Zəfərin yolları
Qarabağ və Şərqi Zəngəzurda 13 layihə
üzrə 752 kilometr yeni yol çəkilir
Azərbaycanda 2021-ci ilin əsas uğurlarından biri işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa və quruculuq işlərinin sürətlə davam etdirilməsi oldu. Ötən ilin mənzərəsi göstərir ki, Prezident İlham Əliyevin xüsusi nəzarəti altında görülən yenidənqurma işlərinin miqyası olduqca əhatəlidir. Artıq bir neçə şəhərin baş planı təsdiq olunub, yeni yaşayış məhəllələrinin, inzibati binaların təməli qoyulub. Zəngilan rayonunun Ağalı kəndində görülən işlər də göstərir ki, yurd yerlərimiz sürətlə bərpa edilir.
Qələbənin simvoluna çevrilən yol
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin əsas istiqaməti yeni infrastrukturların yaradılması ilə bağlıdır. Çünki Qarabağa və Şərqi Zəngəzura qayıdış üçün ilk növbədə yollar çəkilməli, bu ərazilər istilik enerjisi və su ilə təmin olunmalıdır. 30 ilə yaxın işğal dövründə Ermənistan bu ərazilərdə vaxtilə yaradılmış infrastrukturdan əsər-əlamət qoymamışdı. Hazırda həyata keçirilən infrastruktur layihələrinin böyük bir qismi yeni yolların çəkilməsi ilə bağlıdır.
Qarabağda ilk yeni yolu isə Vətən müharibəsi günlərində Şuşaya doğru irəliləyən qəhrəman hərbçilərimiz salmışdılar. Onlar qədim yurd yerimiz Şuşanı azad etmək üçün ermənilərin gözləmədiyi mövqelərdən hücuma keçmiş, bunun üçün dağlardan, dərələrdən keçmişdilər. Onların saldıqları cığırlardan indi Şuşaya doğru 101 kilometrlik Zəfər yolu uzanır.…
Qeyd edək ki, Zəfər yolu həm də işğaldan azad edilmiş ərazilərdə başa çatdırılan ilk infrastruktur layihələrindən biridir. Yolun təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli rayonuna səfəri zamanı qoyulmuşdu. Həmin gün yeni yolun təməlinin qoyulması münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyev demişdi: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”.
Ordumuzun Şuşa şəhərini düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan bu avtomobil yolunun inşası dövlət başçısının daimi nəzarəti altında idi. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihənin icrası ilin bütün fəsillərində çətin relyef şəraitində, sərt qayalar yarılaraq həyata keçirildi. Vətən müharibəsində qələbənin birinci ildönümü ərəfəsində - 2021-ci il noyabrın 7-də yolun açılışı oldu. Bu yolun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Qısa vaxtda icra olunan və dünyada analoqu olmayan bu layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi.
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik “Zəfər yolu” Füzuli, Xocavənd, Xocalı rayonlarının ərazisindən keçməklə Şuşa şəhərinə qədər uzanır, qeyd edilən rayonların onlarca yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksəksəviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.
İlk icrasına başlanılan layihə
İşğaldan azad olunmuş ərazilərdə ilk icrasına başlanan layihə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolunun yenidənqurulması oldu. Strateji mövqedə yerləşən Suqovuşan Vətən müharibəsində işğaldan azad edilən ilk iri yaşayış məntəqələrindən biridir. Prezident İlham Əliyev 2020-ci il oktyabrın 3-də özünün rəsmi “Tviter” səhifəsində Suqovuşanın azad olunduğunu bəyan etdi. Həmin gün Tərtərin Talış kəndi də işğaldan azad edildi.
Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının bərpası onların azad edilməsindən dərhal sonra başladı. Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi günlərdə yeni yolun çəkilişinə start verildi. Suqovuşan və Talışın işğaldan azad edilməsinin birinci ildönümündə, 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun açılışı oldu. Ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan yol 21, Suqovuşandan Talış kəndinə doğru uzanan yol isə 7,5 kilometrdir. Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb.
