AHİK-də Türkiyənin ən böyük
həmkarlar ittifaqı olan “Hak-İş” Konfederasiyasının nümayəndə
heyəti ilə görüş keçirilib
Yanvarın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin ən böyük həmkarlar ittifaqı olan “Hak-İş” Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan və qurumun baş katibi Eda Günər və digərləri iştirak ediblər. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və perspektivlərdən danışılıb.
AHİK sədri bildirib ki, ölkələrimiz arasındakı münasibətlər qardaşlıq prinsipləri əsasında bütün sahələrdə möhkəm təməllər üzərində qurulub, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın milli-mənəvi dəyərlər müstəvisində birliyinin təminatçısıdır.
Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Şuşa Bəyannaməsini tarixi hadisə adlandıran S.Möhbalıyev qeyd edib ki, bu sənəd ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə davamlı inkişafını təmin edir, eyni zamanda, müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.
Vətən müharibəsi dövründə Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin önəmindən bəhs edən S.Möhbalıyev vurğulayıb ki, bu, sözün hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi: “Azərbaycanla Türkiyəni sarsılmaz tellər bağlayır. Bu birliyi heç kim və heç bir qüvvə poza bilməz. Vətən müharibəsinin qazilərinin müalicəsinə yüksək səviyyədə kömək göstərilib. Türkiyə parlamenti də xalqımıza, dövlətimizə dəstəyini əsirgəməyib”.
Azərbaycanın regionda yaratdığı reallıqdan danışan sədr Zəngəzur dəhlizinin Ermənistan da daxil olmaqla bütün region ölkələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.
“Hak-İş” Konfederasiyası tərəfindən şəhid ailələrinə və qazilərə, həmçinin Şərqi Zəngəzurun və Qarabağın bərpasına xərclənməsi üçün AHİK-in hesabına köçürülən 25 000 ABŞ dolları vəsaitə görə türkiyəli həmkarına təşəkkür edən AHİK sədri Azərbaycanda şəhid ailələrinin, qazilərin, veteranların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu və prosesdə ictimai təşkilatların da fəallığını diqqətə çatdırıb.
“Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Azərbaycanın haqq-ədalət uğrunda mübarizə apararaq qalib gəldiyini və bütün dünyaya öz gücünü göstərdiyini vurğulayan M.Arslan deyib: “Qarabağ müharibəsində qazanılan Zəfər bütün dünyaya verilən bir mesajdır. Otuz ilə yaxın işğalda olan torpaqların 44 günə azad edilməsi görünməmiş bir hadisədir. Təkcə Şuşa əməliyyatının özü dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Düşünürəm ki, bu, dünya tarixində yeni bir səhifənin açılması deməkdir. İllərlə sürən münaqişələr var ki, hələ də öz həllini tapmayıb. Azərbaycan xalqı özünün şərəfli və qürurlu dövrünü yaşayır”.
Türkiyəli qonaq bildirib ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad olunması hər birimizin arzusu idi və biz indi bu sevinci yaşayırıq. Bildirilib ki, Türkiyənin ictimai təşkilatı olaraq qardaş ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının ailələrinə, qazilərə dəstək olmağa çalışırıq. Göstərdiyimiz bu maddi yardım, təbii ki, simvolik xarakter daşıyır. Biz bununla demək istəyirik ki, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq və bunu özümüzə borc bilirik.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Azərbaycan.- 2022.- 15 yanvar.- S.3.