“Qarabağ ilmələrdə” sənədli
filmi kinoteatrlarda nümayiş etdirilir
Nizami Kino Mərkəzində “Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi keçirilib.
Mərasimdə mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Təqdimat mərasimində xüsusi vurğulanıb ki, ölkəmizin 44 günlük Vətən müharibəsindəki Qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli film “Qarabağ ilmələrdə” adlı sosial layihə çərçivəsində hazırlanıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub. Sonuncu ilmələri işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunur.
Çıxışlarda bildirilidi ki, xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və bölgələrimizdə yaşayan vətəndaşlar ilmə ataraq müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan Qələbənin yaşatdığı hissləri dilə gətiriblər.
Layihəyə “Azərxalça”nın 12 emalatxanası və 16 toxucusu cəlb olunub.
“Qarabağ ilmələrdə” filminin ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissoru Emil Babayev, rejissoru Bəhruz Qədirov, quruluşçu operatoru isə Böyükağa Nağıyevdir. Ekran işi Vətən müharibəsində hər bir azərbaycanlının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır.
“Qarabağ ilmələrdə” sənədli filmi kinoteatrlarda uğurla nümayiş etdirilir.
Azərbaycan.- 2022.- 11 yanvar.- S.7.