Xatırladaq ki, Suqovuşana və Talışa gedən avtomobil yolu ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilmişdi. Bu yol uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmışdı.
Bu avtomobil yolu Naftalan şəhərinədək uzadılır. Ötən il oktyabrın 3-də Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu. Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.
Əhmədbəyli-Füzuli-Şuşa yolu
Qarabağ və Şərqi Zəngəzurda digər yol layihələri də icra olunmaqdadır. Bunlardan biri 81,6 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoludur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan və Prezident İlham Əliyevin ötən il yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən bu avtomobil yolunun ilk 48 kilometri 6, 48-81.6 kilometr arası isə 4 hərəkət zolağından ibarət olacaq.
Birinci texniki dərəcəli
olan bu yol boyu 7 tunelin tikintisi aparılır.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan
ayrılan və məşhur “İsa bulağı”nadək
inşa olunacaq yol üzərində də tunelin tikinti işləri
davam edir.
Füzuli-Hadrut
yolu
Ötən il martın
15-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları
Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında oldular.
Qeyd edək ki, bu, dövlət başçısının
işğaldan azad edilmiş ərazilərə 2021-ci il ərzində sayca üçüncü səfəri
idi.
Füzuli-Hadrut yolunun da təməli
həmin gün qoyuldu. “Yenə işğaldan azad edilmiş
torpaqlardayam. Bu gün Füzuli-Hadrut
avtomobil yolunun təməlini qoyacağam. Bu
avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası
üçün böyük əhəmiyyət
daşıyır. Bu, birinci layihə deyil.
Artıq bir neçə yol layihəsi icra edilməkdədir”,
- deyə Prezident İlham Əliyev təməlqoyma mərasimində
bildirdi.
Bu yol
başlanğıcını “Zəfər yolu”ndan
götürür və inşa edilməkdə olan Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr
olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri də inşa
edilir. Bu yol Füzuli və Xocavənd
rayonlarının ərazisini əhatə edir.
Hadrut-Cəbrayıl-Şükürbəyli
yolu
Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun da təməli 2021-ci il
martın 15-də qoyulub. Təməlqoyma mərasimindən dərhal
sonra layihənin icrasına start verilib. Başlanğıcını
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun Cəbrayıl
rayonu Şükürbəyli kəndindən keçən
hissəsindən götürməklə Xocavənd rayonunun
Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 43 kilometrdir.
Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu Qarabağın
inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət
zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun
inşa edilir. Yol işğaldan azad edilmiş
Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən
keçir. Avtomobil yolu Hadrut qəsəbəsi
və Cəbrayıl şəhəri də daxil olmaqla
sözügedən rayonların 20-yə yaxın
yaşayış məntəqəsini əhatə edəcək.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
yolu
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun təməli ötən il
aprelin 26-da qoyulub. Bu yol Zəngəzur dəhlizinin
bir hissəsi olaraq mühüm strateji əhəmiyyət
daşıyır.
Strateji əhəmiyyətə
malik avtomobil yolu başlanğıcını Füzulinin
Əhmədbəyli kəndindən götürməklə
layihələndirilib. Avtomobil yolunun uzunluğu 123,8
kilometrdir. Dövlət
başçısının tapşırığına əsasən,
Əhmədbəyli-Horadiz-Zəngilan-Ağbənd avtomobil yolu
Qarabağın inkişaf planı nəzərə
alınmaqla, 6 və 4 hərəkət zolaqlı olmaqla birinci
texniki dərəcəyə uyğun inşa edilir. Yolun
ilk 76 kilometrlik hissəsinin 3 gediş-3 gəliş olmaqla 6,
qalan 48 kilometrlik hissəsi isə 2 gediş-2 gəliş
olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə
tutulub.
Bu yol Füzuli, Cəbrayıl
və Zəngilan rayonlarının ərazisindən
keçir. Hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa,
Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın
avtomobil yolları başlanğıcını məhz bu
yoldan götürür. Layihəyə uyğun olaraq yol boyunca 3 avtomobil
tunelinin, 23 avtomobil körpüsünün, 8 yol
ötürücüsünün, 50 yeraltı, 5
yerüstü keçidin inşası nəzərdə
tutulur.
