Cənubi Qafqazın güc və beyin mərkəzi
İlham Əliyev diplomatiyası Azərbaycanı qlobal
müzakirələrin aparıldığı beynəlxalq
platforma və unikal məkana çevirib
Müstəqilliyinin bərpasından ötən 30 ildə əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazın lider dövləti statusuna sahiblənən Azərbaycan bu gün həm də sivilizasiyalar arasında mənəvi körpü rolunu oynayır. Demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünyanın ən mötəbər kürsülərindən eşidilir.
Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə, sarsılmaz iradəsinə heç bir kənar qüvvə təsir edə bilmir. İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik gedişlər nəticəsində Azərbaycan tam müstəqil xarici siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmiz öz milli maraqlarına xidmət edən bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq əsasında xoşniyyətli tərəfdaşlar üçün unikal məkana çevrilib. Bu siyasətin təntənəsi Azərbaycanın ictimai-siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində də öz təsdiqini tapıb. Bu həqiqət hər il Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, forumlarda da özünü bir daha büruzə verir.
“Cənubi Qafqaza yeni baxış: münaqişədən
sonra inkişaf və əməkdaşlıq”
Hər il olduğu kimi, 2021-ci ildə də ölkəmiz bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etdi və bu tədbirlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verdi.
Ancaq öncə qeyd etməliyik ki, dünyanı çənginə alan koronavirus bəlası hələ də davam etdiyi üçün bir çox toplantılar təxirə düşüb və ya videoformatda keçirilib. Ancaq qlobal böhrana qarşı qabaqlayıcı tədbirlər görən əksər ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi təxirə düşməyib. Azərbaycanda da əvvəlcədən planlaşdırılan bir neçə beynəlxalq toplantı baş tutub.
Ötən il aprelin 13-də Bakıda “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirildi. Konfransdan bir gün öncə iştirakçılar erməni vandalizminin əyani təzahürü olan Ağdam şəhərinə səfər etdilər və Ermənistanın 30 illik işğalının dəhşətli nəticələrinin şahidi oldular.
Bir gün sonra isə ADA Universitetində keçirilən konfransda Prezident İlham Əliyev həm erməni vandalizmi, həm də regionun gələcəyi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb, bu məsələyə baxışlarını paylaşıb.
Vətən müharibəsindəki şanlı Zəfərdən sonra yaranan yeri reallıqlardan danışan Prezident öncə bəyan edib ki, bu savaşla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları işğaldan azad edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Bu gün artıq müharibə başa çatıb və gələcəyə baxmaq, yeni reallıqlara uyğun addımlar atmaq lazımdır. İndi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxış formalaşmalıdır ki, Qarabağ dünyanın ən gözəl bölgələrindən birinə çevrilsin.
Ancaq eyni zamanda Azərbaycan dövləti ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini, Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilməz. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də böyükdür. Amma Azərbaycan dövləti heç kimdən yardım almadan öz torpaqlarında tikinti-quruculuq, yenidənqurma işlərinə başlayıb. Qarabağın bərpası üçün inkişaf proqramı qəbul edilib ki, hazırda bu, başlanğıc mərhələsindədir.
Konfransda çıxış edən ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayzə isə dedi ki, Azərbaycan bu savaşda innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb. Bəziləri bəlkə də bunu dərk etmir, ancaq Azərbaycan təmkinli şəkildə müharibə aparıb. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olub. Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu.
Konfransda Prezidentə ünvanlanan bütün suallara təmkinlə və ətraflı cavab verən İlham Əliyev Ermənistana xəbərdarlıqlarını da çatdırdı. Prezidentin bu görüşü beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışını və ədalətli, dəyişməz siyasətini növbəti dəfə nümayiş etdirdi.
VIII Qlobal Bakı Forumu - “COVID-19-dan
sonrakı dünya”
Noyabrın əvvəlində
isə Prezident İlham Əliyevin himayəsi altında və
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə Azərbaycanda “COVID-19-dan sonrakı dünya”
mövzusunda növbəti VIII Qlobal Bakı Forumu işə
başladı.
Qlobal Bakı Forumu
günün ən aktual
çağırışlarını müzakirə etməyə
imkan verən çox mühüm hadisədir. Forum Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşəbbüslərindən
biri kimi keçirilir. Qeyd edək ki, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi Prezidentin 23 dekabr 2011-ci il sərəncamına əsasən, dahi Azərbaycan
şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri
çərçivəsində 30 sentyabr 2012-ci il tarixində
şairin vətəni Gəncə şəhərində
keçirilmiş xüsusi toplantıda təsis edilib.
