Xırdalanda şəhid polkovnik-leytenant Telman Miriyevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub

 

Yanvarın 15-də Xırdalan şəhərində şəhid polkovnik-leytenant Telman Miriyevin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Milli Məclis sədrinin müavini Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini bildirib. Deyib ki, bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin edib. Bu torpaqlara yeni nəfəs gəldiyini bildirən Adil Əliyev qəhrəmanlarımızın canı-qanı bahasına düşməndən azad edilmiş ərazilərimizin tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyini diqqətə çatdırıb. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, həmişə ehtiramla anılacaq.

Milli Məclisin deputatı Aydın Hüseynov şəhid ailələrinin, qazilərin dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edib.

Mərasimdə çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Azərbaycan.- 2022.- 16 yanvar.- S.2.