Artan güc Qüdrətli ordu Dəyişdirilmiş reallıq Hərtərəfli hazırlıq Dəqiq hədəflər

 

Görünən odur ki, İlham Əliyev daim öndədir!

Hadisələrin önündədir!

Baş verəcək prosesləri, bir qayda olaraq, həmişə qabaqlayır!

İrəlicədən hər məqamı sezərək nəzərə alır, vaxtında tədbirin görür!

Prezident İlham Əliyevin bir qrup jurnalistin suallarını cavablandırarkən söylədiyi fikirlər, gətirdiyi konkret faktlar bütün bunları bir daha təsdiq etdi.

Son bir neçə ildə dünyada, habelə Azərbaycanda o qədər mürəkkəb, gözlənilməz, proqnozedilməz hadisələr baş verib ki...

Bütün bunları irəlicədən görüb qabaqlayıcı addımlar atmaq hər rəhbərə müyəssər olmayan müdriklik və uzaqgörənlikdir.

Prezident İlham Əliyev bu mürəkkəbliklərdən, gözlənilməzliklərdən, taleyüklü sınaqlardan müstəqil Azərbaycanı uğurla, üstəlik, möhtəşəm qələbə ilə çıxarmağı bacardı.

 

***

 

XXI əsrdə həm də dünyanın yeni siması müəyyənləşib.

Böyük və qüdrətli dövlətlər daha özlərinin əvvəllər müəyyənləşdirdikləri prinsiplərə əməl etmirlər!

Daha beynəlxalq hüquq işləmir!

Daha imzalanmış beynəlxalq konvensiyalara əməl edən yoxdur!

Daha beynəlxalq qurum və təşkilatlar haqlı dövlətin haqqını, ədaləti müdafiə etmirlər!

Artıq gücün hüququ meydan sulayır!

Bunu bilən, nəzərə alan və güclü olmağı bacaran kiçik dövlətlər də özlərini qorumağı, inkişaf etməyi, öz problemlərini müstəqil surətdə çözməyi, ən nəhayət, söz sahibi olmağı bacarmalıdırlar!

Ərazi bütövlüyünü 44 gün ərzində bərpa etmiş müstəqil Azərbaycan kimi!

Amma buna qədər uzun bir yol getmək, keçilməz maneələri, süni əngəlləri dəf etmək, güclü olduğunu isbata yetirmək də gərək olmuşdu!

Azərbaycan bu gün də güclüdür!

Həm də dünyanın gücdən düşdüyü, COVID-19-un əsirinə çevrildiyi, qapandığı, iqtisadiyyatı tənəzzülə uğradığı, planetin 500 milyon insanının pandemiya səbəbindən yoxsulluq səviyyəsinə düşdüyü bir vaxtda da!

Dediklərimizi rəqəmlər də sübut edir.

Baxın, Ermənistan ordusunu məhv edərək 20 faizlik ərazisinin böyük hissəsini işğalçılardan azad edən, viran qoyulmuş Qarabağda minalardan təmizləmə, bərpa və quruculuq işlərinə başlayan, koronavirusla əlbəyaxa mübarizə aparan Azərbaycan dünyanın çökdüyü bir vaxtda bütün parametrlər üzrə irəliləmişdir:

*iqtisadi artım 5 faizdən yüksəkdir;

* qeyri-neft sektoru 7,2 faiz artıb;

* qeyri-neft sənayesində artım 20 faizə yaxındır;

* ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardır;

* qeyri-neft ixracı 40 faizdən artıqdır;

* valyuta ehtiyatlarımız daha 2,5 milyard dollar çoxalıb;

* ən əsası, manat sabitdir və həm də ölkə əhalisi bundan faydalanır, üstəlik, manata inam böyük dərəcədədir!

Ağır dövrdən inamla çıxan Azərbaycan yeni ilə tarixinin ən böyük büdcəsi ilə (büdcə xərcləri 30 milyard manata çatacaq) qədəm qoyur.

