Azərbaycanı qüdrətli və güclü
edən həm də işıqlı ölkə
olmasıdır
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibədə ötən il əldə edilən iqtisadi uğurlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün sosial sahədə görülən işlərdən geniş bəhs olunub. Bununla yanaşı, jurnalistlərin Azərbaycanla Ermənistan arasındakı münasibətlərlə, işğaldan azad edilən ərazilərdə görülən işlərlə, həmçinin ölkəmizin xarici siyasəti və beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı sualları cavablandırıb.
Dövlət başçısı işğaldan azad edilən ərazilərdə aparılan infrastruktur layihələri barədə danışarkən enerji sahəsində görülən işləri xüsusilə qeyd edib. Bildirib ki, işğal başa çatdıqdan dərhal sonra bu ərazilərdə enerji infrastrukturunu bərpa etmək üçün yarımstansiyaların tikintisinə başlanıldı, dağıdılmış su-elektrik stansiyaları yenidən qurularaq istismara verildi. Beləliklə, qısa bir zamanda bölgədə xidmət aparan hərbçilər və burada quruculuq-bərpa işlərində çalışan işçilər elektrik enerjisi ilə təmin edildi.
Dövlət başçısı işğaldan azad olunan ərazilərdə görülən işlərin miqyasının böyük olduğunu bildirərək demişdir: “İndi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə, bu, bizə imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Bu da çox böyük və çətin bir iş idi. Təsəvvür edin, bir ildə 7 yarımstansiya, özü də o yerdə ki, yaşayış yoxdur, minalıdır, heç bir infrastruktur yoxdur. Bu böyük fədakarlıqdır. Xüsusilə Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da, böyük fədakarlıqdır və bizim potensialımızı göstərir”.
Prezident həmçinin görülən işləri yüksək qiymətləndirərək bildirdi ki, ölkəmiz təkcə maliyyə baxımından deyil, texniki və mütəxəssislər baxımından da müstəqil ölkədir.
Qeyd edək ki, dünyada yaşıl enerjiyə böyük maraq var. İnsanlar tərəfindən son iki əsrdə Yer kürəsi hədsiz dərəcədə çirkləndirilib. Sənayenin inkişafı insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olsa da, ətraf mühitin bir o qədər çirklənməsinə gətirib çıxarıb.
İndi insanlar təbiətə vurulan ziyanı aradan qaldırmaq üçün özləri səy göstərirlər. Tullantısız istehsal və yaşıl enerjiyə üstünlük verilməsi də bununla bağlıdır.
Ölkəmiz gələcəyin enerji istehsalına yiyələnmək üçün indidən çalışır. Yanvarın 13-də ölkəmizdə ilk 240 MVt gücündə olan “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu yeni stansiya Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkətinin investisiyası ilə tikiləcək. Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində Prezident İlham Əliyev demişdir: “Bu stansiya Azərbaycanda bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə təsirin azalması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır”.
Dövlət başçısı həmçinin bildirdi ki, bərpa olunan enerji ilə bağlı hələ çox işlər görüləcək. Vurğuladı ki, hazırda Cəbrayıl rayonunda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın da istehsal gücü 240 meqavat olacaq. Ümumilikdə işğaldan azad edilən ərazilərdə 10 min meqavata yaxın bərpa olunan enerji istehsalı mümkündür. Prezident İlham Əliyev həmçinin Azərbaycanın qonşu ölkələrə enerji ixrac etdiyini xatırlatdı. Gələcəkdə bu ixracın həcmini artırmaq da mümkündür. Çünki indi Azərbaycan dünyada enerji təhlükəsizliyini tam təmin edən nadir ölkələrdəndir.
Məlumdur ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra işğaldan azad edilən ərazilərdə nəhəng infrastruktur layihələri icra edilir. Füzulidə hava limanı istismara verilib, Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri görülür. Bunlardan əlavə, Qarabağ və Şərqi Zəngəzurda müasir avtomobil yolları və dəmir yolu xətləri çəkilir, tuneller qazılır. Bir sözlə, cəmi bir ildə burada görülən işlər dostları sevindirir, düşmənə isə gözdağı verir.
Bölgənin dirçəlişində enerji təminatı müstəsna rol oynayır. Bu üzdən dövlət başçısı “Azərenerji” ASC-nin qarşısında mühüm vəzifələr qoyub. Bununla bağlı çox işlər görülüb. Keçən il Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı “Güləbird” Su-Elektrik Stansiyasının, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su-Elektrik stansiyalarının yenidənqurulmadan sonra açılışı olub, “Kəlbəcər-1” Kiçik Su-Elektrik Stansiyasında təmir-bərpa işləri tamamlanıb.
Bununla yanaşı, azad olunmuş ərazilərdə 110/35/10 kV-luq rəqəmsal yarımstansiya tikilib, “Şuşa”, “Füzuli”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları istismara verilib. Ağdamda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarında, o cümlədən “Qarabağ” Regional İdarəetmə Mərkəzində də tikinti işləri tamamlanaraq başa çatıb.
Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı ölkənin ümumi enerjisisteminə qoşulmaqla yanaşı, həm də tam rəqəmsallaşdırılıb. Belə ki, işğaldan azad edilən ərazilərdə dördüncü sənaye inqilabına uyğun olaraq intellektual enerjisistemi konsepsiyası həyata keçirməklə müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb. Bunun sayəsində istismara verilən yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.
Ermənilər minalanmış ərazilərin xəritəsini verməməklə və ya dəqiq olmayan xəritələr təqdim etməklə bizə işğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinin aparılmasına, buradan didərgin düşən soydaşlarımızın doğma yerlərə qayıtmasına mane olmaq istəyirlər. Amma onların bütün cəhdləri boşa çıxır. İşğaldan azad olunan ərazilərdə icra edilən quruculuq-bərpa işləri sübut edir ki, biz Prezident İlham Əliyevin dediyi kimi, tezliklə Qarabağı cənnətə döndərəcəyik. Bu gün isə Xankəndidə və ətraf yerlərdə qaranlıqda yaşayan ermənilər Şuşanın gur işıqlarına həsrətlə baxırlar.
Rüstəm KAMAL
Azərbaycan.
- 2022.-15 yanvar.- S.5.