Bərdə-Ağdam
yolu
Bərdə-Ağdam avtomobil yolunun təməli
2021-ci il mayın 28-də - Prezident
İlham Əliyevin Ağdama səfəri zamanı qoyulub. Bu layihə Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin tapşırığına əsasən
işğaldan azad edilmiş ərazilərdə yol
infrastrukturunun yenidən qurulması istiqamətində həyata
keçirilən genişmiqyaslı işlərin tərkib
hissəsidir.
Prezident İlham Əliyevin
tapşırığına əsasən 44.5 kilometrlik bu
avtomobil yolu Qarabağın inkişaf planı nəzərə
alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə
və Ağdam şəhərləri də daxil olmaqla, bu
rayonların 20-dən artıq yaşayış məntəqəsini
əhatə edəcək. Birinci texniki dərəcəli
avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini
təmin etmək məqsədilə 8 nöqtədə geriyə
dönmə hissələrinin yaradılması, 24 yerdə isə
avtobus dayanacaqlarının inşası həyata keçiriləcək.
Toğanalı-Kəlbəcər-İstisu
yolu
Ötən il Kəlbəcər
və Laçın rayonlarında da avtomobil yollarının
yenidən qurulmasına başlanılıb. Toğanalı-Kəlbəcər-İstisu
yolu hazırda Kəlbəcər istiqamətində icra olunan
mühüm yol layihələrindən biridir. Göygöl və Kəlbəcər
rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu
avtomobil yolunun layihə uzunluğu 80.7 kilometr təşkil
edir. Gələcək inkişaf planı nəzərə
alınmaqla bu yol 2-4 hərəkət zolaqlı və birinci və
ikinci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Layihənin keçdiyi ərazinin sərt
dağlıq və qayalıq relyefinin olmasını nəzərə
alaraq, yolun əsas hissəsinin ikinci texniki dərəcəyə
uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan,
yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə
tutulur. Tunel və körpü olan hissələrdə
isə birinci texniki dərəcəyə uyğun 4 hərəkət
zolağının inşası planlaşdırılır.
Layihənin 16-cı km-lik
hissəsindən Murovdağ silsiləsi başlanır və
yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək
3250 metrə qədər artır. Burada mövcud yoldan
istifadə ediləcəyi təqdirdə həddindən
artıq sürüşmə zonalarına rast gəlinir.
Bu ərazilərdə inşa ediləcək
dolaylara əlavə özül əsaslı istinad divarları
tikilsə belə qış fəslində güclü qar və
şaxtalı hava şəraitində yolun təhlükəsiz
istismarı mümkün olmaya bilər. Bölgədə
sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə
tikinti texnikalarının hərəkət qabiliyyəti də
məhdudlaşır. Mövcud yoldan istifadə
edərkən Murovdağ zirvəsindən enişdə də
eyni çətinliklər yaranır. Yolda
maillik 16-28 faiz arası dəyişir. Əgər
yol 7 faiz mailliklə tikilsə, mövcud 16.5 kilometrlik yolun
uzunluğunun dolaylarla daha 15 kilometr uzadılması tələb
olunur. Bu üzdən çətin relyefə
malik ərazidə 31.5 kilometrlik yolun tikilməsi əvəzinə
bu hissənin Murovdağ silsiləsinin altından 11.7 kilometrlik
tunel ilə keçilməsi daha məqsədəuyğun
hesab edilib. Tunel bir istiqamət üzrə
2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
Kəlbəcər-Laçın
yolu
Kəlbəcər-Laçın
avtomobil yolunun uzunluğu 72,3 kilometr olacaq. Birinci və ikinci texniki dərəcəyə
uyğun tikiləcək yolun hərəkət hissəsinin eni
9-16 metr olacaq. İki və dörd hərəkət
zolaqlı olacaq yol üzərində altkeçidlər və
körpü inşa olunacaq. Yol üzərində
3 tunelin tikintisi aparılacaq. Tunellərin
ümumi uzunluğu 9450 metr olacaq. Prezident İlham Əliyev avqustun
17-də Kəlbəcər-Laçın avtomobil yolu üzərində
tikiləcək 3,4 kilometr
uzunluğundakı tunelin təməlini qoyub.
