Baş Prokurorluqda 2021-ci ildəki fəaliyyətin yekunlarına dair geniş kollegiya iclası keçirilib

 

Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Baş Prokurorluğun rəhbərliyi ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, əbədiyaşar liderin unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Kollegiya iclasında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa dilənib.

İclasda giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin müzəffər davamçısı, tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı Prezident İlham Əliyevin rəhbərliyi ilə milli inkişaf konsepsiyasının müasir çağırışlara uyğun şəkildə uğurla, inamla həyata keçirilməsi ölkəmizin növbəti onilliklər üçün tərəqqisini və qələbələrini təmin edib.

Qeyd olunub ki, Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan, milli qürur və ləyaqət hissini bərpa edən böyük Zəfər regionumuzda yeni geosiyasi reallıqlar yaratmaqla, dövlətimizin başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağa və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərin qayıdışının təməlini qoyub.

Qarabağın tacı Şuşada keçirilmiş tarixi-mədəni tədbirlər, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı və digər çoxsaylı obyektlərin istifadəyə verilməsi, yenilərinin təməlinin qoyulması ilə “Şuşa İli”ndə mədəniyyət paytaxtımızın əvvəlki şöhrətinin və əzəmətinin qaytarılacağı ifadə edilib.

Diqqətə çatdırılıb ki, düşmənin vandallığına məruz qalmış şəhər və kəndlərimizin bərpası istiqamətində müasir yol-nəqliyyat infrastrukturunun qurulması, “ağıllı kənd” layihələrinin icrası, sənaye parklarının və digər layihələrin təməlinin qoyulması ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarının daha da möhkəmləndirilməsinə xidmət etməklə bölgədə yeni mərhələnin başlanmasına, sabitliyin və təhlükəsizliyin inkişafına şərait yaradıb.

Regionun geosiyasi mənzərəsini dəyişən Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan gündə - iyunun 15-də Şuşada Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasitarixi əhəmiyyətə malik Bəyannamənin imzalanmasının Qarabağ Zəfərindən sonra qazanılan növbəti tarixi uğur olduğu bildirilib. Bu tarixi sənədin imzalanmasının iki dostqardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni strateji müttəfiqlik səviyyəsinə yüksəltdiyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, şəhid ailələri və müharibə iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna qayğısı ilə əhatə olunub. Bu qəbildən olan vətəndaşların sosial müdafiəsi sistemli və ardıcıl xarakter daşımaqla yeni evlərin və avtomobillərin verilməsi, həmçinin “YAŞAT” Fondunun həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malik olub.

2021-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin məntiqi davamı olaraq xarici siyasətdə uğurlarla yanaşı, ölkədaxili nailiyyətlərlə də zəngin olduğu, bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə edilməklə iqtisadi artımın 5 faizdən çox olması, həmçinin qeyri-neft iqtisadiyyatı və sənaye istehsalının yüksəlməsi, valyuta ehtiyatlarımızın 2,5 milyard dollar artması fonunda müstəqillik tariximizin ən böyük büdcəsinin qəbul olunduğu xüsusi qeyd edilib.

Ölkəmizin həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə Prezident İlham Əliyevə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsi olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatının) VIII Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısının Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsinin həyata keçirilən uğurlu siyasi kursun alternativsizliyini bir daha nümayiş etdirdiyi bildirilib.

Qeyd olunub ki, bir sıra ölkələrdə koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranına baxmayaraq, Azərbaycanda uğurlu vaksinasiya prosesi aparılaraq pandemiya tam nəzarət altına alınıb, həyata keçirilən düşünülmüş sistemli islahatlar ciddi sosial-iqtisadi tədbirlərin gerçəkləşdirilməsinə imkan yaradıb.

Bildirilib ki, ölkəmizin beynəlxalq miqyasda söznüfuz sahibi olmasına, həmçinin respublikamızda sosialyönümlü siyasətin reallaşdırılmasına, insanları narahat edən problemlərin aradan qaldırılmasına, bütövlükdə həyata keçirilən hərtərəfli islahatlara və görülən böyük işlərə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın genişmiqyaslı nəcib və fədakar fəaliyyəti misilsiz töhfələr verməkdədir.

