Təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, onu dərhal məhv edəcəyik

 

Müharibə dövründə biz çoxlu sayda döyüş sursatından istifadə etmişik, indi biz onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bizim üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Növbəti məqam - müxtəlif xarakterli müasir silah sistemlərinin alınmasıdır. Biz bu məsələyə həmişə böyük əhəmiyyət vermişik. Ona görə ki, hərbi texnologiya inkişaf edir və biz həmişə ən yaxşı texnologiyaları almaq istəyirik. Bizə silah satmaq istəyənlərin sayı baxımından problemimiz yoxdur.

İkinci Qarabağ müharibəsi Böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə deməkdir. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar. Bununla belə, İkinci Qarabağ müharibəsi bizim bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin bizim tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir. Lakin indi dediklərimdən artığını məlum səbəblərə görə deyə bilmərəm. Komando Qüvvələrinin yaradılması bizim hərbi potensialı təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir. Bu proses başlanıb və davam etdiriləcək.

Bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir.

Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq. İndi mənim hərəkətlərim, o cümlədən hərbi quruculuq çərçivəsində hərəkətlərim reallıqlardan kənara çıxmamağa yönəlib. Biz nə lazımdırsa onu etmişik, ləyaqətlə, şərəflə, ədalətlə etmişik və gələcək haqqında, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə düşünməliyik.

 

İlham ƏLİYEV

 

Azərbaycan.- 2022.- 15 yanvar.- S.5.