Təzadlar dövrünün böyük ziyalısı
Şuşa ziyalıları
Tarix boyu yaşayıb-yaratmış elə şəxsiyyətlər olub ki, onların işlədiyi, fəaliyyət göstərdiyi illər müxtəlif ictimai-siyasi quruluşlar dövrünə təsadüf edib. Bu insanların bir çoxu quruluş dəyişərkən öz vətənpərvərlik mövqelərini saxlayıb, yenə də xalqına sədaqətlə xidmət yolunda əllərindən gələni əsirgəməyiblər. Lakin əksər hallarda belələrini düzgün başa düşməyiblər. İncidiliblər, repressiyalara məruz qalıblar, həyatın əzablı yollarından keçiblər. Haqq savaşında bu insanların hərəkətləri dövrün hakim dairələrinin xoşuna gəlməyib, əsərlərinə qadağalar qoyublar. Günahlandırılıblar, cəzalandırılıblar...
Görkəmli ictimai-siyasi xadim, dövrünün böyük ziyalısı Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin (Ağaoğlu) ömür yoluna da məhz belə bir tale qismət olub. O, 1869-cu ildə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağda, gözəl Şuşa şəhərində dünyaya göz açmışdı. 70 il sonra, 1939-cu ildə isə dünyasını türk torpağında, qədim İstanbulda dəyişmişdi. Əhməd bəy Ağayevin yaşadığı illərdə Azərbaycanda, Qafqazda, Şərqdə və ümumiyyətlə, dünyada hansı siyasi hadisələrin baş verdiyini xatırlasaq, Şuşada başlanan bu ömrün nə üçün İstanbulda bitməsinin səbəblərini aydın başa düşə bilərik.
Ə.Ağaoğlunun valideynləri Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəslindən idilər. Babası Mirzə İbrahim gözəl xəttat idi, eyni zamanda Azərbaycan və fars dillərində dəyərli şeirlər yazırdı. Atası Mirzə Həsən və əmisi Mirzə Məhəmməd öz zəmanələrinə görə mükəmməl savad almış, həm dini, həm də dünyəvi elmlərlə yaxından maraqlanan, ərəb, fars, rus dillərini bilən insanlar olmuşlar. Ə.Ağaoğlu xatirələrində yazırdı ki, əmisinin təkidi ilə müctəhid olmağa hazırlaşdırılan Əhməd bəy əvvəlcə mollaxanada oxuyur. Lakin anası və şəhər bələdiyyə idarəsi rəisinin müavini olan dayısı bu zəkalı uşağın mollaxana təhsili ilə çox da uzağa gedə bilməyəcəyini dərk edərək onu atasından və Mirzə Məhəmməddən gizli rus gimnaziyasına verirlər. Gimnaziyada o, dünyəvi elmlərə yiyələnməklə yanaşı, həyata baxışını da formalaşdırır.
Beləliklə, Əhməd bəy Ağayev əvvəlcə Şuşada rus məktəbində, sonra Tiflis gimnaziyasında oxuyur. Oranı bitirdikdən sonra Peterburqa gedib dövrün aparıcı ali təhsil ocaqlarından olan Mühəndis-Texniki İnstitutuna imtahan verir. Lakin lazımi bal toplaya bilmədiyindən Peterburqa əlvida deyir və Parisə yollanmaq qərarına gəlir.
Parisdə Əhməd bəy
hüquq məktəbini və Sorbonna Universitetini bitirir. Bu illərdə
Şərq xalqlarının tarixini, ərəb,
fars və türk dillərini
mükəmməl öyrənir, 1890-cı ildə Şərq
fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi
məqaləsini nəşr etdirir. Beləliklə
də, onun publisist kimi fəaliyyətinə yol
açılır. O, Praktik
Ali Tədqiqatlar Məktəbində
“Avesta”nın məşhur tədqiqatçısı C.Darmstaterin “Şərq xalqlarının tarixi”, Şərq Dilləri Məktəbində
isə Şeffer və Barbye
de Meynarın ərəb, fars
və türk dillərinə dair mühazirələrini dinləyir. C.Darmstater onu Parisin elmi
və ədəbi ictimaiyyətinə təqdim
edir.