Yenə də cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən və dəyişməz qalan prinsiplər qüvvədədir:

* köklü iqtisadi islahatlar davamlı olacaqdır;

* sosial sahə daim diqqət mərkəzində saxlanılacaqdır;

* daha bir geniş - 1,5 milyard manatlıq sosial paket həyata keçirilir;

* imkan yarandıqca, əlavə vəsait toplandıqca, onlar da xalqın güzəranının yüksəldilməsinə yönəldiləcəkdir.

Qarabağın cənnətə çevriləcəyi barədə dövlət başçısı İlham Əliyevin vədinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərə böyük vəsait qoyulur:

* minalardan təmizləmə işlərinə;

* yeni yolların çəkilməsinə;

* alternativ elektrik enerjisi istehsalı qurğularının inşasına;

* zəruri infrastruktur yaradılmasına;

* “ağıllı” kənd və qəsəbələrin, şəhərlərin salınmasına;

* yeni iş yerlərinin yaradılmasına;

* bütövlükdə “Böyük qayıdışa” möhtəşəm hazırlıq işlərinə!

Uğurumuzu təmin edən məqamlardan biri də budur ki, bütövləşməyimiz, torpaqları geri qaytarmağımız gücümüzə yeni güc də qatır!

Başqa sözlə, iqtisadi imkanlarımızı genişləndirir:

* faydalı qazıntı yataqlarından özümüz bəhrələnəcəyik;

* dövriyyəyə məhsuldar torpaqlar, yeni əkin sahələri qatılacaqdır;

* suvarma suyuna tələbat daha dolğun ödəniləcəkdir;

* elektrik enerjisi istehsalı artacaq, onun ixrac imkanları genişlənəcəkdir;

* yaylaq və otlaq sahələrinin əsaslı şəkildə genişlənməsi heyvandarlığın inkişafına güclü təkan verəcəkdir;

* bağçılıq, meyvəçilik, əkinçilikdə yeni texnologiyalar, sortlar hesabına məhsuldarlıq xeyli yüksələcəkdir;

* turizmin inkişafı büdcəyə əlavə vəsait və valyuta gətirəcəkdir və s.

İlham Əliyevin rəhbərliyi ilə icrasına başlanan, görüləsi nəzərdə tutulan bütün işlər müstəqil Azərbaycanı daha güclü, daha qüdrətli və daha sözükeçər edəcəkdir.

 

***

 

Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən cənab İlham Əliyev hərbi quruculuğa xüsusi diqqət ayırıb, gündəlik işinin birinci dərəcəli məsələsi sayıb!

Qarabağ probleminin həllini xalqının ən böyük arzusu, müqəddəs istəyi hesab edib!

Torpaqların işğaldan azad edilməsi uğrunda dayanmadan, gecə-gündüz bilmədən, yorulmadan, həm də bir çox mühüm istiqamətlərdə səmərəli fəaliyyət göstərib:

* hər il dövlət büdcəsində ən böyük xərcləri hərbi quruculuq üçün ayırıb;

* yeni vətənpərvər gənclər nəsli yetişdirib;

* dünyanın tanınmış hərbi məktəblərində zabit kadrları oxutdurub;

* xüsusi təyinatlı qüvvələr hazırlayıb;

* sistemli keçirilən təlimlər sayəsində əsgər və zabitlərin peşəkarlığını yüksəldib;

* ordunu ən müasir silahlarla, taktika və strategiya ilə təmin edib;

* hərbçilər üçün nümunəvi məişət şəraiti yaradıb;

* daim ordu ilə təmasda olub, onları ruhlandırıb, təltif edib, qələbəyə kökləyib!

Bütün bunların bəhrəsini 44 günlük Zəfər müharibəsində gördük!

Həm də təkcə biz yox, bütün dünya gördü və bildi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistan ordusunu məhv etdi!

Düşməni qarşısında diz çökdürdü!

Kapitulyasiya aktına imza atdırdı!

Erməni vandallarını torpaqlarımızdan iti qovan kimi qovdu!

