İnsan amilini
önə çəkən islahatların müəllifi
Bəşəriyyətin
mövcudluq tarixi göstərir ki, müxtəlif zaman və məkanlarda
hər bir xalqın üzləşdiyi çətin vəziyyətdən,
sınaqdan üzüağ çıxması, qarşıya
qoyduğu məqsədlərə doğru inamla irəliləməsi
məhz dövlət başçısının əzmi, qətiyyəti
və yüksək idarəçilik keyfiyyətləri sayəsində
mümkün olur.
Məhz həmin məqamlarda
insanların güvəndiyi rəhbərin cəsarətli
addımları və müdrik qərarları,
çağırışları xalqın gələcək
müqəddəratının müəyyənləşməsində
mühüm rol oynayır. Dövrünün
böyük şəxsiyyətləri məhz bu cür
taleyüklü anlarda qarşıda duran vəzifələri
düzgün müəyyənləşdirmək, insanları
milli məqsədlər ətrafında səfərbər etmək,
çətinliklərdən çıxış
yollarını göstərmək bacarıqları sayəsində
qüdrətli liderə çevrilirlər.
Bu həqiqət Azərbaycanın təcrübəsində
də dəfələrlə təsdiqini tapıb: Prezident İlham Əliyev ölkəmizə
rəhbərliyi, yüksək bacarıq, səriştə və
qətiyyəti sayəsində son 18 ildə
xalqımızı üzləşdiyi bir çox çətinlik
və problemlərdən qoruyub. Dövlət
başçısının idarəçilik fəaliyyətinin
üstün cəhəti də məhz mövcud gerçəklikləri
obyektiv şəkildə qiymətləndirməsi, milli maraqlar
naminə cəsarətli addımlar atması, yaranmış
ekstremal şəraitdə, fövqəladə vəziyyətlərdə
optimal qərarlar qəbul etməsidir.
Hədəfə
qovuşmaq üçün seçilən düzgün yol
Həyatda hər kəsin fərqli
iddia və imkanları, hədəfləri, özünəməxsus
düşüncələri var. Lakin əsas məsələ
məqsədə qovuşmaq üçün seçilən
yolun, vasitənin ədalətli və dürüst
olmasıdır. Prezident İlham Əliyev məhz Ulu Öndər Heydər
Əliyevin yolunu, ali ideyalarını rəhbər
tutub, hər zaman xalqının, dövlətinin mənafeyini
düşünüb. İnsanların sosial
rifahı, firavanlığı naminə bütün
imkanları səfərbər edib.
Ötən illərdə
yeni dövrün tələblərinə adekvat şəkildə
davam etdirilən bu siyasət bütün mahiyyəti ilə
insan və vətəndaş amilini ön plana çəkib,
dövlətin bütün resurslarını bu yönümdə
səfərbər edib. Qürur hissi ilə deyə bilərik ki,
44 günlük Vətən müharibəsində
qazandığımız parlaq Qələbə ölkəmizdə
insan amilinin yüksəlişinə xidmət edən islahatlar
kursuna yeni təkan verib.
2018-2021-ci illərdə Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü və
siyasi iradəsilə reallaşdırılan sosial islahatlar daha
geniş miqyas alıb. Dövlət
başçısının imzaladığı sərəncamlarla
minimum əməkhaqqının, sosial müavinətlərin,
pensiya və tələbə təqaüdlərinin, məvaciblərin
növbəti dəfə artırılması bunu bir daha təsdiqləyir.
İki milyon yüz min insanı əhatə edən bu sosial
paketin ümumi həcmi 1,5 milyard
manatdır. Ölkə rəhbəri fəaliyyətini
“Siyasətimizin əsasında Azərbaycan vətəndaşının
maraqları, insan amili dayanır” tezisi ilə davam etdirir.
Nəticədə bu gün vətəndaşlarımızda
haqlı əminlik, güvənlik var ki, dövlətimiz
bütün çətin məqamlarda onların
yanındadır.
