7 səfər, 12 prezident və 3 beynəlxalq təşkilat
rəhbəri ilə görüş
Prezident İlham Əliyevin ötən il xarici ölkələrə
səfərləri Azərbaycan diplomatiyasının növbəti
nailiyyətləri oldu
2021-ci il Azərbaycan üçün bütün sahələrlə yanaşı, xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu oldu.
Bu dövrdə Azərbaycan nəinki beynəlxalq əlaqələrini daha da genişləndirdi, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Ötən il ərzində Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, çoxşaxəli və qətiyyətli olduğunu təsdiq edir. Bu səfərlər həm də ondan xəbər verdi ki, Vətən müharibəsində qazanılan Zəfər ötən il Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsində böyük rol oynayıb.
Prezident İlham
Əliyevin siyasi-diplomatik uğuru
Prezident İlham Əliyev ötən
il ilk xarici səfərini Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə
Moskvaya etdi. İşgüzar xarakter
daşıyan bu səfərdə Azərbaycan və Rusiya
prezidentlərinin, Ermənistanın baş nazirinin
iştirakı ilə üçtərəfli
görüş keçirildi.
Görüşün keçirilməsi
Azərbaycanın 44 günlük müharibədəki Zəfərinin
hüquqi-siyasi təsdiqi olan 10 noyabr Bəyanatında yer alan məsələlərdən irəli gələn
prioritetlərlə bağlı idi.
Moskvadakı
görüşün yekunu ilə bağlı üçtərəfli
Bəyanat imzalandı. İqtisadi və regional əməkdaşlıq
məsələlərini nəzərdə tutan ikinci bəyanatın
qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi
hazırkı nəticələrin təftişi deyil,
perspektivə istiqamətlənmiş məsələlərin
həyata keçirilməsi ilə bağlıdır. Bu
sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın
baş naziri tərəfindən imzalanmış 2020-ci il 10
noyabr tarixli üçtərəfli Bəyanatı bir daha təsdiqlədi
və
kommunikasiyaların bərpası ilə
bağlı əks olunmuş müddəaların həyata
keçirilməsi mexanizmlərinin
formalaşdırılması üçün müvafiq vəzifələri
müəyyən etdi. Moskvada imzalanan növbəti bəyanat
Prezident İlham Əliyevin uğuru və siyasi-diplomatik qələbəsi
oldu.
Bu səfər zamanı həm
də Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli
görüşü keçirildi. Qeyd edildi ki, Azərbaycan-Rusiya
münasibətləri son illərdə sürətlə
inkişaf edib. Xüsusən, iki ölkənin
prezidenti arasında olan dostluq münasibətləri,
onların siyasi iradəsi və birgə səyləri
bütün sahələrdə əməkdaşlığın
genişlənməsi üçün möhkəm zəmin
yaradıb. Bunun nəticəsidir ki, ildən-ilə
yüksələn xətt üzrə inkişaf edən dövlətlərarası
münasibətlər hazırda strateji səviyyəyə
yüksəlib. Ötən il yanvarın
11-də keçirilən görüş zamanı da hər
iki dövlət başçısı əlaqələrin
daha da dərinləşdirilməsi barədə fikir
mübadiləsi aparmışdılar.
Azərbaycanla
Rusiya vahid mövqedən çıxış edirlər
Prezident İlham Əliyev 2021-ci il ərzində növbəti xarici səfərini
də iyul ayının 2-də Rusiya Federasiyasına edib. Bu işgüzar səfər bir daha Azərbaycanla bu
ölkə arasında siyasi-iqtisadi münasibətlərin
qonşuluq və dostluq prinsiplərinə söykənərək
daha da dərinləşdiyini göstərdi. Belə ki,
Azərbaycanla Rusiya arasında qarşılıqlı siyasi,
iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın
daha da inkişaf etdirilməsi üçün siyasi iradə
var və prezidentlərin Moskva görüşündə bu istiqamətdə
postpandemiya dövrünün yaradacağı
imkanları da nəzərdən keçirildi.
