Ürəyimizin, ruhumuzun, yaddaşımızın 20 Yanvarı

 

32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Vətənin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Azərbaycan övladları şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar həm də milli qürurumuzun, milli ləyaqətimizin boy verdiyi gündür. Xalq o gün təpədən-dırnağadək silahlanmış amansız orduya sinəsini sipər etdi, öz namusu, vətən eşqi, azadlıq təşnəsilə zalıma meydan oxudu.

1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Ermənilər getdikcə azğınlaşırdılar. SSRİ rəhbərliyi isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara divan tutulmasına aşkargizli yolla himayədarlıq edirdi. Xalqımız aydın dərk edirdi ki, ona heç kim kömək göstərməyəcək və nicat yolu yalnız müstəqillik əldə etməkdədir.

Mixail Qorbaçovun başçılıq etdiyi qaniçən hakimiyyət SSRİ adlı müstəmləkənin dağılmasının qarşısını almaq, azadlığını tələb edən digər xalqlara da gözdağı vermək üçün azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını öz qanında boğmaq qərarına gəldi. Şəhərin ətrafına ən müasir silahlartexnika ilə təchiz olunmuş müxtəlif qoşun hissələri gətirildi. Qanlı Yanvar gecəsində isə qanlı sovet rejimi Azərbaycana qarşı əvvəlcədən planlaşdırdığı kütləvi qırğın aktını həyata keçirdi.

Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər, Bakının küçələri, sonralar Naxçıvan, Lənkəran, Salyan və digər bölgələr də daxil olmaqla, bütün ölkə yüzlərlə ölmüş və yaralanmış günahsız insanların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Qaniçən silahlılar hətta yaralıların xəstəxanalara gətirilməsinə, tibbi heyətin hadisə yerinə getməsinə mane olur, köməyə tələsən insanlara belə atəş açır, tanklarla maşınları əzib keçirdilər.

İşğalçı sovet ordusu Bakı qırğını zamanı bir sıra taktiki “yeniliklər” də tətbiq edirdi. Zirehli hərbi texnikanın müşayiətilə həyata keçirilən bütün hücum istiqamətlərində qəflətən işıqlar söndürülürdü. Öz dövlətindən güllə yağışı gözləməyən və buna görə də çaşqın vəziyyətə düşən insanlar projektorların işıqları altında gülləbaran edilirdi, xalqa xüsusi amansızlıqla divan tutulurdu. Əliyalın əhali istifadəsi qadağan edilən və xüsusi dağıdıcı qüvvəyə malik olan güllələrlə güllələnirdi.

Təcavüz nəticəsində 147 insan amansızcasına öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 4 nəfər itkin düşdü. Təsərrüfata və əhalinin mülkiyyətinə külli miqdarda ziyan dəydi.

Bu torpaq tarixən şəhidlərin qanı ilə suvarılıb, bu xalq kəsildiyi, qırıldığı yerdən birboy atıb böyüyüb. Azərbaycan əsrə bərabər bir gün - 20 Yanvarla tarixinin bugünkü zirvəsinə ucaldı. Və o, bu şərəfli və şəhidli tarixinin ən qüdrətli Azərbaycanı oldu!

 

Ülkər XASPOLADOVA

 

Azərbaycan.- 2022.- 20 yanvar.- S.4.