Regionlarda 20 Yanvar şəhidlərinin xatirəsi
böyük ehtiramla yad edilib
GƏNCƏ: Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib. Şəhidlər xiyabanında təşkil olunan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Müdafiə Nazirinin müavini, Quru Qoşunların komandanı, general-leytenant Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Əvvəlcə Şəhidlər xiyabanının girişində “Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə” inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə güllər düzülmüş, sonra Gəncə şəhidlərinin şəkillərinin əks olunduğu lövhəyə baxış keçirilmişdi.
Niyazi Bayramov və general-leytenant Ənvər Əfəndiyev “Əbədi məşəl” abidəsini ziyarət edərək önünə əklil qoymuş, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
Qeyd olunub ki, 1990-cı ilin qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Bu qanlı gün həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Vurğulanıb ki, 20 yanvar 1990-cı il müasir tariximizin ən faciəli günlərindən biri olsa da, Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq!
Bütün respublika ərazisində olduğu kimi, saat 12:00-da Gəncədə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Niyazi Bayramov daha sonra şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb.
GORANBOY: 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Goranboy rayonunda keçirilən anım mərasimində böyük izdiham yaşanmışdır. Əvvəlcə rayon icra hakimiyyətinin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Muzdurlar kəndinə gələrək 20 Yanvar şəhidi İlqar Kərimovun məzarını ziyarət etmiş, üstünə tər qərənfillər düzmüşlər. Sonra tədbir Goranboy şəhərindəki Şəhidlər Xatirə Kompleksində davam etdirilmişdir. Burada uyuyan şəhidlərin məzarları üstünə qərənfillər qoyulmuş, ruhlarına dualar oxunmuşdur. Saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
NAFTALAN: Azərbaycan tarixinin ən dəhşətli faciələrindən olan 20 Yanvar hadisəsi Naftalan şəhərində ümumxalq hüzn günü kimi qeyd edilmişdir. Bu münasibətlə keçirilən anım mərasimində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş soydaşlarımızın əziz xatirəsi böyük ehtiramla yad edilmiş, şəhidlərimizin xatirəsinə məşəl yandırılmışdır. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də idarə və təşkilatların üzvləri, şəhid ailələri və qazilər Naftalandakı Memorial Xatirə Kompleksini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
TOVUZ: Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi yazılmış 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Tovuzda qeyd olunan anım günü tədbirinə yüzlərlə rayon sakini toplaşmışdı. Rayon icra hakimiyyətinin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirəsinə ehtiram göstərmək üçün Tovuz şəhərindəki Şəhidlər Xiyabanına gələrək həmişəyaşar qəhrəmanlarımızın xatirəsinə ehtiram göstərmiş, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş mərd oğulların məzarlarını ziyarət edərək üstünə tər qərənfillər düzmüşlər. Xiyabanda yenicə ucaldılmış əbədi məşəl önünə gül dəstələri qoyulduqdan sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov anım gününə gəlmiş şəhid ailələrinin üzvləri ilə görüşmüş, onların arzu və istəklərini dinləmişdir. Görüşdə İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu, Vətən uğrunda şəhid olmuş oğullarımızın və 20 Yanvar faciəsi zamanı həyatını itirmiş vətəndaşlarımızın qisasının alındığı qeyd edilmişdir.
SAMUX: Yanvarın 20-də Samux rayonunda da böyük izdiham yaşanmışdır. Xalqımızın yaddaşına qanla yazılmış 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasiminə yüzlərlə rayon sakini toplaşmışdı. Anım mərasiminin iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası rayon təşkilatının foyesində 20 Yanvar faciəsində şəhid olanların xatirəsinə həsr edilmiş məktəblilərin rəsm sərgisinə baxış keçirmişlər. Sonra tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ruhlarına dualar oxunmuşdur.
DAŞKƏSƏN: Havanın soyuq və şaxtalı keçməsinə baxmayaraq, 20 Yanvar faciəsinin 32-ci ildönümü Daşkəsəndə də böyük coşqu ilə qeyd edilmişdir. Anım gününün iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək əbədi məşəl önünə əklil qoymuşlar. Sonra Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş igid daşkəsənlilərin məzarları ziyarət olunaraq üzərinə qərənfillər düzülmüşdür. Burada şəhid ailələri ilə keçirilən görüşdə onların arzu və istəkləri dinlənilmiş və qaldırılan məsələlərin icrası üçün tapşırıqlar verilmişdr.
LƏNKƏRAN: Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi olmuş 20 Yanvar faciəsinin 32-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da geniş qeyd olunmuş, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində müxtəlif səpkili toplantılar, görüşlər keçirilərək hadisələr zamanı həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, minlərlə ictimaiyyət nümayəndələri Zəfər bayramı ərəfəsində başdan-başa yenidən qurulan Şəhidlər Xatirə-Abidə Kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzərək azadlıq uğrunda canlarından keçən şəhidlərin xatirəsini dərin ehtiram hissi ilə anmışlar. Mərasim zamanı şəhidlərin ruhuna dualar oxunmuşdur. Sonra icra başçısı abidə önündə 20 Yanvar şəhid ailə üzvləri və əlilləri ilə görüşüb söhbət etmiş, bir daha onların qayğıları ilə maraqlanmışdır.
Həmin gün saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, nəqliyyatın hərəkəti dayanmış, maşınlardan səs siqnalları verilmişdir.
Sabir ƏLİYEV
Seyran CAVADOV
Azərbaycan.- 2022.- 22 yanvar.-
S.5.