1892-ci ildə
23 yaşlı Əhməd
bəy Ağayev Londonda keçirilən Beynəlxalq Şərqşünaslıq
Konqresində iştirak
edir. Onun “Şiə məzhəbinin
mənbələri” mövzusunda
yüksək səviyyəli
məruzəsi nümayəndələr
tərəfindən bəyənilir,
konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə həmin məruzə bir neçə Qərb dillərində nəşr
olunur.
Bu əsərə
görə İran şahı ona firuzə qaşlı üzük bağışlayır.
Parisdə o, məşhur
filosof və mütəfəkkir Şeyx
Cəmaləddin Əfqani
ilə tanış
olur. Bu tanışlıq
onun ictimai-elmi fəaliyyətinə
güclü təsir göstərir. Paris həyatı
6 il davam
edir və 1894-cü ildə atasının ölüm xəbərini
eşidən Ağaoğlu
İstanbul yolu ilə vətəninə qayıdır.
1896-cı ildə
o, Şuşaya gedir və realnı məktəbdə fransız
dili müəllimi işləyir, qiraətxana-kitabxana
açır, ilk teatr
tamaşaları təşkil
edir. 1897-ci ildə böyük mesenat Hacı Zeynalabdin Tağıyev onu Bakıya dəvət edir. Burada realnı məktəbdə
fransız dilindən dərs deyir, “Kaspi” qəzeti ilə əməkdaşlıq
edir, 1898-1907-ci illərdə
qəzetə Əlimərdan
bəy Topçubaşov
redaktorluq edəndə
Ə.Ağaoğlu ədəbiyyat
şöbəsinin müdiri
olur.
1905-ci ildə
erməni-daşnak quldurlarının
çarizmin fitvası
ilə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları
Əhməd bəy Ağaoğlunun yazılarının
əsas mövzularına
çevrilir. Ağaoğlu Əli bəy
Hüseynzadə ilə
birlikdə Azərbaycanda
millətçilik düşüncəsinin
formalaşmasında mühüm
rol oynamış “Həyat” qəzetinə redaktorluq edir. Həmin il
dekabrın 19-dan “İrşad”
qəzetini, 1907-ci ildə
isə eyni zamanda rus dilində
“Proqress” qəzetini nəşr etdirir. 1908-ci ilin iyunundan
“Tərəqqi” qəzetini
çıxarmağa başlayır
və Türkiyəyə
gedənə qədər
onun naşiri olur.
1908-ci ildə
Əhməd bəyə
qarşı Bakıda
fitnəkarlıqlar törədilir. O, həyatının
həmin çətin
günlərini belə
xatırlayırdı: “Şiddətli
təqib edilənlər
arasında idim... Qafqaz canişini vəzifəsinə
təyin olunmuş Vorontsov-Daşkov məni necə olursa-olsun həbs etdirib sürgünə göndərməyə
qərar vermişdi.
Bunu eşidən kimi mən getməyə qərar verdim”.
1909-cu ilin ortalarında Əhməd bəy sürgündən
can qurtarmaq üçün
Türkiyəyə yollanır.
1911-ci ildə İstanbulda
yaradılan “Türk yurdu” cəmiyyətinin başlıca təsisçilərindən
və təşkilatçılarından,
az sonra
təşəkkül tapan
“Türk ocağı”nın
isə dörd qurucusundan biri olur. Həmçinin “Tərcümani-həqiqət” qəzetinin redaktoru kimi fəaliyyət göstərir. Bu məmləkətə təzə
gəlməsinə baxmayaraq,
çoxşaxəli fəaliyyəti
Əhməd bəyi tezliklə hörmətli bir şəxsə çevirir. Azərbaycanəsilli türklərin yaşadığı
Afyon - Qarahisardan Osmanlı parlamentinə deputat seçilir.
