Azərbaycanın qlobal siyasi nüfuzunu yüksəldən
QƏLƏBƏ
Prezident İlham Əliyevin regionda yaratdığı
yeni geosiyasi reallıq ötən il respublikamızın beynəlxalq
mövqelərini daha da möhkəmləndirdi
2021-ci il Azərbaycan üçün təkcə sosial-iqtisadi və hərbi sahələrdə deyil, siyasətdə də uğurlu, qarşıya qoyulan bütün məqsədlərə çatılan dövr kimi yadda qaldı.
Ötən ilin respublikamız üçün siyasi baxımdan çox uğurlu il olmasını şərtləndirən əsas amil Vətən müharibəsinin nəticələrinin bütün dünya ölkələri tərəfindən qəbul edilməsi oldu. Qazandığımız zəfər, Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb oldu.
Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsində beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurla davam etdirilməsi də mühüm rol oynayıb. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzv ölkəsi olan Qoşulmama Hərəkatına sədrliyinin daha bir il uzadılması respublikamıza yüksək etimadın təsdiqidir. Beynəlxalq müstəvidəki fəaliyyətini çoxşaxəli istiqamətlər üzrə quran Azərbaycan 2021-ci ildə Türk Şurasına sədrliyini də uğurla başa vurdu. Ötən ilin noyabr ayında yaradılan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər biri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsi üçün apardığı haqq savaşına, onun nəticələrinə dəstəklərini daim nümayiş etdiriblər. Uğurlu beynəlxalq siyasətin nəticəsi olaraq, keçən il NATO tərəfindən ölkəmizin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənib.
2021-ci il ölkəmiz üçün uğurlu oldu
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu deyir ki, Vətən müharibəsində qazanılan qələbə sonrakı mərhələdə də ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət etdi: “2021-ci ildə Azərbaycan cəyəran edən müxtəlif xarakterli proseslərə öz milli maraqlarına xidmət edəcək elementlər qatdı, bu proseslərin ümumi istiqamətlərinə təsir etdi.
Müharibədə ağır məğlubiyyətə uğramış Ermənistan bir müddət vəziyyətin dəyişəcəyinə ümid edirdi. Yəni kənardan gələn təlimatlar əsasında revanşçı meyillərini gücləndirirdi. Azərbaycan tərəfi təcavüzkar Ermənistanın təxribatlarının qarşısını almaqla yanaşı, hərbi qələbəmizin siyasi elementlərini daha da gücləndirməyə nail olurdu. Ötən il yanvar ayının 11-də baş tutmuş Moskva görüşü Ermənistanın vəziyyəti dəyişmək istiqamətindəki cəhdlərinin fiaskosunun başlanğıcı oldu. 10 noyabr birgə bəyanatının imzalanmasından iki ay sonra Moskvada da mahiyyət etibarilə həmin sənədin davamı olan növbəti sənədin imzalanması proseslərin inkişaf prinsiplərini müəyyən etməyə imkan verdi. Ermənistanın baş naziri N.Paşinyan ölkəsinin və özünün mövqelərinin yaxşılaşmasını şərtləndirə biləcək heç bir element yarada bilmədi. Moskva sənədində yer alan məqamlar postmünaqişə mərhələsində Azərbaycanın baxışlarına uyğun idi. Moskva sənədində status, hərbi əsirlər məsələsinə ümumiyyətlə toxunulmur. Artıq olmayan münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində tənzimlənməsi məsələsi müzakirə predmeti olmadı”.
Elşad Mirbəşir oğlu 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə dəfə yerli və nüfuzlu xarici media təmsilçilərinə verdiyi müsahibələrin, fevralın 26-da keçirilmiş mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, Xocalı soyqırımının 29-cu ildönümünə təsadüf edən həmin mətbuat konfransında dövlət başçısı Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət haqqında bir daha dünya ictimaiyyətini məlumatlandırdı, Ermənistanın terrorçu dövlət mahiyyətini növbəti dəfə açdı. Prezident mətbuat konfransı zamanı Ermənistanla sülhün əldə olunmasının şərtlərini bəyan etdi. Birgə bəyanatın şərtlərinə əməl olunmasının sonrakı addımların atılması üçün əsas prinsip olduğu diqqətə çatdırıldı: “Görünən reallıq həm də ondan ibarətdir ki, Azərbaycanın mövqeləri dünya tərəfindən qəbul olunur. Çünki ölkəmiz ədalətli mövqeyə malik idi və ölkə Prezidenti də istənilən təsirli tribunadan, istənilən platformada bu ədalətli mövqelərimizi ciddi arqumentlərlə əsaslandırırdı. Azərbaycanın dostları güc mövqeyimizi, qələbəmizi alqışladılar. Məsələn, ötən il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısı keçirildi. Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri Vətən müharibəsində qələbə qazanaraq, torpaqlarını işğalçılardan təmizləyən Azərbaycanı təbrik etdi. Hesab edirəm ki, bu, kifayət qədər əhəmiyyətli hadisə idi. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təsirli bir platforma çərçivəsində belə bir mövqenin sərgilənməsi ölkəmizin ədalətli mövqeyinin qəbul olunmasına, dəstəklənməsinə dəlalət edirdi. Təbii ki, müvafiq olaraq, Ermənistanın da işğalçı dövlət obrazı bir daha qabardıldı. Bu, beynəlxalq informasiya mübarizəsində ölkəmizin öz mövqelərini gücləndirməsi baxımından da olduqca təsirli idi. Zirvə toplantısında videoformatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dost ölkələrə öz təşəkkürünü bildirməklə yanaşı, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərdən də geniş bəhs etdi. Bu da dünyanın növbəti dəfə məlumatlandırılması və yaddaşların yenilənməsi baxımından olduqca əhəmiyyətli idi”.
Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu ötən ilin ən yaddaqalan hadisələrindən biri kimi iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti tərəfindən işğaldan azad edilmiş Füzuli rayonunda qarşılanmasını qeyd etdi. Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq Qarabağda qardaş ölkənin rəhbərinin qarşılanması baş tutdu. Bu, tarixi hadisə idi. Belə ki, bütün dünyanın diqqəti vaxtilə Ermənistanın işğalı altında olmuş ərazilərə yönəldi. Digər tərəfdən dünya ictimaiyyəti erməni vandalizminin izlərini gördü. Bu həm də işğaldan azad etdiyimiz ərazilərdə tam suverenliyimizin bərpa olunduğunun əyani nümayişi idi. Prezident İlham Əliyev Qarabağda reallaşdırılan və həyata keçiriləcək tikinti-quruculuq işləri ilə bağlı Rəcəb Tayyib Ərdoğanı məlumatlandırmaqla ərazilərdə effektiv məskunlaşdırmanın aparılacağı günün uzaqda olmadığı mesajını verdi. “Bu baxımdan ötən il iyun ayının 15-i tarixi həm də Azərbaycan və Türkiyə münasibətlərində yeni siyasi hadisə səhifəsi kimi yadda qaldı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu bəyannamənin imzalanması həm ayrı-ayrılıqda Azərbaycan və Türkiyə əməkdaşlığının yeni mərhələyə yüksəlməsi, həm də bütövlükdə regionda sülhün və təhlükəsizliyin etibarlı təmin olunması baxımından çox əhəmiyyətlidir”.
2021-ci il noyabrın 26-da Soçidə, dekabrın ortalarında isə Brüsseldə baş tutmuş üçtərəfli görüşlər də Azərbaycanın maraqlarına uyğun nəticələndi. Azərbaycan postmünaqişə mərhələsində atılacaq addımlarla bağlı növbəti dəfə Rusiyadan və ilk dəfə olaraq Avropadan açıq dəstək aldı. Belə ki, Avropada da əvvəlki sənədlərə istinad olundu və Azərbaycanla Ermənistan sərhədlərinin müəyyənləşdirilməsinin, kommunikasiyaların açılmasının və digər addımların atılmasının prioritet olduğu təsdiqləndi.
“Ümumiyyətlə, 2021-ci il ölkəmiz üçün bütün mənalarda uğurlu oldu. Milli maraqlarımıza uyğun olaraq, bütün zəruri addımların atılması təmin edildi. Azərbaycan Prezidenti İlham Əliyev bütün istiqamətlərdə dövlətin maraqlarının qorunması və mövqeyimizin daha da möhkəmləndirilməsi istiqamətində kifayət qədər effektiv addımlar atdı. Ən başlıcası isə, növbəti mərhələdə daha səmərəli fəaliyyət göstərmək üçün unikal platforma yaratdı”, - deyə Elşad Mirbəşir oğlu bildirir.
Azərbaycan
regionda aktiv rol oynayan dövlətdir
Azərbaycan Milli İstiqlal
Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin
fikrincə, bütün dünyanın ölkəmizin
İkinci Qarabağ savaşında qazandığı möhtəşəm
qələbə sayəsində yaratdığı yeni
reallıqları qəbul etməsi siyasi baxımdan çox
önəmli bir məsələdir. 2021-ci ilin siyasi təqvimi yanvarın
11-də Moskvada keçirilən üçtərəfli
görüş və 10 noyabr bəyanatının regionda
mövcud kommunikasiyaların, həmçinin Azərbaycan və
Naxçıvan arasında Zəngəzur dəhlizinin
açılması ilə bağlı müddəaları
özündə ehtiva edən müqavilənin imzalanması
ilə başladı. Moskvada imzalanmış müqavilə ilə
Ermənistanın üzərinə qəti öhdəlik
qoyuldu, eləcə də tərəflər arasında bəzi
erməni diversantlarının qaytarılması müqabilində
Ermənistanın Azərbaycan ərazilərində basdırdığı
minaların xəritələrini verməsi barədə
razılıq əldə edildi.
