Milli qürurun şərəf salnaməsi

 

1990-cı il, 20 yanvar.

Bir qərinəyə yaxın vaxt ötür həmin tarixdən. 32 ildir xalqın yaddaşına əbədi həkk olunan bu tarix Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıcı sayılır.

Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, milli ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. O gün tariximizə həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli-azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirilir.

20 Yanvar faciəsi ilk növbədə siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml qanlı Yanvar qırğınını törətdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

Mülkisiyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular artıq 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar.

Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki yanvarın 20-də saat 00-00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.

Qanlı Yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdi. Ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Faciə ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən oldu. Heç bir təhlükədən çəkinməyərək sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarların araşdırılması ilə də məşğul oldubunun nəticəsində həqiqətlər üzə çıxdı.

Beləliklə, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub.

Ulu Öndər 31 mart 1998-ci il tarixdə “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzaladı. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edildi. Prezidentin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi.

Dahi şəxsiyyətin layiqli varisi Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına  xüsusi diqqət göstərir və bu günhumanist siyasətini davam etdirir.

32 ildir Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Xalq hər il o qəhrəmanları yad edir, ruhlarına dualar oxuyur.

Lakin etiraf etməliyik ki, 44 günlük Vətən müharibəsindəki böyük Zəfərədək hər bir azərbaycanlı bu məkanı ziyarət edərkən şəhidlərimizin məzarı qarşısında başıaşağı dayanmaq məcburiyyətində qalırdı. Amma qisas qiyamətə, şəhidlərimizin qanı yerdə qalmadı. 

Artıq 2 ildir Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımızın ruhları da şaddır. Çünki qanları yerdə qalmayıb. İndi həmin müqəddəs məkana üz tutan hər bir azərbaycanlı məzarlar önündə mətin dayanaraq ona müstəqillik qazandıran ölməz qəhrəmanların ruhlarına dualar oxuyur. Hər kəs qürurludur, şəhidlərin isə ruhları şaddır. Cünki azadlığı, müstəqilliyi uğrunda canını fəda etdiyi ökə bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 20 yanvar.-  S.1; 6.