Xatırladaq ki, hələ Azərbaycanda olarkən Əhməd bəy xalqın hüquqlarını
qorumaq məqsədilə
1906-cı ildə “Difai”
partiyasını yaratmışdı. O, Bakı
müsəlman sahibkarlarının
xahişi ilə iki dəfə şəxsən II Nikolayın
və onun nazirlərinin qəbuluna getmiş, Rotşild, Nobel kimi neft maqnatlarının
sərvətlərimizə sahib olmasına maneçilik etmək istəmişdi. Bu səfərlərin sayəsində azərbaycanlıların
Bakı ətrafındakı
neftli torpaqlardan köçürülməsi dayandırılmışdı.
Uzunmüddətli ayrılıqdan sonra
1918-ci ilin yayında Ə.Ağaoğlu Türkiyənin
Qafqaz Ordusunun komandanı Nuru paşanın müşaviri
kimi Azərbaycana gəlir. Həmin il Azərbaycan parlamentinə üzv seçilir. Azərbaycanda
vəziyyət nisbətən
sakitləşdikdən sonra
İstanbuldakı evinin
yanması, ailəsinin
küçədə qalması
xəbərini alan Əhməd bəy Türkiyəyə
dönür. Tezliklə Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə
heyətinin tərkibində
o, Fransa paytaxtına yollanmalı idi. Lakin Ə.Ağaoğlu əvvəlcə
ağır xəstələnir,
sonra isə cibində Azərbaycan Demokratik Respublikasının
diplomatik pasportu və Bakıdakı ingilis hərbi qüvvələrinin baş
komandanı general Tomsonun
zəmanət məktubu
olmasına baxmayaraq, İstanbuldakı ingilis işğalçı qüvvələri
tərəfindən həbs
edilir.
Sürgün həyatı 1921-ci ilin mayında başa çatır. Bu vaxt
Nəriman Nərimanov
onu Bakıya, yeni hökumətdə yüksək bir vəzifə tutmağa dəvət etmişdi.
Beləliklə, Ağaoğlu “Azərbaycan,
yoxsa Türkiyə?” dilemması qarşısında
qalmışdı. Xeyli götür-qoydan
sonra o, Türkiyəni
seçmişdi.
1920-1930-cu illərdə
Əhməd bəy yenə də ictimai-siyasi fəaliyyətlə
yanaşı, elmi-ədəbi
yaradıcılığını da davam etdirir. Bir-birinin
ardınca “Türk hüququ tarixi”, “Türk mədəniyyət
tarixi”, “Konstitusiya hüququ”, “Dövlət və fərd” və bir sıra
digər kitabları nəşr olunur. Onların arasında publisistik üslubda böyük ustalıqla qələmə
alınmış “Mən
kiməm?” kitabı xüsusi dəyər kəsb edir.
Əhməd bəy Ağayevin dünyagörüşündə ziddiyyətli məqamlar da vardı. Həyatının müxtəlif illərində
siyasi düşüncəsində,
fəaliyyətində və
yaradıcılığında islamçılıq, qərbçilik
və türkçülük
kimi üç xətt cəmləşmişdi.
Belə ki, Ə.Ağaoğlu yazılarında Qərb mədəniyyətindən öyrənmək
fikrini irəli sürmüş, islama münasibətində demokratik
mövqedən çıxış
etmişdir. O, Azərbaycan
türklərində türkçülük
və millətçiliyin
oyanması üçün
onlarca məqalə yazmışdır. Odur ki, sovet hakimiyyəti illərində Ə.Ağaoğluya
“pantürkist”, “panislamist”
damğası vurulmuşdu.
Əsərlərinin oxunub öyrənilməsinə
qadağa qoyulmuşdu.
O, bir an belə dayanmadan
işləmək, çalışmaq
üçün yaranmışdı.
Özünü fasiləsiz, ardı-arası
kəsilməyən fəaliyyətdə
təsdiq etmişdi.
Buna görə də “Ağaoğlu” dedikdə həmin qısa imzanın arxasında təkcə görkəmli bir publisistin deyil, həm də istedadlı yazıçı,
hüquqşünas, şərqşünas,
islamşünas, qısaca,
böyük bir alimin həyatının izlərini görürük.
İradə ƏLİYEVA
Azərbaycan.- 2022.- 23 yanvar.- S.6.