“Biz ermənilər İlham
Əliyevin şərtləri ilə artıq
razılaşmalıyıq”
Azərbaycan Prezidentinin
son bəyanatları Ermənistanda
böyük narahatlığa
səbəb olub
Prezident İlham
Əliyevin yerli televiziya kanallarına müsahibəsində Ermənistanla
bağlı səsləndirdiyi fikirlər
İrəvanda da xüsusi diqqət mərkəzindədir.
Dövlət başçısının verdiyi
açıq mesajlar erməni sosial şəbəkə istifadəçilərinin
də nəzərindən
qaçmadı.
Xəbər portallarının
rusdilli versiyasında yayılan müsahibədən
hissə-hissə açıqlamaların,
videoçarxların təqdim
olunaraq müzakirəyə
çıxarılması məğlub
ölkədə ictimai
çaşqınlığın artıq xaosa çevrildiyini göstərir.
Bu fonda ölkə ictimaiyyəti Sarkisyan-Koçaryan rejimindən
sonra Paşinyanı da artıq Ermənistanın
əsas bəlası saymağa başlayıb.
“Paşinyan Əliyevə
hansı üzlə cavab verəcək?”
Ermənilərin sosial şəbəkələrdəki
statusları, şərhləri
göstərir ki, onlar ölkələrinin məhvə doğru getməsi, İlham Əliyevin Ermənistan üzərində üstünlüyünün
artması barədə
ortaq rəydədirlər. Erməni
istifadəçilər tərəfindən
yer alan
maraqlı status və
şərhləri diqqətinizə
çatdırırıq.
İrina Babayan adlı biri “İnstaqram”da Paşinyan tərəfdarlarının
daha çox rəy bildirdiyi xəbərə maraqlı
bir şərhlə diqqət çəkib və bununla da onların kəskin tənqidi ilə üzləşib.
O yazıb: “Acı reallıq olsa da, qəbul
edək ki, Paşinyanın pafoslu çıxışlarına, onun
aktyorluğuna yalnız
Ermənistanda inanırlar.
İlham Əliyev Bakıdan növbəti dəfə Paşinyana, Sarkisyana, Koçaryana od püskürdü, bizimkilər isə hakimiyyəti qorumağın
və hakimiyyətə
gəlməyin yollarını
axtarırlar”.
Aravik Vardanyan adlı “Feysbuk” istifadəçisi
İlham Əliyevin müsahibədə səsləndirdiyi
fikirlərin yer aldığı xəbərə
münasibət bildirib. İrəvan
Dövlət İqtisad
Universitetinin tələbəsi
olduğunu qeyd edən istifadəçi rəyində yazır: “Ötən zaman da göstərir ki, təəssüflər
olsun ki, Azərbaycan istədiyinə
daha sürətlə
yaxınlaşır. Düşmən ölkənin rəhbərinin
açıqlamaları bir
erməni gənci olaraq məni çox qıcıqlandırdı.
Görəsən bundan sonra Paşinyan Əliyevə hansı üzlə cavab verəcək? Yəqin ki, bundan sonra da
cavab verə
bilməyəcək. Çox təəssüf
və qıcıq hissi ilə deyirəm ki, Paşinyan İlham Əliyevə davamlı şəkildə uduzur”.
“İlham
Əliyev bütün
sahələrdə Ermənistan
üçün böyük
qorxu yaradıb”
“Feysbuk” sosial şəbəkəsində
Gevorq Manusyan adlı biri iki yüz minlik
bəyənməsi olan
səhifədə şərh
yazaraq Azərbaycan Prezidentinin müsahibəsinin
yer aldığı videoçarxa rəy bildirib: “İlham Əliyev yenə çox açıq mesajlar verdi.
Paşinyanın İlham
Əliyevdən çəkdikləri
nədir? Çox qorxulu bir vəziyyətdir. Çətin bir də Artsaxı
(red-Qarabağ) görək”.
Roman Piloyan adlı istifadəçi
“İnstaqram” sosial şəbəkəsində xəbər
portallarından birində
İlham Əliyevin “Unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi,
kimin onlara yardım edəcəyindən
asılı olmayaraq,
biz istədiyimizə nail olacağıq
və heç kim bizi
dayandıra bilməz,
heç nə bizi dayandıra bilməz” fikirlərinin əks olunduğu videogörüntüyə münasibət
bildirib: “Dostlar, gəlin gördüklərimizi
açıq şəkildə
etiraf etməkdən çəkinməyək. Çox gülməlidir,
elə deyilmi? İlham Əliyev bütün
sahələrdə Ermənistan
üçün böyük
qorxu yaradıb. Azərbaycan əsgəri qarşısında
duruş gətirməyən
erməni əsgərlərinin
səngərlərdə silahlarını
qoyub qaçmalarını
görməkdən bezmişik.