Ölkəmizin iqtisadi
imkanları 2022-ci ildə də quruculuq-bərpa proseslərini
daha böyük əzmlə davam etdirməyə geniş
şərait yaradır. Bu günlərdə Prezident İlham
Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsi
zamanı Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri
barədə ətraflı danışdı. Qeyd olundu ki, dövlətimiz sosial-iqtisadi nailiyyətlərini
qoruyaraq onu daha da möhkəmləndirir. Ötən il əldə olunmuş iqtisadi artım 5 faizdən
çoxdur. Qeyri-neft iqtisadiyyatımız 7,2
faiz artıb. Ümumi sənaye istehsalında 5
faizdən çox artım var. Qeyri-neft sənayesində isə
20 faizə yaxın yüksəliş müşahidə olunur.
Azərbaycan Prezidenti müsahibəsində
xüsusi qeyd etdi ki, bu cür göstəricilər dünya
miqyasında ən yüksək nəticələrdən hesab
oluna bilər.
Dövlətimizin iqtisadi sahədə
qazandığı nailiyyətlər vətəndaş olaraq
bizim üçün hər zaman mühüm əhəmiyyət
kəsb edir. Çünki insanlarımızın rifahı
ölkəmizin inkişaf dinamikasından asılıdır.
Bu inkişafı sosial dövlət olan Azərbaycanda hər kəs
dərhal gündəlik güzəranında duyub hiss edə
bilir. İndi isə bu göstəricilər
bizim üçün başqa anlam da daşıyır. Azərbaycanın artan imkanları Qarabağın,
Şərqi Zəngəzurun, illərlə həsrətini
çəkib indi isə azadlığına sevindiyimiz yurd ərazilərimizin
sürətlə dirçəlməsi deməkdir.
Ötən il həm
Qarabağ və Şərqi Zəngəzurda, həm də
ölkəmizin başqa bölgələrində
genişmiqyaslı investisiya proqramları icra olunub. Bütün bunlar böyük xərclər tələb
edir. Bununla belə Azərbaycanın valyuta ehtiyatları
2,5 milyard dollar artıb. Bu,
dövlət rəhbərimizin həyata keçirdiyi
düzgün inkişaf strategiyasının nəticəsidir.
Bu strategiya ilk növbədə ölkəmizin
iqtisadi müstəqilliyini təmin edir. İqtisadi
müstəqillik isə siyasi müstəqilliyin təməlidir.
Gözə
görünməyən düşmənə qarşı
savaş
Çətin və fövqəladə
vəziyyətlərə hazırlıq hər bir hökumətin
fəaliyyətinin səmərəlilik göstəricisidir. Son 2 ildə dünyanı
böyük sınaqlarla üz-üzə qoymuş yeni növ
koronavirus (COVID-19) pandemiyası bu reallığı bir daha təsdiqləyib
ki, vəziyyətin ciddiliyini ilk gündən düzgün dəyərləndirən,
qabaqlayıcı addımlar atan dövlətlər onunla
mübarizədə daha az itki veriblər. Sevindirici haldır ki, indi Azərbaycanın adı
pandemiya ilə mübarizədə vaxtında
qabaqlayıcı tədbirlər görən, ictimai rəyi ən
qısa zamanda sosial məhdudlaşdırmaların vacibliyinə
hazırlamağa nail olan dövlətlər sırasında
çəkilir. Prezident İlham
Əliyevin birbaşa nəzarəti, verdiyi
tapşırıqlar əsasında reallaşdırılan
çoxşaxəli işlər göstərir ki, ölkəmizdə
istənilən vəziyyət idarə olunur. Dövlətimiz hər hansı böhran
anını nizama salmaq gücündədir. Prezident
İlham Əliyev ötən il dekabrın
31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə xalqa müraciətində
də bu məsələnin daim nəzarətdə olduğunu
xüsusi vurğuladı: “Hesab edirəm ki, bu il COVID-lə
mübarizədə yaxşı nəticələr əldə
edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə
vəziyyət qəbulediləndir. Eyni
zamanda aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti,
peyvəndlənmə işləri bizə kömək
göstərir. Əhalinin təxminən
50 faizi artıq 2 doz peyvənd alıb. 18
yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu
rəqəm 62 faizə çatır. 11
milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz
yeni ildə də ciddi mübarizə aparacağıq”.
