Musiqiyə sevgi
ilə yaşanan ömür
Musiqi xadimləri
O, 1932-ci il yanvarın 10-da Bakıda dünyaya gəlib. Musiqini çox sevən bir ailənin övladı olması balaca Elmiranın sənət seçiminə də təsir göstərib. Orta məktəblə yanaşı, yeddiillik musiqi məktəbində təhsil alıb. Müsabiqələrdə qazandığı uğurlar onu bu sahəyə daha da həvəsləndirib.
Musiqi sənətinə bitib-tükənməz sevgisi onu dahi bəstəkar, böyük pedaqoq Üzeyir bəy Hacıbəylinin adını daşıyan, əməllərini, arzularını, sənətkarlıq ənənələrini yaşadan Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) aparıb. Musiqişünaslıq ixtisasına yiyələnib. Konservatoriya təhsilini 1955-ci ildə başa vurub. Elə həmin ildən ömrünün sonunadək bu musiqi ocağında pedaqoji fəaliyyət göstərib.
Elmira Abasova hələ gənc yaşlarından tədqiqata maraq göstərib. Konservatoriyanı bitirəndən dərhal sonra pedaqoji fəaliyyətlə bərabər, elmi araşdırmalara başlayıb. Elmira Abasovanın “Üzeyir Hacıbəyovun operaları və musiqili komediyaları” mövzusunda namizədlik işi Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda təsdiq olunub. Dissertasiya işi müzakirə mərhələsindən uğurla keçib və 1962-ci ildə müdafiəyə çıxarılıb. Tədqiqat işinin yüksək elmi-nəzəri səviyyəsi, aktuallığı və əhəmiyyəti rəsmi opponentlər V.Belyayevin, N.Şahnazarovanın rəylərində və elmi şuranın qərarında öz əksini tapıb.
Elmi yaradıcılığı zəngin və çoxşaxəli olsa da, tədqiqatçının Üzeyir bəy Hacıbəyli irsinə bağlılığı xüsusilə diqqəti cəlb edir. Hələ sovet dönəmində Üzeyir bəy Hacıbəyli yaradıcılığının ən nüfuzlu, ən sanballı tədqiqatçılarından hesab edilib. O, dahi bəstəkar haqqında beş kitabın müəllifidir. Üzeyir bəy Hacıbəyli yaradıcılığına həsr etdiyi “Ü.Hacıbəyovun opera və musiqili komediyaları”, “Üzeyir Hacıbəyovun “Koroğlu” operası”, “Ü.Hacıbəyov: həyat və yaradıcılıq yolu” monoqrafiyaları ilə musiqişünaslıq elmini zənginləşdirib.
Elmira Abasovanın digər əsas tədqiqat mövzusu dünya şöhrətli bəstəkar Qara Qarayevin yaradıcılığıdır. O, Qara Qarayev musiqisinin könüllərə yol tapmasının, yalnız doğma vətənində deyil, bütün dünyada musiqisevərlər tərəfindən böyük məhəbbətlə qarşılanmasının səbəbini izah etməyi, əsaslandırmağı bacarıb.
Tədqiqatçı müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırıb. Onun Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında çap olunaraq oxucular tərəfindən maraqla qarşılanmış “Cövdət Hacıyev”, “Rəşid Behbudov”, “Soltan Hacıbəyov”, “Səid Rüstəmov”, “Qurban Pirimov”, “Bəhram Mansurov” və digər kitabçaları, elmi-populyar məqalələri dərin araşdırmalarının bəhrəsidir.
Elmira Abasovanın elmi fəaliyyətində diqqəti cəlb edən məsələlərdən biri də tədqiqatçının xalq musiqisinə böyük diqqət və həssaslıqla yanaşmasıdır. O, XX əsrdə muğamın elmi öyrənilməsində bilik və bacarığını əsirgəməyib. Elmira Abasova ozamankı SSRİ Bəstəkarlar İttifaqının təşəbbüsü və V.Vinoqradovun redaktorluğu ilə hazırlanan, bütün respublika və xalqları əhatə edən “Xalq müğənniləri və musiqiçiləri” silsilə nəşrlərində iştirak edib. Onun Qurban Pirimov və Bəhram Mansurov haqqında broşürləri həmin layihə çərçivəsində çap olunub.
Elmira Abasova 1958-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilib. 1962-ci ildən isə Bəstəkarlar İttifaqının İdarə heyətinə seçilib, musiqi tənqidi bölməsinin sədri olub. 1975-1999-cu illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, eləcə də SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.
1967-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb. Həmin ildən Azərbaycan Dövlət Konservatoriyasının dosenti, 1980-ci ildən isə professoru olub. 1977-ci ildən konservatoriyanın rektoru vəzifəsində çalışıb.
On dörd il konservatoriyaya rəhbərlik edib. Həmin illər - 1977-1991-ci illər ərzində bu böyük tarixə və ənənələrə malik olan təhsil ocağının nüfuzunun qorunub saxlanması üçün çox işlər görüb. Elmira Abasovanın rektorluğu dövründə Üzeyir bəy Hacıbəylinin dərs otağı kiçik muzeyə çevrilib, Şəfiqə Məmmədova adına Opera studiyası tikilib istifadəyə verilib. Həmin illərdə bu təhsil müəssisəsində “Xalq musiqisi” kafedrası bazasında “Azərbaycan xalq çalğı alətləri” və “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedraları yaradılıb, orqan sinfinin və xalq konservatoriyasının yubileyləri qeyd olunub, tələbələrin elmi işlərə maraqlarının yüksəlməsi üçün ardıcıl işlər həyata keçirilib, Bakıda mütəmadi olaraq gənc tədqiqatçıların Şərq musiqisi üzrə ümumittifaq konfransları təşkil edilib.
O, Azərbaycan musiqi sənətinin təbliğinə hər zaman səy göstərib. Elmira Abasova Azərbaycan Bəstəkarlar İttifaqı nəzdində ictimai əsaslarla “Uşaq filarmoniyası” yaradıb. Hələ ittifaqın bölmə rəhbəri və katibi olduğu illərdə televiziyada məktəblilərin musiqi tərbiyəsinə həsr olunan silsilə verilişlər aparıb.
Elmira Abasova onlarca məzun, musiqişünas və sənətşünasın yetişməsi üçün mühüm işlər görüb. Azərbaycan musiqişünaslığının inkişafına və zənginləşməsinə böyük əmək sərf edən görkəmli musiqişünas 2009-cu il fevral ayının 12-də Bakıda vəfat edib. Başladığı və uzun illər böyük sevgi ilə davam etdirdiyi işlər onun bu əbədi gedişi ilə bitməyib. Yetirmələri, eləcə də Elmira Abasovanın elmi əsərlərindən bəhrələnən tədqiqatçılar görkəmli müsiqişünasın yolunu davam etdirirlər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2022.- 16 yanvar.- S.6.