Dirilən yaxşılıq

 

(Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması münasibətilə)

 

Kim deyir ki, yaxşılıq,

yaxşı əməl,

xeyirxahlıq

Unudulur, itib-batır,

O, səhv edir.

Yaxşı əməl də

Haqq kimi incəlir,

İynənin gözündən

keçən olur,

Ancaq üzülmür.

Torpaq altında qalan,

Əsrlərlə orda yatan

Qızıl külçəsi kimi

dəyərini,

qiymətini

itirmir.

Yaşayır ürəklərdə

Yol gələ-gələ.

Keçir o nəsildən

bu nəslə,

O əsrdən

bu əsrə.

Günlərin birində

Ruhunun yaşadığı

şəhərin

Ən gur yerində

Qala divarları önündə

Başındakı Buxara papağı,

Əlindəki əsası, təsbehilə,

Əynindəki həmin geyimilə

Görünür o.

Hamı ona həsrətlə,

Heyrətlə baxıb,

Salam verir,

Təzim edir.

Əlini əlinə

toxundurmaq istəyir.

- Xoş gəlmisən, səfa

gətirmisən

Öz şəhərinə,

 Doğma Vətəninə, - deyir.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2022.- 23 yanvar.- S.4.