2020-ci ilin mart ayından başlayaraq
“Biz birlikdə güclüyük!” şüarını
koronavirusla mübarizənin əsas qayəsinə,
başlıca məramına çevirən respublika rəhbərliyi
hər bir qətiyyətli addımında məhz xalqına,
mütləq çoxluğun dəstəyinə güvəndiyini
nümayiş etdirib. Dünyanın koronavirusdan ciddi ziyan
çəkdiyi, hətta inkişaf etmiş ölkələrin
belə bu qlobal bəladan sarsıldığı bir zamanda Azərbaycanın
pandemiyaya qarşı mübarizədə mütərəqqi
model ortaya qoyması bir daha təsdiqləyir ki, ölkə rəhbərinin
dövrlə səsləşən qərarları bəzən
bütöv bir xalqı faciədən qoruyur.
Avropa və MDB məkanında
koronavirusun hələ geniş yayılmadığı bir
zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın
yaradılması gözlənilən təhdidlər
qarşısında vətəndaşların maksimum
sığortalanmasını təmin etdi. Təsirli və
çevik qərarlar qəbul olundu. O da təsadüfi
deyildir ki, Azərbaycanın pandemiyanın
qarşısının alınmasında nümayiş
etdirdiyi ardıcıl və davamlı strategiya beynəlxalq təşkilatlar
və aparıcı dövlətlər tərəfindən dəfələrlə
təqdir edildi. Ümumdünya Səhiyyə Təşkilatı
koronavirusla mübarizədə ölkəmizin həyata
keçirdiyi tədbirləri alqışlayaraq unikal model kimi
dəyərləndirdi.
Azərbaycan hökumətinin
yeni növ koronavirusla mübarizə strategiyası təkcə
sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsinə,
əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsinə
deyil, həm də məhdudlaşdırıcı tədbirlərin
aztəminatlı insanlara və biznes subyektlərinə vura biləcəyi
ziyanın neytrallaşdırılmasına, sosial dəstək
paketlərinin reallaşdırılmasına xidmət etdi. Sosial təcrid tədbirlərinin
iş yerləri müvəqqəti bağlanmış vətəndaşların
rifahına və sahibkarların işgüzar fəallığına
təsirləri nəzərə alınaraq qısa zamanda
mühüm dövlət proqramlarının işlənib
hazırlanması təmin edildi.
Sərt karantin rejimi ilə
bağlı vətəndaşların sosial müdafiəsinin
təmini üçün 600 minədək vətəndaşa
dörd dəfə 190 manat ödəmənin edilməsi, aztəminatlı
ailələrə ərzaq yardımının göstərilməsi,
övladlarının təhsil haqqının ödənilməsi
mühüm sosial addımlar oldu. Xüsusi
karantin rejimində qanunçuluğun, hüquq
qaydalarının, nizam-intizamın möhkəmləndirilməsi,
eləcə də pandemiyanın qarşısının
alınmasında vətəndaş məsuliyyətinin
artırılması baxımından Milli Məclis tərəfindən
qanunvericiliyə edilmiş bir sıra əlavə və dəyişikliklər
də son dərəcə əhəmiyyətli oldu.
Pandemiyaya
qarşı birgə mübarizəni qlobal səviyyədə
aktuallaşdıran ölkə
Beynəlxalq aləm Azərbaycanın
yaratdığı üstün dəyərləri
görür və qiymətləndirir. Tarixi
reallıqlar Prezident İlham Əliyevin dünyamiqyaslı
lider olduğunu, gələcəyə strateji
baxışlarına görə zəmanəmizin bir çox
dövlət adamlarından üstünlüyünü
göstərir. Azərbaycanın dövlət rəhbərinə
qlobal məkanda böyük nüfuz qazandıran əsas cəhətlərdən
biri də elə budur! Yüksək fəhmi, irəli
sürdüyü mühüm təkliflərin, beynəlxalq səviyyədə
təqdim etdiyi təşəbbüslərin özünü
doğrultması, bununla yanaşı, fundamental dəyərlərə,
ədalətli davranış qaydalarına sadiqliyi ölkə
rəhbərimizə böyük inam yaradıb.
