Faciəyə aparan yol

 

O dəhşətli gecəyə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəyədək çox mürəkkəb siyasi, ictimai, sosial hadisələr baş vermişdi. Hələ 20 Yanvar faciəsindən qabaq - 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşmişdi.

Əslində, o zaman SSRİ-də gedən proseslər, uğursuz yenidənqurma siyasəti, milli siyasətdə yol verilən yanlışlıqlar bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb olmuşdu.

1985-ci ildə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in nəzarətindən çıxarıb Ermənistan SSR-in tərkibinə qatmaq siyasəti, Azərbaycana qarşı ayrı-seçkilik, Sumqayıt hadisələri, Dağlıq Qarabağdakı baş verənlər 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Uydurma “Dağlıq Qarabağ probleminin ortaya atılması ilə respublikada ictimai-siyasi vəziyyət daha da kəskinləşdi. Təcavüzkar ermənilər SSRİ rəhbərliyindəki havadarlarına arxalanaraq ərazi iddiaları ilə azərbaycanlılara  qarşı hücum etməyə başladılar. XX əsrin axırlarında erməni daşnakları Qarabağda yenidən qan tökdülər, dinc, günahsız insanları qətlə yetirdilər.

Bu dəhşətli xəbərlər bütün Azərbaycanı bürüdü. Hiddətlənmiş əhali etiraz səsini ucaltmağa başladı. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri azərbaycanlıların haqsızlıqlar, ədalətsizliklər qarşısında geri çəkilməyəcəyini göstərdi.

1989-cu ilin 31 dekabrında Naxçıvanda Azərbaycan-İran sərhədi söküldü. Bu hadisə onsuz da Azərbaycandan gələn xəbərlərdən narahatlıq keçirən Sovet İttifaqı rəhbərlərinin təşvişini artırdı. Azərbaycanda xalq hərəkatının yatırılmasına uyğun şərait yaratmaq məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törətməyə başladı. 1990-cı ilin yanvarında SSRİ rəhbərliyi kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə Bakıya qoşun hissələri yeritdi. Heç bir xəbərdarlıq etmədən sovet qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına daxil oldular.

Bir tərəfdə müasir silahlarla silahlandırılmış sovet qoşun hissələri, bir tərəfdə isə əliyalın, dinc əhali vardı. Sovet tanklarının qarşısına çıxanlar öz canlarından keçərək qırğınların qarşısını almağa çalışır, “silahsız insanlara atəş açmayın”, deyirdilər. Ancaq qoşun hissələrinə bu əmri verənlər onsuz da reallığı bilirdilər. Əhalinin silahsız olduğundan xəbərdar idilər. Azərbaycan xalqının gözünün odunu almağı qarşılarına məqsəd qoymuşdular. Buna nail olmaq üçün sovet qoşun hissələri 1990-cı ilin yanvarında ölüm kabusu kimi Bakının küçələrində dolaşır, öz etirazlarını bildirən dinc əhali pulemyotlardanavtomatlardan atəşə tutulurdu. Hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilirdi.

Şəhərin küçələrində günahsız insanlara - qocalara, qadınlara, uşaqlara yaralılara aman verilmirdi. İnsanları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Sovet hərbçiləri yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları qətlə yetirirdilər.

Sovet qoşun hissələri tərəfindən Azərbaycanın paytaxtında və  rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. 200 ev və mənzil, 80 avtomaşın, həmçinin, təcili yardım maşınları dağıdıldı, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edildi.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yalnız ertəsi gün şəhər hərbi komendantı Dubinyakın radio ilə çıxışında xəbər verildi. Artıq sovet qoşun hissələri qəddarlıqla cinayətlər törətmişdilər.

O müdhiş gecədə Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayət nə qədər sarsıdıcı olsa da, hər bir azərbaycanlı özündə mənəvi güc taparaq ayağa qalxa bildi. Xalq kütlələri elə misilsiz birlik, mübarizlik nümayiş etdirdi ki, cinayətkarlar özləri heyrətləndilər.

Qanlı Yanvar hadisələri SSRİ rəbərliyinin gözlədiyi nəticəni vermədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Bundan sonra respublikada milli-azadlıq hərəkatı daha da genişləndi. 20 Yanvar faciəsi SSRİ-nin dağılmasını sürətləndirdi. O zaman SSRİ-nin rəhbəri olmuş Mixail Qorbaçov 1995-ci ilin aprelində Türkiyədə səfərdə olarkən bunu etiraf etdi. O, 1990-cı il yanvar qırğınından bəhs edərkən dedi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi”.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı. 20 Yanvar həm milli matəm, hüzn günümüz,  həm də əbədi milli qürurumuz oldu. Azərbaycan xalqı 1990-cı ilin yanvarında bütün dünyaya öz yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bəyan etdi. Bu birlik, əzm, iradə Azərbaycan xalqını ən müqəddəs arzusuna qovuşdurdu. Azərbaycanın müstəqilliyi bərpa edildiazad, demokratik dövlət kimi dünya birliyinə daxil oldu.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 20 yanvar.-  S.8.