Azərbaycan xalqı tarix qarşısında, millət
qarşısında xidməti olan hər bir insanı qəlbində
yaşadır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin
açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı metronun “İçərişəhər”
stansiyasının qarşısındakı meydanda
ucaldılan abidənin üzərindəki örtüyü
götürdü.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.
Xalq rəssamı Xanlar Əhmədovu salamlayan Prezident İlham Əliyev dedi:
-Çox gözəl abidədir.
Xanlar Əhmədov: Çox sağ olun.
Prezident İlham Əliyev: Bir çox təkliflər var idi.
Xanlar Əhmədov: Bildiyiniz kimi, müsabiqə elan olundu.
Prezident İlham Əliyev: Bilirəm, əlbəttə.
Xanlar Əhmədov: Bacardığımı etmişəm.
Prezident İlham Əliyev: Yox, çox gözəldir. Necə deyərlər, həm onun əzəmətini əks etdirir, həm də memarlıq baxımından çox gözəldir və oxşatmısınız.
Xanlar Əhmədov: Çalışmışam, üstündə çox işləmişəm. Özü də yeri də yaxşıdır, tarixi yerdir. Tarixi İstiqlaliyyət küçəsidir.
Prezident İlham Əliyev: Bəli, tarixi yerdir. Tarixi qala divarları. Bakının ən gözəl yerlərindən biridir. Yadımdadır, o vaxt bir neçə yer təklif edilmişdi. Mən buranı seçdim ki, onun abidəsi məhz burada olmalıdır.
Xanlar Əhmədov: Möhtəşəm bir yerdir.
Xatirə şəkli çəkdirildi.
Xanlar Əhmədov: Çox şadam ki, mənim Qarabağdakı “Güllələnmiş heykəllər” əsərimi də ikinci dəfə Siz açdınız.
Prezident İlham Əliyev: Bəli, çox gözəl qeyd etdik. Belə işiniz çox olacaq. İndi bizim tarixi şəxsiyyətlərimizin heykəllərinin ucaldılması prosesi davam edir.
Xanlar Əhmədov: Biz işləmək üçün həmişə şadıq.
Prezident İlham
Əliyev: Sizi
bir daha təbrik edirəm.
Xanlar Əhmədov:
Çox sağ olun, minnətdaram.
Prezident İlham
Əliyev: Açıq
müsabiqədə qalib gəlmisiniz. Bu abidə
burada əbədi duracaq. Müəllifin
adı burada var?
Prezidentin köməkçisi
Anar Ələkbərov: Əlbəttə ki, var. Həm Azərbaycan dilində,
həm də ingilis dilində qeyd etmişik. Müsabiqədə
26 işdən məhz Xanlar müəllimin əsəri
seçilib.
Prezident İlham
Əliyev: Bəli,
bilirəm. Çox sağ olun, sizə yeni
uğurlar arzulayıram.
Xanlar Əhmədov:
Çox sağ olun.
Sonra dövlətimizin
başçısı çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Bir neçə dəqiqə bundan əvvəl
Zeynalabdin Tağıyevin abidəsinin
açılışını qeyd etdik. Abidə
metronun girişinə yaxın olduğuna görə insanlara
problem yaratmamaq üçün mən əziz xalqımı
bu münasibətlə buradan təbrik edirəm.
Bu abidənin
açılması çox əlamətdar hadisədir. 2020-ci ildə
mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin
ucaldılması ilə bağlı müvafiq Sərəncam
imzalanmışdır. Açıq
müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur
heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə
qalib gəlmişdir. Ondan sonra mənə
abidənin ucaldılması üçün bir neçə
yer təklif edildi və mən məhz bu yeri seçdim.
Çünki Zeynalabdin Tağıyevin adına
layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir,
şəhər sakinlərinin ən sevimli yerlərindən
biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin
böyük rəmzi mənası var. Çünki Zeynalabdin
Tağıyev ömrü boyu Bakının inkişafına,
abadlaşmasına, ümumiyyətlə Azərbaycanın
inkişafına böyük töhfələr vermişdir.
