Azərbaycan təkcə işğaldan azad edilmiş əraziləri dirçəltməklə məşğul olmur

 

Prezident İlham Əliyev: “Müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq

 

Ölkəmizin ərazisinin 20 faizi 30 il düşmən işğalı altında qaldı. Bu işğal nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamalı oldu. İşğalçı erməni silahlı qüvvələrinin torpaqlarımızı tərk etməsi barədə BMT tərəfindən dörd qətnamə qəbul edilsə də, ermənilər buna məhəl qoymadılar.

1994-cü ilin mayında Ermənistanla atəşkəs razılaşması əldə olundu, lakin düşmən buna da əməl etmədi. Daim əsgərlərimizə və mülki əhaliyə atəş açaraq onları qətlə yetirdilər. Ermənilər atəşkəsi bir fürsət bilərək işğal etdikləri ərazilərdə möhkəmlənmək üçün bir neçə səddən ibarət müdafiə istehkamları qurdular. Sonra da bizi müharibədən çəkindirmək üçün müxtəlif əfsanələr uydurmağa başladılar ki, “Ohanyan xətti” keçilməzdir.

Amma 44 günlük Vətən müharibəsində bu istehkamların çoxunu Azərbaycan əsgərləri yarım saata yardılar. Bu, o demək idi ki, biz ötən dövrdə ermənilərdən fərqli olaraq boşboğazlıqla yox, ciddi ordu quruculuğu ilə məşğul olmuşuq.

BMT-nin, ATƏT-in 30 ildə həll etmədiyi bir problemə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və əsgəri 44 gündə nöqtə qoydu. Çünki dövlət başçısı uzun müddət güclü ordu yaratmaq üçün hər bir imkandan istifadə etmişdi. İlk növbədə müasir döyüş əməliyyatları apara biləcək komanda heyəti hazırlamışdı. Bununla yanaşı, müasir, başlıcası isə hədəfi dəqiq vuran silahlar almışdı. 44 günlük Vətən müharibəsində biz Prezident İlham Əliyevin düzgün qərar qəbul etdiyinin şahidi olduq. Hər atəşin yan keçmədən hədəfə dəyməsini təkcə biz deyil, bütün dünya gördü.

Müharibə tarixi qələbəmizlə başa çatdı, Ermənistan ordusu darmadağın edildi. Mütəxəssislərin rəyinə görə, ən yaxşı halda Ermənistan ordusunu əvvəlki səviyyəyə 20 il ərzində gətirmək olar. Hətta bu dövrdə belə onlar nə qədər cəhd etsələr də, Azərbaycan Ordusu səviyyəsində ordu qura bilməyəcəklər. Ona görə ki, güclü ordu qurmaq üçün çoxlu pul xərcləmək lazımdır. Qonşu ölkədə isə bu vəsait yoxdur və yaxın gələcəkdə belə bir imkanın olması gözlənilmir.

Üstəlik, Azərbaycan müharibədə qələbə qazansa da, arxayınlaşmır, ordu quruculuğunaonun daha müasir silahlarla təchiz edilməsinə xüsusi diqqət yetirir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il dekabrın 24-də Hadrut qəsəbəsində hərbi hissənin açılış mərasimində demişdir: “Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda hərbçilərin maaşlarının artırılması, - bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, güclü yerlərimiz hardadır və qüsurlarımız hardadır. Müharibə dövründə qüsurlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda yeni silahlı birləşmələr yaradılır”.

Dövlət başçısı həmçinin bildirmişdir ki, bir çox Komando briqadaları artıq yaradılır. Belə hərbi birliklər istənilən hərbi vəzifələri icra etməyə qadir olacaq. Burada yüksək hərbi təlim keçmiş, xüsusi iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan Azərbaycan övladları xidmət edəcəklər.

Hadrutdan sonra həmin gün Prezident Şuşa şəhərinə gəldi. Bu təsadüfi deyildi. Həmişə doğum gününü sosial obyektləri açmaqla, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşməklə keçirən dövlət başçısı 60 illik yubileyini də ailə üzvləri ilə birlikdə Qarabağda - azad Şuşada keçirməyə qərar vermişdi. Çünki Prezidentin özünün bəyan etdiyi kimi, biz doğma torpaqlara qayıtmışıq və əbədi olaraq bu torpaqlarda yaşayacağıq. Bu gün işğaldan azad edilən ərazilərə məcburi köçkünlərin qayıtması üçün nəhəng infrastruktur layihələri icra edilir. Yaxın bir neçə ildə bütün yaşayış məntəqələri yenidən tikilərək buranın sakinlərinə təhvil veriləcək. Təzə salınacaq yaşayış yerləri müasir dünya standartlarına uyğun olacaq. Bundan ötrü “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin icrasına başlanıb və artıq Zəngilanın Ağalı kəndində bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.

Prezident Şuşada olarkən Azərbaycan xalqına ona göstərdiyi inama görə təşəkkür edərək demişdir: “Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaqbu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şuşa xalqımız üçün tarixi, hərbi və mədəniyyət baxımından müstəsna əhəmiyyətli şəhərdir. Prezident İlham Əliyev 2022-ci iliŞuşa ilielan etmişdir. Yanvarın 5-də bu barədə sərəncam da imzalamışdır. Sərəncamda bildirilir ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər günü kimi həkk olundu.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.- 11 yanvar.- S.1; 3.