Əgər indi Ermənistan revanşizm barədə düşünürsə, kiməsə, yaxud nəyəsə güvənərək Azərbaycandan qisas alacağını zənn edirsə, deməli, həmin dövlətin rəhbərləri də, hərbçiləri də, Qarabağı qaytara biləcəklərini düşünənlərin hamısı axmağın axmağıdır!

 

***

 

Azərbaycan öz torpaqlarına, Qarabağa güclü iqtisadiyyatı, qüdrətli ordusu və mükəmməl siyasəti ilə qayıdıb!

Bunu bütün dünya görür və bilir!

Hətta düşmənlərimiz də!

Amma dəvədən yıxılanın hələ də “höt-höt” deməsi istehzalı təbəssüm və acı gülüş doğurur...

Azərbaycan Qarabağda dövlət sərhədlərinə çıxıb!

Bütün sərhədboyu - Arazdan Murovadək əsas məntəqələrdə yerləşib!

Nəinki yerləşib, hətta orada xidmət aparmaq üçün müasir infrastruktur da qurub!

Ermənistanla həmsərhəd olan Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarının ərazilərində 700 kilometrə yaxın xidməti yol, hərbi yol çəkilib!

Bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa olunub, bu yarımstansiyalar ümumi dairəvi şəbəkəyə qoşularaq ərazi tam elektrikləşdirilib.

İsti, rahat və abad hərbi şəhərciklərimizdən ermənilərin çadırdan ibarət acınacaqlı postlarına baxanda onların nə gündə xidmət apardıqlarına şahid olursan.

Əslində, Ermənistan Birinci Qarabağ müharibəsində dinc əhaliyə qarşı vuruşmuşdu, sovet ordusuna arxalanaraq torpaqlarımızı işğal etmişdi!

Xocalı soyqırımını da 366-cı sovet alayının vasitəsilə törətmişdi.

Azərbaycanda ölkəyə qorxaqların və naşıların, şəxsi mənafeyini milli maraqlardan üstün tutanların başçılıq etməsi, vaxtında ordu yaradılmaması və müdafiənin təşkil olunmaması da öz mənfi rolunu oynamışdı.

Qəribədir ki, işğaldan keçən 27 il ərzində faşist xislətli ermənilər, onların rəhbərləri və hərbçiləri özləri özlərini inandırmışdılar ki, onlar “qəhrəman”, “məğlubedilməz” xalqdır, Azərbaycan ərazilərini “öz orduları sayəsində” ələ keçiriblər və “öz hesablarına” özgə torpaqlarını işğalda saxlayırlar!

Ermənistanın “milli qəhrəmanı” adını almış erməni general və zabitlərinin sayı-hesabı yox idi.

Hamısının döşü bu gün zibil qutusuna atılan dəmir-dümürlə bəzənmişdi.

O qədər qudurmuşdular ki, artıq bizə hədə-qorxu gəlir, “yeni müharibə, yeni ərazilər” deyərək təhdid edirdilər!

Amma 44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistan ordusunun necə ordu, müdafiə naziri, general, zabit və əsgərlərinin necə “qəhrəman” olduğunu əyani şəkildə özlərinə və bütün dünyaya nümayiş etdirdi.

Alçaq erməni hələ bu gün də öz hərbçilərinin leşlərini Azərbaycan ərazisindən yığıb qurtarmayıb!

Utanmaz-utanmaz qisasçılıqdan dəm vururlar.

Tez-tez atəşkəsi pozur, itkiyə səbəb olurlar.

Azərbaycan tərəfi isə hər dəfə atəş açılan nöqtəni darmadağın edərək düşmənə ikiqat, üçqat, beşqat artıq tələfat yaşadanda yalvar-yaxara başlayır, rus sülhməramlılarını minnətçi salaraq atışmanı dayandırmağı xahiş edirlər...

Cənab İlham Əliyevin son xəbərdarlığı da qəti və sərtdir:“Onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq”.

Azərbaycan darmadağın edərək zəlil günə saldığı düşmənin hansı hiyləyə, alçaqlığa, şərəfsizliyə qadir olduğunu yaxşı bilir və ordunu hər an ayaqda saxlayaraq daha da gücləndirir.