Çox zəngin adam
idi, amma hər kəs bilir ki, çox kasıb ailədə
böyümüşdü və sərvətini öz zəhməti
hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi
qalmışdır. Əgər onun xeyriyyəçilik
fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan
xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda
bir çox önəmli layihələr həyata
keçirilmişdir. Onların arasında,
əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi
layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir,
bu günə qədər Bakını, Sumqayıtı təmiz
içməli su ilə təmin edir. Bu kəmərin
tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən
istifadə etmişdir. Məhz onun təşəbbüsü
və maliyyə dəstəyi ilə Bakıda teatr binası
inşa edilmişdir, bir çox sənaye müəssisəsi
inşa edilmişdir, azərbaycanlı qızlar
üçün ilk dünyəvi məktəb
açılmışdır. Deyə bilərəm
ki, müsəlman aləmində ilk dünyəvi məktəb
məhz Bakıda azərbaycanlı qızlar üçün
Tağıyevin vəsaiti və təşəbbüsü ilə
yaradılmışdır. Bakıda tramvay
xətlərinin açılması da Tağıyevin adı
ilə bağlıdır. Bu gün
Bakıya əlavə gözəllik verən, Bakının
memarlığına töhfə verən bir çox gözəl
binaların müəllifi, yəni ki, təşəbbüskarı
məhz Tağıyev olmuşdur. Biz
Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini
görə bilərik. Baxmayaraq ki, o,
kasıb ailədə doğulub və o dövrün
mühitində böyüyüb, amma Bakının gözəlliyini
təmin etmək üçün xaricdən memarlar dəvət
etməsi onun mütərəqqi fikirdə olmasından xəbər
verir. Qızlar üçün məktəbin
açılması gələcəyə yönəlmiş
bir addımdır. Hər kəs bilir ki, o,
yüzlərlə tələbəni Rusiyaya və Avropaya
göndərməklə onların təhsil xərcini öz
üzərinə götürmüşdür və bu da gələcəyə
yönəlmiş bir addım idi, gələcəyi
düşünürdü. Mən
artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm
ki, o tələbələrin arasında mənim babam Əziz
Əliyev də olmuşdur. Əziz
Əliyev qədim Azərbaycan torpağı olan İrəvan
xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi,
oxumaq istəyirdi. Tağıyevə məktub
yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək
göstərilsin. Tağıyev də onu təbii
ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə
olan belə marağını nəzərə alaraq ona pul
göndərmişdir və Əziz Əliyev bu pul hesabına
o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur.
Hesab edirəm ki, bu hadisə onun gələcək
taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni
zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu
Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə
il Dağıstanın rəhbəri vəzifəsində
işləmişdir və dağıstanlıları
sürgündən xilas etmişdir. Çünki
o vaxt başqa Qafqaz xalqları ilə bərabər,
dağıstanlıları da Qazaxıstana sürgün etmək
istəyirdilər, sovet hökumətinin belə planları var
idi. Məhz Əziz Əliyevin qətiyyətli
mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər,
yaxşı xatırlayırlar və təsadüfi deyil ki,
Mahaçqalada dağıstanlıların təşəbbüsü
ilə Əziz Əliyevin abidəsi
ucaldılmışdır.
Zeynalabdin Tağıyev
Qurani-Kərimi Azərbaycan dilinə tərcümə
etdirmiş və eyni zamanda, bu sahədə də təşəbbüskar
olmuşdur. İlk dəfə olaraq Qurani-Kərim Azərbaycan
dilinə tərcümə edilmişdir. Onun
təşəbbüsü və maliyyə vəsaiti
hesabına Azərbaycanda bir çox dini abidə inşa
edilmiş və təmir olunmuşdur. Onun
təhsillə bağlı təşəbbüsləri təkcə
Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə,
Şamaxıda, Gürcüstanda azərbaycanlıların
yaşadıqları bölgələrdə onun pulu
hesabına məktəblər açılmışdır.
Yəni, onun haqqında
çox danışmaq olar. O, böyük şəxsiyyət
idi, xalqa bağlı olan, xalqı qəlbən sevən,
xalqın gələcəyini düşünən bir insan
idi. Onu da bildirməliyəm ki, XIX əsrdə
xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin
Tağıyev qoymuşdur. Bu ənənələr
sovet dövründə təbii ki, davam etmədi. Onu da bildirməliyəm ki, Azərbaycan Xalq
Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti
onu bütün imkanlardan məhrum etmişdir, bütün onun
əmlakları əlindən alınmışdı, tək bir
bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər
yaşamışdır. O, uzun ömür yaşadı,
dolğun ömür yaşadı. Ancaq əfsuslar
olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə
üz-üzə qaldı və həyatdan çox narahat
getdi.