Təbii ki, bu səfərin ən
mühüm məqamı iki dövlət
başçısının Azərbaycan və Rusiya prezidentlərinin
və Ermənistan baş nazirinin imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə
tutulmuş məsələlərin icrası ilə
bağlı vahid mövqe nümayiş etdirməsinin növbəti
dəfə öz təsdiqini tapmasıdır. Bir daha məlum
oldu ki, hər iki dövlət başçısı bəyanatla
nəzərdə tutulmuş razılaşmaların, həmçinin
bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi
ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin
açılması məsələsində vahid mövqedən
çıxış edir və bəyanatın müddəalarının
yerinə yetirilməsində qətiyyət nümayiş
etdirirlər.
Ermənistanda 2020-ci il
10 noyabr razılaşmasının icrasına əngəl
törətmək istəyən qüvvələrin
mövcudluğu məlumdur. Prezident İlham
Əliyevin Moskvada Rusiyanın dövlət
başçısı ilə keçirdiyi görüş
bir daha təsdiqlədi ki, regionda sabitliyin, təhlükəsizliyin
və sülhün bərqərar edilməsində,
qarşılıqlı etimad mühitinin yaradılmasında
maraqlı olmayan həmin qüvvələrin cəhdləri
heç bir nəticə verməyəcək.
Bu səfər zamanı Azərbaycan
və Rusiya prezidentləri səmimi, konstruktiv və ikitərəfli
əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş
müzakirələr apardılar ki, bu da iki dövlət
başçısı arasında şəxsi münasibətlərin,
Rusiya-Azərbaycan əlaqələrinin və geosiyasi
reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli
gəlir.
İlham Əliyev
türk dünyasına Zəfər sevinci bəxş etdi
Noyabrın 11-də Prezident
İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının VIII Zirvə görüşündə
iştirak etmək üçün Türkiyəyə səfər
edib. Qeyd edək
ki, İstanbulda noyabrın 12-də keçirilən Türk
Şurasının Zirvə Görüşü mühüm
hadisələrlə əlamətdar oldu: Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının katibliyinin yeni
binasının açılış mərasimi
keçirildi, şuranın adının “Türk Dövlətləri
Təşkilatı”na dəyişdirilməsi, Türkmənistana
Türk Dövlətləri Təşkilatında
müşahidəçi statusunun verilməsi, “Türk
dünyasına baxış - 2040” sənədinin qəbulu ilə
bağlı qərarlar qəbul olundu. VIII Zirvə
görüşünün ən mühüm hadisəsi isə
Prezident İlham Əliyevin Türk Dünyasının Ali
Ordeni ilə təltif edilməsi oldu.
Prezident İlham Əliyev bu
mükafata Azərbaycanın Vətən müharibəsindəki
tarixi və möhtəşəm qələbəsinə və
türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə
görə təltif olundu. Vətən
savaşındakı qələbə ilə Azərbaycan 30 ilə
yaxın işğal altında qalan torpaqlarını azad etdi.
Ermənistanın işğal siyasətinə
son qoymaqla Azərbaycan BMT-nin kağız üzərində
qalan qətnamələrinin icrasını təmin etdi. Bu qələbə regionda yeni siyasi-iqtisadi
reallıqlar və əməkdaşlıq imkanları
yaradıb.
Türk Dünyasının Ali
Ordenini təltif edərkən “Hörmətli Prezident, Əziz
qardaşım, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev” - deyə müraciət edən Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki: “Qətiyyətli
rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam
edən işğala 44 gün kimi qısa müddətdə
son qoyulub. Bu, təkcə azərbaycanlı
qardaşlarımız üçün deyil, bütün
türk dünyası üçün böyük əhəmiyyət
daşımaqdadır”. Türkiyə
Prezidenti xüsusi vurğuladı ki, Azərbaycanın ərazi
bütövlüyünü yenidən təmin etməsi
türk dünyasının birliyinin və bərabərliyinin
genişləndirilməsinin, Qarabağın
azadlığının rəmzi olan “Xarıbülbül”
türk dünyası üçün Zəfərin müjdəsi
olmuşdur.
Prezident İlham Əliyevin Türk
Dünyasının Ali Ordeni ilə təltif olunması
dövlətimizin başçısının şəxsiyyətinə
göstərilən böyük ehtiramın nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı
yüksək nüfuzunun təcəssümüdür.
