Sahibkarlıq sahəsində aparılan yoxlamaların daha bir il uzadılması təkilif edilir

 

Yanvarın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.

İclasda, əvvəlcə komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı təqdim edilib. Komitə sədri çıxışında, ümumiyyətlə 2021-ci ildə ölkədə iqtisadi sahədə uğurların kifayət qədər əhatəli olduğunu deyib. Bildirib ki, ötən il iqtisadiyyatda 5,6 faiz, o cümlədən qeyri-neft sənayesinin 20 faizdən çox artması, qeyri-neft ixracının ilk dəfə olaraq 2,7 milyard dollara yaxın olması, büdcə gəlirlərinin proqnozdan əlavə 1,5 milyard manata yaxın icra olunması müşahidə edilib. Eyni zamanda, 2021-ci ildə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına ixrac olunub, işğaldan azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına başlanılıb və digər mühüm iqtisadi hadisələr baş verib.

Tahir Mirkişili diqqətə çatdırıb ki, hesabat dövründə komitənin 16 iclası keçirilib, 133 məsələyə baxılıb. Qeyd edilib ki, ötən sessiyadaGömrük tarifi haqqında”, “Dövlət rüsumu haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlarda, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində dəyişikliklərin edilməsi ilə bağlı layihələr, “Turizm haqqında” qanunbir sıra digər sənədlər müzakirə olunub.  Bununla yanaşı, 2022-ci ilin büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər qanunların geniş müzakirəsi keçirilibplenar iclasda qəbul edilib. Qeyd olunub ki, komitə iclaslarında hökumət nümayəndələri, Qeyri-hökumət Təşkilatlarının təmsilçiləri iştirak ediblər, rəy və təkliflərini səsləndiriblər. Bildirilib ki, komitə üzvləri payız sessiyası ərzində mətbuatda çıxış edərək müxtəlif məsələlərə dair şərhlər veriblər, həmçinin bir sıra beynəlxalq təşkilatların işində də fəal iştirak ediblər.

Diqqətə çatdırılıb ki, ötən dövrdə komitəyə vətəndaşlardan 59 ərizə və şikayət daxil olub. Müraciətlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Sonra komitənin 2022-ci il yaz sessiyası üçün planı barədə məlumat verilib. Bildirilib ki, sessiyadaLombardlar haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”  bir sıra digər yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi planına daxil edilib. Sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.

Sonra iclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılmışdır. Dəyişikliyə əsasən, həmin müddətin daha bir il – 2023-cü il yanvarın 1-dək uzadılması təklif olunur.

Müzakirələr zamanı komitə sədrinin müavini Əli Məsimli, deputatlardan Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Aydın Hüseynov çıxış edərək, gündəlikdəki məsələlər barədə, habelə iqtisadi sahəyə aid  bir sıra aktual məsələlərə dair  fikirlərini, rəy və təkliflərini söyləyiblər.

İclasda komitənin 2021-ci il payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı məqbul hesab olunub, 2022-ci ilin yaz sessiyası üçün planı təsdiq edilib. Deputatlar  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

 

Azərbaycan.- 2022.- 22 yanvar.- S.7.