AMİP sədri ötən il ərzində işğaldan azad olunmuş
torpaqlarda müharibədən dərhal sonra
başlanmış geniş bərpa-quruculuq işlərinin
sürətlə aparılmasını təsdiq etdi. O, bu
baxımdan Prezident İlham Əliyevin 2021-ci il
yanvarın 19-da imzaladığı “Qarabağ Dirçəliş
Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərmanını
xüsusi dəyərləndirdi: “Bu fərman Qarabağda
geniş quruculuq-bərpa işlərinin ölkəmiz
üçün prioritet təşkil etdiyini bir daha
nümayiş etdirir. Təbii ki, ilk növbədə
yol və digər zəruri infrastrukturların bərpası
istiqamətində əhəmiyyətli işlər
görülür. 2021-ci il iyulun 7-də
“Azərbaycan Respublikasında iqtisadi rayonların yeni
bölgüsü haqqında” fərman imzalamaqla dövlət
başçısı tarixi bir hadisəyə imza atdı. Bu fərmanla Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları yaradıldı ki, bu amil öz növbəsində
gələcəkdə tarixi torpaqlarımıza
qayıdış baxımından olduqca mühüm əhəmiyyət
kəsb edir. Deyilənlərlə
yanaşı, Füzulidə beynəlxalq hava limanının
istifadəyə verilməsi, regionda digər hava
limanlarının tikintisinin davam etdirilməsi gələcəkdə
Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin
yaradacaq. Məqsəd erməni vandalları tərəfindən
viran qoyulmuş əraziləri yenidən canlandırmaqla
yanaşı, 30 ilə yaxın dövr ərzində öz
doğma yurdlarından didərgin düşmüş köçkünləri
tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır. Ərazilərin minalardan təmizlənməsi
işi bu prosesi ləngitsə də, ümid edirik ki, ən
qısa zamanda bu işin öhdəsindən gəlinəcək”.
AMİP sədri ötən il Zəngəzur dəhlizinin Azərbaycan hissəsində
təməlqoyma mərasiminin keçirilməsinin əhəmiyyətini,
bu dəhlizin regionun gələcəyi üçün olduqca
vacib olduğunu da qeyd edir. O, yola saldığımız il mayın 12-də Azərbaycanın mədəniyyət
paytaxtı Şuşada “Xarıbülbül” musiqi
festivalı, avqustun 30-da Vaqif Poeziya Günlərinin təşkilini
olduqca mühüm hadisə kimi qiymətləndirir. AMİP sədrinin fikrincə, Vaqif Poeziya Günlərinin
işğal dönəmində erməni vandalları tərəfindən
dağıdılan, amma qısa müddət ərzində əvvəlki
görkəminə qaytarılan məqbərənin
önündə keçirilməsi önəmli
faktlardandır. Bu tədbir həm də
işğaldan azad edildikdən sonra Şuşada təşkil
olunan ilk poeziya günləri kimi yaddaşlara yazıldı.
Türk Şurasının noyabr
ayında keçirilmiş Zirvə görüşündə
Türk Dövlətləri Təşkilatının
yaradılmasını xüsusi olaraq qeyd edən partiya sədrinin
dediyinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının VIII sammitində Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Türk Şurasının Ali Ordenini
Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etməsi
ilin ən mühüm hadisələrindən oldu. Ötən
il yanvarın 21-də Azərbaycan və
Türkmənistan arasında Xəzər dənizində
“Dostluq” yatağının karbohidrogen resurslarının birgə
kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi
haqqında qarşılıqlı anlaşma memorandumunun
imzalanması da öz əhəmiyyətinə görə
önəmli hadisələrdən biridir. Bu
memorandum tərəflər arasında münasibətlərin
daha da isinməsinə və əlaqələrin
inkişafına səbəb oldu. Arzuxan Əlizadə
dedi: “Azərbaycan regionun gələcəyi ilə
bağlı müxtəlif təşəbbüslər irəli
sürüb. “3+3” platforması da məhz bu qəbildəndir.
Dekabrın 10-da bu təşəbbüsün
reallaşması istiqamətində ilk addımlar atılaraq
Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə
xarici işlər nazirlərinin müavinləri səviyyəsində
ilk iclas keçirilib. Qürurverici
haldır ki, Azərbaycan artıq regionda aktiv rol oynayan önəmli
bir dövlətə çevrilib. Ölkəmiz
həm qonşu, həm region, həm də dünya dövlətləri
ilə normal və qarşılıqlı etimada söykənən
münasibətlər qurmaq üçün bütün
mümkün vasitələrdən istifadə edir. Bu mənada
2021-ci ili Azərbaycanın xarici siyasətində
uğurlu il kimi xarakterizə etmək olar”.