Hələ bütün
dünyanın getdikcə güclənən pandemiya
dalğası qarşısında son dərəcə çətin
vəziyyətdə qaldığı vaxtlarda Prezident İlham
Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı
xüsusi sessiyasının keçirilməsi təşəbbüsü
ilə çıxış etmişdi. Xatırladaq
ki, Azərbaycan pandemiyaya qarşı birgə mübarizənin
vacibliyini qlobal səviyyədə aktuallaşdıran ilk
ölkə kimi 2020-ci ilin aprelində Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının dövlət və
hökumət başçılarının fövqəladə
Zirvə görüşünü təşkil etmişdi.
Bu, COVID-19 mövzusuna həsr olunmuş ilk belə
beynəlxalq tədbir idi. Ardınca həmin
ilin mayında Prezident İlham Əliyevin rəhbərlik etdiyi
Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19
probleminə dair videokonfransı oldu. Qoşulmama
Hərəkatı ölkələri adından BMT-nin Baş
katibi Antonio Quterreşə qurumun Baş Assambleyasının
dövlət və hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə xüsusi sessiyasının
keçirilməsi təklifi ilə bağlı müraciət
ünvanlandı. Bu təşəbbüs
BMT-nin 130-dan çox üzv dövləti tərəfindən
dəstəkləndi. Təşəbbüsün belə
yüksək dəstək qazanması bir tərəfdən
onun müəllifinin - cənab İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının
sədri kimi yüksək nüfuzunun göstəricisi idisə,
digər tərəfdən də təklifin
aktuallığından, faydalarından irəli gəlirdi.
Azərbaycan Prezidenti belə
bir toplantını niyə vacib sayırdı? COVID-19
mövzusunun BMT-nin Baş Assambleyası səviyyəsində
müzakirəsini aktual və faydalı edən nə idi? 2020-ci il iyulun
6-da Bakının Xətai rayonunda koronaviruslu xəstələrin
müalicəsi üçün yaradılmış növbəti
modul tipli xəstəxananın açılışından
sonra yerli televiziyalardan bir neçəsinə müsahibə
verən dövlət başçısı bu suallara təfsilatlı
şəkildə aydınlıq gətirdi. Bildirdi
ki, bu təşəbbüs koronavirus pandemiyasına
qarşı mübarizə işində vahid yanaşmanın
tətbiq olunması, ölkələrin özlərinə
qapanmaması, inkişaf etmiş dövlətlərin
ağır vəziyyətdə olan dövlətlərə
kömək göstərməsi niyyətindən irəli gəlir.
BMT Baş Assambleyasının
koronavirusla mübarizəyə həsr edilmiş xüsusi
sessiyası 2020-ci il dekabrın 3-də
keçirildi. Sessiyada Qoşulmama Hərəkatının
sədri kimi bu quruma üzv olan ölkələr adından
danışan Prezident İlham Əliyev çıxışı
zamanı COVID-19-un insanların səhhəti üçün
doğurduğu təhlükələrdən əlavə,
onun ölkələr, cəmiyyətlər arasında üzə
çıxardığı bir sıra problemlərə də
diqqət yönəltdi. Bildirdi ki, pandemiya
istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə
olan ölkələrdə zəiflikləri və bərabərsizliyi
aşkara çıxararaq onları daha da kəskinləşdirib.
Habelə yoxsulluğu dərinləşdirərək
ən həssas kateqoriyadan olan insanların vəziyyətini
daha da ağırlaşdırıb. Bu xəstəlik
ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə
daha çox zərbə vurub. Cənab İlham Əliyev
böhranın davam edən fəsadlarının böyük
çətinliklə əldə olunmuş nailiyyətləri
geri atacağı və Dayanıqlı İnkişaf Məqsədlərinə
nail olunması istiqamətində tərəqqiyə mane
olacağı ilə bağlı dərin narahatlıqları
diqqətə çatdırdı.
Azərbaycan Prezidenti
Qoşulmama Hərəkatı adından bütün ölkələrin
dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz
və bərabər çıxışının əhəmiyyətini
vurğuladı. Dövlətimizin rəhbəri 2021-ci il
fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının
yeni inşa edilmiş binasının
açılışından sonra Azərbaycan
televiziyasına müsahibəsi zamanı bu məqamları nəzərə
alaraq əslində bütün bəşəriyyəti
düşündürəcək haqlı sual verdi: “Əgər
inkişaf etmiş ölkələr bu vaksinləri öz
aralarında ədalətli bölə bilmirlərsə və
qarşılıqlı ittihamlar irəli sürürlərsə,
onda başqa ölkələr nə fikirləşməlidir?