Dalbadal hərbi təlimlər keçirilir, yeni Komando qüvvələri hazırlanır, daha yeni və müasir silahlar alınır və s.

Cənab İlham Əliyevin daha bir xəbərdarlığını hamı diqqətdə saxlamalıdır:“Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.

Ermənistanın bizimlə ayaqlaşma cəhdi, revanşizmdən danışması gülünc və mənasızdır.

Müharibə ən əvvəl iqtisadi imkan və hərbi güc deməkdir!

Burada isə nisbət müqayisəyəgəlməzdir:

* Azərbaycanın 2022-ci il dövlət büdcəsi 15,6 milyard dollardır;

* hərbi büdcəmiz isə 5 milyard dollar təşkil edir;

* Ermənistanın dövlət büdcəsi 3,9 milyard dollardır;

* hərbi büdcəsi isə heç 1 milyard dollara belə çatmır - 687 milyon dollardır.

Dəqiq müqayisə isə belədir:

* Azərbaycanın 2022-ci il dövlət büdcəsi Ermənistanınkından 4 dəfə, hərbi büdcəsi isə 3,7 dəfə çoxdur!

Ordunun döyüş qabiliyyəti, təminat və təchizatı, ruh yüksəkliyi isə müqayisəyəgəlməzdir!

Əgər Ermənistan yenidən müharibə istəsə, II Qarabağ müharibəsindən də betərini görəcəkdir!

Yox, əgər sülh istəyirsə, Azərbaycan onlara sülhün yolunu və şərtlərini də açıq-aydın şəkildə göstərir!

Xatırladaq ki, 27 illik işğal dövründə Azərbaycan daim sülh danışıqlarında iştirak etdi.

Ermənistan qoşunlarının işğal ərazilərindən dinc yolla çıxması müqabilində statusla bağlı hətta müəyyən güzəştə hazır olduğunu da söylədi...

Ermənistan isə bütün bunları Azərbaycan tərəfinin zəifliyi kimi anladı, qudurdu, barışmaz mövqe nümayiş etdirdi!

Nəticədə Azərbaycan 44 günlük Zəfər müharibəsində Ermənistanı diz çökdürərək kapitulyasiya aktını imzalamağa vadar etdi!

Ermənistan yenidən nala-mıxa döyür, qudurğan mövqe nümayiş etdirir, Azərbaycanın ərazi bütövlüyünü tanıması və qəbulu prosesini müxtəlif bəhanələrlə uzadır.

Sərhədlərin delimitasiya və demarkasiyasından yayınır, hərdən xam xəyallara qapılaraq mövqelərimizi atəşə də tutur.

Bir dəfə sülhə razılıq vermədi, ağır nəticələrini gördü!

Yenə də Azərbaycanın sülh təklifini eşitmək istəmir!

Amma unutmasın ki, budəfəki peşmançılığı daha ağır və şiddətli olacaqdır!

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin son xəbərdarlıqları da bu haqdadır:

* “Ermənistan bizim qabağımızda heç vaxt dayana bilməz... Bizi heç nə dayandıra bilməz. Bizi dayandıran yeganə amil odur ki, biz müharibə istəmirik”.

* “Bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq”.

 

***

 

ATƏT-in Minsk qrupunun ötən illərdə oxuduğu bayatılardan biri bu idi ki, “bölgədə yeni reallıq yaranıb və Azərbaycan bunu nəzərə almalıdır!”

“Dəmir yumruğ”un qüdrəti ilə Azərbaycan həmin reallığı darmadağın etdi və özünün yeni reallığını, beynəlxalq hüquqa və gücə arxalanan reallığını yaratdı!

ATƏT-in Minsk qrupu gec də olsa, deyəsən, yeni reallığın dərkinə başlayıb.

Həm də Azərbaycan daha elə ölkələrdən deyil ki, onun mənafelərinə kimsə barmaqarası baxsın.

Artıq BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bizim yaratdığımız reallıqları qəbul edib!