Türk Şurasının Zirvə
görüşündə Azərbaycan Prezidenti İlham
Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev,
Qırğız Respublikasının Prezidenti Sadır Japarov,
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın
Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının Baş katibi
Bağdad Amreyev iştirak ediblər.
Bu səfər zamanı
Prezident İlham Əliyevin Qırğız
Respublikasının Prezidenti Sadır Japarovla ayrıca
görüşü keçirilib. Görüşdə
iki ölkə arasında iqtisadi-ticari münasibətlərin
genişləndirilməsi, investisiyalar, energetika, nəqliyyat və
digər sahələrdə, eyni zamanda, beynəlxalq təşkilatlar
çərçivəsində əlaqələrin gücləndirilməsi
məsələləri müzakirə olunub.
Soçi
görüşü Azərbaycanın qətiyyətli
mövqeyinin təmin olunması ilə nəticələndi
Noyabrın 26-da Prezident
İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə
Soçi şəhərinə işgüzar səfər
etdi. Həmin gün də Soçidə Azərbaycan
Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın
baş naziri Nikol Paşinyan arasında növbəti
üçtərəfli görüş keçirildi.
Görüşün əsas
müzakirə mövzusu 2020-ci il noyabr Bəyanatının,
həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin
bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın
yerinə yetirilməsinin gedişi barədə oldu. Prezident
İlham Əliyev üçtərəfli görüşdə
Azərbaycanın mövqeyini bir daha diqqətə
çatdıraraq dedi: “Ermənistan ilə Azərbaycan
arasında sərhəd delimitasiya edilməyib. Buna
görə biz dəfələrlə açıq
bildirmişik ki, delimitasiya prosesinə təxirə
salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə
açıq təklif etmişik ki, qarşıdurmaya son
qoymaq, bir-birinin ərazi bütövlüyünü,
suverenliyini tanımaq və gələcəkdə qonşular
kimi yaşamağı, yenidən qonşular kimi
yaşamağı təşviq etmək üçün
sülh müqaviləsi üzərində işə
başlayaq”.
Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında
Prezident İlham Əliyevin toxunduğu məsələlər
ətrafında danışdı. Rusiya
Prezidenti də iki dövlət arasında sərhədin
demarkasiyası və delimitasiya işlərinin
başlanılmasını vacib hesab etdi. Eyni
zamanda Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından
bəhs etdi və bunun həm dəmir yoluna, həm də
avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Rusiya Prezidentinin fikirləri bir daha
göstərdi ki,
Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən
ən ali səviyyədə dəstəklənir.
Soçi
görüşü vacib razılaşmaların əldə
olunması ilə nəticələndi. Azərbaycan
üçün mühüm olan həm də odur ki, ötən
ilin yanvarında Moskvada keçirilən ilk görüşdə
olduğu kimi, Prezident İlham Əliyev Soçidə də
müzakirə olunan bütün məsələlərlə
bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə
təmin etdi.
İƏT-ə
üzv ölkələr Zəngəzur dəhlizindən
istifadə edəcəklər
Noyabrın 28-də Prezident
İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının
15-ci Zirvə Toplantısında iştirak etmək
üçün Türkmənistana səfər etdi. Azərbaycan
İƏT-in fəal üzvüdür. İƏT-ə
üzv dövlətlərlə respublikamızın münasibətləri
dostluq və qarşılıqlı hörmətə əsaslanır.
Azərbaycan beynəlxalq
platformalarda, o cümlədən İslam Əməkdaşlıq
Təşkilatı və Qoşulmama Hərəkatı
çərçivəsində İƏT-ə üzv
dövlətlərlə səmərəli əməkdaşlıq
edir.
Zirvə toplantısında
çıxışı zamanı Prezident İlham Əliyev
Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, Vətən
müharibəsində qazanılan Zəfər, Ermənistanın
Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər,
bölgədə yaranan yeni reallıqlar, habelə
respublikamızın pandemiya ilə qlobal mübarizəyə
töhfələri barədə məlumat verdi. Zəngəzur dəhlizinin Şərq-Qərb və
Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə
çevriləcəyini qeyd edən Prezident İlham Əliyev əmin
olduğunu bildirdi ki, İƏT-ə üzv ölkələr
bundan istifadə edəcəklər.
