TAP fəaliyyətinin ilk ilində Avropaya 7 milyard kubmetrdən
çox qaz nəql etdi
Bu kəmər ixracın coğrafiyasının genişləndirilməsinə
də imkan verir
TAP (Trans-Adriatik Qaz Boru Kəməri)
2020-ci ilin son günündə
istifadəyə verilib.
Odur ki, 2021-ci il kəmərin
fəaliyyətinin birinci
ili sayılır. Bu dövrdə kəmər
necə işləyib,
ona bəslənən
inam və ümidi doğrulda bilibmi?
“Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan, Azərbaycandan Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz nəql
etməsi nəzərdə
tutulan TAP il boyu ilk, həm də böyük uğurlara imza atıb. Dubayda keçirilən “Gastech Awards 2021” mərasimində
“İlin təbii qaz, LNG və ya hidrogen layihəsi”
kateqoriyasında qalib elan olunması buna aydın misaldır. Qeyd edək ki, hər
il keçirilən
qlobal “Gastech” konfransı ərəfəsində
təşkil olunan “Gastech Awards” mükafatları
şirkətlərin və
təşkilatların təbii
qaz sektorundakı üstün nailiyyətlərinə
görə verilir.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz”
yatağının işlənməsinin
ikinci mərhələsi
çərçivəsində çıxarılan qazı
TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri)
qəbul edir. Bu, uzunluğu təxminən
878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri
Albaniyanın ərazisindən,
105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə
kilometrlik hissəsi İtaliya torpağında
quru sahəyə çıxır. Burada kəmər
“Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı
şəbəkəsi ilə
birləşir.
TAP sistemi keyfiyyət, sağlamlıq,
təhlükəsizlik və
ətraf mühitin mühafizəsi üzrə
beynəlxalq standartlara
uyğun fəaliyyət
göstərir. Potensialı onun
ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa
imkan verir.
Məlum olduğu kimi, müasir zamanda dünyanın hər yerində istehlakçıların
mavi yanacağa tələbatı böyükdür. İstismar olunan
qaz yataqlarının ehtiyatları isə təbii ki, getdikcə azalır.
Yeni qaz yataqları da, necə deyərlər,
hər gün kəşf olunmur. Buna görə Azərbaycanın
zəngin qaz yataqları və ixrac marşrutları yeni mənbə kimi təkcə region üçün deyil, həm də Avropa üçün mühüm əhəmiyyət
daşıyır. Belə ki,
Avropa İttifaqı öz təchizat marşrutlarını şaxələndirmək
istəyir və “Cənub qaz dəhlizi” ona gələcək kanallardan
biri kimi maraqlı görünür.
Prezident İlham
Əliyevin keçən
ilin dekabr ayında Brüsseldə işgüzar səfərdə
olarkən İtaliyanın
“İl Sole 24 Ore” qəzetinə
verdiyi müsahibədə
də bu məsələdən ətraflı
bəhs olunub. Dövlət başçısı
bu möhtəşəm
layihə haqqında belə deyib: “Bizim qaz strategiyamız
çox aydın və açıq olub. Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün
Azərbaycanda çox
iş gördük,
tərəfdaşlarla birgə
işlədik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri
hesab olunur. Uzunluğu
3500 kilometr olan “Cənub qaz dəhlizi” Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq
ərazilərdən keçərək
İtaliyaya çatır.
Bu, texniki baxımdan
çox mürəkkəb
və əlbəttə
ki, çox bahalı layihədir.
Azərbaycan “Cənub qaz
dəhlizi”nin 4 seqmentinin
hamısında əsas
maliyyə yükünü
öz üzərinə
götürüb”.
Beləliklə, biz artıq Avropanın qaz təchizatçısı
olmuşuq. 2021-ci il yanvarın 1-dən başlayaraq
Azərbaycan TAP vasitəsilə
İtaliya, Yunanıstan
və Bolqarıstanı
7,2 milyard kubmetr qazla təchiz
edib. Cari ildə həmin
rəqəm 9 milyard,
2023-cü ildə azı
11 milyard kubmetr olacaq. Bu isə
ciddi artım hesab olunur.
Azərbaycanın qaz ehtiyatları böyükdür. Odur ki, hasilatı da, ixracı da artırmaq imkanları var. Prezidentimiz
bunun, sözsüz ki, avropalı istehlakçıların tələbindən
asılı olacağını
da bildirib: “Biz Cənub Qaz Dəhlizinin Məşvərət
Şurasını mütəmadi
olaraq Bakıda Avropa İttifaqının
nümayəndələri və
Azərbaycanın sədrliyi
ilə bir araya gətiririk. Növbəti sessiya gələn
ilin fevralında keçiriləcək, orada
biz bütün məsələlərlə
məşğul olacağıq
və gələcək
addımlarımızı planlaşdıracağıq.
Bu, şirkətlərin, bankların
və ölkələrin
böyük bir qrupudur... Hasilatı artırmaq üçün
biz, əlbəttə ki,
investisiya yatırmalıyıq
və bunu etmək üçün bizim istehlakçılarla
müqavilələrimiz olmalıdır.
Beləliklə, birincisi müqavilələr,
ikincisi investisiya və üçüncüsü
qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir”.
Bununla belə nəhəng yataqlarımız, tam yeni,
müasir infrastrukturumuz
TAP-dan digər yerlərə də bağlayıcıların çəkilməsini
mümkün edir. Həm də
təkcə Balkanlara deyil, Mərkəzi Avropaya da. Bu, ixracın və
təchizatın şaxələndirilməsi
deməkdir.
Başqa sözlə,
TAP xətti İtaliyada
bitməsinə baxmayaraq,
gələcəkdə Azərbaycan
qazının Almaniya,
Fransa, Böyük Britaniya, İsveçrə
və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün
də böyük imkanlar yaradır. Prezident İlham Əliyev “Cənub qaz dəhlizi”nin,
o cümlədən TAP-ın
perspektivlərinə toxunaraq
demişdir: “Azərbaycan
qazı artıq Avropa bazarındadır. Əlbəttə ki, bizim böyük layihə olan “Cənub qaz dəhlizi”nin tamamlanması ilə bağlı planlarımız
bununla məhdudlaşmır.
Biz görürük ki,
Avropa İttifaqının
bir çox başqa üzvlərinin də təchizatçısı
ola bilərik.
Biz təchizatımızın
coğrafiyasını genişləndirmək
üçün Avropa
İttifaqı ilə
birgə işləməyi
planlaşdırırıq - xüsusilə indi, qışda, hər kəs görəndə ki, alternativ marşrut baxımından
alternativ mənbə məhz enerji təhlükəsizliyidir”.
Flora SADIQLI
Azərbaycan.- 2022.- 12 yanvar.- S.1; 4.