Amma hər şey başa çatandan sonra!

Sadəcə, ATƏT-in Minsk qrupu yeni mərhələdə nə ilə məşğul olacağını dəqiq müəyyənləşdirməlidir.

Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdır!

Azərbaycan rəhbəri münaqişəni onların yerinə müzəffər ordusu ilə bir yerdə həll edib!

Hətta belə bir niyyətə düşsələr belə, Prezident İlham Əliyev buna yol verməyəcəkdir!

Daha lətifələrə səbəb olan mənasız gediş-gəlişə, dişsiz fəaliyyətə, qəbuledilməz təkliflərin hazırlanmasına hacət yoxdur!

Cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun əldən-ayaqdan gedəcəyi təqdirdə yeni sülh prosesinə hansı formada kömək edə biləcəklərini də dəqiqləşdirdi: “Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkincisi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidir, özü də gündəlik onların üçünün arasında razılaşdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Hələlik bu iki ilk bənd yoxdur. Buna görə də prinsip etibarilə danışmaq üçün mövqe yoxdur”.

Bundan daha aydın, dəqiq və konkret söyləmək mümkün deyil!

 

***

 

Ermənistanın kaputilyasiya aktına qol çəkdikdən sonra müxtəlif bəhanələrlə yayınmaq istədiyi məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Paşinyan gah müxalifətdən qorxduğunu bəhanə gətirir, beləliklə, zaman udmağa çalışır, gah da Zəngəzurdan dəhliz yox, yol açılacağını söyləyir və s.

Sözünün sahibi olan Prezident İlham Əliyev isə lap əvvəldən məsələni açıq və kəskin qoyub:

- Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi olacaq və işləyəcək!

Əslində, Zəngəzur dəhlizi hamıdan çox blokadada olan Ermənistana gərəkdir.

Azərbaycan da Naxçıvan və Türkiyə ilə birbaşa quru yolunun mövcudluğunda maraqlıdır və bunu gizlətmir.

Türkiyə isə bu qısa yolla Orta Asiyaya çıxmaq niyyətindədir.

Ermənistanda hərbi bazası olan Rusiyanın da dəmir yolu ilə ucuz başa gələn daşımalara marağı var.

Bütövlükdə region dövlətləri Zəngəzur dəhlizini istəyirlər və bu istiqamətdə müxtəlif formatlı əməkdaşlıq barədə düşünürlər.

Məğlub dövlətin qalib ölkə qarşısında duruş gətirməsi və regionun güclü dövlətlərinin istəyi ilə hesablaşmaması ağlasığmazdır.

Cənab İlham Əliyevin diplomatik uzaqgörənliyi nəticəsində dünya leksikonuna “Zəngəzur dəhlizi” kimi düşən bu ticarət və əməkdaşlıq yolu vaxtilə Azərbaycana məxsus olub və sovet dövründə işləyib.

Dövlət başçısı İlham Əliyev bu dəhlizdən təkcə qatarların və avtomobillərin deyil, təbii qaz nəqli kəmərlərinin və elektrik xətlərinin də keçəcəyini nəzərdə tutur.

Deməli, gec-tez belə də olacaqdır!

Artıq Zəngəzur üzərindən hava yolu işləyir, təyyarələr gedib gəlir!

Həm də Ermənistana deyilmədən, ondan (bir az böyük çıxmasın) icazə alınmadan.

Çünki bu, beynəlxalq dəhlizdir və dünya aviasiyasının mövcud qaydalarına uyğundur.

Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələdir.

Ona mane olmağa məğlub və gözdəndüşmüş Ermənistanın gücü çatmaz.

Cənubi Qafqazın ən güclü dövləti və söz sahibi uzun müddətdir ki, Azərbaycandır!

 

***

 

Prezident İlham Əliyevin yaxın və uzaq hədəfləri çoxdur və onların hər birinin reallaşdırılacağı kimsədə zərrə qədər də şübhə doğurmur!

Bu gün müstəqil Azərbaycan Avropanın xam neft və təbii qazla təchizatında etibarlı tərəfdaş sayılır.