Zirvə
görüşündə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsindəki
qələbəsinin əhəmiyyətindən
danışdı, bunun bölgədə normallaşdırma səylərini
gücləndirəcəyini vurğuladı. Pakistan
Prezidenti Arif Alvi də Azərbaycanın Vətən
müharibəsindəki Qələbəsi münasibətilə
təbriklərini çatdırdı. “Bu
fürsətdən istifadə edib Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi və ərazi
bütövlüyünün bərpası münasibətilə
Prezident Əliyevi bir daha təbrik etmək istərdim. Onun bu işə töhfəsini çox yüksək
qiymətləndirirəm” -deyə Prezident Arif Alvi bildirib.
Türkmənistana səfəri
zamanı Prezident İlham Əliyevlə bu ölkənin
Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Seyid
İbrahim Rəisi, Tacikistan Respublikasının Prezidenti Emoməli
Rəhmon, Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi
arasında görüşlər keçirildi.
Azərbaycanla
Avropa İttifaqı arasında əlaqələr uğurla
inkişaf edir
2021-ci il
dekabrın 13-də Prezident İlham Əliyev Avropa
İttifaqının Şərq Tərəfdaşlığı
Proqramının VI Sammitində iştirak etmək
üçün Belçika Krallığının
paytaxtı Brüsselə işgüzar səfər etdi. Mötəbər beynəlxalq təşkilat olan
Avropa İttifaqı (Aİ) ilə də Azərbaycanın əlaqələrində
son illərdə çox ciddi irəliləyişlər
baş verib. Azərbaycanla Aİ
arasında bir çox istiqamətlərdə, o cümlədən
enerji təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlıq
mövcuddur.
Dekabrın 14-də Prezident
İlham Əliyevlə Aİ Şurasının Prezidenti
Şarl Mişel arasında keçirilən görüşdə
də əlaqələrin uğurla inkişaf etdiyi qeyd edildi. Şarl
Mişelin Azərbaycan Respublikasına səfəri xatırlandı.
Avropa İttifaqının Ermənistanla Azərbaycan
arasında münasibətlərin
normallaşdırılması istiqamətində dəstəyi
vurğulandı. Prezident İlham Əliyev
bu məsələlərə verdiyi töhfəyə görə
Şarl Mişelə təşəkkürünü bildirdi.
Söhbət zamanı, həmçinin
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və
demarkasiyası ilə bağlı məsələlər
müzakirə olundu. Eyni zamanda kommunikasiyaların
açılması, humanitar xarakterli məsələlər və
digər mövzular ətrafında geniş fikir mübadiləsi
aparıldı.
Aİ-nin “Şərq Tərəfdaşlığı”
Proqramı da ölkəmizlə Aİ arasında əlaqələrə
yeni stimul verib.
Dekabrın 15-də Brüsseldə keçirilən
Aİ-nin Şərq Tərəfdaşlığının
VI Sammitində çıxış edən Prezident İlham
Əliyev uğurla inkişaf edən Azərbaycan-Avropa
İttifaqı əlaqələrinə diqqət çəkərək
Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə
paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin
əhəmiyyətini vurğulayıb. Azərbaycanla
Aİ arasında yeni tərəfdaşlıq sazişi üzərində
işin 90 faizdən çoxunun artıq başa
çatdırıldığını bildirən Prezident
İlham Əliyev sənədin qalan hissəsinin
qarşıdan gələn dövr ərzində aparılacaq
danışıqlar nəticəsində
yekunlaşdırılacağına ümidvar olduğunu ifadə
edib. Dövlətimizin
başçısı Azərbaycanın Aİ-nin 9 üzv
dövləti, yəni quruma üzv ölkələrin
üçdəbiri ilə strateji tərəfdaşlığa
dair sənədlər imzaladığını
vurğulayıb. İkitərəfli əsasda
imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin
əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.