Diplomatik qalibiyyət
ili
Azərbaycan Sosial Rifah
Partiyasının sədri Əsli Kazımova ölkəmizin
2021-ci ildə regionda sabitliyin, sülhün bərqərar
olması üçün bir sıra önəmli addımlar
atdığını deyir. Onun sözlərinə görə,
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik
münasibətləri haqqında Şuşa Bəyannaməsinin
imzalanması tariximizin ən əlamətdar günlərindən
biri kimi yadda qalacaq: “Hər iki
ölkənin ümumi maraqlarının qorunmasında
imkanların birləşdirilməsinə, müştərək
maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə
fəaliyyətlərin qarşılıqlı şəkildə
əlaqələndirilməsinə istiqamətlənən
Şuşa Bəyannaməsi Bakı və Ankaranın
başçılığı altında yeni regional geosiyasi
konfiqurasiyanın qurulmasına start verilmə kimi dəyərləndirilməlidir.
Bu saziş 2021-ci ildə regionda 200 ilə yaxın davam
edən geosiyasi konfiqurasiyaların dağıdılmasına vəsilə
oldu. Bu isə birmənalı olaraq, regional vəziyyətin
bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi
altında davam edəcəyini zəruri edir. Ona görə də iki qardaş ölkə
arasında qəbul edilmiş və imzalanmış
Şuşa Bəyannaməsi kimi önəmli hadisədən
sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası liderlərinin VIII zirvə görüşündə
Türk Dövlətləri Təşkilatının
yaradılması barədə qərarın verilməsi ilin əlamətdar
hadisəsinə çevrildi”.
Əsli Kazımova ötən
ilin əhəmiyyətli hadisələri kimi, Azərbaycan
Prezidentinin və Ermənistan baş nazirinin üçtərəfli
formatda keçirilən görüşlərinə də diqqət
çəkir.
Qeyd edir ki, tərəflər danışıqlar masasında
regionun dirçəldilməsi, iqtisadiyyatın inkişaf
etdirilməsi üçün şəraitin
yaradılması, Ermənistan ilə Azərbaycan arasında sərhəd
delimitasiyası kimi postmüharibə dövrünə aid
önəmli məsələləri müzakirə ediblər. Bu görüşlər Azərbaycanın diplomatik
uğuru kimi qəbul olunmalıdır. Bu gün artıq
danışıqlar masasında illərdir müzakirə
mövzusu olan münaqişə yoxdur və buna Azərbaycanın
sayəsində nail olunub. Hazırda Azərbaycan
danışıqlar masasında regionu dirçəltmək
üçün gərəkli olan məsələləri
müzakirə edir. Ona görə də 2021-ci il Azərbaycanın diplomatik qalibiyyəti ili
sayıla bilər. 2021-ci ili “Zəngəzur
ili” də adlandıra bilərik və bu il “Azərbaycanın
Zəngəzur zəfəri” kimi yadda qalmalıdır. Ə.Kazımova 2022-ci ilin “Böyük
qayıdış ili” olacağına da ümid edir.
2021-ci ilin Azərbaycanın xarici
siyasətində uğurları ilə yanaşı, ölkə
daxili nailiyyətlərlə də yadda
qaldığını söyləyən Əsli
Kazımovanin fikrincə, bunların arasında Milli Məclisdə
“Media haqqında” qanunun qəbul olunmasını xüsusi qeyd
etmək olar: “Yeni qanun media ilə bağlı məsələləri
yüksək səviyyədə tənzimləyəcək. Bu qanun ictimai institutların vahid mövqedə birləşməsinə
və cəmiyyətin aparıcı qüvvəsi olan
medianın fəaliyyətinə böyük töhfə verəcək.
Bütövlükdə 2021-ci il həm də Azərbaycan
mətbuatında aparılan genişmiqyaslı islahatlarla yadda
qaldı”.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə indiyədək bütün istiqamətlər üzrə
atılmış addımlar, keçirilmiş
görüşlər ölkəmizin dinamik
inkişafını təmin etməklə yanaşı, onun
beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsinə
imkan verdi. 2022-ci ildə davam
etdiriləcək effektiv siyasət sayəsində bu ilin də
həm daxili, həm də xarici siyasət baxımından
ölkəmiz üçün uğurlu olacağını
indidən böyük inamla söyləmək olar.
İlhamə İSABALAYEVA
Azərbaycan.-
2022.-12 yanvar.- S.1; 4.