Bu gün isə müstəqil
Azərbaycanda xeyriyyəçilik ənənələri, onun
qoyduğu xeyriyyəçilik ənənələri davam
edir, geniş vüsət almışdır. Bildirməliyəm
ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki
Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur.
Heydər Əliyev Fondu 20 ilə yaxındır ki,
yaradılmışdır və bütün bu illər ərzində
Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək
göstərmək, Azərbaycan mədəniyyətini
dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət,
incəsənət, elm sahələrinə töhfə verməkdir.
Azərbaycanın multikultural dövlət kimi,
müasir dövlət kimi dünyada tanıdılmasında
Heydər Əliyev Fondunun müstəsna xidmətləri
vardır. Məhz Fondun fəaliyyəti nəticəsində
Azərbaycan daha çox tanınır və məhz bu amil bizə
İkinci Qarabağ müharibəsi dövründə kömək
göstərdi. Çünki Azərbaycan
xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun
havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub
media məkanına atmışlar. Ancaq
uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif
ölkələrdə fəaliyyəti və Azərbaycanın
müasir, mütərəqqi dövlət kimi
tanıdılması bu təbliğatı alt-üst
etmişdir. Bu gün Heydər Əliyev
Fondu qarşısında yeni vəzifələr dayanır.
Ənənəvi fəaliyyətlə
yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə
başlamışdır. Fondun təşəbbüsü
ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin
əsaslı təmiri, bərpa edilməsi və inşası
prosesinə start verilib. Şuşa şəhərində
Yuxarı Gövhərağa, Aşağı Gövhərağa,
Saatlı məscidləri, Ağdam şəhər məscidi
Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa
edilir, Zəngilan şəhər məscidi də həmçinin.
Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa
şəhərində yeni məscidlərin tikintisi də məhz
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata
keçirilir. Təkcə sadaladığım
dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm
ki, Fond digər layihələrdə də fəal iştirak
edəcək. Bildiyiniz kimi, məcburi
köçkünlər üçün yeni evlərin
yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü
ilə geniş vüsət almışdır və mənim
iştirakımla Qobu qəsəbəsində bir neçə
böyük, çoxmərtəbəli evlərin
inşası təmin edilmişdir.
Yəni, bu ənənələr
var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən
sonra mənim təşəbbüsümlə Qarabağ
Dirçəliş Fondu, Yaşat Fondu
yaradılmışdır. Azərbaycan vətəndaşları,
eyni zamanda, şirkətlər könüllü olaraq həm
Qarabağ Dirçəliş Fonduna, həm Yaşat Fonduna vəsait
təqdim edirlər və bu vəsait hesabına bu gün
yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə
xaricdə müalicə alır, həyata qayıdır,
öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər
zaman Azərbaycan xalqının ayrılmaz əlaməti
olubdur. Sadəcə olaraq, buna şərait
yaradılmalı idi, dövlət tərəfindən bu siyasət
dəstəklənməli idi və bu gün biz bunu
görürük.
Mən Zeynalabdin
Tağıyevin şəxsiyyətinə həmişə
böyük hörmətlə yanaşmışam. Hələ
2000-ci illərin əvvəllərində, - mən hələ
Prezident deyildim, - onun qəbrinin yerləşdiyi Pirhəsən
ziyarətgahı mənim təşəbbüsümlə
abadlaşdırıldı və qəbrin ətrafında olan
ərazi yeni görkəm aldı. Prezident seçiləndən
sonra dərhal mənim təşəbbüsümlə onun
evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir
edildi, həm onun yaşadığı evin bir hissəsi muzey
kimi qaldı, eyni zamanda, Tarix Muzeyində bizim tariximizin müxtəlif
dövrlərini əhatə edən eksponatlar nümayiş
etdirilir.
Bu gün mən çox
şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda
ucaldılıb. O, buna layiq idi. Azərbaycan xalqı
qarşısında, tarix qarşısında, millət
qarşısında xidməti olan hər bir insanı Azərbaycan
xalqı öz qəlbində yaşadır.
Bir daha əziz xalqımı
bu münasibətlə ürəkdən təbrik etmək istəyirəm,
Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr
arzulayıram.
Sağ olun.
Azərbaycan.- 2022.- 19 yanvar.- S.1-2.