Kasıb ölkələr, inkişafda olan ölkələrin
vətəndaşları, bəs onlara kim
kömək göstərəcək? Bu haqda
düşünülmür? Mən
inkişaf etmiş bir çox ölkələrin liderlərindən
bu günə qədər bu
çağırışları eşitməmişəm.
Ona görə biz Qoşulmama Hərəkatının
sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq
artıq dünya arenasında bu məsələni
qaldırırıq. Mən sədrliyi
öz üzərimə götürərkən demişdim ki,
Azərbaycan beynəlxalq hüququ və ədaləti
müdafiə edəcək, bütün üzv ölkələrin
maraqlarını müdafiə edəcək və biz bunu
edirik”.
O dövrdə bir
çox dövlətin
COVID-19 qarşısında ciddi
sosial-iqtisadi, tibbi, mənəvi-psixoloji problemlərlə
üzləşdiyi, hətta vəziyyətə nəzarəti
itirdiyi bir zamanda Azərbaycanın iqtisadi inkişaf tempini
qoruyub saxlaması, eləcə də ciddi sosial paketin
reallaşdırılması dövlətimizin rəhbərinin
məqsədyönlü mövqeyinin və uzaqgörən
siyasətinin nəticəsi kimi cəmiyyətdə yüksək
qiymət alır. Son 2 ildə sosial-iqtisadi tənəzzül
keçirən 150-dən çox ölkə Beynəlxalq
Valyuta Fonduna və Dünya Bankına yardım
üçün müraciət etdiyi halda Azərbaycanın
iqtisadi müvazinətini qoruyub saxlaması, üstəlik, digər
dövlətlərə və qurumlara yardım göstərməsi
mühüm uğurlar sırasında
vurğulanmalıdır. Ötən dövrdə
respublikamız 80-dən çox ölkəyə maliyyə və
humanitar yardımlar göndərib, vaksin dəstəyi göstərib,
beynəlxalq təşkilatlara, o cümlədən
Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon
dollar məbləğində ianə edib.
Bu günün prizmasından
baxdıqda ölkə rəhbərliyinin vəziyyətin
sabitləşdirilməsi istiqamətində atdığı
addımların nə qədər sistemli, dolğun və
ardıcıl olduğu bir daha aydın görünür. O zaman Azərbaycan MDB məkanında
birinci ölkə idi ki, vaksinasiyaya start verdi.
Qısa müddətdə vaksinlər respublikaya
gətirilməyə başladı. Hazırda
46 xəstəxana COVID xəstələrinin müalicəsi ilə
məşğuldur. Vaksinasiya ilə bağlı son məlumata
görə, 18 yaşdan yuxarı olan əhalinin təxminən
60 faizdən çoxu artıq iki dozanı vurdurub, eyni zamanda,
buster dozasını 1 milyon 500 mindən çox adam alıb. İndi bir çox ölkələrdə əsas
problem xəstələrin sayı və
çarpayıların çatışmazlığı ilə
bağlıdır. Respublikamızda bu vəziyyət
müsbət həllini tapıb. Hazırda
10 min çarpayı mövcuddur, onlardan cəmi 10 faizi doludur.
Yəni 9 min çarpayı boşdur. Xəstəxanalarda 875 reanimasiya yeri var, onlardan 26
faizi doludur. Azərbaycanda
əhali arasında hər hansı bir anti-COVID meyilləri,
anti-COVID kampaniyaları yoxdur. İndi
insanlar şüurlu şəkildə gedirlər, bu peyvəndi
alırlar və başa düşürlər ki, bu, onları
qoruyur. Azərbaycan Prezidenti yanvarın 12-də yerli
televiziya kanallarına müsahibəsində bu məsələyə
toxunaraq dedi: “... Görülmüş tədbirlər
öz səmərəliliyini göstərir. Azərbaycan o ölkələrdəndir ki, hesab edirəm,
bu çətin sınaqdan şərəflə
çıxır”.