Kollegiya iclasında qeyd edilib ki, daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan prokurorluq orqanları hesabat dövründə dövlətimizin başçısının Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirakı, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik 2021-ci il 7 may tarixli Fərmanı, Qubadlı, Kəlbəcər və Ağdam Hərbi prokurorluqlarının yaradılması, həmçinin bir qrup əməkdaşa ali xüsusi rütbələrin verilməsi göstərilən etimadla yanaşı, prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması istiqamətində islahatların ardıcıllığını nümayiş etdirib.

Həyata keçirilən kompleks və ardıcıl tədbirlərin davamı kimi, 14 mənzilli yaşayış kompleksinin istifadəyə verilməsi ilə prokurorluq əməkdaşlarından və veteranlardan ibarət kooperativ üzvlərinin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsinin dövlətimizin başçısının dəstəyi ilə prokurorluq orqanları əməkdaşlarının və veteranlarının sosial müdafiəsinin gücləndirilməsində xüsusi əhəmiyyətə malik olduğu bildirilib.

Hesabat məruzəsində qeyd edilib ki, 2021-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçünuğurlu dövr olub, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər həyata keçirilib.

Ümumilikdə, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan əvvəlki hesabat ilinin müsbət göstəricilərinin 2021-ci ildə də davam etdiyi, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunduğu, bu cinayətlərin 94,2 faizini prokurorluqdaxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etdiyi bildirilib.

Məlumat verilib ki, 2020-ci illə müqayisədə prokurorluq, daxili işlər və dövlət təhlükəsizlik orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində şəxsiyyət əleyhinə cinayətlər, o cümlədən qəsdən adamöldürmələr, adamöldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, həmçinin oğurluqsoyğunçuluq cinayətlərinin sayı azalıb. Ötən illərdən bağlı qalmış 332 cinayətin açılması təmin edilib və 268 cinayətkar qrup zərərsizləşdirilib.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1301 şəxs barəsində 970 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. Bu müddətdə prokurorluqmüvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 206 milyon 257 min manat məbləğində maddi ziyan ödənilib.

Kollegiya iclasında Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrasının təmin edildiyi diqqətə çatdırılıb. Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiyanın tətbiq edildiyi, hazırda da bu istiqamətdə işlərin intensiv qaydada davam etdirildiyi bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizə ötən dövrlərdə olduğu kimi, 2021-ci ildə də davam etdirilib. Korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanıb, 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Baş İdarə tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən, təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilib, 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub. Ötən il 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə korrupsiya hüquqpozmaları barədə Baş İdarəyə daxil olmuş müraciətlərin 67-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlər görülüb. Bu müddətdə Baş İdarənin əməliyyat qurumları vəzifələrini uğurla icra edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində 73 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə olunmuş məlumatlar əsasında 118 cinayət işi başlanıb.

Dövlətimizin başçısı İlham Əliyevin bir neçə gün əvvəl yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi “...heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaqfikirlərinə uyğun olaraq, prokurorluq orqanları tərəfindən ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial, iqtisadisiyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması istiqamətində sistemli, ardıcıl və qətiyyətli tədbirlərin davam etdiriləcəyi xüsusi vurğulanıb.

Hesabat dövründə Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə görülmüş işlər nəticəsində hərbi intizamın möhkəmləndirildiyi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alındığı, ümumilikdə qurumun fəaliyyətini postmüharibə dövrünün tələblərinə uyğun qurmaqla ordu quruculuğunun davam etdiyi yeni mərhələdə zəruri tədbirlərin həyata keçirildiyi qeyd edilib. Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1846 cinayət hadisəsi qeydə alınıb. Onlardan 530-u korrupsiya cinayətləri ilə bağlı olub. Bu dövrdə hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 110 şəxs barəsində 85 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Diqqətə çatdırılıb ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə bu günədək 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılaraq barələrində axtarışlar elan edilib. Bundan əlavə, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik MkrtiçoviçXosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyənləşdirilməsi, sübutların toplanması və təqsirləndirilən şəxs qismində cəlb olunmaları yönündə işlər davam etdirilir.

