Parlamentin Ailə, Qadın və uşaq məsələləri
komitəsinin yaz sessiyası üçün işlər planı təsdiq
edilib
Yanvarın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi 2022-ci ilin yaz sessiyasında ilk iclasını keçirib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən il ölkəmizin Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi müdrikliyi, qətiyyətli və uzaqgörən siyasəti sayəsində qazandığı uğurlardan danışan Hicran Hüseynova Qarabağ və Şərqi Zəngəzurda gedən böyük quruculuq işlərindən bəhs edib. Komitə sədri 30 il doğma yurd həsrəti ilə yaşayan insanların tezliklə öz evlərinə qayıdacağına inamını ifadə edib.
İclasın gündəliyi barədə məlumat verən H.Hüseynova diqqətə çatdırıb ki, gündəliyə 2021-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı və cari məsələlər daxil edilib.
Gündəliyin təsdiqlənməsindən sonra 2021-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı təqdim edən H.Hüseynova bildirib ki, bu dövrdə 10 iclas keçirilib və 16 məsələyə baxılıb. Hesabat dövründə komitə, həmçinin “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans və “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə təşkil edib.
Bundan başqa, sessiya ərzində komitə sədri və üzvləri təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə onlayn görüşlər keçirib, müzakirələr aparıb, ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdiriblər.
Vurğulanıb ki, bu dövrdə komitəyə vətəndaşlardan 153 müraciət daxil olub. Həmin müraciətlər təhlil olunaraq müvafiq tədbirlər görülüb.
Komitənin 2022-ci ilin yaz sessiyasında iş planını təqdim edən Hicran Hüseynova bildirib ki, qarşıdakı sessiyada komitəyə daxil olan sənədlərin, müraciətlərin, qanun layihələrinin müzakirəsi və ekspertizası, ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi, müvafiq müzakirələrin və dinləmələrin təşkil edilməsi nəzərdə tutulub.
Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlardan Tamam Cəfərova, Sədaqət Vəliyeva, Ramin Məmmədov, Könül Nurullayeva, Sevil Mikayılova, Nigar Arpadarai komitənin ötən sessiyadakı işi və yaz sessiyasının iş planı barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıb, ictimai-siyasi proseslərdə fəallıq göstərib, bir çox məsələlərlə bağlı mətbuatda çıxış ediblər.
Deputatlar komitənin 2021-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatını məqbul sayıb və 2022-ci ilin yaz sessiyası üçün işlər planını təsdiq ediblər.
Sonra iclasda cari məsələlərin müzakirəsi başlanıb. Komitə sədri Hicran Hüseynova, komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Tamam Cəfərova, Ramin Məmmədov, Sevil Mikayılova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.
Müzakirələrdə ailə məsələləri, qadın və uşaq hüquqlarının təmin edilməsinin aktual məsələləri nəzərdən keçirilib. Deputatlar qadınların məşğulluğu, şəhid ailələrindən olan xanımların təhsilinin davam etdirilməsinin dəstəklənməsi, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı fikirlərini səsləndiriblər.
Bununla da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası başa çatıb.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-
2022.- 22 yanvar.- S.7.