Xatırladaq ki, 2021-ci il
iyulun 28-də Prezident İlham Əliyev “Kəlbəcər və
Laçın rayonları ərazisində yol infrastrukturunun
tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam
imzalayıb. Sərəncama əsasən Kəlbəcər və
Laçın rayonları ərazisində yol infrastrukturunun
tikintisi məqsədilə Azərbaycan Respublikasının
2021-ci il dövlət büdcəsində
işğaldan azad olunmuş ərazilərin yenidən
qurulması və bərpası üçün nəzərdə
tutulan vəsaitdən ilkin olaraq 10 milyon manat ayrılıb.
Xudafərin-Qubadlı-Laçın
yolu
İşğaldan azad olunmuş
ərazilərdə Xudafərin-Qubadlı-Laçın və
Xanlıq-Qubadlı avtomobil yolları da yenidən qurulur. Başlanğıcını
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd magistral avtomobil
yolunun Xudafərin su anbarı yaxınlığından
keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın
avtomobil yolunun uzunluğu 56.4 kilometr təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən
ayrılaraq Qubadlı şəhərinə qədər
uzunluğu 14 kilometr olan yeni avtomobil yolunun da inşası icra
olunur. Qeyd edilən yolların ümumi
uzunluğu 70.4 kilometrdir.
Xudafərin-Qubadlı-Laçın
avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə
uyğun olaraq inşa olunur. İşğaldan azad edilmiş
rayon və kəndlərin sosial-iqtisadi inkişafında
mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən
biri olan bu yolun artıq asfaltlanması işlərinə start
verilib.
Xudafərin-Qubadlı-Laçın
avtomobil yolu işğaldan azad edilmiş Zəngilan, Qubadlı
və Laçın rayonlarının ərazisindən
keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri
də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq
yaşayış məntəqəsini əhatə edir.
Qubadlı-Eyvazlı
yolu
Qubadlı-Eyvazlı avtomobil
yolu da işğaldan azad edilmiş rayon və kəndlərin
inkişafında böyük rol oynayacaq. Dördüncü texniki dərəcəli
avtomobil yolunun uzunluğu 28,5 kilometrdir. Yolun 8 kilometrlik hissəsində torpaq
yatağının genişləndirilərək normativ enə
çatdırılması işləri artıq başa
çatıb.
Hazırda Qubadlı rayonu ərazisində
Eyvazlı kəndinə gedən və çətin relyefə
malik ərazidən keçən avtomobil yolunun layihə eninin
alınması üçün qaya qruntları
dağıdılmaqla torpaq yatağının tikintisi işləri
davam etdirilir.
Xüsusi texnikalardan istifadə
olunmaqla icra olunan işlər zamanı yol genişləndirilərək
profilə salınır və dördüncü texniki dərəcəyə
uyğun torpaq yatağı inşa edilir. Qubadlı-Eyvazlı
avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri
daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli,
Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin ərazisindən
keçir.
Füzuli-Ağdam
yolu
Ağdamla Füzuli
arasında da yeni yol çəkilir. Yolun təməli ötən il oktyabrın 17-də Füzulinin
işğaldan azad edilməsinin birinci ildönümündə
qoyulub. Uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil
edəcək yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uyğun olaraq yolboyu körpülərin,
avtobus dayanacaqlarının və digər yol infrastrukturunun
inşası nəzərdə tutulub. Bərdə-Ağdam
avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən
Füzuliyədək insanların rahat gediş-gəlişini
təmin edəcək.
Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən Ermənistan
silahlı qüvvələrinin işğalından azad
edilmiş ərazilərdə yol infrastrukturunun yenidən
qurulması istiqamətində genişmiqyaslı tikinti işləri
davam edir. Görünən odur ki, cəmi bir neçə ildən
sonra Qarabağ və Şərqi Zəngəzurda ən
mükəmməl avtomobil yolları şəbəkəsi
formalaşacaq.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2022.-12 yanvar.- S.1; 3.