Azərbaycan və Ukrayna beynəlxalq
platformalarda bir-birinin
maraqlarını müdafiə edən dövlətlərdir
Ukraynada işgüzar səfərdə
olan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü
keçirilib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Ukrayna Prezidenti Volodimir Zelenski çıxış
edərək dedi:
-Təşəkkür
edirəm!
Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə gözəl,
çox məzmunlu söhbətimiz oldu. Mən onu,
onun komandasını,
xüsusən indiki vaxtda, COVID-ə baxmayaraq Ukraynada görməyimə
çox şadam.
COVID həqiqətən ölkələrimiz üçün
böyük təhdiddir.
Lakin biz başa düşürük
ki, COVID-lə mübarizə aparmalıyıq,
görüşməliyik ki,
gələcəkdə ölkələrimiz
arasında gözəl
münasibətləri inkişaf
etdirək.
Ukraynanı, bizim suverenliyimizi, dövlətlərimiz arasında
mövcud olan birgə layihələri dəstəklədiyinizə görə
Sizə təşəkkür
edirəm. Əminəm ki, həmin
layihələr gələcəkdə
bizim münasibətlərimizi
inkişaf etdirəcək.
Bu gün biz bir neçə məsələni qaldırdıq:
enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki
əməkdaşlıq və
sair – çoxlu məsələlər. Düşünürəm
ki, aqrosənaye kompleksi məsələsi
ən vacib məsələdir, ona görə ki, bu gün ərzaq
təhlükəsizliyi təbabətdə
təhlükəsizlik və
ya dünyada prioritet olan enerji təhlükəsizliyi
və müstəqillik
ilə müqayisədə
heç də az aktual
deyil. Fikrimcə, bu birgə
layihələrin başlanğıcı
kimi mühüm sənədləri biz hökmən
imzalayacağıq və
bu layihələrin nazirliklər səviyyəsində
tamamlanmasını davam
etdirəcəyik.
Azərbaycan Prezidentinə bir daha təşəkkür
etmək istəyirəm
ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər üçün
vaxt tapıb. Bu, birinci səfər deyil və artıq
dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil.
***
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
- Təşəkkür
edirəm cənab Prezident, məni Ukraynaya dəvət etdiyiniz üçün Sizə minnətdaram. Şadam ki, yenidən gözəl ölkənizə
səfər edirəm.
Qeyd etdiyiniz kimi, bu gün keçirdiyimiz
təkbətək görüş
çox məhsuldar olub. Ukrayna və Azərbaycan
uzun illər ərzində bir-biri ilə uğurla əməkdaşlıq edir,
biz beynəlxalq platformalarda
da bir-birimizin maraqlarını müdafiə
edirik. İki ölkənin bir-birinin
ərazi bütövlüyünün
qarşılıqlı surətdə
dəstəklənməsi, müdafiə edilməsi əməkdaşlığımızın səviyyəsindən xəbər
verir. Bu gün siyasi dialoqla bərabər, çox geniş iqtisadi gündəliyimiz
var. Bu gün biz Sizinlə
bu gündəliyi geniş, bir-bir müzakirə etdik və qeyd etdiyiniz
kimi, çox gözəl perspektivlər
var.
Şadam ki, artıq iqtisadi sahədə canlanma var, baxmayaraq
ki, pandemiya hələ davam edir. Amma ticarət dövriyyəmizin
qalxmasına nəzər
salsaq görərik ki, müsbət meyillər mövcuddur.
Bu gün müzakirə
etdiyimiz və əminəm ki, həyata keçiriləcək
məsələlər və
layihələr bizim iqtisadi əməkdaşlığımızı
dərinləşdirəcək. Ənənəvi olaraq, energetika
sektorunda bizim əməkdaşlığımız var, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR uzun illər Ukraynada fəaliyyət göstərir
və bu fəaliyyəti genişləndirmək
istəyir. Nəqliyyat, kənd
təsərrüfatı, turizm
sektorlarının da böyük perspektivləri
var. Əsas odur ki, hökumətlərarası
komissiya bütün bu məsələləri
geniş təhlil edib konkret qərarların
hazırlanması ilə
bağlı bundan sonra da fəal
məşğul olsun.
Mən komissiyanın fəaliyyətini
müsbət qiymətləndirirəm
və eyni zamanda, müxtəlif dövlət qurumları arasındakı təmaslar
da son vaxtlar daha intensiv xarakter
alır. Həm qarşılıqlı
səfərlər, eyni
zamanda, telefon vasitəsilə təmaslar
bir çox məsələlərin həllinə
xidmət göstərir.
Ukrayna ilə Azərbaycan arasında uzun illər qarşılıqlı
surətdə faydalı
əlaqələr davam
edir. Əminəm ki, bu səfərdən sonra biz
əməkdaşlığımızın
daha da dərinləşməsini,
bütün sahələrdə
dərinləşməsini görəcəyik. Bir daha dəvətə və qonaqpərvərliyə görə
təşəkkürümü bildirirəm.
***
Görüşdə iqtisadi sahədə, o cümlədən kənd
təsərrüfatı, nəqliyyat,
enerji, qida təhlükəsizliyi sahələrində
əməkdaşlıqla bağlı
məsələlər müzakirə
edildi.
Azərbaycan.- 2022.-15 yanvar.- S.2.