Sənət dünyasında qanlı Yanvarın ədəbi-bədii
təcəssümü
20 Yanvar - Bakının qan gölünə çevrilməsi zaman keçdikcə yaddaşlarda daha silinməz izlər salır.
Günahsız insanların o müdhiş şənbə gecəsində qanlarına qəltan edilməsinə “fərman” verənlər nifrətlə xatırlanır, imperiyanın diz çökməsi uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksəlir. Onlar daim ehtiramla, məhəbbətlə anılır.
Tarixi hadisələr, ictimai mahiyyətindən asılı olaraq, xalqın yaddaşına o zaman yazılır ki, sənət əsərlərinin də mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi yaradıcı övladları həmin hadisələri bədii ifadə vasitələri ilə yaddaşlara olduğu kimi yazıblar.
20 Yanvardan ötən 32 illik zaman məsafəsindən baxdıqda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən batırıla bilmədiyini görürsən. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir.
Qərənfil
yağışlı, matəm baxışlı misralar
Qanlı “Şənbə gecəsi”nin səssiz fəryadları bədii sənət nümunələrində də öz əksini tapıb. Sözün ifadə edə bilmədiyini rəssamların qan daman fırçaları cızıb, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu şəhidlərimizə matəm və hüzn dolu “layla çalıb”. Bu fəryada o gecədən şəhidlərimizin anası obrazına çevrilən Xalq yazıçısı Əzizə Cəfərzadənin dilindən qopan ağı-bayatılar, göylərə sovrulmuş ağ saçları qoşulub: “Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan biç, amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək...”
Şəhidlər xiyabanını al-qırmızıya bələyən qərənfillər Məmməd Aslanın qələmində ağladı. Qərənfil yağışlı, matəm baxışlı misralar anaların ağısına qarışdı.
Tariximizin bu səhifəsi incəsənət əsərlərində öz əksini tapdıqca yaddaşlarda daha dərin izlər buraxdı: tarixləşdi və heykəlləşdi. Qürur, fəxr yerimiz olan Şəhidlər xiyabanı vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi.
Bu mövzuya həsr olunmuş təsviri sənət əsərlərində, heykəltaraşlıq və memarlıq nümunələrində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olundu. Tarixi yaşadan incəsənət əsərlərində 20 Yanvar öz təcəssümünü tapıb. Respublikanın müxtəlif bölgələrində 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş sənət əsərləri, o cümlədən heykəltaraşlıq nümunələri olan xatirə kompleksləri ucaldılıb.
Bakıda “20 Yanvar” dairəsində qara Yanvar şəhidlərinin xatirəsinə ucaldılan memorial abidə kompleks buna parlaq misal ola bilər. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı şəhid olmuş 147 nəfərin adı və soyadı, habelə Ümummilli Lider Heydər Əliyevin qanlı Yanvarla bağlı söylədiyi “1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” fikri qızıl hərflərlə həkk edilib.
20 Yanvar rəssamların
fırçasından boylandı
Təkcə poeziyada, nəsr və ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı növlərində 20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıq sahəsində bu şərəfli tariximiz bəlkə də daha canlı və obrazlı təsvir edildi.
Ulu Öndər Heydər Əliyev 1995-ci il yanvarın 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən qanlı Yanvara həsr edilən rəssamlıq sərgisindəki çıxışı zamanı demişdir: “20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu, daha çox lazımdır...”
Təsviri incəsənətin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, “İstiqlal” ordenli Xalq rəssamı Mikayıl Abdullayev 1992-ci ildə yaratdığı “Nakamların dəfni” əsəri ilə bir daha 20 Yanvar faciəsinin zaman-zaman unudulmayacağını göstərdi. Hər il istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında bu mövzuya həsr edilmiş əsərlərin sərgiləri keçirilib.
Görkəmli fırça ustası Rasim Babayevin “Təcavüz”, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə Vətəndir...”, Asim Səmədovun “Ruhlar” və digər tablolarda qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb.
Hafiz Nəsiroğlunun əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, yaddaşımızı silkələyən və daim ayıq-sayıq olmağa səslədilər. Kirman Abdinin 20 Yanvarla bağlı çəkdiyi plakatlar isə xüsusilə diqqətçəkəndir. Tariximizin qan yaddaşını plakatlarda əks etdirən rəssamın bədii təxəyyülü ilə sənətkarlığı üst-üstə düşərək o gecənin dəhşətlərinin səbəbkarını, cəllad və qatillərini nifrətlə xatırladır.
20 Yanvar faciəsi, təbii ki, yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetirmələrinin yaradıcılıq nümunələrində də öz əksini tapıb.
Rəssam İlqar Əkbərov həmkarlarından fərqli olaraq, faciəyə ilk münasibət bildirib. O, bu mövzuya həsr etdiyi əsərini hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda, 1990-cı ildə yaradıb. “Şəhidlər” adlanan həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir.
Kədər notları - “Matəm harayları”
...20 Yanvar musiqidə də ifadə olundu. Bəstəkarlarımızın əksəriyyətinin yaradıcılığında qanlı Yanvar əhəmiyyətli yer tutdu. 1990-cı ildə görkəmli bəstəkar Cövdət Hacıyev “Şəhidlər” simfoniyasını bəstələdi. “Şəhidlər” adlı başqa bir simfoniyanın müəllifi isə bəstəkar Oqtay Kazımi oldu. Hacı Xanməmmədov 1990-cı ildə Əzizə Cəfərzadənin sözlərinə bəstələdiyi “Əlimdə sazım ağlar” əsərini 20 Yanvar şəhidlərinə ithaf etdi. Azər Rzayevin “Bakı-90” simfoniyası, Tofiq Bakıxanovun “Humayun” simfonik muğamı, Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil”, “Haqq səninlədir”, “Azərbaycan” vokal-simfonik poemaları, Mobil Babayevin “Ağlama, torpağım, ağlama” kantatası, Aydın Əzim Kərimoğlunun “Qətl günü”, Sərdar Fərəcovun “Matəm harayları” simfonik lövhəsi, “Vətən şəhidlərinə”, Cavanşir Quliyevin “Şəhidlər”, Arif Mirzəyevin “Yanvar mərsiyələri”, Aqşin Əlizadənin “Ana torpaq”, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, “Qəm karvanı” oratoriyaları və başqa qəhrəmanlıq, mübarizlik ruhunda yazılmış əsərlərdə xalqımızın başına gətirilən müsibətlər, şəhidlərimizin ruhuna ehtiram ifadə olundu.
... Xalq artisti Habil Əliyevin kamanında səslənən “Şəhid anası” kompozisiyası, Kamil Cəlilovun qaboyunda sızlayan, xalqın kədərini, ah-naləsini ifadə edən “Segah”, “Zəmin-xarə”, “Bayatı-şiraz”, “Bəstə-nigar”, “Cahargah”, “Humayun”, “Vahab”... kimi musiqilər matəm günü efirdə daha çox səsləndirilir... Bu sıraya Mübariz Tağıyevin “Ulu torpaq”, eləcə də, “İlahi, amin...”, Şəmistan Əlizamanlının “Şəhidlər xiyabanı” və digər mahnılar da daxildir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2022.- 20 yanvar.- S.8.