Keçmiş hərbi xuntaya
növbəti zərbə
Ermənistanda “sabiqlər”in
həbs dalğası
davam edir
Ermənistanda mövcud hakimiyyətlə keçmiş hərbi xunta arasında münasibətlərin daha da gərginləşəcəyinə dair verilən proqnozlar özünü doğruldur.
Hakimiyyətdə dayaqlarını zaman keçdikcə daha da gücləndirən baş nazir Nikol Paşinyan Koçaryan-Sarkisyan koalisiyasını sıradan çıxarmaq üçün yenidən hərəkətə keçib. Bu xüsusda növbəti zərbə üçün Ermənistan hakimiyyəti daha bir addım atıb. Erməni mediası yazır ki, “Sarkisyan işi” üzrə daha bir məhkəmə prosesi keçirilib.
Bildirilir ki, eks-prezident Serj Sarkisyan proses zamanı hakimə etiraz edərək hiddətini ifadə edib. O, “iş siyasi sifarişdir və onu burada iştirak edən prokurorluğun nümayəndəsi icra edir” deyib.
Xatırladaq ki, Serj Sarkisyan hakimiyyətdən devrildikdən sonra ona qarşı bir neçə dəfə cinayət işi qaldırılaraq həbs edilməsinə cəhdlər olub. Sonuncu ittiham isə ötən ilin noyabrında külli miqdarda rüşvət almaq iddiası ilə irəli sürülüb. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin Mətbuat xidməti məlumat yayıb ki, Sarkisyan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.
Bundan əvvəl isə Ermənistan Xüsusi İstintaq Komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb. Bildirilib ki, ötən il oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub. İş Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə açılıb.
Xatırladaq ki, Ermənistan parlamentinin ötən il avqustun 25-dəki iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib. Bundan sonra Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib. Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.
“Məlumatlı vətəndaşlar birliyi” proqramının koordinatoru Daniel İonnisyan bildirmişdi ki, “Faktların yoxlanması platformasının” üçüncü prezidentin Baden-Baden səfərləri barədə təhqiqatının sənədlərini hüquqi qiymətin verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edəcək.
Ümumiyyətlə, Sarkisyanın prezident olduğu 10 il ərzində Baden-Badenə 16 dəfə səfər etdiyi barədə iddialar səslənmişdi. “Fip.am” jurnalist təhqiqatı saytı məsələ ilə bağlı bildirib: “Ermənistanın keçmiş prezidenti Sarkisyan 10 illik prezidentliyi dövründə dəfələrlə dövlət hesabına və hökumət təyyarəsi ilə Almaniyanın məşhur Baden-Baden kurortuna səfər edib. Sarkisyan bu kurort şəhərində 10 ildə 16 dəfə olub”. Saytın yazdığına görə, bu səfərlərdən biri də 2016-cı ilin dördgünlük müharibəsindən dərhal sonra yer alıb. Təhqiqatçıların iddiasında qeyd edilir ki, Sarkisyan həmin ilin 6-7 aprelində Almaniyaya rəsmi səfərindən də Baden-Badenə baş çəkmək üçün istifadə edib.
“Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Xaçatur Sukiasyan iddia etmişdi ki, Serj Sarkisyan kazinoda 100 milyon dollardan çox pul uduzub və pulu borcu ödəmək üçün torbalarla daşıyırmışlar. İndi buna və bir neçə əməllərinə görə Sarkisyan məhkəmədə cavab verməlidir.
Bütün bunların fonunda Ermənistanın sabiq təbiəti mühafizə naziri Aram Arutyunyanın 14 milyon ABŞ dolları məbləğində rüşvət alması ilə bağlı iş üzrə istintaq tamamlanaraq məhkəməyə göndərilib. Sabiq nazir və deputatlardan ibarət dəstənin 14 milyon dollarlıq rüşvət alması faktlarla müəyyənləşdirilib.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, cinayətkar şəbəkənin fəaliyyət sxeminə həmçinin keçmiş deputat Aleksan Petrosyan, Sevan Psixiatriya Xəstəxanasının keçmiş rəhbəri Qaqik Karapetyan, həmçinin Arutyunyanın qohumları Araks Dilanyan və Viktor Martirosyan da daxildir. İstintaqın məlumatına görə, Arutyunyan biznesmen Silva Hambarzumyandan şirkətlərinə verilən 10 mədən lisenziyasına görə 14 milyon dollar rüşvət alıb. Pul hissə-hissə köçürülüb: - 6 milyon dollar Suren Avakyan, 8 milyon dollar Arutyunyanın qohumları - Araks Dilanyan, Qaqik Karapetyan, Armen Xaçatryanın hesabları vasitəsi ilə alınıb.
Daha sonra pulun bir hissəsi nağdlaşdırılıb, köçürülüb və ya Arutyunyana, onun həyat yoldaşına verilib. Arutyunyan və Aleksan Petrosyan pulun bir hissəsini Virgin adalarında qeydiyyatdan keçmiş “Tarasco Investment” şirkətinin hesablarına köçürüblər.
Həmçinin bildirilir ki, Arutyunyan səlahiyyətlərindən
sui-istifadə edərək Jradzor SES-dən
(Ani MMC-yə məxsusdur) gündəlik sudan istifadəyə icazə verib.
Aram Arutyunyan,
Qaqik Karapetyan və Suren Avaqyan
qiyabi həbs edilib. Onların 30 milyon ABŞ dolları
məbləğində əmlakına
həbs qoyulub.
Beləliklə, proseslərin gedişi qarşıdakı dövr
ərzində davam edəcək həbs dalğası fonunda Ermənistanda vəziyyətin
daha da qarışacağını
deməyə əsas verir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.-16 yanvar.- S.1; 4.