20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir

 

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Otuz iki il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 638 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuşdur. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Bu hadisələr həmçinin beynəlxalq humanitar hüququn ciddikobud şəkildə pozuntusunu təşkil etməklə, birbaşa 1949-cu il Cenevrə konvensiyasiyalarına ziddir. Çünki faciə zamanı qoşun hissələri və birləşmələrinin tanklardan, piyadaların hərbi maşınlarından və zirehli transportyorlardan, həmçinin partlayan gülləsi və ağırlıq mərkəzinin yeri dəyişdirilmiş kütləsi olan odlu avtomat silahlardan istifadə edilməsi beynəlxalq humanitar hüququn norma və sazişlərinin açıq-açığına pozulması deməkdir. Bundan əlavə, yaralılara xidmət etmək üçün təcili  yardım maşınlarının gülləbaran edilməsi, habelə bu qanlı cinayətin əsl miqyasının dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə xarici ölkələrin respublikaya lazımi tibbi yardım etmək üçün göstərdikləri bütün cəhdlərin qarşısının qətiyyətlə alınması 1949-cu il Cenevrə konvensiyaları və onlara 1977-ci il Əlavə protokollarında nəzərdə tutulan müharibə aparılması qaydaları ilə, habelə digər sazişlərlə tam ziddiyyət təşkil edir.

Azərbaycan xalqının ən ağır günlərində dünya şöhrətli siyasi xadim Heydər Əliyev həyatını gözləyən təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat  konfransında bu vəhşiliyi pisləyir və bunu insanlığa, hüquqa, demokratiyaya zidd aksiya adlandırır.

Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmalığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizə aparacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Xalqımız Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladların xatirəsini qəlbində əbədi yaşadacaq.

 

Aybəniz KƏLƏŞOVA

Zaqatala rayon qeydiyyat şöbəsinin rəisi

 

Azərbaycan.- 2022.- 18 yanvar.- S.6.