Azərbaycan dövləti xarici siyasətdə elan
etdiyi prioritetlərə uyğun olaraq dünyanın
ayrı-ayrı subyektləri ilə özünün siyasi və
iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu
tərəfdaşlıq formatında qurur. Nəinki qurur, o
cümlədən inkişaf etdirir, keyfiyyətcə yeni mərhələyə
qaldırır. Prezident İlham Əliyevin
Belçikaya işgüzar səfəri göstərdi ki,
Aİ ilə yanaşı, Azərbaycanın NATO ilə də
əlaqələri milli maraqlarımıza uyğun şəkildə
genişlənir.
NATO-ya üzv
dövlətlər tərəfindən Azərbaycanın ərazi
bütövlüyünə dəstək ifadə olunub
Dekabrın 14-də NATO-nun
Baş katibinin dəvəti əsasında Azərbaycan
Prezidenti İlham Əliyevlə Alyansın Baş katibi Yens
Stoltenberq arasında keçirilən görüşdə də
bu, bir daha bəyan olundu. NATO-nun Baş katibi Azərbaycanın Alyansın dəyərli
tərəfdaşı olduğunu dedi və Azərbaycan
Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli
dəstək” əməliyyatlarındakı xidmətini
yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan
sülhməramlıları Əfqanıstanı sonuncu tərk
edən hərbi qulluqçular olublar və onlar 120 mindən
çox insanın Əfqanıstan hava limanı vasitəsilə
təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham
Əliyevə təşəkkürünü bildirdi.
Azərbaycanın NATO-nun
etibarlı tərəfdaşı olduğunu qeyd edən
Prezident İlham Əliyev bildirdi ki, bu, artıq onun Alyansın
mənzil-qərargahına yeddinci səfəridir. Diqqətə
çatdırıldı ki, Azərbaycan hərbçiləri
2002-ci ildən 2021-ci il avqustun sonunadək
Əfqanıstanda xidmət ediblər. Prezident İlham
Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə
sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin
olduğunu qeyd etdi, eləcə də Alyansın
aparıcı üzv dövlətlərindən olan qardaş
Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin
mövcud olduğunu dedi.
Görüşdə Azərbaycanın
1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”
Proqramı ilə əməkdaşlığının vacibliyi
vurğulandı. Bu çərçivədə ölkəmizin NATO-nun
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat
Planında və digər proqramlarında fəal
iştirakı, Azərbaycan Silahlı Qüvvələri ilə
NATO Silahlı Qüvvələri arasında operativ hərbi
uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırıldı.
Eyni zamanda Azərbaycanın NATO-nun təlimlərində
və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan
arasında keçirilən təlimlərdə
iştirakı məsələləri ətrafında fikir
mübadiləsi aparıldı.
Söhbət zamanı, həmçinin
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
oynadığı mühüm rolu qeyd olundu. Ölkəmizin
NATO-nun “Qətiyyətli dəstək” missiyasının həyata
keçirilməsində regional nəqliyyat və logistika mərkəzi
kimi verdiyi töhfələr də təqdir edildi.
Dekabrın 14-də
Belçika Krallığının paytaxtı Brüsseldə
NATO-nun Şimali Atlantika Şurasının iclası
keçirildi.
İclasda Azərbaycan-NATO əməkdaşlığı və
praktiki müstəvidə əməkdaşlığın
inkişafı, Alyansın Əfqanıstanda keçirilən
“Qətiyyətli dəstək” missiyasına ölkəmizin
töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma
analiz prosesi və digər proqramlar çərçivəsində
əməkdaşlığın inkişaf etdirilməsi məsələləri,
həmçinin Azərbaycanın Avropanın enerji təchizatında
rolu, regional proseslər barədə ətraflı fikir
mübadiləsi aparıldı.
NATO-ya üzv dövlətlər
tərəfindən ölkəmizin ərazi bütövlüyünə,
suverenliyinə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına bir daha dəstək ifadə olundu. Bu mövqenin
NATO-nun sammit sənədlərində də dəfələrlə
təsbit olunduğu qeyd edildi. NATO-ya
üzv dövlətlər tərəfindən Azərbaycanın
“Qətiyyətli dəstək” missiyasındakı rolu
xüsusi vurğulandı. Azərbaycan hərbçilərinin
Kabul hava limanı vasitəsilə 120 mindən çox
mülki şəxsin təxliyəsində oynadığı
rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edildi.