Orduya xidmətdən yayınmaq
məqsədilə ölkəni
tərk etməkdən
təngə gəlmişik.
Bunun ən böyük səbəbkarı isə
hakimiyyətdir”.
“Vətənə
biz yox, Paşinyan və onu müdafiə
edənlər xəyanət
edirlər”
Poxos Poxosyanın “VKontakte” sosial şəbəkəsində Prezident
İlham Əliyevin açıqlamalarının yer
aldığı xəbərin
rəy bölümündə
Paşinyanın şəklini
paylaşaraq “Ermənistanı
sizinlə daha parlaq gələcək gözləyir” şərhi
çoxsaylı tənqidlərə,
təhqirlərə tuş
gəlib. Karen Melikyan adlı istifadəçinin bu fotoya şərhi isə daha çox
bəyənmə toplayıb:
“İlham Əliyev bizim Paşinyanı informasiya müharibəsində
də məğlub etməkdə davam edir. Müxtəlif sosial qruplarda
“klaviatura qəhrəmanları”
çoxsaylı statuslar
və şərhlərlə
bildirirlər ki, belə çıxış
etməklə Nikolu Əliyev qarşısında
çox aşağı
səviyyəyə salırsınız.
Vətənə xəyanət edirsiniz.
Vətənə biz yox, Paşinyan
və onu burada müdafiə edənlər xəyanət
edirlər. Neyləməliyik? Ermənistan məhv olur, susmalıyıq?”
Araik Avetisyan adlı istifadəçi “Tviter”də
Prezident İlham Əliyevin “4r.am” saytında
yerləşdirilən “Ancaq
yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh
tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfıra endirilməsi
naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə
itirəcəyik? Heç
nə itirməyəcəyik,
nə bu gün, nə sabah” paylaşımına
belə reaksiya verib: “Sülhü görəsən bizim alkaş baş nazirimiz niyə istəmir ki? Özüm də Zəngəzurdanam.
Zəngəzur bu anda regionun geosiyasi mərkəzidir.
İlham Əliyevi bu mövzuda biz də dəstəkləyirik. Biz ermənilər artıq İlham Əliyevin şərtləri ilə razılaşmalıyıq. Sülh müqaviləsinin imzalanması,
dəhlizin açılmasını
çox böyük səbirsizliklə gözləyirik.
Bu dəhliz sayəsində
ağ günə çıxacağıq”.
“Ağıllı
düşmən ağılsız
baş nazirimizi və bədbəxt dövlətimizi məhv edir”
“İravnuk” qəzeti “İnstaqram” səhifəsində Azərbaycan
Prezidentinin Sarkisyan və Koçaryan barədə səsləndirdiyi
“Siam əkizləri” başlığı
daha çox bəyənmə toplayıb.
İstifadəçilərdən bir çoxu
bu paylaşıma gülüş işarəsi
qoyublar. Rəy bildirənlərdən Albert Nersisyanın
Azərbaycanı, onun
Prezidentini özünə
düşmən sayan fikirləri
nə qədər erməni şovinizmini əks etdirsə də, əslində, həqiqəti göstərir:
“Bizi İlham Əliyevə xidmətdə,
onu sevməkdə günahlandırırlar. Heç bir
erməni o Prezidenti sevmir və sevə də bilməz. Onun ölkəsi də,
xalqı da düşməndir, özü
də düşməndir.
Amma axı ağıllı düşməndir. Bizim
ağılsız keçmiş prezidentlərimiz
və hazırkı baş nazirimiz kimi öz xalqını
ac qoymur, müharibədə
fərarilik etmir. Görün Azərbaycan hansı səviyyədədir. 28 il əvvəl az qala Bakıya
çatırdıq. Amma indi
görün nə gündəyik. Artıq İrəvanda
da qorxaraq oturmuşuq. Biz Serj Sarkisyanı, Paşinyanı
tənqid etməklə
İlham Əliyevə,
Azərbaycana, düşmənlərimizə
xidmət etmirik, Ermənistana, övladlarımızın
daha sakit və xoşbəxt yaşamasına çalışırıq.
Ağıllı düşmən ağılsız baş nazirimizi və bədbəxt dövlətimizi
məhv edir, budur reallıq”.
Bütün bunlar əsl həqiqətlərin nədən
ibarət olduğunun artıq erməni cəmiyyəti tərəfindən
də dərk olunduğunu aydın nümayiş etdirir. İndi anlamağa
başlayıblar ki, Ermənistanın acınacaqlı
vəziyyətə düşməsinin
əsas səbəbləri
30 ilə yaxın davam edən işğalçılıq siyasəti
və buna görə Azərbaycanın
gördüyü tədbirlər
idi.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 14 yanvar.- S.1; 9.