Prezident İlham Əliyev Səudiyyə
Ərəbistanının energetika nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
- Cənab nazir, bir daha
xoş gəlmisiniz. Mən həqiqətən çox
məmnunam ki, siz gəlib bizim ölkəmiz, tərəfdaşlığımız, qardaşlıq münasibətlərimiz
üçün mühüm
olan bu tədbirdə
iştirak etməyə
vaxt tapmısınız.
Bir daha sizdən Əlahəzrət Krala və Əlahəzrət vəliəhd şahzadəyə
ən xoş salamlarımı çatdırmağı
xahiş etmək istərdim.
Mən sizin ölkənin rəhbərləri ilə
görüşlərimi və
qardaş Səudiyyə
Ərəbistanına çoxsaylı
səfərlərim zamanı
mənə göstərilən
böyük qonaqpərvərliyi
xatırlayıram. Çıxışımda qeyd etdiyim kimi, işğal illərində Səudiyyə
Ərəbistanının Azərbaycana
göstərdiyi davamlı
dəstəyə görə
minnətdarlığımı bildirmək istərdim.
Biz bunu həqiqətən
də yüksək qiymətləndiririk və
əsl qardaşlıq,
həmrəylik göstəricisi
və həqiqi dəstək göstəricisi
hesab edirik. Əlbəttə ki, bizim beynəlxalq təşkilatlarda,
BMT-də, İslam Əməkdaşlıq Təşkilatında
torpaqlarımızın işğalı
ilə bağlı ədalətin bərpasına
yönəlmiş birgə
səylərimiz Azərbaycan
xalqı tərəfindən
yüksək qiymətləndirilir.
Torpaqlarımızın işğaldan azad
olunması indi ölkə üçün
yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir.
Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz
regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, xüsusilə bərpaolunan
enerji sahəsində əməkdaşlıq üçün
yeni imkanlar açır. Mən artıq
planlarımız, potensial
barədə danışdım.
Hesab edirəm ki, biz artıq bu mühüm
infrastruktur layihəsinin
icrası zamanı gələcəyə baxaraq,
nəhəng potensialımızdan
istifadə edərək
maksimal dərəcədə
səylərimizin necə
əlaqələndirilməsini nəzərdən keçirə
bilərik. Çox
şadam ki, bizim nazirlə sizin yaxın münasibətləriniz var. O, mənə
OPEC+ formatında və
ikitərəfli əlaqələr
sahəsində sizin təmaslarınız haqqında
müntəzəm olaraq
məlumat verir.
Mən investorları
cəlb etmək məqsədimizə nail olduğumuzu
yüksək qiymətləndirirəm
və bu investorun bu sahədə
dünyada ən aparıcı şirkətlərdən
biri və qardaş ölkədən
olması məni şəxsən sevindirir.
Bu, bizim üçün
və gələcək
əməkdaşlığımız üçün çox önəmlidir. Əminəm ki, sizin bizi
ziyarət etmək üçün daha çox vaxtınız olacaq. Qeyd etdiyiniz kimi
bu, sizin Azərbaycana ilk səfərinizdir.
Ümidvaram ki, biz sizi daha da çox
görəcəyik. Bir daha xoş gəlmisiniz.
Səudiyyə Ərəbistanı
Krallığının energetika
naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ölkəmizə səfərindən
məmnunluq hissi keçirdiyini dedi. Qonaq özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin
Bakıda fəal çalışdıqlarını vurğulayaraq qarşılıqlı
əməkdaşlığın daha da genişlənəcəyini
bildirdi. Əbdül
Əziz bin Salman Əl-Səud yaxın vaxtlarda daha geniş əlaqələri
əks etdirən əməkdaşlıq müqaviləsi
layihəsinin təqdim
olunacağına ümidvarlığını
ifadə etdi.
Səudiyyə Ərəbistanı
Krallığının energetika
naziri əlaqalərimizin
uğurla inkişaf etdiyini bildirərək
"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma
mərasiminin əhəmiyyətini
vurğuladı, səmərəlilik,
bərpa olunan enerji mənbələri və digər aspektlər üzrə baxışlarımızın üst-üstə
düşdüyünü məmnunluqla bildirdi.
Azərbaycan.- 2022.- 14 yanvar.- S.3.