Fransanın onlayn qəzeti Ağbulaq Xizək Mərkəzindən yazır

 

Fransanın “laqazetta.fr” onlayn qəzetində muxtar respublikanın qış turizm məkanlarından olan Ağbulaq Xizək Mərkəzi barədə məqalə yayımlanıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə Naxçıvan şəhərindən bir qədər aralıda, Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən yeni qış kurortu - Ağbulaq Xizək Mərkəzinin yüksək qış turizm imkanlarına malik olduğu vurğulanıb. Qeyd edilib ki, mərkəzin qurulmasında dünyanın bu sahə üzrə ixtisaslaşmış aparıcı şirkətləri ilə yanaşı, Fransa şirkətləri də iştirak ediblər.

Məqalədə bildirilir ki, Ağbulaq kəndi Dərələyəz və Zəngəzur dağ silsilələri arasında, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Kənddə tikinti işlərinə 2013-cü ildə başlanılıb, məktəb, kənd və xidmət mərkəzləri tikilib, yol, işıq, qaz və digər infrastruktur yenilənib, insanların rahat yaşaması üçün lazımi şərait yaradılıb. Xizək mərkəzində kanat yollarının salınması və istifadəsi də buranın imkanlarını xeyli artırır. Ona görə də son illər Ağbulaq ölkə xaricindən daha çox sayda turist cəlb etməyə başlayıb.

Məqalədə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət proqramlarının da uğurla icra edildiyi xüsusi vurğulanıb.

Məqalə ilə bu linkdən tanış ola bilərsiniz:

 

https://www.lagazetteaz.fr/news/international/8006.html?fbclid=IwAR3nRlzhYDAoHvF3vcrcDszpcEFvAQv0AOxcMUE0Gtyl61tu36WmUopKRt0

 

Azərbaycan.- 2022.- 23 yanvar.- S.5.