Milli Məclisin sədri Sahibə Qafarova
seçicilərinin videokonfrans
formatında növbəti qəbulunu keçirib
Yanvarın 19-da 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova seçicilərinin videokonfrans formatında növbəti qəbulunu keçirib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, videoqəbulda S.Qafarova seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qeyd olunub ki, Milli Məclis sədrinin seçicilərlə bu formatda görüşləri mütəmadi olaraq keçirilir və bu günə qədər keçirilən bu qəbildən olan tədbirlərdə 200-ə yaxın seçici iştirak edib. Əvvəlki videoqəbullarda qaldırılan bir sıra məsələlər artıq həllini tapıb.
Sahibə Qafarova seçicilərə məlumat verib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşlarının ali mənafeyi dayanır. Bildirilib ki, Azərbaycanda reallaşdırılan tədbirlər ölkəmizin dinamik iqtisadi inkişafının qorunması fonunda əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, rifah halının daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir. O xatırladıb ki, son dövrlər minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər və digər sosial müavinətlər əsaslı şəkildə artırılıb, dövlət başçısı tərəfindən bu məqsədlə imzalanan sənədlər 2 milyon vətəndaşımızı əhatə edir.
S.Qafarova videoqəbulda regionlarda da geniş abadlıq və quruculuq işlərinin həyata keçirildiyini vurğulayaraq, qeyd edib ki, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması, müasir təhsil, səhiyyə, mədəniyyət infrastrukturunun yaradılması, su və kanalizasiya xətlərinin yenilənməsi və bu qəbildən olan digər tədbirlər regionların inkişafında prioritet təşkil edib. O, xüsusi olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən çox geniş miqyaslı quruculuq və bərpa işləri haqqında da danışaraq, qeyd edib ki, Azərbaycan bütün bu işləri öz gücü və imkanları hesabına görür.
Milli Məclisin sədri, həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək, bir daha hər kəsi zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb. Bildirib ki, hər birimiz bu yeni davranış qaydalarına özümüzü uyğunlaşdırmalıyıq.
Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.
Azərbaycan.- 2022.- 20 yanvar.- S.2.