2021-ci ildə Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində müsbət göstəricilər əldə edilib, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarət artırılıb, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılıb.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılıb və 120 şəxs barəsində 96 cinayət işinin istintaqı tamamlanıb. Tamamlanmış işlərdən 118 şəxs barəsində 64 cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib. Bunlardan 24 şəxs barəsində 17 qəsdən adamöldürmə faktları ilə bağlı olub.

Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə İstintaq idarəsi tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən, təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 45 milyon 190 min manat ödənilib, 21 milyon 975 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Vurğulanıb ki, 2021-ci ildə əvvəlki illərdən, eləcə də hesabat dövründə qeydə alınmaqla bağlı qalmış 8 cinayətin açılması təmin edilib. Onlardan 5 üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 3 üzrə isə hazırda istintaq davam etdirilir.

Ötən ilintiharintihara cəhd hadisələrinin minimuma endirilməsi məqsədilə zəruri tədbirlər görülüb. Bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Baş Prokurorluğun təşkilatçılığı, çoxsaylı dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə 2021-ci il iyunun 23-də yüksək səviyyəli konfrans keçirilməklə qurumlararası İşçi qrup yaradılıb. Hazırda İşçi qrup tərəfindən 2021-2025-ci illər üzrə təsdiqlənmiş Fəaliyyət Planına uyğun olaraq müvafiq işlər görülür.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması, təhlillərin aparılması, eləcə də mövcud vəziyyətin dəyərləndirilərək müvafiq təkliflərin təqdim edilməsi məqsədilə İşçi qrup yaradılmaqla aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə fəaliyyət göstərilib.

Bundan başqa, qaz sızması və partlayışı, dəm qazı səbəbindən ölüm və sağlamlığa zərər vurulması hallarının qarşısının alınması istiqamətində Ədliyyə Nazirliyində yaradılmış İşçi qrupda Baş Prokurorluğun nümayəndələrinin iştirakı təmin edilib, aidiyyəti normativ hüquqi aktlarda zəruri dəyişikliklərin edilməsi ilə əlaqədar 8 layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Bildirilib ki, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanlarında ibtidai istintaqı aparılmış cinayət işləri üzrə icraata xitam verilməsinə dair 846, icraatın dayandırılması haqqında 889 qərarın əsassız və qanunsuz hesab edilərək ləğv olunması, həmçinin 767 üzrə yazılı göstərişlərin verilməsi prokurorluq tərəfindən həyata keçirilən ibtidai araşdırmaya prosessual nəzarətin səmərəliliyinin göstəricisi olub.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi diqqət mərkəzində saxlanılıb. Ümumilikdə ötən il ərzində birinci instansiya məhkəmələrində 17 min 698 şəxs barəsində 15 min 199, apelyasiya instansiyası məhkəmələrində 4781 şəxs barəsində 4100, kassasiya və əlavə kassasiya instansiyası məhkəməsində 1984 şəxs barəsində 1766 (bütün instansiya məhkəmələri üzrə cəmi 24 min 463 şəxs barəsində 21 min 65 olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Ötən il cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar 21 xəbərdarlıq, 43 təqdimat verilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyenakarantin rejimlərinin, habelə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, vergiləri, sığorta haqlarını ödəməkdən yayınma, ekoloji hüquqpozmalars. inzibati xətalara dair daxil olmuş məlumatlardan 131-i baxılması üçün məhkəmələrə və dövlət orqanlarına göndərilib. Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatlar üzrə 45 cinayət işi başlanaraq, uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 12 mülki iddia qaldırılıb.

Bildirilib ki, ötən il xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilib. Faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkarlanıb.

Eyni zamanda, xarici ölkələrdəki əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılıb. Aprelin 26-29-da Belçikada keçirilmiş Aktivlərin Bərpası üzrə Kemden Qurumlararası Şəbəkəsinin (CARIN) İdarəetmə qrupunun Ümumi İllik Yığıncağında Azərbaycan Respublikası Şəbəkəyə müşahidəçi qismində üzv qəbul olunub. Bu istiqamətdə görülən işlərin davamı olaraq tezliklə Avropa İttifaqına üzv ölkələrin dövlət təsisatlarının mütərəqqi təcrübəsinin öyrənilməsi məqsədilə Litvanın Xüsusi İstintaq Xidməti tərəfindən “Azərbaycanda əmlakların bərpası və idarə olunması sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin həyata keçirilməsinə başlanılacağı qeyd edilib.

