
* Laçın Beynəlxalq Hava Limanı;
* Horadiz-Zəngilan-Ağbənd dəmir
yolu xətti;
* Füzuli-Şuşa yolu;
* Füzuli-Hadrut avtomobil yolu;
* Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolu;
* Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yolu;
* Bərdə-Ağdam avtomobil yolu;
* Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan
avtomobil yolu;
* Kəlbəcər-Laçın yolu
üzərində yeni tunel;
* Zəngilan-Horadiz avtomobil yolu;
* Füzuli-Ağdam avtomobil yolu;
* Daşaltı kəndinin ərazisindən
keçən tunel.
Enerji layihələri:
* Zəngilan Rəqəmsal
Yarımstansiyası;
* Füzuli şəhərində Rəqəmsal
Yarımstansiya İdarəetmə Mərkəzi.
Sənaye infrastrukturu:
* Ağdam Sənaye Parkı;
* Şərqi Zəngəzurda “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkı;
* Zəngilan “Dost Aqropark”;
* Cəbrayılda “KamAZ” ASC və “Gəncə
Avtomobil Zavodu”nun birgə servis mərkəzi.
Sosial və mədəniyyət
layihələri:
* Şuşa Rayon Mərkəzi
Xəstəxanası;
* Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası;
* Cəbrayıl Memorial Kompleksi;
* Cəbrayıl şəhərinin təməl
daşı;
* Şuşa
Radio-Televiziya yayım qülləsi;
* Füzulidə ilk yaşayış
binaları;
* Cəbrayılda çoxmənzilli
yaşayış məhəlləsi;
* Zəngilan
“ağıllı kənd” layihəsi;
* Ağdam şəhərində
inşa olunacaq ilk yaşayış binası;
* Ağdam şəhər
1 saylı məktəb;
* Şuşa şəhər
1 saylı məktəb;
* Cəbrayılda akademik
M.Mehdizadə adına tam orta məktəb;
* Şuşada “Otel və Konfrans Mərkəzi”;
* Şuşada inşa olunacaq ilk
yaşayış binası;
* Füzulinin Dövlətyarlı kəndində
“ağıllı kənd” layihəsi;
* Daşaltı kəndində məscid;
* Şuşada yeni məscid.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 8 yanvar.- S.1; 4-5.