Prezident İlham Əliyevin dəstəyi
ilə fəaliyyətini davam etdirən mərkəz
qeyri-hökumət təşkilatı olaraq ətrafında
müxtəlif xarici ölkələrin keçmiş dövlət
və hökumət başçıları və nüfuzlu
beynəlxalq ekspertləri birləşdirir. Mərkəz
artıq səkkizinci dəfədir ki, Qlobal Bakı Forumunu təşkil
edir. Forum qlobal gündəlikdə duran məsələlərin
müzakirəsi məqsədilə kifayət qədər
qısa müddət ərzində dünya platformalarından
birinə çevrilib. 2013-cü ildən
bu günədək sayca 8 qlobal forum və 42 yüksəksəviyyəli
toplantı keçirilib.
Ötən il - “Nizami Gəncəvi
ili”ndə İlham Əliyevin himayəsi altında və Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə noyabrın 4-də keçirilən “COVID-19-dan sonrakı
dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu 3
gün davam etdi.
Xatırladaq ki, 2020-ci ildə
keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı
Forumu COVID-19 pandemiyası ilə əlaqədar təxirə
salınmışdı. Forumun gündəliyi çox geniş
idi.
Prezident İlham Əliyev
forumda çıxışı zamanı Qoşulmama Hərəkatının
sədri qismində Azərbaycanın 30-dan artıq ölkəyə
maliyyə və humanitar yardım göstərdiyini, təmənnasız
olaraq bir neçə ölkəni peyvənd dozaları ilə
təmin etdiyini xüsusi vurğuladı. Eyni zamanda
dövlətimizin yoxsul ölkələrin dəstəklənməsi
üçün Ümumdünya Səhiyyə Təşkilatına
könüllü şəkildə 10 milyon dollar həcmində
maliyyə töhfəsi etdiyi vurğulandı. Çıxışında Vətən müharibəsinə
də toxunan dövlətimizin başçısı bildirdi
ki, artıq müharibə bitib və bundan sonra gələcəyə
baxılmalı, regionun təhlükəsiz,
proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa
hazır olması təmin edilməlidir. Bunun
üçün hər şey Ermənistandan asılı
olacaq, çünki Azərbaycanın mövqeyi tam
aydındır: “Biz sülh danışıqlarına
başlamağa, sülh razılaşması üzərində
çalışmağa, səhifəni çevirməyə
və sərhədin delimitasiyasına hazırıq”.
Sayca 8-ci olan və noyabrın 6-dək
davam edən Bakı Forumunda qlobal əhəmiyyət kəsb
edən məsələlərin müzakirəsi məqsədilə
dünyanın 40-dan çox ölkəsindən ali və yüksəksəviyyəli nümayəndələr,
sabiq dövlət və hökumət
başçıları, beynəlxalq və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri, eləcə
də digər nüfuzlu qonaqlar iştirak etmişdilər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə
yaxın qonaq canlı, onlayn qaydada qoşulmuşdu.
Ötən il
noyabrın 7-də isə Bakı Forumunun
iştirakçılarının Şuşaya səfəri təşkil
olundu. Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva qala şəhərimizdə
qonaqlarla birgə maraqlı görüş keçirdilər.
Zəfər günü münasibətilə
İlham Əliyevi təbrik edən qonaqlar qısa vaxtda burada
belə genişmiqyaslı işlərin görülməsinin
böyük təəssürat yaratdığını
vurğuladılar. Bu işlərin Azərbaycan
Prezidentinin qətiyyətli və səriştəli rəhbərliyi,
cəsarətli mövqeyi sayəsində
reallaşdığını bildirdilər, böyük
nailiyyət münasibətilə dövlət
başçısını bir daha təbrik etdilər.
İlham Əliyev işğaldan azad
edilən ərazilərdə, həmçinin Şuşada
bir ildən az vaxt ərzində sosial və
infrastruktur obyektlərinin tikildiyini, yenidən qurulduğunu və
bu işlərin hazırda da davam etdirildiyini dedi. Dövlət başçısı bildirdi ki, əsas
hədəf işğaldan azad olunan ərazilərdə
keçmiş məcburi köçkünlər
üçün yüksək yaşayış şəraitinin
yaradılmasıdır. Prezident bərpa və
yenidənqurma işlərinin tarixi və dini abidələri də
əhatə etdiyini diqqətə çatdırdı. Qonaqlar ermənilərin dağıtdıqları
tarixi abidələri və törətdikləri vandalizm
aktlarını öz gözləri ilə görüb dəhşətə
gəldiklərini bildirdilər.
