Azərbaycan xalqının hüzn
və şərəf günü
20 Yanvar faciəsinin 32-ci ildönümü dünya
mediasının gündəmində yer
alıb
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar qardaş Türkiyənin və dünyanın bir sıra aparıcı media orqanlarında çeşidli məqalələr yayılıb. Yerli xəbər agentlikləri, radio və televiziya kanalları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanvarın 20-də - Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad etmələri barədə məlumatlar veriblər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının Azərbaycanda törətdiyi hərbi cinayəti qardaş yanğısı ilə xatırladan Türkiyənin “Yeni Şafak” qəzeti yazır ki, tarixin bütün dövrlərində öz azadlığı uğrunda əzmlə mübarizə aparan Azərbaycan xalqı heç zaman köləliklə barışmayıb. Diqqətə çatdırılır ki, xalqın xilaskar oğlu Heydər Əliyev Qara Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə öz xalqının mübarizə əzminə mənəvi dayaq olub, azadlıq eşqini daha da alovlandırıb.
“Hürriyet” qəzeti isə 20 Yanvarı Azərbaycanın dövlət müstəqilliyinin bərpasında xüsusi yeri olan gün kimi dəyərləndirib.
Türkiyənin “TRT Haber” Agentliyi 20 Yanvar faciəsi ilə bağlı videoçarx hazırlayıb. “Azərbaycanın qanlı günü: Qara Yanvar” adlı videoçarxda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr öz əksini tapıb.
Televiziya kanallarından “Haber Global”, “TRT Avaz”, “TGRT Haber”, “Anadolu” Xəbər Agentliyi, qəzetlərdən “Sabah”, “Milli gazete” və digərlərinin hazırladıqları materiallarda Azərbaycanın müstəqillik yolunda qurban verdiyi, bu yolda ən ağrılı günlərdən birinin də 1990-cı il yanvarın 20-də meydana gəldiyi bildirilir. O gün sovet ordusunun tanklarla Bakıya daxil olaraq dinc əhalini qətlə yetirməsi haqqında məlumat verilir.
Belarusun nüfuzlu “Belarus seqodnya” xəbər portalı 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatına dair məqalə dərc edib. Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi və 744 nəfərin ağır xəsarət aldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.
20 Yanvar faciəsindən 32 il keçir, lakin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymət hələ də verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.
Avstraliyanın “vibemedia.net.au” saytı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını yayıb. İngilis dilində yayılan bəyanatda 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet İttifaqı rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi və 744 nəfərin ağır xəsarət aldığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. Həmin vaxt aparılan müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. Bəyanata 20 Yanvar faciəsini, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şəhidlər xiyabanını ziyarət etməsini əks etdirən fotolar da əlavə olunub.
Moldovanın nüfuzlu “Tribuna” xəbər portalı 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatına dair məqalə dərc edib. Rumın və rus dillərində dərc edilən məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi və 744 nəfərin ağır xəsarət aldığı diqqətə çatdırılıb.
Məlumat verilib ki, faciəvi hadisələrdən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.
BƏƏ-nin “Nəbd Əl Vatan” və “Arab-citizen” mətbu orqanlarında 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib. Ərəbdilli oxuculara yanvarın 20-sinin Azərbaycanda Ümumxalq Hüzn Günü olmasından, 32 il əvvəl sovet qoşunlarının Ermənistanın Azərbaycan ərazilərini ilhaq etmək cəhdlərinə etiraz edən dinc əhaliyə divan tutmasından ətraflı bəhs olunub.
Məqalədə həmin ağır günlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamızın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqı ilə həmrəylik nümayiş etdirdiyi, bu ağır cinayəti törədən sovet liderlərini kəskin şəkildə qınadığı qeyd olunub. Dahi siyasətçinin səsləndirdiyi bəyanatda İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqında, hər hansı regionda bu cür qəddar kütləvi qırğının törədilmədiyini ifadə etməsi xüsusi vurğulanıb. Məqalədə qeyd olunub ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü elan edilib və hər il insanlar faciə qurbanlarının xatirəsini anmaq üçün Şəhidlər xiyabanına axın edirlər.
Misirin “Cümhuriyyə”, “Əxbar Əl Yom”, “Əl Qərar Əl Ərəbi”, “Əl Diplomasi”, “Yeni dünya xəbərləri”, “Asiaelyom” və digər mətbu orqanlarında 20 Yanvar faciəsi haqqında məqalələr dərc olunub. Qeyd edilib ki, azərbaycanlılar XX əsrdə ermənilərin çoxlu sayda qırğınlarına məruz qalıblar. Bu faciələrin ən dəhşətlilərindən biri isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda silahsız dinc insanlara qarşı törətdiyi qətliamdır. Həmin vaxt kommunist rejimi təcavüzkar Ermənistanı dəstəkləyib və Bakıda dəhşətli cinayət törədib. Paradoksaldır ki, bu cinayətdə əsas təqsirkar olan və Qərbin “demokrat”, “sülhpərvər” adlandırdığı SSRİ prezidenti Mixail Qorbaçov 1990-cı ilin oktyabrında Nobel mükafatına namizəd göstərilib. Halbuki, “Human Rights Watch” təşkilatı öz hesabatında sovet ordusunun həmin vaxt Bakıda törətdiyi zorakılığın azərbaycanlıların müqavimətinə adekvat olmadığını və kollektiv cəzalandırma praktikasına çevrildiyini yazırdı.
Misir oxucularına məlumat verilib ki, ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü də güclənirdi. Təcavüzkar ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi və BMT TŞ-nin həmin ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsinə dair dörd qətnaməsinə də əməl etmək istəmirdi. Rəsmi Bakının problemin danışıqlar yolu ilə həll edilməsi səyləri də Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qalmışdı. Ermənilər işğal etdikləri torpaqlarda etnik təmizləmə siyasəti aparır, talançılıq və barbarlıqla məşğul olurdular. Azərbaycan kimi qüdrətli ölkə bu vəziyyətlə barışa bilməzdi. Ölkəmizin rəhbərliyi qısa müddətdə problemi həll etdi və şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində ərazilərin böyük hissəsini düşmən tapdağından azad etdi. Kapitulyasiya etmiş Ermənistan isə qalan əraziləri döyüşsüz, diplomatik yolla boşaltmağa məcbur oldu.
Qazaxıstanın “altyn-orda.kz”, “adyrna.kz” xəbər
portallarında 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Azərbaycan
Xarici İşlər Nazirliyinin
yaydığı bəyanat qazax və rus dillərində dərc edilib.
Məqalədə 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin
əmri ilə sovet ordusunun
Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə
yeridildiyi qeyd edilib. Bu hərbi
müdaxilə nəticəsində 147 mülki
şəxs qətlə yetirilib və 744
nəfər ağır xəsarət alıb. Bu hadisə
müasir Azərbaycan
tarixinə “Qara Yanvar” kimi daxil
olub. Faciəvi hadisələrdən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı
Daimi Nümayəndəliyində
mətbuat konfransı
keçirərək bu
vəhşiliyi kəskin
şəkildə pisləyib,
xalqımıza qarşı
törədilmiş qırğına
siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını
tələb edib.
Milli Məclisin
1994-cü ilin fevralında
keçirilən xüsusi
sessiyasında 1990-cı il yanvarın 20-də
günahsız insanların
qəddarcasına qətlə
yetirilməsi hərbi
təcavüz və cinayət kimi qiymətləndirilib və
müzakirələrin yekunu
olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda
törədilmiş faciəli
hadisələr haqqında”
qərar qəbul edilib.
Hazırladı:
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 22 yanvar.- S.6.