Azərbaycan əzmkar
mövqeyini bir daha nümayiş etdirdi
Ötən il Azərbaycan
Prezidenti ortaya qoyduğu məqsədyönlü mövqeyini,
prinsipial yanaşmasını daha bir qlobal təşəbbüslə
davam etdirdi. 150-dən artıq ölkənin dəstəyi ilə
BMT Baş Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində xüsusi
sessiyasının təşkili, Azərbaycanın Qoşulmama
Hərəkatı adından BMT-nin İnsan Hüquqları
Şurasında irəli sürdüyü “Bütün ölkələrin
peyvəndlərə bərabər və universal
çıxışının təmin edilməsi” adlı qətnamənin
2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması
Prezident İlham Əliyevin koronavirusla mübarizədə
qlobal həmrəyliyin təmin olunması istiqamətində fəaliyyətinin
uğurlu nəticələri kimi tarixə düşdü. Bu qətnamədən göründüyü kimi,
Prezident İlham Əliyevin qlobal həmrəyliyin təmin
olunmasında diqqət yetirdiyi xüsusi məsələlərdən
biri varlı və kasıb ölkələr arasında peyvəndlərin
bərabər paylanılması, bu sahədə qeyri-bərabərliyə
son qoyulması idi. 2021-ci ilin sentyabrında BMT Baş
Assambleyasının 76-cı sessiyasının illik ümumi
müzakirələrində çıxış edən
ölkəmizin Prezidenti bir daha dünyada mövcud olan “peyvənd
millətçiliyi”ni tənqid etdi, iradlarını bildirdi və
Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı
adından peyvəndlərə bərabər və universal
çıxışın təmin edilməsi ilə
bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli
sürüləcəyini elan etdi.
2021-ci ilin noyabrında Azərbaycan
Prezidenti İlham Əliyevin himayəsi, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə keçirilən “COVID-19-dan sonrakı dünya”
mövzusunda VIII Qlobal Bakı Forumu ölkəmizin pandemiya ilə
mübarizədə prinsipial mövqeyini bir daha əks etdirdi. Forumda xüsusi vurğulandı ki, Azərbaycan yeni
növ koronavirusun ciddiliyini və qlobal təhlükə mənbəyi
olmasını ilk gündən düzgün dəyərləndirən,
virusun yayılması arealının mümkün qədər
məhdudlaşdırılması istiqamətində
çevik, ardıcıl və sistemli tədbirlər həyata
keçirən ölkələrdəndir.
Xüsusi vurğulanmalıdır ki,
Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli
sürdüyü “COVID-19 əleyhinə peyvəndlərə
bütün ölkələrin bərabər, münasib,
vaxtında və universal əlçatanlığının
təmin edilməsi ilə bağlı qətnamə”nin 2021-ci il dekabrın 16-da BMT Baş
Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbulu
diplomatik-siyasi və təbliğati baxımdan ölkəmizin
dünyadakı mövqelərini daha da gücləndirməklə
yanaşı, onun qlobal proseslərə nüfuz
imkanlarını göstərdi.
Azərbaycanın koronavirusa
qarşı ümumbəşəri mübarizəyə ciddi
maddi və mənəvi dəstək verməsi,
bütövlükdə bu prosesə qoşulmaqla ortaya
çox ciddi nəticələr qoyması təsdiq edir ki,
Prezident İlham Əliyevin səyləri təkcə rəhbəri
olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin
xilasına yönəlib. Azərbaycanın Qoşulmama Hərəkatı
adından təqdim etdiyi sənədin BMT-də qəbulu
göstərir ki, ölkəmizin “peyvənd millətçiliyi”
ilə bağlı ədalətli, insanpərvər və sivil
yanaşması beynəlxalq səviyyədə yetərincə
dəstəklənir və haqlı hesab edilir. Qəbul
edilmiş qətnamə fonunda dünyada bir reallıq da təsdiqini
tapır ki, vaksin ədalətsizliyinə son qoyulmasa, koronavirus
infeksiyasına yaxın perspektivdə qalib gəlmək
mümkün olmayacaq.
Azərbaycan Prezidenti qlobal səviyyədə
ona inanan, dəstək verən həmfikirləri ilə birgə
bu missiyanı da uğurla həyata keçirir, haqqın, ədalətin
qələbəsinə nail olur.
İradə ƏLİYEVA
Azərbaycan.-
2022.-19 yanvar.- S.1; 4.