İlham Əliyev mürəkkəb
relyefə malik olan Şuşa şəhərinin
Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və
şücaəti hesabına azad olunduğunu dedi, Vətən
müharibəsindəki Qələbədən sonra
Cıdır düzündə bir çox tədbirlərin təşkil
olunduğunu, musiqi festivallarının keçirildiyini qeyd
etdi.
Ümumiyyətlə, Qlobal
Bakı Forumunun əsas məqsədi dünyada sülh, dinc
birgəyaşayış, ədalətin bərqərar
olunması naminə həyata keçirilən fəaliyyətlərə
töhfə verməkdir. Qlobal Bakı Forumu Azərbaycan
üçün çox böyük əhəmiyyətə
malikdir. Bakının belə forumlara
evsahibliyi etməsi Azərbaycanın həm mədəni, həm
iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına
gətirib çıxarır. Həmçinin
bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın
beynəlxalq münasibətlərdə oynadığı rola
dinamika gətirir. Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı ilə
həyata keçirilən tədbirlərə dünyanın
görkəmli siyasətçiləri dəvət edilir.
Bütün bunlar Azərbaycanın beynəlxalq
əməkdaşlıqda rolunu xeyli dərəcədə
gücləndirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal
Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin
müzakirə olunduğu müxtəlif görüşlərə
evsahibliyi edərək ən yüksəksəviyyəli əməkdaşlıq
platformasına çevrilib.
İlham
Əliyevin qlobal təşəbbüsləri hər zaman təqdir
edilir
Adından da
göründüyü kimi, forumun əsas müzakirə
mövzusu qlobal gündəlikdə duran bir nömrəli məsələ
- pandemiya ilə mübarizəyə həsr olunmuşdu. Bundan əvvəl
də Azərbaycan qlobal müstəvidə pandemiya ilə əlaqədar
görüşlərin təşəbbüskarı
olmuşdu.
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının (Türk Dövlətləri
Təşkilatı) və Qoşulmama Hərəkatının
hazırkı Sədri olaraq ötən il
Azərbaycanın təşəbbüsü ilə aprel və
may aylarında hər iki təşkilatın COVID-ə həsr
olunmuş xüsusi Zirvə görüşü
keçirildi. Qoşulmama Hərəkatının
Sammitində Azərbaycan Prezidenti BMT-nin Baş
Assambleyasının COVID-ə həsr olunmuş xüsusi
sessiyasının keçirilməsi təşəbbüsü
ilə çıxış etdi və bu təşəbbüs
beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən
dəstəkləndi. Bu xüsusi sessiya
keçən ilin 3-4 dekabr tarixlərində baş tutdu.
Xüsusi olaraq
vurğulanmalıdır ki, bütün toplantılarda,
forumlarda Azərbaycan Prezidentinin COVID-19-la mübarizədə
irəli sürdüyü qlobal təşəbbüslər
beynəlxalq birlik tərəfindən təqdir edilib və
nümunə kimi göstərilib.
Dövlətimizin
başçısının müvafiq sərəncamı ilə
2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin
anadan olmasının 880 illiyi şərəfinə “Nizami Gəncəvi
ili” elan edilməsi Azərbaycanın mədəniyyət və
ədəbiyyatının bayramı oldu. Bu əlamətdar il çərçivəsində
respublikamızda və ölkənin xaricində, müxtəlif
beynəlxalq təşkilatlarda tədbirlər, təqdimatlar
keçirildi.
Bir sözlə, dünyanın
pandemiya tərəfindən hədəfə
alındığı çətin günlərdə ölkəmiz
və onun başçısı İlham Əliyev
sözün həqiqi mənasında bütün dövlətlər
və onların liderləri üçün bir nümunə
oldu. Azərbaycan dövləti özünün
mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli,
güvənli, istiqrarlı olmamışdır.
Bütün bunlar bir daha təsdiq
edir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər
sistemində əməkdaşlıq əlaqələrinin
inkişafına, transmilli layihələrin
reallaşdırılmasına və qlobal təhlükəsizlik
məsələlərinə öz töhfəsini verən fəal
aktor və regional güc kimi qəbul edilməkdədir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 25 yanvar.- S.1; 4.