Azərbaycanın 2002-ci ildən 2021-ci il
avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və
Əfqanıstanı ən son tərk edən ölkələrdən
biri olduğu bildirildi.
Prezident İlham Əliyev Azərbaycanın
regionda oynadığı rol, xüsusilə Vətən
müharibəsinin başa çatmasından sonra bölgədə
yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın
Ermənistanla sülh müqaviləsi üzrə
danışıqlara başlamağa hazır olması, həmçinin
sərhədlərin delimitasiyası və demarkasiyası
prosesinə hazırlıq kimi məsələlər
haqqında ətraflı məlumat verdi. Dövlətimizin
başçısı qeyd etdi ki, NATO-nun 20-yə yaxın
ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin
Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin
Azərbaycandan qaz idxal etdiyi və gələcəkdə bu
coğrafiyanın genişləndirilməsi imkanlarının
olduğu diqqətə çatdırıldı. Azərbaycanın enerji təchizatı sahəsində
etibarlı tərəfdaş olduğu, alternativ mənbə və
alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə
töhfəsini verdiyi qeyd edildi.
Azərbaycanın
növbəti diplomatik uğuru
Dekabrın 14-də
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Aİ
Şurasının Prezidenti Şarl Mişel və Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə
görüşü də keçirildi. Bu növbəti
üçtərəfli görüş bir daha
respublikamızın öz milli maraq və mənafelərini qətiyyətlə
təmin etdiyini göstərdi. Görüşün
gündəliyinə çıxarılan və müzakirə
olunan məsələlər, əldə olunan
razılaşmalar İkinci Qarabağ müharibəsindəki
qələbəni postmüharibə dövründə siyasi
sferada uğurla davam etdirən Azərbaycanın növbəti
diplomatik nailiyyətidir.
Aİ Şurasının
Prezidenti Şarl Mişelin üçtərəfli
görüşün nəticəsinə dair bəyanatı
da Azərbaycanın maraqlarını ehtiva etdi. Bəyanatda
Aİ Şurasının Prezidenti tərəfindən Cənubi
Qafqazda sülhün bərqərar olunması
üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli
sülh müqaviləsinin imzalanmasına
çağırış edilib. Şarl Mişel bildirib
ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr
görüşləri və bəyanatlarından irəli gələn
öhdəliklər yerinə yetirilməlidir.
Bəyanatda səslənən
bütün fikirlər Aİ-nin təşəbbüsü ilə
keçirilmiş Brüssel görüşündə Azərbaycanın
haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş
etdirdi. O
cümlədən bu bəyanat Ermənistanı bir daha
kapitulyasiya aktının şərtlərinə əməl
etməyə vadar edir və bu ölkədə revanşist
meyillərin baş qaldırma ehtimalının heç bir
perspektivi olmadığını təsdiqləyir. Aİ Şurasının Prezidenti “Dağlıq
Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən
istifadə etmədi, Minsk qrupunun adını çəkmədi.
Bu da bir daha təsdiq edir ki, Aİ Azərbaycanın
yaratdığı yeni reallıqları
bölüşür.
Dekabrın 15-də isə
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan
arasında qeyri-formal görüş keçirilib.
Brüsselə səfəri zamanı Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu ilə də görüşüb.
Prezident İlham Əliyev 2021-ci ildə son xarici səfərini Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə edib.
Beləliklə, 2021-ci ildə Prezident İlham Əliyev 7 dəfə xarici səfər edib: 4 dəfə Rusiyaya, 1 dəfə Türkiyəyə, 1 dəfə Türkmənistana və 1 dəfə Belçikaya. Bu səfərlər zamanı Prezident İlham Əliyev 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, Özbəkistan), 3 beynəlxalq təşkilatın rəhbəri (Türk Şurası, Aİ, NATO) 2 ölkənin baş naziri (Macarıstan və Ermənistan) ilə görüşüb. Bu səfərlər və görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər dolğun, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.- 11 yanvar.- S.1; 4.