Heydər Əliyev Mərkəzində “zefer.az”
saytının təqdimat mərasimi keçirilib
Yanvarın 21-də Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş zefer.az saytının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Humay Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə “zefer.az” saytına həsr olunmuş videoçarx nümayiş edilib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova xalqımızın Zəfər salnaməsinin yaddaşlara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “Zəfər” saytının, bundan əvvəl isə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “memorial.az” saytının yaradıldığını bildirib. O, Azərbaycan xalqının 30 il hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyası olan “zəfər.az” saytının ideya və məqsədlərindən danışıb.
Saytın loqosunun üç elementi əhatə etdiyini bildirən Səadət Yusifova onların birləşərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə etdiyini deyib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər hər birimizin qələbəsi, vahid ideya, amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycanın milli kimliyini formalaşdıran başlıca amilə çevrilir. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası təkcə Azərbaycanın milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılması, xalqımızın özünəinamını bərpa edən, onu özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir.
Səadət Yusifova qeyd edib ki, Zəfər - qalib ölkənin və xalqın yeni matrisasının, ideoloji bazisinin təməl daşı olmaqla, xalqımız və dövlətimiz qarşısında yeni hədəflər qoyur. Eyni zamanda, Azərbaycanın iqtisadi, texnoloji, hərbi, siyasi, mənəvi, diplomatik, informasiya gücünü bütün dünyaya nümayiş etdirir. Bu Qələbə münaqişəyə son qoyaraq yeni reallıq yaratmaqla yanaşı, həm də bütövlükdə regionumuzda sülh, təhlükəsizlik, əmin-amanlıq, əməkdaşlıq və inkişaf üçün yeni perspektivlər açır. Zəfərimizi, əslində, XXI əsrdə dünya xalqlarının müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ədalətsizliyə qarşı ucalan ilk belə səsi, formalaşan yeni dünya quruluşunun görünən ilkin cizgiləri hesab etmək olar.
“Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri də var. “3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın onilliklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını şaxələndirməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geoiqtisadi xəritəsini dəyişəcək. Bu fundamental dəyişikliklər ölkəmizin yeni inkişaf paradiqmasını şərtləndirir. Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, Qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarının müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, sadəcə, dünya nizamına yazılmaq deyil, dünya qaydalarını yazmaq imkanlarına əlçatanlığın təmin edilməsi hazırda və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək”, - deyə Prezident Administrasiyasının şöbə müdirinin müavini söyləyib.
Azərbaycan xalqının yazdığı bu Zəfər salnaməsini tarixin heç vaxt unutmayacağını vurğulayan S.Yusifova bildirib ki, bizim üzərimizə düşən missiya bu salnaməni yazıya və lentə almaqla gələcək nəsillərə çatdırmaq, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif edilmədən dünyaya çatdırmaqdır. Ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulan “Zəfər” portalının missiyası məhz buna hədəflənib.
Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, dünyanın ictimai-siyasi, hərbi-təhlükəsizlik həyatında daşıdığı əhəmiyyətə və uzun əsrlər boyu iki xalq arasında gedən qanlı müharibələr tarixində bənzərsiz dönüş nöqtəsi olduğuna görə 44 günlük müharibəsi XXI əsrin ən böyük hadisəsidir. 2020-ci il noyabrın 10-dan ötən hər gün Azərbaycan xalqının qazandığı Qələbənin əzəmətini göstərir. İndi dünya xalqları arasında həm genetik, həm informativ, həm də mədəni mübadilə gedir, bütün dünya bir-birindən nəyisə öyrənir. Lakin azadlığı, evi, ocağı uğrunda əsrlərlə vuruşub, nəhayət, 2020-ci il noyabrın 10-da qalib gələn bir millətin Zəfərə gedən yolu dünya millətləri tərəfindən mütləq öyrəniləcəkdir. Necə oldu ki, yüz minlərlə valideyn, on minlərlə oğul, onlarla xalqın nümayəndəsi tək bir məqsəd naminə özlərini qurban verdilər? Məhz bu xarakteri dünya xalqları azərbaycanlılardan əxz edə bilər. Bundan sonra Azərbaycan həmişə Şuşanı geri qaytaran parlaq hərbi əməliyyatla tanınacaq.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra formalaşmaqda olan yeni regional arxitektura, xüsusilə erməni-türk düşmənçiliyinin aradan qalxması üçün prosesin başlanması, Azərbaycanın Naxçıvanla coğrafi birliyinin perspektivi də məhz hərbi Qələbənin nəticəsidir. Artıq hamı yeni reallığı dərk edir. Dünyada və keçmiş sovet məkanında hər gün artan təhlükəsizlik riskləri fonunda Cənubi Qafqazın təhlükəsiz gələcəyini formalaşdıran Lider İlham Əliyevdir. Ona görə Şuşa hər yerdə əzilən, işğala məruz qalan xalqlar üçün inam simvoludur. Bakı təkcə bir ölkənin deyil, regionun və beynəlxalq siyasətin paytaxtıdır.
Daha sonra “azvision.az” saytının baş redaktorunun müavini Səbinə Həsənova “zefer.az” saytını təqdim edib. Qeyd edib ki, saytın ideyası və konsepsiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsusdur. Dizayn və proqramlaşdırma işləri “Webcoder” şirkəti, məzmun hissəsinin hazırlanması və sayta doldurulması “Azvizion” şirkəti tərəfindən həyata keçirilib. Ümumilikdə 12 bölmə, 62 alt-bölmə üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir, həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir. Sayt ensiklopedik formatda hazırlanıb, Vətən müharibəsi və Böyük Qayıdışla bağlı məlumatları özündə əks etdirir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində versiyalarının hazırlanması da nəzərdə tutulur.
Tədbirdə çıxış edən Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsi qazisi Vasif Dilavərzadə müharibənin itkisiz, ağrısız, zəhmətsiz olmadığını bildirərək deyib: “44 günlük döyüşlərdə xüsusilə fərqlənən xüsusi təyinatlılar bunun üçün illərlə böyük fədakarlıqlar göstərib, işinə, xidmətə məsuliyyətlə yanaşıb və vicdanla çalışıbar. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, Ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin və onun ətrafında sıx birləşdiyinin şahidi oldu”.
Qeyd edək ki, təqdimatın keçirilməsinə Heydər Əliyev Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi və Medianın İnkişafı Agentliyi tərəfindən dəstək verilib.
Azərbaycan.- 2022.- 22 yanvar.-
S.7.