Hesabat dövründə koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndiyi, bu müddətdə Rusiya Federasiyası Baş prokurorunun və Türkiyə Respublikası Ali Məhkəməsi Baş prokurorunun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə işgüzar səfərləri zamanı dövlətimizin başçısı İlham Əliyev tərəfindən qəbul olunması ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə hərtərəfli zəmin yaratdığı bildirilib.

Xüsusi vurğulanıb ki, ötən il noyabrın 1-də Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş Prokurorları Şurasının ilk iclasında Şuranın Əsasnaməsinin imzalanaraq təsis edilməsi türkdilli ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verməklə əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə xidmət edəcək.

Qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 32 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib.

Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi məqsədilə hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Respublikası Ədliyyə Akademiyası, Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası, Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi, həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu və özəl sektorda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, əməl edilməli olan əsas etik prinsiplər və sair məsələlərlə bağlı tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə yaradılmış Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının Antikorrupsiya Təlim Mərkəzi bu sahədə mütəxəssislərin peşəkarlığının artırılmasına xidmət edəcək.

Kollegiya iclasında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, prokurorluq orqanlarının hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində ötən il işə qəbul edilmək arzusunda olan şəxslər üçün keçirilmiş 22-ci müsabiqənin nəticəsinə görə 100 namizədin müvəffəqiyyət qazanaraq müvafiq vəzifələrə təyin olunduğu bildirilib. Qeyd edilib ki, 23-cü müsabiqə üzrə uğur qazanmış 83 namizəd də icbari təlimə cəlb olunub.

Müşavirədə bildirilib ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkarlanan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2021-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 nəfər prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad olunub, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

Hesabat dövründə prokurorluq orqanlarına daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə müraciətlərin 9477-nin tam, 3060-nin isə qismən təmin olunması, həmçinin Baş Prokurorluğun Çağrı Mərkəzinə daxil olmuş müraciətlərdən 380-nin cinayət xarakterli məlumat kimi araşdırılması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsidir.

Kollegiya iclasında fəaliyyətdə səmərəliliyin artırılması, işğaldan azad edilmiş rayonların prokurorluqlarının peşəkar kadrlarla komplektləşdirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və əlil olmuş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının hər bir müraciətinə xüsusi diqqət və həssaslıqla yanaşılması, artım tendensiyası müşahidə edilən cinayətlərin qarşısının alınması, bağlı qalan bütün cinayətlər üzrə təqsirli şəxslərin müəyyənləşdirilməsi, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və prosessual rəhbərliyin keyfiyyətinin artırılması və digər istiqamətlərdə konkret tapşırıqlar verilib.

Sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Gəncə şəhər prokuroru Azad QarayevFüzuli rayon prokuroru Elnur Rüstəmov hesabat dövründə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair çıxışlar ediblər. İclasda, həmçinin faydalı fikir mübadiləsi aparılıb.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının kollektivi adından əminliklə bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi sahəsində bundan sonra da zəruri tədbirlər görəcək.

İclasdan sonra Baş prokurorun birinci müavininin sədrliyi, Baş prokurorun müavinlərinin, idarə, şöbə rəislərinin, tabe şəhər, rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə keçirilmiş seminar-məşğələdə rayon prokurorlarının xidməti fəaliyyətdə üzləşdikləri praktiki çətinliklər, cinayət təqibinin həyata keçirilməsi prosesində meydana çıxan hüquqi kolliziyalarprokurorluğun fəaliyyət istiqamətləri üzrə səmərəliliyin artırılması ilə əlaqədar sahəvi idarələrin nümayəndələri ilə birlikdə müzakirələr aparılıb. Müzakirələr nəticəsində Baş prokurora təqdim edilməsi üçün müvafiq təkliflərin hazırlanması qərara alınıb.

 

Azərbaycan.- 2022.- 25 yanvar.- S.3.