Okeana çıxış olmayan bir ölkə logistika mərkəzinə çevrilib.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri fəaliyyətə başlayıb və getdikcə öz səmərəliliyini daha çox isbata yetirir.

Azərbaycan dünya türk birliyinin yaranmasında mühüm rol oynayan ölkələrdəndir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına rəhbərliyi dövründə bu qurumun nüfuzunu və imkanlarını daha da artırdı, şəxsi təşəbbüsləri, ədalətli və cəsarətli mövqeyi ilə dünya dövlətlərinin xalqlarının dərin hörmətini qazandı, “vaksin millətçiliyinin”mövcudluğunun qəbuledilməzliyini açıq şəkildə bəyan etdi, kəskin etirazını bildirdi.

Azərbaycan dünyanın və bir sıra ölkələrin pandemiyadan əziyyət və zərər çəkdiyi bir dövrdə onlara dayaq oldu, dəfələrlə real kömək və yardımlar göstərdi.

Avropa İttifaqı ilə hər iki tərəfin maraqları təmin olunan sazişin imzalanacağı vaxt da uzaqda deyil, sənədin 90-92 faizi razılaşdırılıb.

Həm də bu əlaqələrin çoxtərəfli və ən müxtəlif sahələri əhatə edəcəyi gözlənilir.

Ancaq prinsipial məsələlərdə geri çəkilmək, milli maraqların təminində cüzi də olsa güzəştə getmək söhbəti mümkün deyil!

 İkili standartlar isə yenə də mövcuddur, dövlətimiz heç zaman belə yanaşmalarla razılaşmayıb və yenə də razılaşmayacaqdır.

 

***

 

Müasir dünya sürprizlərlə doludur və artıq qəribəliklərə təəccüblənməməyə alışmalıyıq!

Kimin ağlına gələrdi ki, COVID-19 adlı bir pandemiya bütün dünyanı caynağına alacaq, milyonlarla insanın həyatına son qoyacaq, dövlətləri qapanmağa, sərhədlərini bağlamağa sövq edəcək, iqtisadi inkişafı ləngidəcək və digər ciddi fəsadlar törədəcəkdir.

Kim düşünərdi ki, özünü dünya demokratiyasının ağsaqqalı və qurucusu hesab edən ABŞ-da seçkilərdən sonra narazı elektorat Kapitoliyə hücum edəcək, bir neçə insan öldürüləcək, yaralanacaqdır.

Azərbaycan 44 günlük Zəfər müharibəsində Ermənistan ordusunu məhv edərək düşməni diz çökdürəcək, 27 illik işğala göz qırpımında son qoyacaq, təslim sənədini imzalatdıracaqdır.

Artıq bunların hamısı hamının gördüyü, bildiyi və qəbul etdiyi reallıqlardır.

Prezident İlham Əliyevin dahiyanə uzaqgörənliyini sübut edən bir fikrinə də diqqət çəkirik:“Mən öz çıxışlarımda dəfələrlə deyirdim ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Deyirdim ki, bu, bizim seçimimiz deyil. Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu yoxdur, bu işləmir”.

Bəli, Azərbaycan hüququn gücü ilə həll olunmayan problemini ordusunun və iqtisadiyyatının gücü ilə daha tez və əhatəli həll etdi!

Çünki dövlət vaxtında bu vəziyyətə hazırlaşmışdı!

Həm də ciddi və hərtərəfli!

Və müdrik rəhbərimiz İlham Əliyev digər zəruri hazırlıqlarını da davam etdirir.

Cənab İlham Əliyevdən daha bir sitat:“Bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının Sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq”.

Dünyada, habelə Cənubi Qafqazda yaranmış yeni vəziyyəti və mövcud reallıqları Ermənistan və onun havadarları da bilməli və qəbul etməlidirlər.

Belədə hər kəs sülhə, inkişafa və əməkdaşlığa daha yaxşı xidmət göstərmiş olar!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2022.-18 yanvar.- S.1; 3.